Həmid Herisçi: “O bayrağı Yazıçılar Birliyinə sancmışam” – Müsahibə

Həmid Herisçi: “O bayrağı Yazıçılar Birliyinə sancmışam” – Müsahibə
2 sentyabr 2020
# 08:57

Kulis.az tanınmış yazıçı Həmid Herisçi ilə mühasibəni təqdim edir.

- Mirzə Cəlilə münasibətiniz təzə deyil. Ancaq niyəsə bu yaxınlarda feysbukda bu məsələyə təzədən qayıtdınız...

- Cəlil məncə ilk növbədə orijinal deyil. Ona tənqidi münasibətim bundan qaynaqlanır. Yəni Cəlil fenomeni minillik Azərbaycan ədəbiyyatının daxili dinamikası nəticəsində yaranmayıb. Burda həmin prosesə çox ciddi, siyasi sifarişli kənar müdaxilə mövcuddur. Birinci, “Molla Nəsrəddin” dərgisi ilə o dövrdə Çar imperiyasında nəşr olunan bir çox satirik dərgilərin, xüsusən “Satirikon” jurnalının müqayisəli təhlili hələ aparılmayıb. Müqayisə aparsaq, görəcəyik: “Molla Nəsrəddin”də çap olunmuş əksər lətifələr bu dərgilərdən iqtibasdır. Kor-kor, gör-gör tərcümədir. Yaxud da həmin lətifələrin Azərbaycan, Şərq reallıqlarına uyğunlaşdırılmış zəif kölgəsidir. Mövzunu alimlərin ixtiyarına buraxıram. Araşdırsınlar. Sonra desinlər ki, Cəlil nə qədər orijinaldır.

İkincisi: Cəlilin şah əsəri sayılan “Ölülər” pyesi də orijinal deyil. Çox tanınmış Belçika dramaturqu Moris Meterlinqin 1903-ci ildə yazdığı "Le Miracle de saint Antoine" əsərindən birbaşa təsirlənmə nümunəsidir. Pyeslərin qarşılıqlı müqayisəsinə indi ciddi ehtiyac yaranıb. O vaxtlar məşhur rus rejissoru Vsevolod Meyerxold Poltava səyyar teatrının növbəti qastrolu zamanı Tiflisə gəlir. Meterlinqin bu səs-küylü, antiklerikal pyesini 1906-cı ildə Tiflisdə səhnələşdirir. Tamaşanın, şəhərdə əsl anşlaqla müşayiət olunması barədə ovaxtkı mətbuatda çox saylı məlumatlar mövcuddur. Tamaşaçılar arasında görünür Cəlil də varmış. Çox keçmir, oxşar bir əsər Cəlilin qələmindən çıxıb teatr səhnəsinə yol tapır. Yəni, bunlar inkarolunmaz faktlardı. Faktları müqayisə etdikdən sonra bir daha anladım ki, Cəlil orijinal qələm sahibi olmayıb.

Gallery

İnsafən qeyd edək ki, Meterlinqin bu şedevrindən təkcə Cəlil ilhamlanmayıb. Danimarka yazarı Harald Berqtedt də bu əsərdən təsirlənərək 1919-cu ildə “Factory of the Saints” adlı oxşar motivli, süjetli povestini yazıb. Ölməz sovet kinorejissoru Yakob Protazanov 1930-cu ildə bu əsər əsasında məşhur “Müqəddəs İorqenin bayramı” filmini çəkib.

İndi bildinizmi niyə Cəlilin “Ölüləri” Qərbdə tirajlanmayıb? Çünki, bu mövzu ilə Azərbaycanın sadəlövh, avam maarifçilərini təəccübləndirmək olar. Ancaq çoxbilmiş qərbliləri yox. Qərbdə bunu açıq plagiat sayıb ilkin əsər saymazlar.

Cəlilin ilk qələm sınağı olan “Danabaş kəndinin əhvalatları” əsəri də eyni talelidir.

Gallery

- Bu barədə danışmışdınız Kulisdə... Cəlilin bu əsəri sifarişə yazdığını da demişdiniz.

- Bunu ilk dəfə mən yox, ədəbiyyatşünas alim Nəzir Əhmədli sübut edib. O, Cəlilin həyat yoldaşı Həmidə xanımın xatirələrinə əsaslanaraq erməni əsilli Canpoladov qardaşlarının adını çəkir. Suallarınızı ona ünvanlayın. Cəlilin fəaliyyəti, dinimizə, dilimizə tənqidi münasibəti sözsüz ki, Çar Rusiyasının siyasətinə uyğun idi, bu səbəbdən də “Molla Nəsrəddin”in nəşrinə icazə vermişdilər. Nəşrin həqiqi redaktoru, müəllifi, boz kardinalı, gözəgörünməz kölgəsi isə bu dərgiyə karikaturalar çəkən Oskar Şmerlinq idi. Boynumuza alaq, o dövrlərdə insanlar əksərən savadsız idilər. Cəlilin jurnaldakı yazılı mətnlərini deyil, məhz Oskar Şmerlinqin anti-islam karikaturalarına aludə olurdular. Bu da Çar Rusiyasının Şərqdə yürütdüyü mədəni müstəmləkəçi siyasətinə çox uyğun idi. İndi gələk Oskar Şmerlinqin şəxsiyyətinə. Birinci o çox məşhur rəssam idi. Münhendə, Sankt-Peterburqdakı rəssamlıq akademiyalarında təhsil almışdı. Tiflisdə 1922-ci ildə fəaliyyət göstərən Rəssamlıq Akademiyasının professoru idi.

- Həmid bəy, professorun hansısa dərgiyə rəsm, karikatura çəkməsi o qədər də təəccüblü deyil axı...

- Cavabınız Tiflis arxivlərindədir. Böyük Amerika yazarı Piter Penn Uerrenin “All the King's Men” romanında deyildiyi kimi: “İz həmişə qalır. Dodaq boyası, yaxud ləkə, qəbz, dörd yerə parçalanmış kağız parçası olsun, fərqi yoxdur. İz, həmişə qalır”.

Gallery

- Niyə görə ədəbi missiyanın Nizamidən, Xəqanidən götürülməyinin tərəfdarısınız?

- Bəli, ədəbiyyatımızda iki başlanğıc var. Nizami, Xəqani, Füzuli, Nəimi, Nəsimi kimi əzəl mübtədası var. İkinci də Axundov, Cəlil, Sabir başlanğıcıdır. Müasir yazarlarımız bu ikinci başlanğıca aludədirlər. Onların ədəbi yarımçıqlıqları elə burdan qaynaqlanır. Yəni klassisizmdən yan ötürlər. Klassisizmdən yan ötən yazıçı isə heç vaxt tam olmayacaq. Mövzunu Fb-də paylaşdığım bir başqa statusumla davam etdirirəm:

“Yazıçı, özünə qarşı "yad" olduqda, özünə qarşı özgələşəndə yazır. Ədəbiyyat "Eqo"nun sinonimi , məhsulu deyil. Qəti olaraq, deyil...”

Yazıçı nə vaxt öz iyrənc, nöqsanlı “Eqo”sundan qurtarır? Cavab: O vaxt ki, klassik ədəbi nəzəriyyələrə, ənənələrə arxalanaraq, öz eqosundan qopur. Özünə qarşı yadlanır. Böyük ədəbi ənənəyə, xalqa söykənərək, həqiqi bədii mətnlə doğmalaşır. Böyük mətn bu şərtlərlə yaranır.

- Mən belə başa düşürəm ki, sizin davanız Mirzə Cəlillə deyil, realizmlə və maarifçiliklədir. Düz başa düşmüşəm?

- Gəlin, Cəlilə bu dəfə özünün sevdiyi kimi tənqidi gözlə baxaq. Siyasi sifarişlərə qulluq edən, antimilli Cəlil ənənəsini, maarifçiliyini qətiyyən qəbul etmirəm.

Gallery

- Cəlili müasir ədəbi prosesə maneə sayırsınız?

- Sualınızı Fb-də bölüşdüyüm bir başqa statusumla cavablandırardım: “Məhəmməd Əsəd bəyin "Əli və Nino"sundan sonra ədəbiyyatımız, daha bir "oriental" roman ortaya qoya bilməyib. Ayıbdı. Avropa isə, bizdən məhz bax bu orientallığı istəyir. Ancaq biz bu lüksümüzü itirmişik”.

Məhz Cəlilin Şərqə tənqidi münasibəti nəticəsində oriantellağımızı itirmişik. Və bu, çox böyük itkidir. Məhəmməd Əsəd bəydən başqa o biri yazıçılarımız Cəlilin bu zərbəsindən yaxasını qurtara bilməyib. Nəticədə göz önündədir. Orientallığını itirmiş Azərbaycan ədəbiyyatı Qərbə maraqlı deyil. Elə mənə də . Bu səbəbdən Nizami, Xəqani başlanğıcını ədəbiyyatımız üçün əzəl mübtəda sayıram.

Gallery

- İstedadlı insanlar adətən mütaliədən uzaq olurlar, oxumurlar. Çox mütaliə edən insanlar isə istedad sarıdan zəif olurlar. Amma sizi həm mütaliəli, həm də istedadlı insan kimi qəbul edirlər. Elədirsə, bu yaşınıza qədər niyə hansısa əsəriniz dünya çapına çıxmayıb?

- Təbliğatçım yoxdur. Özüm isə bu işlə məşğul olan deyiləm. Sizə elə gəlir ki, dünyada bütün yaxşı yazarlar tez də uğur qazanır? Bəzən yüz illərlə qazanmır. Bəzi yazıçılar uzun zaman öz simurq vaxtını gözləyir. Şeirlərim, hekayələrim, publisistikamla istənilən zirvələri fəth edə bilərəm. Bir şeirimdə dediyim kimi mənə heç nə mane olmur, gözümə düşən saçımdan başqa. Xahiş edirəm bu şeirlə sualınızın cavabını bitmiş hesab edək.

Mənə heç nə mane olmur,
gözümə düşən saçımdan başqa
Qorxunu çoxdan qırxmışam üzümdən
Yapışaram ikiəlli qoca ağacların
şah budaqlarından,
Bədənimi - kəfənimi! - özümdən də
yuxarılara qaldıraram!

Sonra qoşa təpik ataram
bütün "BP"lərin, "Azpetrollar"ın sinəsinə,
Gedin deyin
meyitlərinizin gələcək cangüdənlərinə
indidən gedib özlərinə təzə iş yeri
axtarsınlar...

İtilin gözümdən,
Əksinqilabçılar!

Bu gecə mən
divara düşən kölgəmlə
lap az,
ölkəmlə
lap çox birləşmək istərdim.

Ən çətin gündə bircə arzum var -
Leninin mavzoleyinə söykənim!
Güllələyim

Rəhbərin gözü qarşısında
Təhsil nazirimizi,

"Azərsu" səhmdar cəmiyyətinin rəisini,
Məni, səni - hər ikimizi!

Boynuma alıram -
bütün məsuliyyətsizliyimi!

Gallery

- “Nekroloq” romanınız bitdimi?

- İstənilən vaxt mövzuya qayıda bilərəm.

- Çoxları elə düşünür ki, siz konspiroloji yazılar, şier, publisistika, TV verilişlər ilə çox məşğul oldunuz, yaradıcı enerjinizi dağıtdınız, bu səbəbdən oxucular sizdən gözlədiyi nəsr əsərləri yaranmadı...

- Müasir dövrə uyğun olaraq görünür bir növ smart yazıram. Çoxşaxəliyəm. Bəli. Müasir yazar məhz elə belə olmalıdır. Həm konspiroloq, həm teleaparıcı, həm nasir, həm də ekspert. Sayılıb-seçilən ekspert. Sizin təklif etdiyiniz ölçü çox dardır, vaxtı keçib. Dediyiniz ölçülər qaldı ötən əsrin bataqlıqlarında. Bizim müasirlərimiz bu bataqlıqdan çıxa bilmirlərsə, çoxşaxəli olmağı bacarmırlarsa, necə deyərlər öz qəmləri kəm. Bu yaxınlarda yeni şeirlər kitabımı hazırlayıram. Pandemiya dövrünə düşdü deyə prosesə ara verdim. Görünür cücələri də, şeiri də payızda sayarlar. Meyvəni payızda dərərlər. Yeni kitabımı payızda oxucularımın diqqətinə çatdıracam. Hələlik sponsor axtarıram.

Azərbaycan ədəbiyyatının ən orijinal, ən müasir , ən smart şeirləri olan “Xaker”, “Otello”, “Robot Sofiya”, “Əhməd haradadı?”, “Faust”, “Koronoviruslu Çin gözəli”, “Zongizongi virusu”, “Suiti”, “Tərsa qızı” və sair əsərlərim həmin kitabda özünə layiqli yer tapacaq. Ümidvaram ki, təkcə kitabda yox, elə ürəklərinizdə də.

- Siz postmodernizm başa çatdı deyəndən sonra dünyada və Azərbaycanda metamodernizm haqqında məqalələr yazıldı. Sizcə doğurdanmı postmerdnizmin sonudur?

- Postmodernizm sözsüz ki, artıq keçilmiş pillədir. Yaradıcılığımda da yaşadım. İndi bir növ smart ədəbiyyat gəlir. Buna hazır olaq. Mən çoxdan hazıram. Artıq Nitşsenin dediyi fövqəlinsan, yəni ubermenş dövrüdür. Təəssüf ki, bizim yazarlarımız qəhrəman anlayışını sevmirlər. Bizim ədəbiyyatımızın qəhrəmanı həmişə qurbandır, qəhrəman deyil. Mənim “Solaxay” romanımda qəhrəman var. Bu ikiəlli ambideksterdir. Yəni, mən bizim gənc yazarlar kimi qurban sürəti yox, qəhrəman sürətini yaratmışam. Yəni zəmanəmizin Siyavuşunu.

Yaradıcılığıma çəp baxanlara gəldikdə, onları heç vaxt ciddiyə almamışam. Məndə natamamlıq kompleksi yoxdur. Məsələn, ən müasir mövzuları robot, xaker, komp virusları, koronavirus, ambidekster ədəbi mətnə gətirmişəm. Və bunları mətnə gətirmək sizə sadə görünməsin. Koronovirus üzərində qələbə çalmaq asandır, amma onu ədəbi baxımdan mənimsəmək çətin. Ədəbiyyatımız koronovirusu cilovlayıb, məncə bu şeirimizin, ədəbiyyatımızın qələbəsidir. Növbə həkimlərindir. Bu göstərir ki, xalqımızın, ədəbiyyatımızın nə qədər böyük potensialı var.

Gallery

- Bir zamanlar AYB-yə bayraq sancmaq istəyirdiniz. Hardadır o bayraq? Onu harda saxlayırsınız?

- Fiziki olmasa da metafizik mənada o bayrağı sancmışam. Sadəcə siz o bayrağı görmürsünüz. Hətta deyərdim ki, görmək istəmirsiniz. Səbəbi isə sadədir; mən sizin üçün həmişə yad olmuşam. Sizin masanızda oturmamışam, sizin tut arağınızdan içməmişəm, sizin xəngəlinizi yeməmişəm, sizin kəndinizdən olmamışam. Mən sizə yadam.

Murad Köhnəqala əvvəllər mənə həmişə yadplanetli deyirdi. O vaxt buna yumorla yanaşırdım, indi isə... bir başqa cür. Heç yadımdan çıxmır, bir dəfə sovet dövründə yolumu azıb vağzal tərəfdəki bir xəngəlxanaya endim. Gördüm, çox tanınmış şair, qarşısında bir yekə qazan xəngəl, süfrə başında oturub. Ətrafında əshabələri. Məni görüncə ucadan, var gücü ilə qışqırdı: “Mən sizinləyəm!” Anında, ara vermədən cavabımı özünə və üzünə çırpdım: “Sən xəngəlləsən, bizimlə deyilsən! Xəngəlini yeməyə davam et! Siz də arağınızı vurun, dedi-qodunuzu edin, xəngəlinizi yeyin. Siz həmişə xəngəlləsiniz.”

- Son dövrlər kimləri oxuyursunuz?

- İnsanları, buludları, insan mənzərələrini. Bu qədər. Siz elə bilməyin ki, heç nə oxumuram. Vaxtilə oturub-durduğum qələm sahibləri vardı. Elə bilirəm ki, ömrümdə bir neçə həyat olub. O dövrləri keçmişin ixtiyarına buraxmışam. İnsanın əlində həmişə bir ovuc küldən başqa heç nə qalmır. Buna xalq arasında tale payı deyilir. Yaxud qismət.

Gallery

- Ədəbi meyarınız nədir?

- Ədəbi meyarım orijinallıqdır. Yəni mən ancaq orijinal şeiri, nəsri qəbul edirəm. İkinci, üçüncü əl ədəbiyyatı, ingiliscə desək “seknd həndi” mənə sırımayın. Zövqümdən şikayətim yoxdur.

Əslində, istedadlı adam ədəbiyyatda bir olur, qalanlar bu istedadın kölgəsidir. Rusiyada belə istedad Heydər Camal olub. Bizdə Səməd Vurğun idi, yaxud da İsa Hüseynov, Sabir Əhmədli. İndiki dövrdə bir istedad var. Qalan nə varsa, onun kölgəsidir. Azərbaycanlılar çox istedadlıdırlar, amma savadsızdırlar.

- Sizcə biz yenə dünya ədəbiyyatına qalib gəlib, Azərbaycan ədəbiyyatına məğlub olmalıyıq?

- Əslində, bəli. Söhbətimizin yaxşı sonluğu hesab oluna bilər bu sual. Bu məğlubiyyətin, bu qələbənin şərtlərini qəbul etmək yazıçı üçün mütləqdir.

Foto: Nicat Əlili

# 9026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #