Normal seks həyatı olan adamlar qadına müqəddəslik yükləmirlər

Normal seks həyatı  olan adamlar qadına müqəddəslik yükləmirlər
2 avqust 2024
# 18:55

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Səhərdən-axşamacan cinayət xəbərləri oxuyuruq.

Cinayətlərin "səbəb"i də, çox vaxt qadınlar olur.

Əvvəllər xəyanət görə baş kəsirdilər, indi isə... İndi də kəsirlər ee, di gəl, indi hər şeyə görə kəsirlər.

Məsələn, keçən il bir kişi həyat yoldaşı restoranda oynayırdı deyə evə gedəndə onu bıçaqlamışdı.

Ciddi sözümdü. Soruşanda da demişdi ki, bəs orda kişilər də var idi. Elə bil qadın kişilər tualetində oynayıb.

Ya da bakirə qız ovuna çıxanlar.

"Bakirə deyil? Başını qoy kötüyün üstünə, kəs". Elə beləcə də olmuşdu.

Bir də görürsən, çayxanalarda oturub belə söhbətlər eləyirlər. "Bakirə olmayan qızları niyə öldürmək lazımdır?"

O biri də qayıdır ki, bəs nəslin adını batırıb, qardaşa düşən də nəslin adını təmizləməkdir. "Kasıbın bir namusu var da, öz aramızdı".

Özü də sizə deyim ki, bu gədələr çox vaxt hədsiz qorxaq olurlar, bir az üstünə getsən, altını batırarlar, nə varsa dillərindədi.

Siz baxmayın, geyim-kecimimizə, beynimiz hələ də 100 il əvvəlkidir. Ən yaxşı halda. Qərbləşmə-filan bikara söhbətdir.

Sizə zarafat gəlməsin, ölkədə əlifbanı düz-əməlli bilməyən adamlar var. Yenə qızlar olsa, deyərsən ki, evdən məktəbə qoymayıblar. Oğlanlar... Oğlanlar bilmir.

Ola bilər, sizin ətrafınızda yoxdu, şişirtdiyimi düşünürsüz, ancaq bilənlər bilir, nə demək istəyirəm. Qadın qətlləri də çox vaxt onların əlindən, belindən çıxır. Hə, əks nümunələr gətirə bilərsiniz, inkar da eləmirəm. Ancaq faktlar da ortadadı. Hələ də qeyrət, namus, ailə şərəfi deyən kimi yada qadın düşür. Hətta qadınlar elə bir hala gətirilib ki, özləri də qəbul ediblər ki, kişidi də, sağa-sola getsə də, yenə də ev-eşiyinə qayıdır. Səbəb də budur ki, ailələlərini belə şeylərə görə dağıtmaq istəmirlər.

Bəs görən, kişilər eyni vəziyyətdə olsalar, nə reaksiya verərlər? “Arvadım başqa kişi ilə görüşür, olsun, yenə də hərlənib-fırlanıb isti yuvasına qayıdacaq”. Beləmi düşünərlər? Təbii ki, yox. Ən yaxşı halda təpə-qapaz eləyib zibil kimi evdən atarlar. Qonum-qonşu da deyər ki, yazıq uşaq cavan yaşda bədbəxt oldu. Həə, haman qonşu qadın eyni vəziyyətdə olanda nə deyir? "Kişi xeylağıdı da, a bacı. Dee uşaqlar da qaldı başsız".

Qadın bədəni bizdə niyə bu qədər vacibdir? Daha doğrusu, onu niyə müqəddəsləşdiririk?

Hamısı seks aclığının nəticəsidir. Normal seks həyatı olan adamlar heç vaxt qadına müqəddəslik yükləmirlər.

O adamlar üçün qadın bədəni, seks əlçatan olmur, əlləri çatmadıqlarına, ünləri yetmədiklərinə görə də avtomatik müqəddəsləşdirirlər.

İnsan bilmədiyinin köləsidir axı.

# 1965 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #