Mövsümlər tez-tez dəyişər,
Sən yaşayan şəhərdə.
Yaz ötüşər, payız düşər,
Sən yaşayan şəhərdə.
Sevənlər unudar gedər,
Arzuların satar gedər,
Bir dönüşsüz qatar gedər,
Sən yaşayan şəhərdən.
Yaşlanarıq dərd əlində,
At ilində, it ilində,
Bir dənizin sahilində,
Sən yaşayan şəhərdə.
Mən də elə sən gündəyəm,
Bu həyatın içindəyəm,
Neçə vaxtdı sürgündəyəm
Sən yaşayan şəhərdə.
Bir axşam dövran dönəcək,
Bir sabah xəbər gələcək,
Bir gün bir qərib öləcək,
Sən yaşayan şəhərdə.
***
Uzun səfərdən
özünə qayıtmış kimi
qayıtdım iztirablardan.
Gördüm ki, yenə də adamlar
gözünü yollara dikmiş.
Baxdım ki, hələ hər kəs
öz arzusunu gözləməkdə.
Anladım ki, bu həyat
hələ keçməmiş.
-Sonuncu kimdir?- deyə,
uzun bir növbəyə dayanıb,
yaşamaq istədim həyatı
yenidən...
***
Ayrılığın sahilində,
Nə vaxtdı gözləyirəm.
Səni gətirəcək gəmi,
Çoxdan batdı, bilirəm.
Bilirəm, gəlməyəcəksən,
Yığıram gözlərimi.
Sənin “gələrəm” deməyin,
“Gözləmə” demək kimi.
Mən də daha gözləmirəm,
Nə aşkar, nə gizlicə.
Ayrılığın sahilində,
Yaşayıram eləcə.
Özümə bir yer seçirəm,
Bir ev qaralayıram.
Ayrılığın sahilində,
Bir ocaq qalayıram.
Bu komada tək yaşamaq,
Yaman xoşuma gəlir.
Elə buymuş sənin mənə,
Vəd etdiyin o ömür.
Gecələr sükut dillənir,
Nəğmə oxuyur hərdən.
Ayrılığın sahilləri,
Sevgi qoxuyur hərdən.