Reper Noton: “Meyxana Azərbaycanın sərvətidir” – Müsahibə

Notonla (Nəsirov Elvin), reper

Notonla (Nəsirov Elvin), reper

18 yanvar 2022
# 15:05

Kulis.az tanınmış reper Notonla (Nəsirov Elvin) müsahibəni təqdim edir.

- Noton, son 3 ildə Aslıxanla çox yaxşı qarşılanan layihələrə imza atdınız. Rep daha böyük (sözün hər iki mənasında) kütləyə çatdı, dinləyici sayı və səviyyəsi artdı. Bəs bu gün necədi vəziyyət? AzRep (Azərbaycan repi) hansı istiqamətdə irəliləyir?

- Təşəkkür edirəm. Azərbaycan repinin yüksəlişində mənim də bir payımın olması ilk növbədə məhz özümü sevindirir. Məqsədimiz böyük auditoriyaya çıxmaq və bu musiqini sevdirmək idi. Rep musiqisi hər dövr üçün öz aktuallığını qoruyub saxlayıb. Bu gün isə bu vəzifə ölkədə bizim çiyinlərimizə düşür.

- AzRap dünya Repi ilə ayaqlaşa bilirmi?

- Azərbaycan repi dünya repi ilə niyə və nəyə görə ayaqlaşa bilməlidi?! Məncə, bizim reperlərimiz dünyanın bir çox reperlərindən üstündür. Sadəcə bizim qeyri-peşəkar tərəfimiz bu işi satmaq tərəfidir. Satış işində hər zaman problem yaşamışıq. Sound olaraq, mütləq ki, geri qalmırıq.

- Hansı problemlər var repin inkişafında?

- Dediyim kimi, repin inkişafında bir problem yoxdur. Prodakşn və prodüserlər olmalıdı. Orqanizatorlar olmalıdır. Qalan hər şey qaydasındadır.

- Nəyə görə rep və reperlər televiziyadan uzaqdadırlar?

- Küçə musiqisi olaraq tanınan rep nə dərəcədə televiziyada işıqlana bilər? Müəyyən proqramlarda və layihələrdə ola bilər, onu da edirlər. Reperlər də o halda çıxır televiziyaya. Burda qadağa deyilən bir şey yoxdu. Sərhədsiz musiqi janrıdır. Repdə mikrofonu tutan şəxs haqqlıdır. Sən isə istəsən dinləyərsən, istəsən dinləməzsən.

- Rep üsyan, inkar musiqisidir. Cəmiyyətimizdə nələrisə dəyişən reperlər və ya qruplar oldumu?

- Cəmiyyəti dəyişmək əgər küçə musiqi ilə məşğul olan şəxslərin əlində olsa idi biz bu gün burda deyil, avropanın kulisində müsahibə götürürdük. Bu, sadəcə gülünc bir şeydir. Cəmiyyəti dəyişən reperlər! (gülür) İnsanlara təsir göstərə bilərik, amma dəyişə bilmərik.

- "Repi biznes etməkdi məqsədiniz, amma bacarmadınız, bunu biz elədik". Bir diss trekinizdəndi. Rep kimi etiraza, inkara, üsyana dayanan bir musiqi kapitalizmə uduzdumu yəni?

- “Bura Azərbaycandır” adlı trekim də var. Yəqin nə demək istədiyimi o trek izah edər.

- Enerji içkiləri, karqo şirkətləri rep kliplərində çox qabarıq reklam olunur. Maddi cəhətdən bunun sizə xeyri olduğunu bilirəm və normal qarşılayıram. Ancaq rep elə bu cür reklamları tənqid edərkən, belə kliplər çəkmək repə xəyanət deyil ki?

- Xəyanəti reperlər etmir. Düşüncələrdə niyə belə bir şey formalaşıb, anlamaqda çətinlik çəkirəm. Mən musiqiçiyəm. Və etməkdə olduğum hər şeydə azadam. Sən dinləyicisən, etməkdə olduğun hər şeydə azadsan. Mən etdim və sən bəyənmədin. Bu qədər sadə. Hər dəfə saçımı eyni bərbərdə kəsdirmirəm deyə xəyanət etmiş olmuram yəqin ki. Konsert edəndə miyonlara rəğmən zalları boş qoyanlar xəyanəti edənlərdi.

- Tez-tez reperlər arasında atmacalar olur. Disslər yazılır. Nədi problem? Məktəb, “kruq”, yoxsa dinləyicini paylaşmamaq?

- Fikir səsləndirməkdə azad olduğumuza görə, kiminsə işini bəyənmədikdə öz musiqin və qələminlə buna etirazını bildirirsən. Və bu halda dinləyicilər ikiyə bölünür. Qarşı tərəfi haqqlı sayanlar da olur, bu tərəfi haqqlı sayanlar da olur. Bu artıq istəsən də, istəməsən də komandaların yaranmasına gətirib çıxardır.

- AzRepdə “oldschool”dan kimi özünüzə ustad hesab edirsiniz?

- Heç kimi. Elə bir ünvana hazırda layiq reper yoxdu.

- Bəs “newschool”dan kimləri bəyənirsiniz?

- Bir çox reperlər var. Sadəcə indi ağlıma CBoyz qrupu var, onlar gəlir.

- Öz yaradıcılığınızda nə kimi yeniliklər var? Neyləyirsiniz?

- Repdən başqa hər şey edirəm (gülür). Mən daha çox orqanizator işi ilə məşğulam. Bir neçə layihələr götürmüşük. Onlarla bağlı gecə-gündüz işləyirik. Rep olaraq mən 2 ildi solo fəaliyyətdəyəm. Son dönəmlər Mehdi Sadiq ilə soundtreklər işləmişik. Görünən odur ki, albom işləyəcəyik.

- Dünya repinə çıxmaq mümkün olacaq sizin üçün?

- Kim nəyi arzulayıb və inanırsa, o da gerçəkləşir. Mənim elə bir iddiam olmadığından bunu deyə bilməyəcəm.

- Hip-hop ciddi sənət kimi niyə tədris olunmur musiqi akademiyalarında, sizcə səbəb nədir?

- Buna gərək də yoxdu. Niyə olmalıdı ki? Kimlər dərs deyəcək? Meyxana üçün varmı? Meyxana Azərbaycanın sərvəti olduğu halda bu işi qoruyub, saxlayıb inkişafına can yandırmayan bir ölkədən danışırıq. Dünyada meyxana nədir bilən yoxdur. Bu cür sərvəti görməzdən gəlmək (gülür). Mənə dilin fərqi var deməyin. Nümunə olaraq türklərdən Reynmanın “Derdim Olsun” treki var. 8 ölkədə trend 1 oldu. Rekord qırdı.

- Kitab oxuyursunuz? Sonuncu oxuduğunuz əsər hansı olub?

- Kitab oxumuram və oxumağa da cəhd göstərmirəm. Bu tərəfdən kasadam.

- Ədəbiyyat və repi birləşdirən bir cəhət soruşsam, hansını deyərdiniz?

- Ədəbiyyatla repi birləşdirən azərbaycanlı reperlər, başqa bir şey ola bilməz.

# 5406 dəfə oxunub

Müəllifin son yazıları

# # #