Kulis.az yazıçı Yusif Vəzir Çəmənzəminlinin nəvəsi filologiya elmləri doktoru, professor Leyla Vəzirova ilə müsahibəni təqdim edir.
- Leyla xanım, bir az şəcərənizlə bağlı məlumat verərdiniz...
- Babam əslən Şuşalıdır. Şuşada doğulub. Babamgil üç qardaş olublar, dörd bacı. Onların bir ailə şəkili var. O şəkildə bütün ailə üzvləri yerdən əyləşiblər. Elə o şəkilə baxanda Çəmənzəminlinin bütün şəcərəsi aydın olur. Ailədəki üç qardaşdan iksinin məzarı bilinmir. Əbülhəsən adlı qardaşının məzarı Şuşadadır. Əbülhəsən cavanlığından ziyalı oğlan olub. Onun çox zəngin kitabxanası varmış. O biri qardaşlarına ədəbiyyatı, mütaliəni o sevdirib. 21 yaşında xəstəlikdən dünyasını dəyişib. O biri qardaşı Miri isə Parisdə 29 yaşında vərəmdən vəfat edib. Miri Parisdə Diplomatik Akademiyanın tələbəsi olub. Bu qardaşlardan ən uzunömürlüsü Çəmənzəminlidir. Orta məktəbi bitirəndən sonra Bakıya oxumağa gəlib. Ailəsi, təbii ki, Şuşada qalıb. Babamgilin ailəsi sonralar Aşqabada köçür. Ailənin kişisi, yəni Çəmənzəminlinin atası da bəy, ziyalı adam olub, Şuşada əttar dükanı varmış. O, Çəmənzəminli uşaq olanda rəhmətə gedib. Bundan sonra ailənin bütün yükü Çəmənzəminlinin və anasının çiyinlərinə düşüb. Qardaşı Əbülhəsən dünyasını dəyişəndən sonra onun bütün kitabxanası Çəmənzəminliyə qalıb. Həmin kitabxananı ciddi şəkildə oxuyub bitirir.
- Təxəllüsünün maraqlı tarixçəsi var...
- Çəmənzəminlinin ailəsi yatalaq xəstəliyinə tutulub. Xəstəliyə görə onlara heç kim yaxın gəlməyib. Həyətlərində İrandan gəlmə üç qardaş qalırmış. Bu qardaşlar İranın Çəmənzəmini kəndindən imişlər. Babamgilə həyət-baca işində kömək edirmişlər. Babam xəstə yatanda bu üç qardaş ona çox yaxşı baxıblar. Babam da əhd edib ki, yatalaqdan sağalsa, nə vaxtsa adlı-sanlı adam olsa, üç qardaşa təşəkkür kimi onların kəndinin adını özünə təxəllüs götürəcək. Deməli, babam həm də özündə böyük insan olmaq potensialını görüb. Çəmənzəminlinin təxəllüsləri çox olub. Onun həm də yaxşı rəsm qabiliyyəti varmış. Nəcəf bəy Vəzirovla birlikdə jurnal buraxıblar. Həmin jurnalın karikaturalarını Çəmənzəminli çəkirmiş. O dövrdə özünə “Bədbəxt” təxəllüsü götürmüşdü.
- Bu təxəllüsdən hiss olunur ki, gənclik illərindən həyatıyla razı deyilmiş?
- Elədir. İlk şeirini rus dilində yazıb. “Jaloba”. Bu sözün Azərbaycan dilinə tərcüməsi, “Şikayətnamə”dir. Çəmənzəminli həyatdan çox şikayətlənib, çox narazı olub. Nə əldə edibsə, savadı ilə əldə edib.
- Sizcə, onun küskünlüyünə, narazılığına səbəb nə idi?
- Yəqin ki, atasının tez dünyadan köçməsi, qardaşının cavan yaşda vəfat etməsi... Bu hadisələr ailəni sarsıdıb. Onun “Bahar axşamı” adlı hekayəsi var. Bu hekayə Çəmənzəminlinin ailəsindən, daha doğrusu elə qardaşından bəhs edir. Bacılarının hamısı balaca olub, ataları rəhmətə gedəndə. O böyüklükdə ailənin zəhmətini çəkmək asan deyildi. Sonra dövrün müəyyən haqsızlıqları ilə rastlaşıb. Mollaxanada oxuduğu illər, din adamlarının təzyiqi və başqa şeylər yəqin ki, onun bədbinləşməsinə səbəb olub. Çəmənzəminlini çox vaxt talesiz yazıçı kimi qiymətləndirirlər, mən isə bunu əsla belə qəbul etmirəm. Xüsusən yazıçı kimi. İndiyə qədər xalq Çəmənzəminlini yaşadır. Əgər sizlər bizi bu gün də axtarırsınızsa, deməli, Çəmənzəminli bəxti gətirmiş yazıçıdır.
Mənim elmi işimin namizədliyi də babamın yaradıcılığı haqqındadır. Amma doktorluq işim dilçiliklə bağlıdır. Hətta mənə təklif etdilər ki, mövzunun davamı kimi başqa bir yazıçının yaradıcılığı üzərində işləyim. Dedim, yox, mən babamı heç bir yazıçıya sata bilmərəm (gülür). 2015-ci ildə məni və qardaşımı Kiyevə - Çəmənzəminlinin bitirdiyi universitetin 100 illiyinə dəvət etdilər. Onun oxuduğu binada olduq, Kiyevdə olduğu yerləri gəzdik.
- Hansı hissləri keçirirdiniz?
- Çox güclü enerji aldım ordan. Babamın ruhunu duyurdum. Ümumiyyətlə, Kiyev mənə çox doğma təsir bağışladı. Küçələri gəzəndə öz-özümə düşünürdüm ki, ay allah, mənim babam da bu küçələri gəzib. Burada tələbəlik illərini yaşayıb. Bildiyiniz kimi “Studentlər” romanında da o yerlər təsvir edilib.
- Çəmənzəminli həyat yoldaşı ilə necə tanış olub?
- Nənəmlə babamı, babamın bacısı tanış edib. Ona qədər Çəmənzəminli ümumiyyətlə evlənmək istəmirmiş. Buna görə də çox gec, 40 yaşında ailə qurub. Babamı məcbur evləndiriblər. Bütün dünyanı gəzib gələndən sonra özü də düşünüb ki, 40 yaşdan sonra onun evlənməsinin mənası yoxdur. Hətta, belə bir planı varmış ki, bacısının oğlunu oğulluğa götürsün. Tale elə gətirib, nənəmlə tanış olandan sonra nənəmi bəyənib və onunla ailə qurub, iki oğlu dünyaya gəlib. Onlar da son nəfəslərinə qədər atalarının ruhuna xidmət elədilər. Hər ikisinin ürəyində ata yanğısı vardı. Onlar atalarını ideallaşdrımışdılar. Babamı görən qohumların dediyinə görə Çəmənzəminli ciddi insan olub.
- Atanız Çəmənzəminli haqqında nələr danışırdı, necə xatırlayırdı?
- Ümumiyyətlə, kövrək insan imiş. Atam həmişə deyirdi ki, hansısa sarsıdıcı əhvalat, hadisə baş verəndə onun gözləri yaşarırmış. Yəni, qəddar insan deyilmiş. Həddindən artıq səliqəli adam olub, nənəmi çox sevib. Nənəm də çox gözəl qadınmış. Ali savad almasa da, çox kübar imiş, rus dilini, gürcü dilini bilirmiş. Baxcada müəllimə işləyib, yaxşı piano çalmağı bacarırmış. Nənəm dünyasını dəyişəndə mənim 15 yaşım vardı. Dünyagörüşümün formalaşmasında böyük rol oynadı. Nənəm də babamdan təsirlənmişdi, ondan çox şey öyrənmişdi. Elə gün olmazdı ki, nənəm babamı xatırlamasın. Həmişə bizə deyirdi ki, heyf, babanız sizi görmədi. Sizi görsəydi, bilirsiniz nələr edərdi? İndi fikirləşirəm ki, babama nəinki nəvələrini görmək, heç övladlarını böyütmək də qismət olmadı. Babam nənəmin ağlına həmişə heyran olub. Hətta bunu dilə gətirərək deyirmiş ki, ay Bilqeyis, sənin ağlına qurban olum.
- Babanız həm də səfir işləyib. Səfir ola-ola çox kasıb yaşayırmış...
- O vaxtın ziyalıları təbii ki, çətin dolanırdılar. Babamın şəkillərinə də baxsanız, görəcəksiniz ki, Çəmənzəminli şık geyinməyi sevib, bu da onun daxili mədəniyyətindən irəli gəlib. Çəmənzəminli Azərbaycan Demokratik Respublikası tərəfindən Türkiyədə ilk azərbaycanlı səfir kimi təyin olunub. Cümhuriyyət dağılandan sonra səfir kimi fəaliyyət göstərə bilmir, işsiz qalır və Parisə yollanır. Bir müddət qardaşının yanında qalır. Təbii ki, maddi durumları yaxşı deyildi. Babamın qardaşı Parisdə Ceyhun Hacıbəyli ilə dostluq edirdi. Mən sizə deyim, heç Üzeyir Hacıbəyli də varlı yaşamayıb. “Arşın mal alan” tamaşası Parisdə səhnəyə qoyulanda Ceyhun Hacıbəyli Üzeyir bəyi ora apartdıra bilməyib. Üzeyir Hacıbəyli deyib, evimi də satsam, o premyeraya gələ bilmərəm. Ceyhun Hacıbəyli babamın qardaşının müalicəsinə çox kömək etmişdi, amma onu yaşatmaq mümkün olmadı. Miri vəfat edəndə Çəmənzəminli çox sarsılır. Həm pulsuzluq, həm də sevimli qardaşının ölümü ona güclü təsir edir. Üstəlik, qardaşını dəfn etmək üçün o, heç yerdən pul tapa bilmir. Axırda çarəsiz qalıb, Mirini mühacirlər məzarlığında beş illik bir məzarda basdırır. Atam deyir, babam Parisdən Bakıya gələndən sonra həmişə deyirdi ki, yəqin indi mənim qardaşımın sümüklərini qəbirdən çıxarıb bir kənara atıblar. Bütün ömrü boyu Çəmənzəminli bu dərdi ürəyində daşıyıb.
- Leyla xanım, Çəmənzəminlinin repressiyası barədə nələr bilirsiniz?
- Babam, 1940-cı ildə tutulub. Bildiyiniz kimi o vaxtlar ayağı xarici ölkəyə toxunan hər kəs Stalin üçün satqın hesab olunurdu. Çəmənzəminlini də pantürkizmdə günahlandırıblar. Babamgil yaşayan küçədə bir erməni varmış. Onu satan da elə həmin erməni olub. Bir məqamı deyim, atamgilin birotaqlı mənzili varmış. Babam axtarışda olduğuna görə, doqquz ay o bir otaqdan bayıra çıxmayıb. Həmin erməni qonşu hər dəfə gəlib atamdan soruşurmuş ki, atan hardadır? Atam da deyirmiş, burda yoxdur. Doqquz ay nənəmgil babamı evdə gizlədiblər. 1938-ci ildə "Kommunist" qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Təbii ki, ailəsini apara bilmir. Çünki babam ora maddi çətinlik ucbatından gedir. Ordan ailəsinə məktubla bərabər hər ay pul da göndərir. Babam bir neçə dəfə məzuniyyət götürüb açıq-aşkar Bakıya gəlir, burda onu hər kəs görür. Bu bəlkə də onun ən böyük səhvi olur. Geri qayıdanda Özbəkistanda babamı satırlar və onu həbs edib Bakıya gətirirlər. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanılır. 1940-cı ilin iyul ayının 3-də isə Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir.
Atam babam haqqında xatirə kitabı yazıb. Kitabda elə məqamlara toxunub ki, onu ağlamadan oxumaq mümkün deyil. Atam cəmi doqquz il ata görüb. Deyir, mən dərsdən evə çox xoşbəxt və qayğısız gəlmişdim. Gördüm, anam bir tərəfdə oturub səssizcə ağlayır. Atam isə yoxdur. Babamın vəfatından da heç kimin xəbəri olmayıb. Atamgil Çəmənzəmənliyə tez-tez “posılka” göndərirmişlər. Hansı ki, həmin ərəfədə artıq Çəmənzəminli yaşamırmış. Babam 1943-cü ildə vəfat edir, ailə onun ölümündən on il sonra xəbər tutur.
- Çox kədərlidir...
- Elədir... Babam repressiya olunandan sonra nənəm uşaqlarla təkbaşına qalır. Ona qardaşı yiyə durur. Atam həmişə deyirdi ki, dayısı olmasa, onların taleyi bilinməyəcəkdi. Atamgilin də qanında oxumaq, savadlanmaq ehtirası vardı. Biz gözümüzü açandan evimizdə kitab görmüşdük. Atam sanki canlı ensiklopediya idi. Ata itkisindən sonra uşaqları daha da məsuliyyətli olublar, oxumağı, elmi çox seviblər. Atam ölənə qədər efirə çıxırdı, atası haqqında danışırdı. Babam həm diplomat olub, həm də Bakıya qayıdandan sonra pedaqoji universitetdə rus dili müəllimi işləyib. Qəribədir ki, mənim qardaşım diplomatdır, mən isə rus dili müəllimiyəm. Üstəlik, indi babamın vaxtilə işlədiyi universitetdə dərs deyirəm.
- Çəmənzəminlinin əsərləri, irsi necə və kim tərəfindən qorunub?
- Babamın əsərlərini qoruyan onun qayınanası olub. Babam Bakıya gələndən sonra qayınanasıgillə birgə yaşayıb. NKVD-dən evə yoxlanışa gələndə qayınanası Çəmənzəminlinin əlyazmalarını gizlədə bilib. Babama aid evdə heç nə tapa bilməyiblər.
- Sizcə, Çəmənzəminlinin çap olunmayan əsəri var?
- Atam danışırdı ki, atası bir dəfə hansısa əlyazmasını sobaya atıb yandırıb. Daha sonra isə deyib ki, vaxt gələcək bu əlyazmaların misli olmayacaq. Onun sobaya atıb yandırdıqlarının nə olduğunu heç vaxt, heç birimiz bilmədik.
- “Əli və Nino” əsəri haqqında nə deyə bilərsiniz?
- Bu haqda çox yazıldı, çox danışıldı. Mütəxəssislər bu barədə öz fikirlərini dedilər. İndi Çəmənzəminlinin ailə üzvü kimi bu məsələyə münasibət bildirmək istəmirəm. Amma indi də aidiyyatı mütəxəssislərlə görüşəndə onlar məni “Əli və Nino” əsərinin müəllifinin nəvəsi kimi qəbul edirlər.
- Suxobezvodnayada yaşayarkən əsərlər yazıb?
- Bəli. Çəmənzəminli çox dil bilib. Rus dili, fars dili, fransız dili və s. Atam deyirdi, o, ona yaxın xarici dil bilirdi. Yazıçı Əzizə Cəfərzadənin də qardaşı babamla birgə sürgündə olub. O, sonralar bizə danışırdı ki, babam sürgündə olanda dustaqlara xidmət edən bir qadınla tanış olub və həmin qadına fransız dili öyrədib. Qadın da ona savadlı və təhsilli olduğu üçün rəğbət göstərib. Babam yazdıqlarının hamısını o qadına verib ki, saxlasın. Ancaq sonra həmin stansiyanı su basıb və həmin əlyazmalar da suyun altında qalıb, oxunmaz hala düşüb. Ondan geriyə külqabısı və bəzi şəxsi əşyaları qalıb.
- Ölümü nədən olub?
- Deyilənə görə pellaqra xəstəliyindən dünyasını dəyişib. Ordakı yaşayışı çox pismiş. Daim kabinet, dəftər-kitab görən adamı ağac kəsmək, fəhləlik etmək üçün meşəyə yollayıblar. Rusiyanın sərt iqlimi də bir yandan. Dözmək çətin idi.
- Babanızın qəbri hardadır?
- Onun qəbri Suxobezvodnaya stansiyasında olub. Amma bizə dedilər ki, həmin məzarlığı su basıb. Belə olan halda babamın məzarı çox güman, suyun altında qalıb. Bir qrup azərbaycanlı yazıçı məsələ qaldırmışdı ki, Çəmənzəminlinin məzarı tapılıb, Azərbaycana gətirilsin. Bunun üçün yüksək məbləğdə vəsait lazımdır. Gərək dövlət məşğul olsun. Bu məsələ atamı da, əmimi də çox incidirdi. Amma məsələyə real yanaşırdılar. Babamın məzarını tapmaq və Bakıya gətirtmək onların əlində deyildi.
Foto: İlkin Nəbiyev