Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə

Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
21 iyun 2021
# 12:11

Kulis.az Türkiyəli hərbi jurnalist Fulya Öztürk haqda film çəkən rejissor Tahir Tahiroviçlə gündəmdə dolaşan polemik fikirlərlə bağlı müsahibəni təqdim edir.

- Belə bir layihənin ideyasi necə yarandı?

- Vətən müharibəsində iştirak edən insanlar, əsgərlər, polkovniklər, generallar var, sadə, sıravi insanlar var. Biri su daşıyıb, biri siqaret daşıyıb. Yəni, müharibə mövzusu o qədər genişdir ki, xarici filmlərə nəzər salsanız, o qədər tanksız, topsuz, vuruşmasız çox gözəl müharibə filmləri var. Hərə bir tərəfdən yanaşır, biz də media nümayəndələrinin, hərbi jurnalistlərin müharibədəki iştirakına diqqət çəkmək istədik. Birinci olaraq da Fulya Öztürkü nəzərdə tutduq. Əslində, bu filmi tək ona yox, bütün jurnalistlərə ithaf etmək istəyirik.

- Sosial şəbəkələrdə əsas sual budur ki, niyə bizim jurnalistlər yox, Fulya?

- Samirə xanım, inandırım sizi, mən bu gün bir jurnalist kimi sizin haqqınızda film çəksəydim, insanlar deyəcəkdi ki, niyə Fulya xanım yox, Samirə?! Mən tam əminliklə deyirəm. İnsan xasiyyətidir bu. Onları da qınamaq olmaz.

- İstedadlı bir rejissor kimi başqa hərbi jurnalistlərə həsr olunacaq film çəkmək planınızda varmı? Misal üçün, elə, bu yaxınlarda Kəlbəcərdə şəhid olan jurnalistlərdən...

- Mən öhdəliyimə götürməmişəm ki, bütün yaradıcılığımı Qarabağa, müharibəyə, ya hərbi jurnalistlərə həsr eləməliyəm. Hərbi vətənpərvərlik redaksiyasında işləmirəm. Özünüz bilirsiniz ki, mənim filmoqrafiyam fərqlidir. Tarixi araşdırma da çəkə bilərəm, qısametrajlı komediya da. Yəni, ona söz verə bilmərəm ki, yenidən bu mövzuya qayıdacam.

No description available.

- Adamların müzakirəyə çıxardığı əsas məqam Fulyadan film çəkmək deyil, deyirlər, eyni şərait azərbaycanlı jurnalistlər üçün də yaradıla bilərdi və biz də bu işin öhdəsindən gələ bilərdik. Yaradıcı bir insan kimi bu fikrə münasibətiniz necədir?

- O, siyasi məsələdir. Siyasi-inzibati məsələ! Onu Milli Televiziya və Radio Şurasından soruşsunlar, Müdafiə Nazirliyindən soruşsunlar. O məsələdə nə mənim günahım var, nə Fulyanın günahı var, nə də Sevda Sultanovanın günahı var. Bu, artıq bizim iqtidarımızda olan bir məsələ deyil. Filmin çəkilməsinə görə o sual doğula bilməz. O sualı onlar sentyabrın 27-si verməli idilər və cavablarını da noyabrın 8-i almalı idilər.

- Pafos və ritorikadan qorxmursunuz ki? Adətən, müharibə ilə bağlı filmlərimizdə ritorika və pafos çox olur, ona görə soruşdum.

- Qətiyyən. Hər halda, çoxları mənim yaradıcılığıma bələddir. Heç vaxt pafos söhbəti ola bilməz. Mənim filmlərimin heç birində pafos olmayıbdır, bu filmdə də olmayacaq.

- Ümumilikdə, sizcə qələbə ilə bitən İkinci Qarabağ müharibəsi kinomuza nə verəcək? Və hansı istiqamətdə yeni layihələr işlənilməlidir?

- Azərbaycanın Vətən savaşında kimin lap iynə ucu qədər köməyi olubsa, onları çəkmək, yazmaq lazımdı. Tək Fulya deyil. Siz fikirləşin, Rusiya televiziyalarında Azərbaycanı müdafiə eləyən nə qədər rusiyalı, ukraynalı tarixçi, politoloq var idi. Rejissor olsun, həkim olsun, fərqi yoxdur, onları da yada salmaq lazımdı. Qoy Şərif Ağayar bir roman yazsın, sən bir esse yaz, Mirmehdi Ağaoğlu bir hekayə yazsın. 1993-cü ildə Qarabağ savaşında şəhid olan bir belorus var idi - Anatoli Davidoviç, indi belorusdur deyə, ondan film çəkməyək? Fulya məsələsində isə bizi niyə o daha çox cəlb elədi? Çünki Fulya Gəncədə, Qarabağda özünü türkiyəli kimi yox, elə azərbaycanlı kimi hiss eləyirdi. Siz onun Qarabağdan olan reportajları ilə Suriyadan olan reportajlarının fərqinə baxın. Orada sadəcə işini görürdü, burada isə canını qoyurdu. Niyə? Çünki onun üçün bura da öz Vətəni idi.

# 3127 dəfə oxunub

Müəllifin son yazıları

# # #