Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
19 fevral 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən ilk hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.


Bu gün kimsəsiz, qaranlıq bir küncə çəkilib xeyli ağladım. Bu, dünənin, bu günün yox, uzun illərin qəlbimdə yaratdığı ağrı-acıların nəticəsi idi. Ən pisi, həmin qaranlıq küncdə göz yaşımı siləcək bir dostun, bir həmdəmin, isti bir sevgili ovuclarının olmaması idi. Tənha qalmışdım.

Qərinələrin filosoflarından tutmuş, indinin ən adi söz qoşanına qədər hər kəsin şüar etdiyi “İnsan həmişə tənhadır” sözlərini xatırlasam da, təsəlli tapa bilmədim...

Bu gün atamın ölümünün bir ili tamam oldu. Həyatın ən pis sifətlərini görən insanın 60 il yaşamağa gücü çatmışdı. Onunla bağlı nəsə xatırlamaq ağır idi.

Atam müəllim idi. Arada yazı-pozuyla da məşğul olurdu. Sənətimə görə ailədə ona ən yaxın mən idim deyə, anam eyvandakı şkafda olan sənədləri, məqalələri yerbəyer eləməyi mənə tapşırdı. Şkafın taxta qapılarını açanda əməlli-başlı arxiv gördüm. Atamın müxtəlif vaxtlara aid əlyazmaları, yüzlərlə saralmış qəzet və şəkillər, ona bağışlanan cürbəcür kitablar... Əlyazmalar, şəkillər, qəzetlərdən başqa nə varsa atdım. Xüsusilə ona bağışlanan kitabları vərəqləmədən atırdım. Üz qabığında ceyran, quş, ağac şəkli olan kitablar müəllifinin istedadsızlığını aydınca əks etdirirdi.

Bu qədər lazımsız söz yığınını daşıyıb qurtarmaq üçün iki dəfə zibilxanaya getməli oldum. Yaş əskiylə silib təmizləyən vaxt boşalmış şkafın qaranlıq küncündə ayaqqabı qutusundan iri, ağ qutu gördüm. Çox güman ki, onun da içində kağız-kuğuz vardı. Bəd ayaqda köhnə ayaqqabı olacaqdı. Qutu şkafın ən əlçatmaz və qaranlq hissəsinə qoyulmuşdu. Əlim çatmırdı götürməyə. Balaca kətili ayağımın altına qoyub qutunu götürdüm. Qalın iplə bir neçə yerdən sarınmışdı. Üstünü qalın toz örtmüşdü. İpi dartan kimi qırıldı. Yaş əski ilə qutunu bir neçə dəfə sildim. Qalın toz qat-qat olub yerə töküldü. Qutunu açmağa tərəddüd etdim. Orda mənə aid olmayan nələrləsə rastlaşmaqdan qorxurdum. Yerə qoyub bir neçə dəqiqə sakitcə oturdum. Elə bil yanımda qutu yox, danışmaqdan məhrum bir insan vardı.

Nəhayət, bütün cəsarətimi toplayıb qutunun qapağını qaldırdım. Uşaqlığıma aid ən əziz əşyalarım bu qutuya toplanmışdı. Balaca nağıl kitablarım, türk müğənnilərinin şəkilləri olan kiçik təqvimlər, dayım qızlarının, atamın mənə Bakıdan alıb gətirdiyi bəzək əşyaları, rəngli qələmlər səliqə ilə qutuya yığılmışdı. Bir küncündə göy cildli qalın bloknot, onun altında iplə sarınmış xeyli məktub vardı.

Bunlar rayondan çıxanda özümlə götürdüyüm əşyalar idi. Gücüm yalnız onları çıxartmağa çatmışdı. Rəngli muncuqlar, sırğalar illərin “sığal”ına məruz qalaraq ovulub qutunun içinə tökülmüşdü.

Əlimə aldığım hər əşya dil açıb öz tarixini yadıma salırdı. Bu hiss öldüyünü bildiyin ən əziz insanın 21 il sonra dirilib gəlməsinə bənzəyirdi.

Qutunu keçmişdə çox olmasa da bir neçə dəfə xatırlamış, ata-anamdan xəbər almışdım. Anam kağıza-kitaba o qədər də maraqlı deyil. Buna görə məni hər dəfə bir bəhanə ilə başından eləmişdi. Atam isə belə qutu görmədiyini demişdi.

Ağır illər yaşadığımızdan sonralar bu qutunu yaddan çıxardım. Fikirləşdim ki, qaçqınlıqda ora-bura köçəndə hardasa unutmuşuq. Amma budur - itməyib! Gizlədilib, hətta məndən oğurlanıb!

Qutunu anama göstərəndə, bir az təəccübləndi, sonra etiraf etdi ki, onun evdə olduğunu bilirmiş. Sən demə qutunun içində Sergeyin bibimə yazdığı məktublar və gündəlik də varmış... Anam buna görə unutmayıb qutunu.

Yalan nə qədər kiçik, ya böyük olsa yenə yalandır. Hələ bir bu yalanı məni böyüdüb tərbiyə edən, oxudan, ərə verən doğma valideynlər danışıbsa... Onlar məni aldatmışdılar! Səbəbkar isə Sergey imiş.
Sergey...

Keçmişin dumanlı aynasından ahıl bir kişi mənə tərəf boylandı. Sergey böyük bibimin birinci əri olub. İki il evli olublar. Həmin iki il ərzində iki övladları olsa da, heç biri sağ qalmayıb. Sonra ayrılıblar. Bibim Bakıya gedib, ikinci dəfə ailə qurub orda qalıb.

Bibimlə evli olan vaxt Sergey psixi sarsıntı keçirib. Bibim onu tərk edəndən Ağdamdakı ruhi dispanserdə xeyli yatmışdı. Hamı onu havalanıb, ağlını itirmiş adam kimi tanıyırdı.

Sergeyin gündəliyi və bibimə yazdığı məktubları mənə verdiyi günü yaxşı xatırlayıram. Həmin gün anamla mən rayondakı evimizə sonuncu dəfə getmişdik. Daha doğrusu anam atamın arxasınca rayona gedəndə mən də ağlayıb dalınca düşmüşdüm. Evimizdən çıxıb dayanacağa gedəndə Sergeylə rastlaşdıq. Bir həftə sonra rayon alındı. Sergeylə bu günə qədər maraqlanmadığımı etiraf edirəm.

Sergeyin gündəliyi xırda xətlə yazılmışdı. Göy cildinin üstünə qızılı hərflərlə “Moskva” yazılmış bloknotun axırdan iki vərəqi boş qalmışdı. Bəlkə Sergeyin vaxtı olmamışdı həmin iki vərəqi doldursun... Bilmirəm.

II

“Mən Sergey Sədi oğlu Xəlilov 1941-ci ilin şaxtalı gecələrindən birində dünyaya göz açdım. Atam və kəndimizdə bir-biri ilə çəpər qonşuları olan əmilərim hamısı İkinci Dünya Müharibəsində idilər. Bizim evdə məndən başqa dörd uşaq – iki qız, iki oğlan vardı. Mən ailənin beşincisi və sonuncusu idim. Mən doğulandan üç gün sonra anam dünyasını dəyişdi. Üç gün canı ilə əlləşən qadın sonuncu dəfə məni qucağına alıb qanı çəkilmiş dodaqları ilə üzümdən öpmək istəyəndə, qəfil donub qalıb.

Bibilərimin və nənəmin ümidinə qalmışam. Anamın ölümü barədə atama heç nə yazmadılar. Nənəm sonralar danışırdı ki, kənddə müəllimə işləyən bibim Tofiqə anamın xətti ilə atamın məktublarına cavab yazırmış. Çünki, atam anamı çox istəyirdi. Onun ölüm xəbərini eşitmək müharibədə olan adam üçün asan olmazdı. Beləliklə, atam müharibədən geri qayıdana qədər anamın öldüyünü bilmədi.
Atam üç-dörd kənd aralı kəndlərin birində məktəbdə dərs deyirmiş. Səkkizinci sinifdə oxuyan anamla da həmin məktəbdə tanış olub. Anam onun şagirdi imiş.

Anamgilin kəndinin əsasını ötən əsrin 19-cu əsrin ortalarında Türkiyədən gələn üç qardaş qoymuşdu. Kənd adamlarının çoxunun gözü mavi və ya yaşıl idi. Anamın da iri, mavi gözləri vardı. Yadıma gəlir, nənəm heç vaxt onu adı ilə çağırmaz, haqqında nəsə danışanda ona “Türk qızı” deyərdi.

Atam bənd olduğu mavi gözlü şagirdinə istəyini bildirəndə anamın da ona könlü olub. Sonra atamın yanına düşüb, ona gəlin gəlib.

Anamın ölümündən sonra mən düz iki ay adsız qalmışam. Nənəm heç kimə imkan verməyib mənə ad qoysun. Atama məktub yazdırıb və həmin məktubun cavabını gözləyib. İki aydan sonra atamdan məktub gəlib. O, mənə səngərdə qucağında ölən rus dostunun adını qoyub: Sergey! Nənəm əvvəl-əvvəl bu ada xoş baxmasa da, az keçməmiş razılaşıb.

Əmilərimdən biri Almaniya tərəflərdə gedən döyüşlərdə həlak olub. Biri isə atamdan iki ay sonra qayıdıb gəldi. Amma ayaqlarının ikisini də itirmiş halda...

Böyük Vətən Müharibəsi bitmiş, illərlə ev-eşiyindən ayrı düşən insanlar geri qayıtmağa başlamışdı. Atam da sağ-salamat evimizə döndü.

O vaxt mənim 4 yaşım vardı. Həmişə məni əzizləyən, “iki gözüm”, “yetim qalan tifilim” deyən nənəm xeyli vaxt idi ki, yatağa düşmüşdü. Sağlam kənd qızı olan nənəmi həm oğlunun itkisi, həm qocalıq, həm də müharibə əldən salmışdı. Biz bilirdik ki, nənəm üzü o tərəfədir.

Keçmişimi yada salanda nənəm qədər işıqlı adam xatırlamıram. Bu qadının mənə göstərdiyi nəvaziş, qayğı hər zaman məni tənhalıqdan, kimsəsizlikdən xilas edib. O, ən ağır, ən çətin günlərdə də məni unutmurdu. Yeməyimi vaxtında yedirdir, bütün günü işdə-gücdə olan bibilərimi məcbur edirdi ki, hər gün məni çimizdirsinlər.

Atamın üç bacısı vardı. Ailənin ikinci uşağı olan böyük bibim ərdə idi. Evdə iki subay bibim də vardı. Ən çox balaca bibim Naibə dururdu mənim qulluğumda. O, doqquzuncu sinfi birtəhər başa vurmuş sadəlövh kənd qızı idi. Ondan böyük bibim Tofiqə kənd məktəbində müəllim işləyirdi.

Atam gələn günü nənəm nə qədər istədi yerindən qalxıb onu ayaq üstə qarşılasın, ağrıları imkan vermədi. Təzədən qayıdıb yerinə girdi və yorğanın altında hıçqıra-hıçqıra ağladı. Halbuki, o, beş il sərasər bu günü gözləmişdi.

Bütün yaxın-uzaq qohumlarımız bizim həyətə yığışmışdı. Atam gələnə qədər həyətimizdəki iri samovar iki-üç dəfə qaynayıb, boşaldı. Axşama yaxın qapımızda nabələd bir maşın dayandı. Hamı maşına tərəf qaçanda gələn adamın atam olduğunu anladım. O, hündür boylu, qarayanız kişi idi. Üzündə dalğın, həm də sərt ifadə vardı. Hamı ilə bir-bir görüşəndən sonra bacı-qardaşlarımı qucaqlayıb öpdü. Ən axırda mənə yaxınlaşıb qüvvətli əllərilə qucağına götürdü. Onun bədənindən və paltarlarından tər, tütün və dəmir qoxusu gəlirdi. Atam məni bir neçə dəfə sinəsinə sıxdıqdan sonra ətrafa boylandı. Gözləri ona çox doğma olan iki qadını axtarırdı: nənəmi və anamı.

Biz evə girəndə anamın beş ilə yaxın boş qalan yataq otağına tərəf getməyə heç kimin cəsarəti çatmadı. Elə atam da mənim üçün o vaxtlar çox böyük görünən əsgər ayaqqabıları ilə birinci nənəmin otağına getdi. O, içəri girəndə nənəm əllərini atama tərəf uzadıb hönkürtü ilə ağlamağa başladı. Atam anasının xəstə, zəif vücuduna sarıldı. Biz bilirdik ki, nənəmin xəstəliyi ağırdır və ömrünə sayılı günlər qalıb. Onun rəngi saralmış, gözləri quyunun dibinə düşmüşü. Görünür, anasını belə görəcəyi atamın ağlına gəlməmişdi. O, sarsılmışdı. Lakin, ən böyük sarsıntını hələ keçirməmişdi.

Atamın nənəmdən ilk xəbər aldığı insan anam oldu. Nənəmə baxıb soruşdu:

- Zərifə hardadır?

Ardı burada

# 4546 dəfə oxunub

Müəllifin son yazıları

# # #