Lətifəsi bizdən və mövzumuzdan uzaq. Yaxşı bir atalar misalı var. Deyir, bir dəli quyuya daş atır, yüz dəli yığışır, çıxara bilmir.
Bizim cəmiyyətimizdə bir çox hadisələr məhz bu misalla ciddi uyğunluq təşkil edir. Fikir verin, efirdəki verilişlərə, sosial platformalara. Bəzən heç bir sosial yükü, əhəmiyyəti, ciddiyyəti olmayan məsələlər virus kimi gözə görünməz sürətlə yayılmağa, çoxalmağa, dildən-dilə dolaşmağa başlayır.
İnsanlar bu cür mövzular ətrafında saatlarla, günlərlə mübahisələr aparır, bir-birləri ilə sosial şəbəkələrdə söz davasına çıxırlar. Hətta biri o birini “razborka”ya da çağırır. Bir dəfə tanınmış bir həkim yazıçılarımızdan biri ilə virtual məkanda dalaşıb, sonra da onu söhbətə çağırmışdı. Uzun sözün qısası, sıravi, kitab oxumayan, səhər işə, axşam evə gələn adamlar boş olanda bu cür virtual polemikalarda vaxt öldürürlər.
Ancaq işin ən dəhşətli tərəfi odur ki, sosial şəbəkələrdə bu kimi söhbət çürütmələrinə ciddi statusları, işləri, vəzifələri olan adamlar da qoşulurlar.
Ötən gün hamımızın “Bəxt üzüyü” filmindən Moşu Göyəzənli obrazı ilə tanıyıb sevdiyimiz, Xalq artisti Valeh Kərimovun APA-TV-yə verdiyi müsahibə yayımlandı. Nəzərinizə çatdırım ki, hazırda 78 yaşı olan aktyorumuz 45 ildən artıq Sumqayıt dram teatrında fəaliyyət göstərib. “Müsibəti Fəxrəddin” tamaşasında Fəxrəddin, “Komsomol poeması”nda Gəray bəy, “Gün var əsrə bərabər”də Yedigey kimi dramatik rollar ifa edib. Vətənimin gözəl insanlarının teatrda irili-xırdalı 70-dən çox obraz yaradan aktyorunu təkcə Moşu rolu ilə tanıması da ayrı dərd, ayrıca bir yazının mövzusudur.
Təəssüf ki, bizim aktyorlarımız istisnaları nəzərə alsaq, öz üzərlərində davamlı işləməyi, bəşəri, dünyəvi düşünməyi bacarmırlar. Maaş, təqaüd, qonarar söhbəti açılanda aktyorlarımız hökmən Türkiyəni, Rusiyanı, hətta Hollivudu belə misal gətirirlər. Amma beş kilo arıqlayıb səhnə adamı kimi görünmək istəmirlər.
Yenə bunu qoyum, ora gedim. “Komedixana” adlı teletamaşalar toplusunda iştirak edən kişi aktyorları xatırlayın. Yaşı qırxa çatmayan aktyorlarımızın hamısının qarnı qat-qatdır. Nəzərə alın ki, onlar insanları güldürməklə yanaşı güzgü effekti yaratmağa çalışırlar. Cəmiyyətdəki qüsurları qabartmaqda, onları tənqid etməkdə israrlıdırlar. Elədirsə, hörmətli Ənvər Abbasov, Müşfiq Şahverdiyev, Həsrət Həsrətov, Cavidan Novruz və digər adlarını çəkmədiklərim, qat-qat olmuş piyli qarnınızın, səhnədə tövşəyib tərləməyinizin, qeyri-estetik, səhnəyə xas olmayan görüntünüzün dərdini hara yazaq?
Kitab oxumursunuz, oxumayın, kitabı təbliğ etmirsiniz, onu da etməyin. Amma heç olmasa, bir az arıqlayın, bəyənmədiyiniz Cem Yılmazın çəkisinə çatın. Xatırladım ki, 49 yaşlı Cem Yılmaz iki, üç il əvvəl üç ayın içərisində 13 kilo arıqlamışdı.
Aktyorlarımızı tənqid etmişkən, bir daş da öz bostanımıza atım. Sevimli Seymur Baycanın şələ ilə saqqal saxlamasını heç vaxt başa düşməmişəm. Özünü Tolstoya oxşadır desəm, heç bir müstəvidə bu belə deyil. Qraf titulu, 1.80 boy və “Hərb və sülh”. Alınmır, heç cür alınmır.
Bildiyimə görə dostumuz Seymur Baycan şəkil çəkdirməyi sevmir. Amma çəkildiyi və çəkdirdiyi şəkillərdə alabəzək, əyninə heç oturmayan paltarlar geyinməsi və başını alıb uzanan saqqalı onu çox yöndəmsiz, yaşlı və səliqəsiz göstərir.
Təsəvvür edin ki, bütün günü Azərbaycan xalqını böyüklü kiçikli qarşısına qoyub onu tənbeh edən, danlayan, dərs keçən yazıçının özünün xarici görünüşünə ciddi əl gəzdirmək lazımdır. Və bu əl heç şübhəsiz ki, zənən əli olmalıdır. Hələ bu aysberqin görünən tərəfidir. Əlbəttə, Seymur müəllim geyim-keçim məsələsində, digər konularda olduğu kimi azad və sərbəstdir, amma daha bizə yox də.
Qayıdaq Valeh Kərimovun müsahibəsinə. Təəssüf ki, aktyorumuz da ötən bu illər ərzində Moşu düşüncəsindən çox uzağa gedə bilməyib. Müsahibədə onun keçmişdə olan, indi isə köhnəlik, geridə qalmışlıq sayılan adət-ənənələrə qarşı dərin nostalgiyası hiss olunur.
Əslində o, öz dünyagörüşündə, müstəvisində haqlıdır. Ailə üzvləri birlikdə süfrə arxasına əyləşməli, səhər, nahar, şam yeməyi etməlidir, bir-birləri ilə yaxın ünsiyyətdə olmalıdırlar. Təəssüf ki, indi bütün bunlar Valeh müəllimin dediyi kimi keçmişdə qalıb. Aktyor ailə dəyərlərinin itib getməsini həm də qadınların kişilərə ehtiyacının azalması ilə əlaqələndirir. Aktyorumuzun sözlərinə görə qadınların maşın sürməsi, rəfiqələri ilə yeməyə çıxması, pul qazana bilməsi onları kişidən asılı vəziyyətdən xilas edir. Qadınların kişiləri ehtiyacının olmaması isə yaxşı hal deyil.
Ancaq bir məsələ var ki, dövr də, zaman da sübut edir ki, öz ayaqları üzərində dayanmağı bacaran, pul qazanan, bacarıqlı və xoşbəxt qadınların cəmiyyəti daha maraqlı, daha yaxşıdır. Bədbəxt, kişidən asılı, həyatının heç bir guşəsinə işıq düşməyən, bütün həyatı dünyaya uşaq gətirməkdən və onları böyüdüb, ərə verməkdən, evləndirməkdən, sonra da nəvələrini parka gəzməyə çıxarmaqdan ibarət olan qadınların cəmiyyəti işıqlı olmur. Bu cür analar sonradan çox pis, qəddar qayınanaya, rəqibə çevrilir. Göz qırpımı ilə ötüb keçən ömrün yollarında onlar öz işıqsız həyatlarının acığını kimdənsə, çıxmağa, mən niyə belə ola bilmədim sualları ilə birgə gəlininə, qızına nifrin tökməyə, onların həyatını məhv etməyə başlayır.
Bu məsələnin başqa tərəfidir ki, qadın ailəsinə mütləq can yandırmalı, qayğı göstərməli, köməklik etməlidir. Amma bütün həyatı bayaq sadaladıqlarımdan, qurbanvermə faktından ibarət olmamalıdır.
Özümdən bir misal gətirmək istərdim. Anam uzun illər baş müsahib işləyib. Sonra torpaqlarımız işğal olundu, hər şey kimi onun işlədiyi iş yeri də dağıldı. Anam bir müddət işsiz qalsa da, sonradan yenidən öz işini qurdu. Ancaq təxminən əlli yaşdan sonra müəyyən səbəblərdən yavaş-yavaş evə, mətbəxə doğru çəkilməyə başladı. Mən bir iş qadının dörd divar arasında gündən-günə necə evdarlaşdığını, solub saraldığını, qocalığa, ölümə doğru süründüyünün anamın timsalında gördüm. Sonralar özü də dəfələrlə etiraf etdi ki, evdə oturduğu günlər, illər onun ömrünü xeyli qısaltdı. Yəni sözümün canı odur ki, qadının missiyası evdə oturub, uşaq saxlamaqdan ibarət deyil, əziz Valeh müəllim və onun kimi düşünən bəylər.
Ancaq Valeh müəllimin bayaq qeyd etdiyim kimi 78 yaşı var. Sosial mediadan, internetdən çox uzaq insandır. Mobil telefonu belə yoxdur. Ömrünü nəvələri ilə televizor və radio qarşısında keçirən təqaüdçüdür.
Onun videosunun altında şərh yazan insanların əksəriyyəti isə işli-güclü bəylərdir. Azərbaycanlı kişiləridir. “Sən düz deyirsən, sənətkar”, “Haqlısan”, “Arvad nədir, çöl bayır nədir”, “Halal olsun” sözlərini yazan kişilərin cəmiyyətində yaşayırıq. Bu cür şərh yazan bəylərin bir çoxunun səhifəsindəki məlumatlara nəzər yetirdim. Universitet müəllimi, həkim, vəkil, fotoqraf, musiqiçi var.
Valeh Kərimovun bu müsahibəsi yayımlandı. Onun fikirləri sosial şəbəkələrdə ən çox 24 saat müzakirə olundu. Vəssalam. Yenə hər kəs öz işində olacaq. Yenə insanlar kitab oxumamağın, filmə baxmamağın, elmli olmamağın əziyyətini çəkə-çəkə sosial şəbəkələrdə vaxt öldürməklə məşğul olacaqlar. Onlar yeni mövzuların qızışdığı virtual məkanlar axtaracaqlar. Yenə özlərini kiməsə söz deməkdə haqlı biləcək və istinasız özlərini hamıdan haqlı hiss edəcəklər, eqolarının yaratdığı mənasız özünü arxayınlıqdan əziyyət çəkəcəklər.
Bütün bunlar hamısı baş verəcək. İnanmırsınızsa, açın Tiktok deyilən sosial platformaya baxın. Heç kimin bəyənmədiyi, amma çoxunun üzv olduğu bu platforma bu gün Azərbaycan cəmiyyətinin güzgüsü, kiçik modelidir. Mən bununla hansısa sosial şəbəkəni aşağılamaq fikrində deyiləm. Amma bizim uşaqlı, böyüklü, qocalı başı bir balaca tərpənən fərdlərimzin çoxu orada özünü təqdim edir. Bu təqdimat isə ürəkaçan deyil.
Yəni Valeh Kərimovun danışdıqları da, onun ətrafında gedən mübahisələr də bir neçə saatlıq və ya günlükdür. Amma bir də medalyonun o biri tərəfinə nəzər salaq. Təsəvvür edin ki, arvad niyə maşın sürməlidir, rəfiqələri ilə yemək yeməyə getməlidir, oturub evdə yeməyini zəhərlənsin, qadının kişiyə ehtiyacı olmalıdır fikri ilə düşünən Manaf Ağayev düşüncəli kişilər universitetlərimizdə dərs deyir, insanları müalicə edir, onlara hüquqi yardımlar edir, oğul qız oxudur və onlara bu cür düşüncə ilə tərbiyə verirlər. Bəlkə özünü tərbiyəyə birinci elə özümüzdən başlayaq əziz bəylər, lap elə xanımlar da. Hər kəs vaxtını virtual məkanlarda öldürməkdənsə, ailəsinə, xanımına, övladlarına vaxt ayırsın. Bəlkə əlinizdəki bahalı telefonları çox yox, bircə saatlıq kənara qoyasınız. Dünyanın təkcə tiktokdan, feysbukdan, odnaklasnikdən, instaqramdan ibarət olmadığını görəsiniz. Yoxsa, hər atılan daşı yüz yox, yüz min dəli yığışsa da, çıxara bilməyəcək.