Nərminin qatili

Nərminin qatili
11 yanvar 2020
# 16:18

Lap nağıllardakı kimidi... Zaman-zaman əjdahalar yolumuzu kəsir. Biz də onlara yeni-yeni qurbanlar veririk.

Biz Nərminin qatilini başqa cür gözləyirdik, hansısa orqan mafiyası, ailə düşməni, günlərdir, bütün ölkəni çaş-baş salmış güclü bir cinayətkar. Ortaya isə düz kəndin içindən bir ağıldankəm çıxdı. Özü də Moskvada təhsil almış, ali təhsilli bir ağıldankəm. Yəni, günahı cahilliyin də üstünə yıxmaq olmur.

Camaat həm də ona görə çaşbaşdı ki, onların acığı haqlı olaraq, bir qrupu, bir mafiyanı məhv edəcək qədər idi. Ona görə də üz-gözündən ruhi xəstəlikdən başqa bir şey oxunmayan bu ağıldankəmin əsl qatil olacağına çoxları inanmaq istəmir.

Ömrü hələ təzəcə pardaxlanmağa başlayan bir gülüzlü qızcığazın həyatının lənətlənmiş, ömrü puç olmuş, heç kimə lazım olmayan bir manyakın əlində sönməsi dəhşətlidir. Və biz ədalət axtarırıq. O isə, kim bilir, hansı cəhənnəmdə eşələnir.

Düşündükcə iplər dolaşır, çözüm itir, həyat qatilləri özü yetişdirir, sonra ona ən körpə qurbanları öz əlləriylə seçib verir. Əslində, qatillər də həyatın qurbanlarıdı və öz qisaslarını ən günahsız adamlardan ən dəhşətli şəkildə alırlar.

Həyat qorxu filmi kimidir, uşaqlarımızı ona baxmağa qoymaya bilsəydik...

Bir vaxtlar Elina üçün yazmışdım:

“Sən bizim dərdlərimizin Qız Qalasısan, Elina. O vaxtdan sən yaşda qız uşaqlarını görəndə onları qucaqlamaq keçir könlümdən. Elə bilirəm, bütün böyüklər incidir bütün uçaqları. Tanrını görsən, soruş ki, niyə belədi yaratdıqların?!”

İndiki dərdimizin adı Nərmindi...

# 5127 dəfə oxunub

Müəllifin son yazıları

# # #