Sabir Rüstəmxanlının özü və sözü – Səhər Əhməd yazır...

Sabir Rüstəmxanlının özü və sözü – <span style="color:red;">Səhər Əhməd yazır...
20 may 2019
# 21:00

Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Kulis.az bu münasibətlə Sabir bəyi təbrik edir və Səhər Əhmədin onun haqqında yazdığı “Prometeyin odu qoruduğu kimi və yaxud bütün cəbhə boyu” yazısını təqdim edir.

Həcmi, sanbalı, əhatə dairəsinin genişliyinə görə sözün həqiqi mənasında göz qaraldan “Özümüzdən böyük Sözümüz” kitabının əsl dəyərini bir yazı çərçivəsində ifadə etmək mümkünsüzdür. Öncə onu deyim ki, bu, sanki Sabir Rüstəmxanlının ikinci “Ömür kitabıdır”. Həmişə ədəbiyyatımızın, dilimizin, bütövlükdə cəmiyyətimizin “mərkəz hücumçusu” olmuş usta bir qələm sahibinin keçdiyi uzun bir yol...

Hər hansı bədii əsər barədə , bəlkə də, onun oxucularının sayı qədər fikir mövcuddur, bu fikirləri qruplaşdırmalı olsaq, belə bir təsnifata əsaslanardım: Sıradan oxucu fikri, tənqidçi fikri və yazıçı fikri. Əslində, hər oxucu həm də bir az tənqidçidi, bu baxımdan sıradan oxucu da bir az tənqidçidi, amma daha çox oxucudu və elə buna görə də, yazıçının yazdığını yox, özü oxumaq istədiyini oxuyur, müəllifin yazdığından bəzən az, bəzən hətta çox şeylər tapır, bu, fantaziyanın genişliyindən asılıdır. O üzdən sıradan oxucu yazıçının həm də “ nəyi yazmadığını” görür və bu da onun azadlığına aiddir. Ədəbi tənqidçi də hər şeydən öncə bir az oxucudur, amma daha çox tənqidçidir deyə, daha çox da şablonlara əsaslanır və yazıçının “ nə yazmalı olduğunu” görür və bu da onun bir növ görəvli olması ilə bağlıdır.

Bir yazıçı isə hər hansı yazıçıya sıradan oxucudan da, ədəbi tənqidçidən də bir köynək daha yaxındı, çünki o, bir az oxucu, bir az tənqidçi olmaqla yanaşı, daha çox yazıçıdı, yaradıcılığını şərh elədiyi müəllifin “öz qanındandır”, onu hamıdan daha yaxşı anlayır. Və bütün bu bənzətmələrdən çıxarılan ideya budur ki, yazıçı yazıçının məhz “nə yazdığını” görür və özü də hamıdan aydın şəkildə. Bu üzdən ədəbiyyata yazıçı baxışı bütün başqa rəylərlə müqayisədə ən dürüst yanaşmadı, lap xırda istisnalarla...

Böyük hissəsini “ədəbi portretlər” bölümü təşkil etdiyindən Sabir Rüstəmxanlının haqqında danışdığımız kitabının ən əsas üstünlüklərindən biri məhz yazıçı yanaşması olmasıdı. Və təbii ki, yalnız biri... Ədəbi tənqid ən çox ona görə çətin sahədir ki, burda olduqca dürüst davranmaq əsas şərtdir, kəndirbazın ip üstündəki yerişi kimi, kiçik bir yalnışlıq, gerçəklikdən yarımca addım uzaqlaşmaq müəllifini məhvə aparır. Sabir Rüstəmxanlı bu qızıl qaydaya gözəl əməl edib, əksəriyyətini şəxsən tanıdığı, dostluq etdiyi, sınaqlardan birlikdə çıxdığı, iş, otaq, tələbəlik, yol, əqidə yoldaşı olduğu və hətta qarşı çəbhədə gördüyü şair və yazıçılarımızı zərgər dəqiqliyi ilə qiymətləndirib, həm əsl oxucu ürəyi, həm əsl tənqidçi sərrastlığı, həm də əsl yazıçı peşəkarlığı ilə. Bu pəncərədən baxanda onları elə keçmiş iş, otaq, tələbəlik, yol, əqidə dostu kimi bəzən əzizləməsi belə artıq görünmür, əksinə oxucuya xoş gəlir. Ona görə də Sabir Rüstəmxanlı bu kitabda kimin portretini çəkibsə, oxşarlıq heyrətamizdir, hər yazı həsr olunduğu qələm adamının özü boyda, özü istedadda, özü xasiyyətdədi. Tutaq ki, Mirzə İbrahimovdan yazdığı onun özü kimi sanballı, Musa Yaqub haqda yazısı şairin özü kimi kövrək təsir bağışlayır, Nüsrət Kəsəmənlidən yazdıqlarıı onu şeirləri qədər sevimli, Gülhüseyn Hüseynoğludan yazdığı onun mənsur şeirləri kimi lirik alınıb.

Image result for Özümüzdən böyük sözümüz

Çünki böyük yazıçımıza görə, “Şeirdə səmimiyyət poetiklik dərəcəsindədir, bədii sözlə sıradan sözün sərhədlərini nişan verir, müəllifin öz sözünə bənzəyib bənzəmədiyini, öz səsiylə, öz boğazıyla oxuyub oxumadığını müəyyənləşdirir; ən mühüm qiymət meyarlarından biridir, o varsa, istedad var, yoxdursa kiminsə yeri səhv düşür. Bu ədəbiyyat səhnəsinə səhvən aktyor olmayan birisinin çıxması kimi bir işdir. Sözün insana yapışıb-yapışmaması da burdan gəlir”.

Bu, təkcə, şeirə yox, fərdi üsluba aid bütün nümunələrdə keçərlidir, səmimiyyətlə yazan hər kəs oyuna “bir-sıfır” hesabıyla qalib başlamış kimidi və bu üzdən elə “Özümüzdən böyük sözümüz” də mümkün olan bütün cəfəng ittihamlara indidən hazırdı.

Hər bölüm özlüyündə bitkin bir kitab təsiri bağışlayır. Kitabın ana xətti kimi keçən milli birlik yanğısı, öz kimliyinə, sözünə, folkloruna, tarixinə bağlılıq, bu sevgini dağların döşünə sığınmış kənd evlərindən başlayıb böyük şəhərlərə qədər, El yoluyla, dağ cığırlarıyla, dənizlər, səmalar boyu ürəyində gəzdirən bir vətən aşiqinin sədaqətidir. “Ədəbi portretlər” bölümündə o, bu doğmalığı bütün oxuduğu, sevdiyi müəlliflərin yaradıcılığında axtarır, hər misranı tapanda uşaq kimi sevinir. Hər romanda milləti adına köksü qabarır, hər faktda rahatlanır. “Kökümüz, qüdrətimiz” bölümündə müəllif Nizami, Xətai, Füzuli zirvəsində özünü xoşbəxt hiss edir. “Sərhədlərdən o yana” bölümündə sınırlarımızın o üzünə daşan ədəbiyyatımızı “damla-damla” toplamaqla məşğuldur, sözümüzün dalınca Dərbənddən Elbrusun ətəklərinə qədər, Daşkənd, Səmərqənd, Buxara ellərindən Kərkükə, Tuna çayının sahillərinə, Sınıq körpüdən Xudafərinə kimi gəzib-dolaşır .

“Kitablar və rəylər” bölümündə müəllif yenə də özümüzə və sözümüzə eyni dərəcədə sadiqdir, son dövr ədəbiyyatımıza, gənc yazarlarımızın yaradıcılığına qədər necə diqqətli, məsuliyyətli və yorulmaz olmağını sübut edir. “Dil, ədəbiyyat, cəmiyyət” bölümündə yenə də mərkəz hücumçusu mövqeyində dayanıb hədəfi nişan alır. Uzun müddət Yazıçılar Birliyinin qurultaylarında Azərbaycan ədəbiyyatı adına hesabat verir, bəzən o kürsüdən ittiham , bəzən tələb, bəzən də o vaxtlar xam xəyal kimi görünən təkliflər səsləndirir. “Ədəbi tənqid” bölümündə tənqidimizi tənqid atəşinə tutan Sabir Rüstəmxanlı isbat edir ki, həmişə tənqid ədəbiyyatı sıxışdırmayacaq ki, tənqidçilərin də bəzən obyektiv yazıçı tənqidinə ehtiyacı var.

Bu kitab bizim hamımızın kitabıdır, böyük bir ədəbiyyat tarixidir, ən böyük özəlliyi isə odur ki, müəllif özü də təsvir etdiyi hadisələrin əksəriyyətinin içindədir, ordan gələcəyə sanki “canlı yayım” edir, həqiqətləri olduğu kimi, dəyişikliyə məruz qoymadan ötürür, üstünə işıq salır. Oxucu yalnız birtərəfli - yaradıcılığı ilə tanıdığı sənətkarlarımızı müxtəlif tərəflərdən tanıyır, məişətlərini, dostluqlarını, sevgilərini, keçdiyi mübarizə yolunu, keçmişin qaranlıq tərəflərini, bütün müsbət və mənfi cəhətləriylə arxada qalan bir dövrü görə bilir.

Məhz bu səbəbdən “Özümüzdən böyük sözümüz” döyüşlərdən sağ çıxmış bir müharibə iştirakçısının bütün cəbhə boyu apardığı müşahidələr, yazdığı memuar qədər əvəzsizdir.

Kitabın həm də bədii əsər, gözəl bir roman kimi oxunacağına şübhəm yoxdur, çünki burda hər şey var: xatirələr, sevinclər, ağrılar, əzablar, vaxtsız ölümlər, itkilər, yarımçıq qırılan yollar, şeirləşən, romanlaşan, pyesləşən, lətifələşən, aforizmləşən talelər, xarakterlər, yaradıcılıqlar, hadisələr, bütün bunlara rəğmən və bütün bunların fonunda görünmədən, sakitcə elə hey axan, axan zaman...

Müəllif həm də öz yoluyla özündən sonra gələnlərin əlinə estafet verir, zaman keçir, dayanmaq olmaz, yoldan çıxmaq yol deyil, Prometeyin odu qoruduğu kimi həqiqəti qorumaq və onu gələcək nəsillərə çatdırmaq lazımdır.

# 4096 dəfə oxunub

Müəllifin son yazıları

# # #