Məscidinə it bağlanan Bakı kəndi

Məscidinə it bağlanan Bakı kəndi
1 aprel 2015
# 08:15

Günəş, istisi keçmiş şüalarını uzaqdan yanmış fətiri xatırladan evlərin damlarından yığışdırıb tənbəl-tənbəl batmağa hazırlaşır.

Kənd yavaş-yavaş gecə köynəyini keçirir əyninə. Həyətlərdə yanan işıqlar qızıl düymələr kimi düzülür kəndin yaxasına. Uzaqda, lap uzaqda itlər hürüşür, sərin meh əsir. Bir təpənin başında dayanıb qaranlıqla çarpışan qədim yurd yerinə baxmaq gözəldi...

Müharibə illərində böyük taxıl zəmiləri olub burda. Kəndimiz 41-45-də nə oğullarını əsirgəyib cəbhədən, nə də arpa-buğdasını. Təpələrin arxasında duz gölü var. Adına “Babaəli şoru” deyirlər. “Qızıl nohur” deyilən başqa bir göl də var. Suyu qan rəngindədi. Rəvayətlərdə deyilir ki, keçmiş zamanlarda qırmızı paltarlı cavan gəlin batıb bu göldə. O vaxtdan suyun rəngi dönüb olub qırmızı. Bu rəvayəti kim uydurubsa, yaxşı uydurub. Ağsaqqallardan eşitmişəm ki, sinəgir xəstəliyindən əziyyət çəkənlər hər gün gəlib yarım saat “Qızıl nohur”un yanında nəfəs alsalar bir aya heç bir ağrıları qalmaz. Suyun tərkibi yod və duzla zəngindi.

“Təndirlik” deyilən yer var kənddə. Həm çox isti olur yayda, həm də burdan çıxan gildən təndir düzəldirlər. Kəndin ən sərin guşəsi “Səngərüstü”dü. Erməni-müsəlman davasında fatmayılılar bu yerdə üz-üzə gəlib ermənilərlə. Şəhid düşüb yaralananlar çox olsa da imkan verməyiblər işğalçıların ayağı kəndə dəysin.

“Yeddi oğul istərəm” filminin bir çox epizodu Fatmayıda çəkilib. Həyətinə it bağlanan məscid indi də fəaliyyət göstərir. Qəbiristanlıq səhnəsi də burda lentə alınıb. Filmin sonunda Humayın intihar məqsədiylə ətək çırmayıb sulara baş vurduğu yeri indi torpaqlayırlar. Plana düşüb. Üstündən yol çəkəcəklər...

“Axırıncı aşırım” filmi... Qəmlo gəlib kəsdirir darvazanın ağzını... Mən həmişə bu yerdən keçəndə Qəmlonun kinoda bağırdığı sözlər düşür yadıma: “Səməd, ay Səməd! Ölmüsən?”

Yayda bir çox adam əncir, üzüm, süd, qatıq aparır şəhərə satmağa. Qışda doşab, əncir qurusu, piskəndə aparırlar. Bizim kəndin insanı əruz vəznində danışır. Muğamata, qəzələ sevgi atadan oğula irs kimi keçir.

Bu kənddə qadınlar qabaq qapıdan minir avtobusa. Kənd avtobusunda gərək özünü ağıllı aparasan. Bura şəhər deyil ki, yanındakı qızla sarmaş-dolaş oturub heç kəsi vecinə almayasan. Hər şeyi gözə alıb belə hərəkətlərə yol verən olsa Mehdiabad, Fatmayı, Görədil uşaqları həmən adamı döyüb şil-küt eləyəcəklər.

Qaçaq Əlizamanın doğulub boya başa çatdığı, at çapıb güllə atdığı yerdi burası. Qara Qarayevin, Tağı Şahbazi Simurqun kəndidi Fatmayı.

Bu kənd bir az da mənim kəndimdi...

# 2051 dəfə oxunub

Müəllifin son yazıları

# # #