Üzümü gizlədirdim ki, ərim məni öpməsin. HƏYAT HEKAYƏSİ

Üzümü gizlədirdim ki, ərim məni öpməsin. HƏYAT HEKAYƏSİ
22 fevral 2013
# 08:15

Xəyanətlə bağlı son yazımda başına gələnləri bölüşmək istəyənlər üçün gmail ünvanımı yazmışdım. İki gündən sonra bir xanım mənə yazıb dedi ki, xadimədi, 36 yaşı var və mənimlə görüşmək istəyir. Dərhal razılaşdım, zəngləşdik və xanımın təyin etdiyi yerdə - Memar Əcəmi metro stansiyası yaxınlığında görüşdük.

Mən həyatımda bu qədər gözəl xadimə görməmişdim. Çox gözəl, səlis danışığı, səliqəli geyimi, ciddi baxışları müəlliməni xatırladırdı.

- Mənə yazmağınız, düzü, məni sevindirdi. Nə haqda danışmaq istəyirdiyiniz? Xəyanət?

- Yox. Xəyanət deyil, amma mənim subyektiv dəyərləndirməmdə xəyanətdən daha dəhşətlidi. Ailə problemlərimi. Daha doğrusu keçmiş ailə həyatımı.

- Gəlin bir az əvvəldən başlayaq. Necə oldu ailə qurdunuz? Həyat yoldaşınızı özünüz seçmişdiz, ya ailəniz tövsiyə etmişdi?

- Sevməyib getmişəm. Mamamgil verib.

- Məcbur?

- Yox, məcburi verməyiblər. Sadəcə mən bir az qorxacaq idim o vaxtlar, evdəkilərin nəinki sözlərindən, heç tövsiyələrindən də çıxmırdım. Mənim yoldaşım məndən 15 yaş böyükdü. Mama dedi ki, cavana gedən yumruq yeyər, qocaya gedən quyruq. Ziyalı ailədi, bu cür ailəni əldən vermə. Mən də razılaşdım.

- Neçə yaşınız var idi? Neçə il evli qaldız?

- 18 yaşım var idi və 18 il evli qaldıq.

- 18 il dözmüsüzsə o qədər də pis deyilmiş, hə?

- Yox. Mən birinci uşaqdan sonra ayrılmaq istəyirdim. Mamam deyirdi ki, ayrılsan səni qəbul eləmərəm. Və mən çarəsiz qaldım. Həm də düşünürdüm ki, yaşa dolduqca düzələr.

- Bəs bağlılıq? Sevməsəz də o hər halda sizin uşağınızın atası idi və həyatınızdakı ilk kişi.

- Bağlılığın da rolu az olmayıb. Onu sevmirdim bəlkə də, amma çox bağlı idim, sadiq idim it kimi.

- Danışım, rahat olun.

- Hardan başlayacağımı bilmirəm.

- Ürəyiniz hardan istəyir başlayır. Maddiyyatla bağlı idi problemlər, ya sadəcə yola getmirdiz? Problemlər nədən qaynaqlanırdı?

- Mən ondan nəsə istəyəndə heç vaxt o almırdı. Adicə çörəyi belə. Mamamsa deyirdi ki, eybi yox, nə lazımdısa mən alıb gətirərəm, xırda şeylər üstündə də ayrılar adam? Bilirsiz, o qədər saf, aciz idim ki, ikinci uşağı qətiyyən istəmirdim, amma qorunmağın yollarından da xəbərim yox idi, soruşmağa utanırdım. O vəziyyətə gəlib çıxmışdım ki, ikinci uşağa hamilə qaldığımı öyrənəndə aborta istədim, icazə vermədi, 3 aylığında qonşuda bir qadın var idi, 120 kilo, onu belimə çıxartdım ki, uşaq düşsün. Düşdü, dalıyca fəsadlar və sairə oldu, eləcə də evdə çox böyük problemlər yarandı. İki aydan sonra yenə hamilə qaldım.

- Sevmədiyiniz adamla belə tez-tez sevişmək sizi narahat etmirdi?

- Edirdi. Təsəvvür edirsiz, o mənə yaxınlaşanda yataqda mən əllərimlə üzümü örtürdüm ki, o məni dodaqlarımdan öpməsin. Tam etiraz da edə bilməzdim, o mənim ərim idi. Amma bütün varlığımla nifrət edirdim ona. Bu duyğu izaholunmazdı. Təcavüzdən bir fərqi var ki, səni zorlayan adam yoldaşındı.

- İkinci hamiləlik dövründə münasibətlər heç olmaya bir az yumşaldı? Hər halda qarnınızda onun övladını daşıyırdız.

- Rəfiqə xanım, təsəvvür edin ki, mən ona aylarla bir kiloqram alma üçün yalvardım. Hər evə gələndə əlindəki kulyoka baxırdım ki, alıb ya yox. Almırdı. O qədər ağlayırdım ki, 9 aylıq olanda ayaqlarım şişmişdi, mənə ayaqqabı almırdı. Mən gözləyirdim ki, o işdən gəlsin onun sopaşkilərini geyinib düşüm maqazinə. Qarda məni gəzməyə çıxardırdı, mən ev başmağıyla çıxırdım gəzməyə. Məndə qaymarit olmuşdu, həkim dedi ki, mütləq dərman istifadə et, heç olmasa biseptol. Ona dedim ki, mənə dərman lazımdı. Dedi ki, pulum yoxdu. Ayına 800 manat qazanan adamın 50 qəpik verib arvadına dərman almağa pulu yoxdu. Gülməlidi hə? Gedib mamaya dedim ki, mama boşanıram. Mənə dedi ki, qızım 50 qəpiyə görə boşanarlar? Mən bir qutu biseptol alıb gətirib tökərəm evinizə. Boşanmağın adını çəkmə. Elə-elə, elə-elə günlər uçurdu.

- Dediz ki, yoldaşınız ziyalı ailədən idi. Hərəkətləri bir az məni çaşdırdı, ali təhsili var idi? Ümumiyyətlə dünyagörüşü, ya da uşaqlığı ilə bağlı nə deyə bilərsiz? Bəlkə hər hansı bir travması var idi?

- Yox, hörmətli ailənin oğluydu, uşaqlığı müxtəlif ölkələrdə, kurortlarda keçmişdi. İki universitet bitirmişdi.

- Bəlkə başqasını sevirdi? Nəsə hiss etmişdiz?

- Məncə yox. Amma xəyanət edibsə də çox məharətlə edib, mən heç nə hiss eləməmişəm.

- Qayınananızla münasibətləriniz necə idi? O başa düşürdü sizi?

- Əsas söhbəti danışmamışam. Qaynanam bir ev aldı, baldızım ərə getməmişdi hələ. Yoldaşıma dedi ki, sənə ev, qaraj vermişəm bu evi bacının adına keçirdirəm ki, rahat köçə bilim bu dünyadan. Bilim ki, qızımın başını soxası evi var. Dedi ki, yox. Bunun üstündə qırğın saldı və anasıyla əlaqəsini kəsdi. Mənə qadağa qoydu onunla danışmağa. Qaynanam qonşumuz idi mənə dedi ki, onların evi tərəfə belə baxsan səni məhv eləyərəm.

- Siz də razılaşdız?

- Hə, amma qayınanam mənim qızlarıma baxmışdı. Həmişə əl tutmuşdu, çox istəyirdi məni. Birdən-birə ona üz çevirə bilməzdim. Bir gün o işdə olanda qayınanam zəng edib məni evlərinə dəvət etdi. Mən də getdim. Danışdıq, dərdləşdik, gəldim evə. Gördüm ki, qapı bağlıdı, döyməyə başladım. Qapının o tayından dedi ki, haradan gəlirsənsə ora get, evə buraxmayacam səni. Üç saat qapıda dayandım ki, bəlkə fikrini dəyişə. Açmadı qapını, getdim qayınanamgildə qaldım.

- Bu qədər qəddar? Uşaqlarınız necə oldu bəs həmin gecə?

- Hə çox qəddar idi. Uşaqlar evdə qaldı. Hələ heç yadımdan çıxmaz. 1997-ci ilin qışında ondan icazə alıb baldızımgilə getmişdim. Mənə dedi ki, saat 10-da evdə ol. O da qonşumuz idi. Söhbətə başımız qarışdı və bir də gördüm ki, saat 11-ə işləyir. Tez evə qaçdım. Yenə məni buraxmadı. Ağlamağa başladım ki, körpəmə süd verməliyəm, burax gəlim, qoymadı.

Baldızımgildən səhər qayıdanda o işə getmişdi. Qapını açmağa çalışdım, gördüm ki, zamoku dəyişib. Uşağın ağlamaq səsi məni bir az da dəli elədi. Tez qonşuya qaçıb kömək istədim. Dedi ki, bu qapını açmaq mümkün olmayacaq, gəl polisə zəng vuraq. Başqa çarəm yox idi, zəng eləyib dedim ki, qapı bağlanıb, uşağım içəridə qalıb. Bir az keçdi, gəldilər. Gəl, nə gəl, yanğınsöndürən maşın, polis maşınları. Bilsəydim ki, belə nümayişkaranə olacaq qorxumdan zəng etməzdim. Bütün qonşular yığışdı tamaşaya. Bir oğlan gəldi, kameranı gözümə soxdu ki, - xanım, nə baş verib?

- Kömək edə bildilər?

- Hə etdilər, qapını açdılar, oğlumu götürdüm.

- Yoldaşınız nə elədi? Vurdu sizi?

- Əlbəttə. Hirsindən dəli olmuşdu. Məni heç döymədiyi kimi döydü, stulu belimə elə vurmuşdu ki, huşum başımdan getmişdi, bir neçə saat eləcə uzanıb qalmışam. Sonra gedib polisə şikayət ərizəsi yazdı ki, arvadım sizə yalan danışıb, onu dövlətə yalan danışmaqla ittiham edib içəri salın.

Xanım bu an dərindən bir ah çəkdi və elə bir sükut yarandı ki, mən elə bildim indicə söhbəti yarımçıq qoyub durub gedəcək.

- Sonra nə oldu?

- Polis gəldi, hər ikimizi bölməyə apardı. Üzümdəki göyərtiləri görüb başa düşdülər ki, o məni döyüb. Bir müddətdən sonra boşanmağa razılaşdı və biz boşandıq.

- Üç uşaqla sizə çətin deyil? Ananız bu barədə nə deyirdi?

- Anam mənimlə danışmadı. Mən üç balamla günlərcə ac qalırdım. Rəfiqələrim bizi qonaq çağırırdı tez-tez. Bilirdilər ki, evdə yemək yeyə bilmirik.

- İndi vəziyyət necədi?

- Pis deyil, idman kompleksində xadimə işləyirəm. Böyük qızım universitetdə oxuyur, balacalarsa məktəbdə. Allaha çox şükür, yarıac da olsaq döyənimiz, söyənimiz yoxdu.

Bunları sizə ona görə danışmadım ki, mənə yazığınız gəlsin. Qoy qızlar oxuyub görsünlər ki, “ərə getmək xətrinə ərə getmək” olmaz. Qətiyyən olmaz. Valideynlər də yanıla bilir bəzən. Hər şey bir kənara, boşanmış qadın damğasını daşımaq çox çətin və ağrılıdı, inanın mənə. Adicə bir şeyi deyim, bu yaxında qapıya işıq pulu yığan gəldi ki, borcunuz var, işığınızı kəsirəm. Dedim ki, 4 günə maaş alasıyam, kəsməyin, evdə 3 uşaq var. Mənə bilirsiz nə dedi: “Səndən neçə vaxtdı xoşum gəlir e mənim.” Elə bil üzümə dedi ki, sən fahişəsən. İnsanlar dərk edə bilmir ki, boşanan qadın da qeyrətli ola bilər. Hətta bir çox ərlərdən daha qeyrətli.

# 18672 dəfə oxunub

Müəllifin son yazıları

# # #