Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə

Çəhrayı çobanyastığı  - Sara ibrahimin romanından hissə
18 oktyabr 2025
# 10:00

Kulis.az Sara İbrahimin “Çəhrayı çobanyastığı” romanından bir hissəni təqdim edir.


Yuxudan qışqırıq, bağırtı səslərinə oyandım. Nalçikə dünən gecəyarısı çatmışdım. İstirahət günüydü, doyunca yatıb dincəlməyi düşünürdüm. Birinci mərtəbədən gələn səslər beynimə soxulub məni dolaşdığım dərin yuxu labirintindən çıxmağa məcbur edirdi. Yerimdən sıçrayıb qalxdım. Hər günümüz səksəkəylə keçirdi. Hər an hər şey ola bilərdi. Evimizə kimlərinsə soxulduğunu güman edib, hər ehtimala qarşı, dolabda gizlətdiyim silahımı çıxardım. Dünən gecə necə yorulmuşdumsa, əynimdən çıxardığım paltarları hara gəldi atmışdım.

Leyla çoxdan oyanıb aşağı enmişdi, paltarlarımı da yəqin o yığışdırıb götürmüşdü. Dolabdan yüngül idman kostyumumu tapıb əynimə keçirtdim, pilləkənə doğru yüyürdüm. Bir neçə pillə endikdə bayaqdan boğuq, qarmaqarışıq gələn səsləri indi aydın eşitməyə başladım. Və o andaca evə silahlı basqın olmadığını başa düşdüm. Bir az əvvəl basqın həyəcanıyla gərilən əsəblərim indi növbəti ailə savaşının başladığını xəbər verən qışqır-bağır səslərindən daha da gərginləşdi.

Çığır-bağır səsləri pilləkənin sağından, zaldan gəlirdi. Zala girəndə gördüyüm mənzərədən yerimdəcə donub qaldım: yazı stolunun üstündə həmişə səliqəylə, üst-üstə yığılmış həftəlik qəzet və jurnallar döşəmənin üzərinə səpələnmişdi. Mizin üstündəki süfrə, içində həmişə təzə çiçəklər olan ağır billur vazalardan biri xalçanın üzərinə aşmışdı. Hər səhər bağçadan yığılıb vazaya qoyulan çəhrayı çobanyastığı çiçəklərini qırmızı xalçanın üstündə, anamın ayaqlarının yanında gördüm. Rəngi qaçmış Leyla, onu parçalamağa hazır qaynanasının - anamın qarşısında gözləri yaşlı dayanmışdı. Məni görən kimi hər ikisi susdu.

Anam nəsə deməyə hazırlaşan Leylaya ağzını açmağa imkan verməyib, mənə doğru bir addım atdı.

Son aylar evdə anamla arvadım arasında dava-dalaşsız gün olmurdu. Bu qadınlar nəyi bölə bilmirdilər? - onu başa düşmürdüm. Evimizin divarlarından çöldə gedən müharibə az deyilmiş kimi, ailəmin içindəki savaş da getdikcə qızışırdı. Əsəblərim o qədər gərilmişdi ki, heç birini dinləycək, istintaq aparacaq halda deyildim. Məni mübahisəyə cəlb etmək istəyən anama ağzını açmağa imkan verməyib çığırdım.

- Evə gəlməyimə peşman elədiniz, niyə məni yaşamağa qoymursunuz axı?

- Sən bunu arvadından soruş! Mənə düşmən lazım deyil, öz evimin içində iki ilan bəsləyirəm.

Onun “iki ilan” deyəndə, Leyla ilə qızımı nəzərdə tutduğunu bilirdim. Bu, məni bir az da əsəbiləşdirdi.

- Ana, uşaqla da yola getmirsən, böyüklə də! Bilmirəm, sənə nə deyim; uşağa “ilan” deyirsən, sonra da deyirsən, Zamirə məni sevmir.

Leyla hönkürüb kresloya çökdü. Anam ona ikrahla baxıb üzünü turşutdu, mənə tərəf çevrilib:

- Sən onun ağlamağına bax hələ, dediyi sözlərdən, etdiyi hərəkətlərdən utanmır, - qızışdı, - bacının başına gələn müsibətə sevinir, Allahdan qorxmur!

- Bacımın başına nə müsibət gəlib, - hirsim bir anda təlaşla əvəz olundu.

Anam ağlamsınıb burnunu çəkdi, qolumdan tutub məni divana doğru dartdı.

- Otur, sənə axşam deyəcəkdim, - barmağını hələ də hıçqıran Leylaya uzatdı, - bu adam dərdimizi çəkməyə də qoymur.

- Dinarəyə nə olub, hansı müsibətdən danışırsan? - səbirsizliklə onun sözünü kəsdim.

- Bacın beşaylıq uşaq salıb, bu səhər əri zəng vurub xəbər verdi. İndiyə qədər hər şey normal idi, birdən sancılanıb, xəstəxanaya aparıblar. Uşağı saxlamaq mümkün olmayıb. Bununla üçüncü dəfədir ki əli-ovcu boş qalır.

Bacımın uşağının yenə tələf olması xəbərinə ürəyim ağrıdı; gör neçə ildi ərə gedib, hələ də övladı yoxdur. Yazıq qız həsrətlə övlad arzulayırdı, amma bu dəfə də uşaq qisməti olmadı.

- Heyif, - köksümü ötürüb dedim, - Dinarə buna dözə bilməyəcək. Moskvada aldığı müalicənin də köməyi dəymədi.

Əllərini dizinə qoyub yanımda oturan anam başını yanıqlı-yanıqlı yellədi.

- Yaxşı, bu söhbətin Leylayla nə əlaqəsi var? Niyə onu günahlandırırsan, - bayaqkı mübahisəyə qayıtdım.

Anam yerində necə qurcalandısa, oturduğumuz divandan iniltiyə bənzər səs çıxdı.

- Sən arvadını yaxşı tanımırsan, Tima! Mənə bu səhər diliylə dağ çəkib, - bayaqdan nisbətən sakitləşmişdi, yenidən özündən çıxdı, - bacının xəbərini eşidəndə bilirsən mənə nə dedi?

Gözünü üzümə dikib cavab gözləyən anama baxıb çiyinlərimi çəkdim.

- Deyir, Allah bilir, neynir, guya mənə təsəlli verir. Dinarəni yaşlı kişiyə verməsəydik, uşağı olacaqmış. Deyir, qoy övladlığa uşaq götürsünlər, bundan sonra özlərininki çətin ola.

Bura qədər bizi sakit dinləyən Leyla yerindən dik atılıb anamın qarşısında durdu. Bütün vücudu əsirdi.

- Niyə şər atırsınız, Aybikə xanım, həm də Timurçinə hər şeyi sonadək demirsiniz! - mənə baxıb titrək səslə dedi, - Tima, anan sənə Dinarənın uşaqlığını tamamilə götürdüklərini demədi. Mən buna görə övladlığa uşaq götürsünlər, dedim. Allah bilir, neynir demədim, - doluxsundu, - Allahın işidir, neyləmək olar, demişəm. - Dərdinizə şərik olmaq, təsəlli vermək istəyirəm, sözlərimi öz bildiyiniz kimi yozursunuz, Aybikə xanım, sizə nə deyim, bilmirəm.

- Bacım uşağını itirib, şəhərdə ara qarışıb, hər gün kimsə öldürülür. Bütün bunlar azdı, siz də burda bir-birinizi boş şeylərə görə qırırsınız, - çığırıb anama tərəf döndüm, - sən indi burada gəlininlə tutaşmaq əvəzinə Dinarənin yanında olmalısan, ona təsəlli verməlisən, - döşəməyə tökülənləri yığışdırmağa başlayan Leylanı da ona qatdım, - sənsə, danışanda sözlərinə fikir ver, anam deyir, sən cavab qaytarma!

Heç kimin tərəfini tutmamağım mənə baha başa gəldi; müharibə edən tərəflər yenidən topu meydana sürüdülər. Yenə ittihamlar, çığır-bağır... Əslində, çığırıb-bağıran anamıydı, Leyla özünü müdafiə etmək üçün arada nəsə deyən kimi, onu gur səsiylə susdururdu. Onları dayandırmağın bir çarəsi vardı; aşağı düşəndə özümlə götürdüyüm silahı qəfil köynəyimin altından çıxarıb gicgahıma dayadım.

- Elə indi susmasanız, atəş açacam, - bağırdım, - ölsəm, hər ikiniz rahat olacaqsınız! Bezdirməyin məni, susun!

Qurbağa gölünə daş atıldı. Fəndim işə yaramışdı. Dalaşanları çaşqınlıq, qorxu içində qoyub zaldan çıxdım, iş otağına keçdim. Yenidən yuxarı qalxıb uzanmağa dəyməzdi; yuxum tamamilə qaçmışdı.

Dinarənin ərinə zəng elədim, amma ev telefonu cavab vermədi.

Kürəkənimiz bizim Mahaçqaladakı biznesimizi idarə edirdi. Biz illər öncə Nalçikə köçəndə, Mahaçqaladakı azgəlirli kiçik ticarət obyektlərimizi satmışdıq, gəlir gətirənləri isə saxlamışdıq. Bacımın əri də ticarətlə məşğul olurdu. Mahaçqaladan köçəndə mağazalarımızın bir neçəsini o almışdı. Etibarlı adam olduğuna görə, atam bizim obyektlərin nəzarətini də ona həvalə etmişdi. O, yəqin, xəstəxanada, bacımın yanındaydı. Atam səhər tezdən çıxmışdı, bəlkə də, kürəkənlə bir yerdəydi.

Anam atama qoşulub bacımın yanına getmək əvəzinə, evdə qalıb gəlinlə höcətləşirdi. Onun bütün situasiyalarda kimisə suçlamağa əlində bir bəhanəsi olurdu. Qızının anaya ehtiyac duyduğu bu ağır günlərində onu tək qoymuşdu.

Bacım ailəmizdə ən mühafizəkar uşağıydı. Qardaşımla mən anamın sözündən çıxmağa, onun üzünə qayıtmağa cürət etməzdik. Amma Dinarə evdə atam da daxil olmaqla, hamını idarə edən anamın qabağından heç vaxt geri çəkilməzdi. Bu xasiyyətinə görə anam onu dəfələrlə cəzalandırmışdı, amma cəzalar bacımın iradəsinə bir misqal da təsir etmirdi.

Bacıma cəzaların ən ağırını mənim gözüm önündə, bir yay günü vermişdi: Bacım orta məktəbi bitirən ili məzunların şəhərdəki restoranların birində təşkil etdiyi son zəng tədbirində iştirakına anam, nəyə görəsə, icazə vermədi.

Anam həmin günlərdə rəfiqəsiylə Kislovodskiyə istirahətə getmişdi. Dinarə bundan istifadə edib, restorandakı şənliyə getdi. Bizim onu satmayacağımızı bilirdi. Anam elə istirahətdən qayıdan günün sabahı bacımın şənliyə getməyini hardansa öyrənmişdi.

Bacımı kimin çuğulladığını biz heç vaxt bilmədik. Dinarənin cəzası ağır oldu. Anam onu şənliyə geydiyi çəhrayı rəngli ziyafət paltarının enli dəri kəməriylə döydü. Onun sərt cəzalarını görmüşdüm, amma bu qədər qəddarlığına ilk dəfə şahid oldum. O zaman bacımın on yeddi, mənimsə on yaşım var idi. Özümü zərbələrin qabağına atıb bacımı qorumaq istədim, amma anam kəmərlə məni də vurub kənara itələdi. Həmin vaxt atam evdə yox idi. Evdə olsaydı da, əlindən heç nə gəlməyəcəkdi; anam onun sözünü onsuz da saya salmırdı.

Bacımın cəzası döyülməklə bitmədi; anam ona düz bir həftə evdən çölə çıxmağa icazə vermədi. Məncə, elə həmin gün anam Dinarəni həmişəlik itirdi. O, bunu heç vaxt anama bağışlamadı.

Dinarədə fitri rəssamlıq qabiliyyəti vardı; hələ uşaq yaşlarında çəkdiyi rəsmlər onun gələcəkdə böyük rəssam olacağından xəbər verirdi. Anam “qız nədir, rəssamlıq nədir?” deyib onu həkimliyi seçməyə həvəsləndirirdi. Dinarə da qardaşım Arslan kimi “qandan, yaradan qorxuram, heç vaxt həkim işləyə bilmərəm” deyincə anam indi də onun müəllim ola biləcəyini beyninə yeritməyə başladı.

Orta məktəbi bitirəndə bacım hələ də gözəl rəsmlər çəkməyə davam edirdi. Sənədlərini rəssamlıq məktəbinə vermək istəyəndə evdə mərəkə qopdu. Sonda anam istədiyinə çatdı. “Müəllimlik sənin rəssamlığına mane olmayacaq; evdə də oturub rəsm çəkmək mümkündü, bunun üçün universitet oxumağına gərək yoxdu” dedi. Və beləcə, bacım ingilis dili müəllimi oldu.

Tələbəlik illərində tanış olduğu oğlanla sevgi macərası da başına bəla açdı. Bacım bizim ailənin, nəslin qızlarının heç birinin cürət etmədiyi addımı atdı: şəhərin küçələrində heç kimdən çəkinmədən oğlanla qol-qola gəzib dolaşırdı. Onu həmin oğlanla hər yerdə görürdülər: parklarda, şəhər kənarındakı əyləncə məkanlarında. O, anamın qadağalarını vecinə almırdı, sanki bütün bunları qəsdən, anamın acığına edirdi. Bacımın ozamankı hərəkətləri məni də özümdən çıxarırdı. Onunla tez-tez mübahisə edir, bəzən ona qarşı kobudluq da edirdim. Adətlərimizə qarşı getsə də, ürəyimdə onu çox istəyirdim.

Universiteti bitirən ili görüşdüyü oğlan qəfil yoxa çıxdı. O, Dinarəyə hara getdiyi haqda bir kəlmə də deməmişdi. Çox güman, anam bütün vasitələrdən istifadə edib onu şəhərdən uzaqlaşdırmağa nail olmuşdu; onu pulla da ələ ala bilərdi, hədə-qorxuyla da şəhərdən uzaqlaşdırardı. Aybikə sultanın bütün bunlara və daha artığına qadir olduğunu hamımız bilirdik.

Dinarə ağır depressiya keçirdi, hətta, bir neçə dəfə intihara cəhd elədi.

Mirzəxan ona elçi düşəndə Dinarə anamdan, Nalçikdən uzaq olmaq üçün ona ərə getməyə razılaşdı. Mirzəxan xeyirxah, mədəni insan idi, ona ərə getməklə Nalçikdəki qalmaqallardan uzaq olacağını bilirdi.

Səhərki qanqaraçılıqdan sonra evdən çıxıb gölün sahilində iki saata yaxın gəzdim. Təmiz hava, ətrafdakı yaşıl otların, ağacların xoş qoxusu ovqatıma yaxşı təsir etdi.

Ard-arda baş verən xoşagəlməz hadisələr içimi qaraldıb; bəzən havam çatmır, boğuluram. Hərdən mənə elə gəlir, eyni vaxtda bir neçə cəbhədə döyüşürəm. Evim də mənə indi bir mübarizə meydanı olub. Axı mən evlilik həyatımı belə təsəvvür etmirdim.

Anamın Leylayla yola getməyəcəyini təxmin etmək o qədər də çətin deyildi; öz doğma övladlarıyla sərt davranan bir adamın gəlinlə yağ-bal olmayacağı gün kimi aydın idi.

Qardaşım ağıllı tərpəndi; məktəbi bitirən kimi Moskvada universitetə girdi, bir daha da geri dönmədi. Mən də onun kimi edə bilərdim, amma bacarmadım. Atamı tək qoymaq istəmədim. Uşaqlığımdan bəri atama daha çox bağlıyam. Anam nə qədər sərt, hökmlüdürsə, atam onun tam əksinə, həlim, yumşaqürəklidir. Bəlkə, mən də qardaşım kimi hərəkət etsəydim, həyatım tamam başqa axarda gedərdi. Bu, mənə Arslandan daha çox lazımıydı, keçmişi onu kabus kimi izləmirdi.

***
Evə bağçadan yenicə dərdiyim, Leylanın çox sevdiyi çəhrayı çobanyastığı çiçəkləriylə qayıdıram. Anam yenə evdə yoxdur. Bilirəm, rəfiqəsi Zoyagildədir. Onun bu dəqiqələrdə rəfiqəsinə nələr dediyini təsəvvür edirəm.

Leylayla dəhlizdə üz-üzə gəlirik. Qucağında bir dəstə uşaq paltarı çıxış qapısına tərəf gedir. Nəmli gözlərindən ağladığı aydın bilinir. Çiçəkləri ona uzadıb qolundan tuturam. Kövrəlir, əlindəki paltarlar yerə tökülür. Baş verən söz-söhbətlərdən, mübahisələrdən ən çox əzab çəkən odur. Mən evdən çıxıb işlə, idmanla, hobbilərimlə hər şeyi müvəqqəti də olsa, unuduram. O isə qəriblikdə, hər kəsə nəsib olmayan “hədiyyə” qaynanayla, üstəlik, hər an bizi bayırdan hədələyən təhlükələrlə üz-üzədir. Bunları ona, qızıma yaşatmağa haqqım varmı?

Çiçəkləri məndən alıb zala tərəf gedir. İki dəqiqədən sonra yanıma qayıdır. O gələnə kimi döşəməyə tökülmüş paltarları yığıram. Paltarları məndən alıb getmək istəyir. Qolumu boynuna salıb onu özümə tərəf çəkirəm, gur, dağınıq saçlarını barmaqlarımla daraqlayıb kürəyinə aşırıram. Onunla ilk dəfə qarşılaşdığımızda məni heyran edən, belinə qədər uzanan, gur, qara saçlarını oxşayıram. Leyla qollarım arasında gözlərini yumub başını sinəmə söykəyir. Bilir ki, bunula səhərki rəftarıma görə, heç bir söz demədən ondan üzr istəyirəm. Onu yuxarıya aparan pillələrə doğru çəkirəm. Bir anda sanki yuxudan ayılır. Qollarımın arasından çıxıb altdan yuxarı üzümə baxır.

- Anan indi qayıdacaq, həm də paltarları ütüləməliyəm, - deyir.

- Anam gec qayıdacaq, paltarları ver, Fatimə ütüləsin, - deyirəm.

- Evdən xəbərin yoxdu, Fatimə Əli bəylə Dinarənin yanına gedib. Xəstəxanadan çıxanda ona qulluq edəcək.

Leyla məni tənbeh etməkdə haqlıdır; doğrudan da, çox zaman evdəkilərdən xəbərim olmur.

- Bəs Zamirə hardadır, neyləyir? - bayaqdan gözə dəyməyən qızımı soruşuram.

- Yatıb, - Leyla qısa cavab verir.

Leylanı yenidən pillələrə tərəf çəkirəm. Onun könlünü almaq bu dəqiqə ən çox istədiyim şeydir.

Leyla evin çölə açılan qapısına iti nəzər salıb mənə tabe olur, pillələrə tərəf bir addım atır və o anda da qiyyə çəkir.

- Ay, qoy məni yerə, başım gicəlləndi, indicə ikimiz də yıxılacağıq.

Onu qamarlayıb qucağımda möhkəm sıxmışam, əlimlə ağzını tutub gülürəm.

- Daha gecdi, bakılı qız, keçdin pəncəmə!

İkimiz də çoxdandı xoşbəxtliyin dadını, rəngini unutmuşuq. Az qala, hər gün xoşagəlməz nəsə baş verir. Getdikcə, yaşamaq dözülməz həddə çatır.


# 225 dəfə oxunub

Oxşar xəbərlər

Açılmayan çətir - Samirə Əşrəfin hekayəsi

Açılmayan çətir - Samirə Əşrəfin hekayəsi

20:38 17 oktyabr 2025
Bakının payızları - İlhamə Həkimoğlunun hekayəsi

Bakının payızları - İlhamə Həkimoğlunun hekayəsi

17:05 17 oktyabr 2025
Son arzu - Tərlanə Yaqubqızı

Son arzu - Tərlanə Yaqubqızı

15:00 17 oktyabr 2025
İnsanın əzəməti  – Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

10:00 16 oktyabr 2025
Nuhun xarratı  - Mirmehdi Ağaoğlunun hekayəsi

Nuhun xarratı - Mirmehdi Ağaoğlunun hekayəsi

12:00 15 oktyabr 2025
Ruhun ikili səcdəgahı: İman və Eşq

Ruhun ikili səcdəgahı: İman və Eşq

10:00 14 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər