Ölkəmi təmsil etdiyimə görə utanıram

Ölkəmi təmsil etdiyimə görə utanıram
6 noyabr 2023
# 12:00

Kulis.az Rəvan Cavidin "Karl Marksın utandırdığı azərbaycanlılar" adlı yeni yazısını təqdim edir.


Professor yazı lövhəsinə böyük hərflərlə yazdı: KARL MARX.

Sonra mürgülü tələbələrdən soruşdu: “Tanış gəldimi bu ad? Kim tanıyır bu adamı?” - yorğun gözlərində ümid işıldadı.

Tələbələrin yetmiş faizi əlini qaldırdı. Arxaya çevrildim. Sinifdəki on beş azərbaycanlıdan təkcə mən əlimi qaldırmışdım. Təəccüblənmədim. Əgər dünyadakı yüz otuz milyon azərbaycanlının bir faizi Karl Marksı oxuyubsa, məni dünyadan sürgün eləsinlər. Əminəm ki, oxumayıblar. Ümumiyyətlə, azərbaycanlılar böyük inqilabçıları başa düşmürlər. Savadsızlıqla bir əlaqəsi yoxdu, Allah bizi tənbəl yaradıb, düşüncə tənbəli. Heç türkiyəlilər də Karl Maksı düz-əməlli tanımırlar. Sadəcə, ötən əsrin qaranlıq tarixində beş-altı nəfər gənc solçu edam olunub deyə, indikilər də elə bilir, inqilab etmək, asılmaq, Karl Marksı oxumaq nəsə xüsusi bir şeydi. Elə türkiyəlilər də bizim qədər düşüncə tənbəlidi. Nə isə, mən təəccüblənməsəm də, professor təəccübləndi.

“Bizimkilərin tanımamasını hardasa başa düşə bilərəm, düzdür, ona da təəssüfləndim, amma qardaşlarımız (azərbaycanlılar) necə tanımaya bilər bu adamı? Səksən il bu kişinin yazdığı, qurduğu ideologiyanın əsiri olublar. Yavrularım, atanız, ananız heç mi danışmadı bu kişidən?”

Çox yavaş səslə dilləndim ki, guya atamız, anamız tanıyır da Karl Marksı. Professorun qulağı məndə imiş.
“Deyəsən, qardaşlarımızdan bir sənsən solçu...”
Üzündəki səmimi təbəssümə eyni reaksiyanı verdim:
“Yox, hocam, heç mən də solçu deyiləm. On səkkiz, on doqquz yaşımda boşluqdan oxumuşam. Həm də o vaxt mən də elə fikirləşirdim ki, Marksı oxusam, dünyanı dəyişəcəm”.

Professor bir-iki dəqiqə söhbətdən sonra “Karl Marks və Sovet Azərbaycanının iqtisadi vəziyyəti” adlı kurs işi yazmağı tapşırdı. Lazım idi mənə Marks? Mən indi hardan tapacam, Sovet Azərbaycanının iqtisadi statistikalarını? Marksın ucbatından gedib Axundov kitabxanasında eşələnməliyəm. Yüz il keçdi, yenə bu adamın bizə xeyiri dəymədi. “Kankam” dedi ki, bəxtin gətirib, üç həftə əvvəldən heç kimə imtahan sualı verilmir, sənə verdilər. Üzündən cahilliyin möhtəşəm düşüklüyü yağan bu uşağa baxıb fikirləşdim ki, əslində, Marks düz deyirdi, dünya bir ölkədir, xalqlar da qardaşdır. Budur, qanmadığı bədbəxtliyi xoşbəxtlik adıyla soxuşduran banbılı. - Bunlardan orda da var, burda da var, o biri ölkədə... Bu da ikinci nə isə.

Professor düz üç saat İkinci Sənaye İnqilabından, sosializmdən, sosialist ölkələrdəki iqtisadi vəziyyətdən, dünyada heç vaxt qurulmayan, praktikası olmayan komunizmdən, sosialist krizdən danışdı. Sonra mədəniyyətlərin “qazanlarda qaynadılmağından, əridilməyindən” , yeni submədəniyyət kimi “qardaş xalqlara” necə zorla verildiyindən söhbət açdı. Və bu mövzuda əsas hədəfi Azərbaycan oldu.

Hə, bayaq əlini qaldırmayan on dörd nəfər azərbaycanlı tələbə var idi ha, onları ağ yudu, qara sərdi, üstündən sovet tankları ilə ikinci dəfə keçdi. Açığı həmin on dörd nəfərlə eyni sinifdə olmağıma görə, ölkəmi təmsil etdiyimə görə utandım, utanıram. Düzdür, professor hər dəfə “bu sizin yox, ictimai düşüncəni yaradanların günahıdı” - desə də, düşünürdüm ki, oxumaq cəhənnəmə, 2023-cü ildə on səkkiz yaşı olan bir fərd Karl Marks adını eşitməyibsə, ondan heç vaxt adam olmayacaq, həyatı mənasız keçəcək. Bu məsələnin maraq dairəsi ilə də əlaqəsi yoxdu, gündə “Twitter”də (“X”) yüz dəfə Marksla bağlı karikatura, yumoristik şəkillər çıxır adamın qabağına.

Professorun “günah sizdə yox, ictimai düşüncəni yaradanlardadı” fikrinə bir-iki cümlə əlavə edib gedəcəm kurs işini yazmağa. Sosializm yarananda dünya hələ iki qütblü deyildi. Bunun üçün həm ruslar, həm amerikalılar otuz il gözləməlidi idi. İkinci Dünya müharibəsindən sonra Şərqi Avropanı işğal edən SSRİ Ameriaknın əlindən ən böyük bazarı aldı. Amerikalılar qaldı piştaxtasız. Və Avropa Birliyinə imza atmış ilk altı dövlətin (Almaniya, İtaliya, Fransa, Hollandiya, Belçika, Lüksemburq) dirçəlməsi üçün ciddi şəkildə köməklik göstərməyə başladı. Ki, hələ də o köməklik davam edir (məsələn, Qərb ölkələrinin müdafiə potensialı hələ də NATO-du).

Amerika SSRİ-nin olduğu materikə ayaq açan kimi soyuq müharibə başladı (davam edir, üçüncü qütb bəlli olana kimi edəcək).

SSRİ əlinin altındakı üçüncü dünya ölkələrini böyük dövlətlərə qarşı mühafizə etmək üçün “görünməz əl”i işə saldı. Məsələn, türk ölkələrini Türkiyədən qorumaq üçün, Balkan ölkələrini Avropadan mühafizə etmək üçün onların olan hər şeyi əllərindən aldı və yapmacıq bir sosialist mədəniyyət verdi.

Azərbaycanda pantürkist, panislamçı adıyla neçə-neçə aydını məhv etdilər (1937-1941 repressiyaları). Eyni aydın soyqırımı SSRİ-nin hər tərəfində gerçəkləşdirildi. Xalqların milli kimlikləri unutduruldu, xoşbəxtlər ölkəsində yaşadıqlarına inandırıldılar. Azadlığı və mədəniyyəti əlindən alınmış bir millətə nə lazımdı? Təbii ki rifah. Maddi rifah düşünə bilməyən topluma ağrıkəsici kimidir. SSRİ-də maddi, iqtisadi rifah var idimi? Əsir millətlərin hiss edəcəyi qədər var idi. Beləliklə, dirəniş qırıldı. Siyasi müstəvilərdən başqa sosializmin müthiş bir nəsnə olduğunu barbarcasına bar-bar bağıran ədəbiyyat yarandı, rəngli sovet günlərini ağ-qara göstərən filmlər çəkildi. Məsələn, ədəbiyyatda fəxr etdiyimiz 60-cılar nəsli, əslində, bu propaqandanın bir hissəsi idi, bir az da belə baxaq məsələyə.

Sonra SSRİ dağıldı, amma səpdiyi toxumlar bar verirdi. Qafqazdakı 1990 sonrası bütün ixtişaşların, müharibələrin, krizlərin səbəbi həmin ideologiya və soyuq müharibədə tutduğu, tutacağı tərəf idi. Lakin “Yeni Dünya nizamı”nda da dəyişən bir şey görünmədi. Eyni “görünməz əl” eyni “əridici qazan”ın başında durub xalqların təfəkkürünü məhv etməyə davam etdi. Bu dəfə sovet əxlaqının “olmaz!” dediyi şeylərə “olar!” deməklə. Bu iki sistemin fərqlərini Oruelin “1984” və Hakslinin “Cəsur yeni dünya” romanlarından oxuya bilərsiniz.

Kant yazırdı ki, aydınlanmanın ən böyük düşməni cəsarətsizlik və tənbəllikdir. Sovetin tənbəl və qorxaq böyütdüyü xalqlar SSRİ dağıldıqdan sonra da düşünmək, analiz etmək, sorğulamaq istəmədi. Loru dillə desək, qabaqlarına nə qoyulsa, yedilər. Media nə versə, ona baxdılar. Sarı ədəbiyyat nə yazsa, onu oxudalar. Yaşıl İslam nə hədis uydursa, inandılar. Heç vaxt, heç yerdə onlara öyrədilənin əksinə baxmadılar. Beləcə, dünyanın nəhəng şirkət impariyaları – şirkətokratiyalar üçüncü dünya ölkələri vasitəsilə gücünə güc qatmağa davam edir.
Mənim əlavələrim bu qədər. Professor dərsi bitirib sinifdən çıxanda məndən və dərs boyu Marksı hərarətli şəkildə müdafiə edən dostumdan soruşdu:

“Steinbekin “Qəzəb salxımları”nı oxumusunuz?”

İkimiz də başımızı “bəli” mənasında tərpətdik.

“Yoldaşlarınıza da deyin, onlar da oxusun...”

# 2126 dəfə oxunub

Müəllifin son yazıları

# # #