Səmayə Qaradırnağın çəkmələri

Səmayə Qaradırnağın çəkmələri
11 mart 2014
# 11:45

Menopauzadan və tənhalıqdan əziyyət çəkən arvadlar, bekarçılıqdan hövüllənən kişilər doluşublar xudmani bir otağa, şeir oxumaqçün növbə gözləyirlər. Poeziya məclisinin sərpayısı əlini aparır daha az kar olan sol qulağına. Bu, o deməkdi ki, növbə kimindisə, buyursun. Bir qadın qalxır ayağa. Səsində həyəcan var:

Səni həsrətimlə yandıracağam,

Göstərib verməyən qadınlar kimi.

Sənə çox mətləbi qandıracağam

Bu dünya olacaq sənə dar kimi.

Mən güldüm üzünə, sənsə gülmədin,

Sökdü bu eşq məni, sən sökülmədin.

Sənə bir əl verdim, qədrin bilmədin

Dişlədin qolumu sən əğyar kimi.

Mənəm bu ellərin qürur qaynağı,

Unutma Səmayə Qaradırnağı!

Çəkəcəm sinənə dağ üstdən dağı

Günlərin keçəcək ahu-zar kimi.

Qəfil qopan alqış səsindən şairə az qalır ətəyini islatsın. Gözünün qırmızısı çıxır üzünə. Şeirin müəllifinə diqqətlə baxıram. Orta boylu, şişman qadındı. Yaşı 60-dan kəm deyil. Yubkasının “razrez”i dahiyyənin dalında daldalanmaqdan bezib, müvəqqəti də olsa gəlib qabağında məskunlaşıb. Çəkmələrinin burnu sevda bağçasına qonan məhəbbət quşlarının dalını təpikləməkdən dağılıb bəlkə də...

Oxuduğu şeirin ilk misrası düşür yadıma:

Səni həsrətimlə yandıracağam.

Belə vəziyyətdə olan qadının həsrəti normal insan övladını yandırmaz, uzaqbaşı qıdıqlayar. Üzündə aciz və itaətkar təbəssüm, şəninə deyilən tərifləri havadaca qapır. Xoşbəxtdi... “Biri sizdən, biri bizdən” prinsipinə əməl olunur burda. Növbəsinin yetişdiyini görən Məmməd qapı qonşusu barədə bayaqdan qırdığı qeybəti yarıda saxlayıb şığıyır məclisin ortasına. Əvvəl poeziya məclisinin direktoruna yaltaqlanır. Yorulana kimi tərifləyir. Cibindən çıxartdığı dəsmalla başını qurulayandan sonra üzünü tutur məclis əhlinə. Hamını keçmiş Konstitusiya Günü münasibətilə təbrik eləyib keçir şeirə:

Qara qaşlarını çatma, əzizim,

Bir söylə, qolundan kimlər dişləmiş?

Bu gecə cəhd elə, yatma əzizim

Mən sizə gələcəm birə işləmiş...

Məmməd şeir oxuduqca Səmayə Qaradırnaq alayı cürə nəfəs alır. Sürməli gözlərini yaşına yaraşmayan ahənglə süzdürərək əyilir yanındakı rəfiqəsinin qulağına nələrsə pıçıldayır. Gülüşürlər.

Məmməddən sonra çox-çox arıq bir qızın qoluna girib qaldırırlar ayağa. Utanır, deyir, olar yazdığımı yerimdən oxuyum? Etiraz səsləri ucalır. Şairə artıq məclisin düz ortasında durub əl-qolunu ölçə-ölçə şeir oxuyur. Nə üzündə qadınlıqdan bir nişan var, nə də bədənində. Amma səsi gözəldi:

Sən, ey vətənimə soxulan düşmən,

Qanını içməyə hazıram indi!

Mürəkkəb yerinə mən bu şeirimi

O murdar qanınla yazıram indi.

Yenidən alqış qopur. Məclis əhlindən özünü saxlaya bilməyib ağlayanlar da olur. Məclisi eşşək arabası kimi idarə eləyən qocaman şair qalxır ayağa. Hamı səsini udur. Ustadın səsi eşidilir:

Doğma torpağımdan gözlərini çək,

Vətənimdə səndən qalmasın bir iz!

Yoxsa gözlərini vurub tökəcək

Əyilməz, qatlanmaz süngülərimiz!

Gözəl və axıcı alınıb ustadın yazdığı şeiri. İdeyası canayatandı. Qocaman şair günahkar dığayla günahsız erməninin arasında fərq görmür. Deyir, hamınızı qıracağıq burnunuzun donqarına baxmadan. Şeirdə buna “hərbə-zorba” deyirlər. Ustad şeirini bitirib baxır məclis əhlinin gözlərinin içinə. Alqış ustadı kəsməz. Ustada göz yaşı lazımdı bol-bol... Hamı bir-birinə qoşulub ağlayır. Şeirə kövrələ bilməyənlər cavan yaşında dünyasını dəyişən əzizlərini xatırlayıb həş gəlirlər özlərinə. Qocaman şair daha ürəkdən ağlayanların atasına rəhmət oxuyandan sonra deyir: “Açın dəftərlərinizi. Yazın. Növbəti məclisimiz Türkmənçay müqaviləsinin il dönümünə təsadüf edəcək. Hamı bir nəfər kimi hazır olsun. Kim verilən tapşırığı yerinə yetirməsə gözümə görünməsin. İndidən qafiyə, rədif hazırlığı görün. Gözəl, samballı şeirlər gözləyirəm sizdən!” Xorla “baş üstə” deyir məclis əhli.

Səmayənin burnu dağılmış çəkmələrinə baxıram. Kədərlidi...

# 1967 dəfə oxunub

Müəllifin son yazıları

# # #