Repçi Uran: "Fahişələri test etsək..."

Repçi Uran: "Fahişələri test etsək..."
8 fevral 2013
# 14:45

Kulis.Az məşhur repçi Uranla müsahibəni təqdim edir.

-Siz sentimental şairsiz, yoxsa romantik?

- Heç birindən.

- Kütlənin eşitmək istədiklərini yazırsız, yoxsa eşitməli olduqlarını?

- İkisini də bir yerdə. Və birini də əlavə edirəm - öz istədiyimi.

- Dinləyici kütləniz sizi qane edir?

- Edir. İstənilən halda o mənə qulaq asırsa onu tərbiyə edən mənəm.

- Sentimental replərdən sonra sizə eşq etirafı edənlər çox oldu?

- Yox, çox deməzdim. 3-4 nəfər deyərdim.

- Xanımların duyğularını bu qədər real, təbii təsvir edə bilmənizə kömək edən nədi? Xanım rəfiqələriniz çoxdu?

- Yox. Müşahidə eləməyi bacarıram sadəcə.

- Böyük ideyaları kiçicik bir replə məhdudlaşdırmaq ədalətsizlik deyil? Məsələn, “Məhəbbət.İncəsənət.Ölüm” adlı trekin mövzusuna kitab yazmaq olardı.

- Yox əslində. Bu mənim müəyyən etdiyim çərçivədi.

- Kitab yazmaq haqqında düşünürsüz?

- Fikirləşirəm , amma kitab haqda düşünəndə artıq rep haqda düşünmürəm. Kiçik həcmli hekayələrdən ibarət bir kitab çap etmək planım var. Burda həmçinin ifa etmədiyim replər də olacaq.

- Hansı müəllifləri sevirsiz? Dünyagörüşünüzə təsir edən bir yazıçı adı çəkin mənə.

- Mark Tven uşaqlıq dünyamı qurmağa kömək edib. Sabirin “Hophopnamə”si tənqidlə satiranı qarışdırmağa kömək edib. Siyahını uzatmaq olar Aqati Kristi, Cek London, Bulqakov, Dostoyevski, Çingiz Abdullayev.

- Çingiz Abdullayevin adını nəhəng yaradıcıların sırasında çəkməyiniz qəribə səsləndi. Çox sevirsiz onu? Nə deyə bilərsiz onun haqqında?

- Doqquzuncu sinifdə oxuyanda kifayət qədər maraqlı idi.

- Vicdanın rəngini müəyyən edə bildiz nəhayət?

- Yox. (gülür) Onun rəngi yoxdu.

- Sadə qızı fahişə edən nə oldu?

- Cəmiyyət.

- Sadə hekayələrin sonu həmişə faciəvi bitir?

- Yox. Sadəcə orda elə qurtardı və mən başlayanda sonunun elə bitəcəyini bilmirdim. Azı 11 dəfə yazıldı-pozuldu, yazıldı-pozuldu və nəhayət bu trek alındı.

- Azad qadınla fahişənin fərqini izah edin mənə. Sizin təsəvvürünüzdəki fərq.

- Əgər biz pulla bədənini satanları fahişə adlandırırıqsa...

- Bu qədər konkret?

- ...Məncə hə. Azad qadın azad seks tərəfdarı ola bilər, seksə müəyyən çərçivədən baxan da ola bilər. Öz partnyorlarını necə gəldi seçən ola bilər və ya yalnız konkret kateqoriyadan olan insanlarla münasibətə girə bilər. Fahişə kobud səslənsə də arada bir sanki bir az maddi dünyadan uzaq insanın istəkləridi o sadəcə. Əslində fahişəliklə məşğul olan xanımları psixoloji testə etsək çox maraqlı nəticələr əldə edə bilərik, məncə. Yəni fahişədir deyib kənara tullamaq lazım deyil.

- Satılmaz dəyərlər hansılardı?

- Birinci vicdan. Amma dəyişilən dəyərlər də var ki, onlar nə zamansa satılmaz hesab olunub. Bu nisbidi, amma əgər mənim fikrimi soruşursuzsa vicdan, mənəviyyat. İnsan var ki, məsələn müdiri tərəfindən şillə yeməyə normal baxır, adam da var ki, şillə yeyəndən sonra külqabını qoyar müdirin ağzının üstündən. Kimisə sahib olmadığı dəyərlərə görə qınamaq olmaz. İstənilən anda mənimçün vicdandı birinci yerdə. İkinci növbədə mənlikdi, arxasını da düzüb qoşmaq olar, amma indi ağlıma gələn əsas saydığım bu iksidi.

- Hansı trekiniz sizi əks elətdirir? Sizi tanımaq üçün hansını dinləmək lazımdı?

-“Tam səmimi” trekimi. O sözün əsl mənasında tam səmimi İbrahimdi.

- Belə vətənpərvər ruhda yazmağınızı və ümumiyyətlə bu ruhda böyümənizi nəyə borclusuz?

- Hərbi məktəbə.

- Bəs valideynlərin rolu?

- Sovet dövründə yaşayan, sovet tərbiyəsi alan valideynlər adətən tolerant və kosmopolit olurlar. Və millət bölgüsünə az rast gəlinirdi. Mən hərbi məktəbdə I kursda oxuyanda türkçülüklə bağlı “Qədim türklər” adlı bir kitab oxudum. O kitab mənim bütün fikirlərimi dəyişdi. Vətənpərvərlik hissinin üzə çıxa bilməsini o kitaba və hərbi məktəbə borcluyam.

- Dünya vətəndaşlığına, kosmopolitlərə qarşı radikal deyilsiz ki?

- Normal. Müharibələri qurtaraq, hər kəs öz oğurladığı payı qaytarsın və biz də firavan yaşayaq birlikdə.

- Repləriniz niyə bu qədər emosional və aqressivdi?

- Çünki özüm də beləyəm, təbiətim belədi, temperamentli insanam.

- Dinləyicinin hissləriylə oynamaq xoşunuza gəlir deyəsən.

- Bu mənim məqsədimdi. Əgər mənim trekimə qulaq asan adam düşünürsə, ağlayırsa, duyğulanırsa və ya gülürsə deməli mən istədiyimə nail olmuşam.

- Yaradıcılıq çərçivəsində gələcək məqsədiniz nədi?

- Əvvəllər film çəkmək idi. İndisə istəyərdim musiqi sahəsində təhsil alım.

- Valideyn olmaq necə duyğudu?

- Super.

- Bununla bağlı həyatınızda hansı dəyişiklik hiss edirsiz?

- Bu bilirsiz necə hissdi? Digərlərini bilmirəm, amma mən əvvəllər birini sevəndə nəsə hərəkət etməmişdən öncə düşünürdüm ki, o bunu görsə nə düşünər? Və ya yazmamışdan öncə. Bu indi təkrarlanır, amma hisslər fərqlidi. Hardasa məsuliyyət və telepatik müşahidə əmələ gəlir. Sən onu daima müşahidə edirsən o sənin bir parçan olur. Yəni bu konkret bir parçandı. Sevgili-yar söhbəti kimi. Sənin yarın artıq sənin övladın olur, sevginin oturduğu ayrı aspektlər var.

- Yuli Sezarı niyə öldürdülər?

- (Gülür). Çox bic idi. Eyni zamanda da çox ağıllı sərkərdə olub əziyyəti sevən, müdafiəyə önəm verən.

- Bir “Milan” azarkeşi olaraq son transferlə bağlı nə düşünürsüz?

- Hə. Balotelli gəlib bizə. Mən istəmirdim o gəlsin, çünki bir az intizamsız oyunçudu. Amma Avropa Çempionatında özünü göstərə bildi. Məndən müsahibə götürən xanım bu cümləmə nə qədər qırmızı dodaqlarını büzsə də Almaniyaya vurduğu qollar gözəl idi. “Milan” İbrahimoviçdən sonra ön sıranı doldurmaq istədi. Əl-Şaravi buna namizəd görünsə də yaşının azlığı buna mane olur.

- Tatunuz niyə yoxdu? Sevmirsiz? Adətən reper deyəndə ağla gələn çoxlu tatusu olan, gen şalvarlı bir oğlan olur.

- Bu stereotipdi. Amma tatunu sevirəm, bu yaxında da eləmək fikrim var. Bəlkə ya ingiliscə, ya da latınca bədənimdə “Yaşa və yarat” devizini həkk elətdirdim.

- Saqopa döyər, Ceza?

- Cezaaa (gülür). Mən onunla bir neçə saatlıq söhbətdən sonra başa düşdüm ki, o yaşayan əfsanələrdən biridi.

- Gələcəkdə onunla hər hansı bir proyekt gözlənilir?

- Cezayla mənim duetim var artıq. Burda artıq iki çıxışımız oldu. İstəyirik birlikdə İstanbulda bir konsert verək.

- Disk satışları hansı vəziyyətdədi?

- Qeyri-rəsmi məlumata gprə birinci albomun satışı 120 minə gəlib çatmışdı. İkinci albom 2005- ci ildən 2009-a qədər artıq texnologiyanın inkişafı özünü sözün əsl mənasında göstərdi və satış sistemi tam dəyişdi. Bir aya yaxın satışa nəzarət edə bildik, sonra edə bilmədik. İlk həftədə 5000, 6000-ə yaxın albom satılmışdı.

- Rəqibiniz var?

- Yox, deməzdim.

- Məsələn, adı son zamanlar çox çəkilən “HOST”.

- “HOST” indi qrup olaraq yoxdu. Nümayəndələrinə isə rəqib kimi baxmıram. Prometeylə tez-tez görüşürəm. 2009- cu ildəki albomumun üzərində o işləyib. Səmimi desəm rəqib axtarışında deyiləm, amma arzusundayam. Məsələn, “Supreme NTM” qrupu var ki, onlara baxanda ölkədə belə bir şeyi etməyi çox arzulayırsan. Mən Fransada rep-konsertdə idim, “Supreme NTM” gələndə 50 min insanın içində necə canlanma baş verdiyini gördüm və buna heyran qaldım.

- Yaradıcılığa yeni başlayan və ya başlamaq istəyən gənclərə nə tövsiyə edə bilərsiz?

- Konkret mövzu seçsinlər ilk öncə. Mövzu çoxdu, mövzü sonsuzdu. Oturun pivə butulkasından yazın, siqaretdən yazın, oturun qırmızı pomadalı, qırmızı yubka geyinmiş siqaret çəkən gözəl bir qızdan yazın. Birinci növbədə dəqiq qərar versinlər nə etmək istəyirlər. İkincisi, musiqi duyumu mütləqdi. Üçüncü şərt kitab, kitab, yenə də kitab – mütaliə. Bu öz informasiyanı gələcəkdə müxtəlif rakurslardan çatdırmağa kömək edəcək, söz ehtiyatının bolluğuna və qafiyə ehtiyatına gətirib çıxaracaq.

- Yaxın gələcəklə bağlı hansı planlarınız var?

- Yeni albom fevralın sonlarına yaxın hazır olacaq. “Açıq mikrofon” albomu. Ondan sonra ikinci plan olaraq böyük miqyaslı albom üzərində çalışıram. Bilmirən bunu demək indi tezdimi, amma sürpriz bir albom da planlaşdırıram.

# 6639 dəfə oxunub

Müəllifin son yazıları

# # #