Universiteti atıb əsgər gedən yazar məktub yazdı – Mətn

Universiteti atıb əsgər gedən yazar məktub yazdı – Mətn
30 iyun 2020
# 11:35

Xidmətdən əvvələ məktub

Günlərdi ağrısını çəkdiyim bürkülü bir yay sıxıntısının içində qıvrıla-qıvrıla bu günə qədər heç sevmədiyimin fərqinə varıb iyirmi iki illik tənhalığımı soyuq pivə şüşələri ilə soyutmaq, dondurmaq, sərxoş edib içimdən keçən küçələrdə azdırmaq istəyirəm.

Gəl ki, bu zalım küləklər şəhərinin beynimin labrintindən keçən hər əyri küçəsini çox yaxşı xatırlayır, hər döngədəki xatirəmi əzbərimdə çox yaxşı saxlamış olduğumdan öz-özümə tək nəfərlik teatr qururam. Bitib-tükənməyən uzun-uzun monoloqlar gecə boyu uzanan yalnızlığın fonunda klassik bir musiqi kimi səslənir, əcnəbi bir virusun məni balaca bir otağa məhkum etdiyi gecəni daha da ağırlaşdırır.

Səhər açılanda yenə kiməsə yalan söyləmiş olacam, yenə kiminsə ürəyində bir ümid işığı yandırıb, sonra etdiyimdən peşman olaraq o adamın ürəyinə qısaqapanma yaradacaq gərginlik salacam. Onun ümidləri, mənim də siqaretim xırda-xırda alışaraq kül olmağa meyillənəcək. Keçmişini əzab-əziyyətsiz xatırlayan adamlara paxıllıq edirəm. Adamlar necə təmiz yol gəlirlər? Axı onun mahiyyətində təmizlik yoxdur. Hardan tapırlar saflığı?

Özümü ilişdirməyə suallar axtarıram, alınmır. Elə günlərdir ki, arxası karantin, önü hərbi xidmət... Azadlığın süni şəkildə kiçildilib otaq-otaq yalnızlıq halına salınmış şəkli.

Gəl indi darıxma...

Olmur axı!

Hərbi xidmətdən qayıdandan sonra danışmağa, xatırlamağa bir-iki macəra əzbərləyəcəm. Buradan ora nə aparıram, onu bilmirəm. Orada, hər dəfə xəlvətə çəkilib kimi xatırlamaq istəyəcəm, bilmirəm. Gedən günlərin əlimdən düşüb sınan stəkandan axan suya, qalan günlərin o suyun ucu-bucağı bilinməyən nəhəng okeana çevrildiyi illüziyada kimin üçün darıxmalıyam, bilmirəm.

Qum saatı kimi özümü, içimi, bütün bildiklərimi və bilmədiklərimi tərs çevirib boşalmağa hazırlaşacam. Getməzdən öncə nəhəng bir adama dönüb qucaqlamaq istəyirəm şəhəri. Mənə verdiyi bütün yaxşı və pis şeylərə görə təşəkkür edib ondan beş yüz kilometr uzaqların sərhədini qorumağa gedəcəyəm. Ona görə də, gözümü qırpmadan şəhərə baxmaq, bu viranənin içində kimləri atıb gedəcəyimi yaxşı-yaxşı görmək istəyirəm.

On səkkiz ay Bakıdan uzaqlaşıb ona qovuşacağım növbəti uzun günü gözləmək məni bir az da ovudur. İçimdə yenicə qanad çırpan kəpənəyin həyəcanını hiss edirəm. Ovuclarıma alıb rəngli, gücsüz qanadları üfürmək, onlara dua etmək keçir içimdən.

Di gəl ki, adamlar içlərinə toxuna bilmir. Onlar özlərini bir az güzgüdə kəşf edir, bir az da yuxuda. Vəssalam! Qalanı yaşamaq, yaşamaq, yaşamaq.

Düz bir il əvvəl bu cür sentimental cümlələr qurub dostumu hərbiyə yola salanda özümə söz vermişdim ki, bir gün hər şeydən bu cür qopub bilmədiyim yerə, tanımadığım mühitə düşsəm, sakitcə buraya qədər gəldiyim yolu təzədən, təzədən, təzədən içimdən keçirib, o yolları bir-birinə calaq edib uzun bir yol yaradaram özümə.

İndi baxıram ki, xatırlaya biləcəyim elə çox yol, yolları bir-birinə calaq edəcək güc yoxdur. Süst olmuş bədənimə məcbur tikilən qollardı, bir də onların ucunda klaviaturanı yorğun-yorğun döyəcləyən barmaqlar (onların da hamısı bu prosesdə iştirak etmir).

Adam tək olanda başa düşür ki, oxuduğu kitablar, baxdığı kinolar, əzbərlədiyi şeirlər, mahnılar ona bu dünyadan qalan tək şeylərdi. Onlarsız keçinmək doğrudan da olmur. Səni dostlarından ayıra bilirlər, ailəndən ayıra bilirlər, hətta şəhərindən, ölkəndən də ayıra bilirlər, amma heç vaxt batinində yuva salmış sənətdən ayıra bilmirlər.

Gücləri çatmır. O sevgi saçlarını qarışdırıb saqqalını sığallayan qızlardan, əlini çiyninə atıb küçə-küçə gəzdiyin dostlardan, evə gələn kimi üzünün bir-iki cizgisindən yenə nəsə olduğundan xəbər tutmuş ailədən də daha doğma, daha tükənməzdi.

Bir gün hər şeydən bezirsən, insanlıq halı, insan xisləti, amma yenə də dodaqlarının altında bir mahnı oxuyub, bir misra əzbər deyirsən. İndi mənim də özümlə apara biləcəyim əzbərlədiyim misralar, yadımda ilişib qalan adlar, qulağımda yuva salmış mahnılardı. Qalan hər kəs, hər şey olduğu kimi qalacaq Bakıda.

Bu da özümdən özümə yazdığım bir yazı olsun, dursun qıraqda, iki il sonra oxuyub nə qədər sentimental olduğuma baxıb gülümsəyərəm.

# 2242 dəfə oxunub

Müəllifin son yazıları

# # #