Yenə zəng çatmır dostlara
doğmalara, tanışlara.
Bu dünyayla o dünyanın arasında
aradığım adamlara.
Qapayıram gözlərimi,
Unutmağa çalışıram
yaddaşıma mismarlanmış
telefon nömrələrini.
O adları, o üzləri,
o səsləri,
Ürəyimin qırmızı kitabındakı
əzizləri.
Gözləyirəm son nəfəsdə
mənimlə ölmələrini,
Barmağımın ucundakı
telefon nömrələrinin.
Gecənin qaranlığında
vida kimi pıçıldayır,
Dua kimi oxuyuram
Həyatımın xatirə dəftərindəki
telefon nömrələrini.