Mo Yan nə deyir? “LITERATURŞİNA” POLEMIKASI

Mo Yan nə deyir? “LITERATURŞİNA” POLEMIKASI
17 oktyabr 2013
# 15:30

Kamal Abdullanın müsahibəsiylə başlayan literaturşina müzakirəsi davam edir.

Bu dəfə Qismətin tərcüməsində Mo Yanın “Qızıl darı tarlaları” romanına yazdığı ön sözü təqdim edirik.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

“Qızıl darı tarlaları”nı niyə yazdım?

“Qızıl darı tarlaları” mənim yazdığım doqquz uzun romandan biridir, amma bu romanların içində ən çox çox marağa səbəb olan da bu romandır. Buna görə də Mo Yandan danışılanda, tez-tez “Qızıl darı tarlaları” yazan Mo Yan deyirlər. Romanın ilk bölümü olan “Qızıl darı tarlaları”nı 1984-cü ilin qışında bitirdim, o vaxtlar uzun bir hekayə idi və uzun hekayə kimi də çap edildi. İlhamım bir təsadüfdən yaranmışdı.

O ərəfədə bir ədəbiyyat konfransındaydım, ordakı köhnə kişilər belə bir mövzu açdılar: Çin Kommunist Partiyasının qurulmasından bu yana iyirmi səkkiz il mücadilə içində keçdi. Köhnə nəsildən bir çoxu bu savaşın içindən keçib gəlib və əllərində çoxlu material var, amma artıq bunu yazacaq enerjiləri qalmayıb. Çünki “Mədəniyyət inqilabı” onların ən məhsuldar dönəmlərini kölgələyib; gənc nəslin enerjisi var, amma bunu yazacaq şəxsi təcrübələri yoxdur, iş belədirsə, onlar savaşı və tarixi hadisələri ədəbiyyata necə gətirəcəklər?

Söhbətin bu yerində mən ayağa belə dedim : “Biz bu qüsurumuzu başqa yollarla həll edə bilərik. Top-tüfəng səsini eşitməsək də, fişənglərin partlamasını eşitmişik; insanın ölməyini görməsək də, donuzun kəsilməyini görmüşük, mən öz əllərimlə toyuq da kəsmişəm. Əlimdə süngüylə yaponlarla döyüşməsəm də, bunu necə bir şey olduğunu filmlərdən görmüşəm. Romançının işi tarixi birəbir kopyalamaq deyil, bu tarixçilərin işidir. Romançılar savaşı - insanlıq tarixi boyunca cahillik ucbatından ortaya çıxan bu məsələni - nəql edərkən, onun, yəni savaşın insan ruhunu necə pozduğunu və insanın müharibə vaxtı necə dəyişdiyini ifadə edirlər. Demək istəyirəm ki, heç müharibə təcrübəsi olmayan bir adam da müxtəlif yollarla öyrənərək müharibədən yaza bilər”

Çıxışımı bitirən kimi bir nəfər ağız-burnunu əyib məni lağa qoydu. Sonra başqaları mənim təkəbbürlü, cahil, bəziləri isə göyləri və qaydaları inkar edən pozğunun biri olduğumu dedilər. Bəzilər də məni düşdüyü quyunun dərinliyindən bixəbər adlandırdılar. Yazıçılıq həyatım boyunca özümü bir neçə dəfə uçurumun ucuna sürükləmişəm. Öz fikirlərimin doğruluğunu isbat etmək üçün tezcə qələmə sarılıb savaş haqqında bir roman yazmağa başladım, amma qələmi kağızla qovuşdurmamışdan qabaq, araşdırmaya çoxlu vaxt sərf etdim. Gördüm ki, inqilabdan əvvəl yazılan romanların çoxu müharibə haqqındadır, amma o romanların hamısı müharibəni təzədən istehsal etməkdən başqa heç nə etməyən əsərlərdi. Bu romanlar adətən səfərbərlik ərəfəsi ilə başlayıb zəfərlə bitən hekayələrdən ibarətdilər ; yazıçılar sadəcə müharibə prosesinə fokuslanırlar, romanın uğuru da yazıçının bu prosesi nə qədər realist işlədiyi ilə ölçülürdü. Yeni nəsil yazıçıların müharibə təcrübəsi olan köhnə nəsil romançıları təkrar etməsi, hətta onlar qədər yaxşı yazmağı artıq heç nəyi ifadə etmir. Məncə müharibə, yazıçının yazı prosesində borca götürdüyü məkandan,mühitdən başqa heç nə deyil, əsas məsələ bu mühitdən istifadə edib insanların bu özəl vəziyyətdəki duyğu və düşüncələrini ifadə etməkdir. Məsələn, Sovet İttifaqı dönəmində çəkilmiş “Əsgərin nəğməsi” adlı məşhur filmi götürək. Filmdə çox əzab çəkmiş və intiqam atəşi ilə yanıb-qovrulan, Qızıl Orduya mənsub bir qadın əsgər var. Onun vəzifəsi qırx ağqvardiyaçını öldürəndən sonra, savaş əsirlərinə bələdçilik etməkdir.O, vəzifəsi sırasında birlikdən ayrılıb, yaraşıqlı, incəsənəti təhsilli əsir zabitlərdən biriylə bir kimsəsisz bir adaya gedir. Çox keçmir ki, aralarında sevgi yaranır və bir yerdə yaşamağa başlayırlar, aralarındakı sinfi fərqi unudurlar. Bir gün qəfildən ağqvardiyaçı gəmi gəlir, zabit gəmini görən kimi geri qayıtmaq istəyir, qəfil qadının da sinfi şüuru geri qayıdır və zabiti sevgilisini sahildə öldürür. Belə bir hadisənin həyatda bizim qarşımıza çıxması demək olar ki, qeyri-mümkündür. Yazıçı belə bir vəziyyət yaradıb bizi təcrübənin içində atır.Buna “insan ruhu laboratoriyası” demək olar. Bu anlayış və bu cür yazma metodu bugünün reallığından baxanda, çağdaş ədəbiyyatın yazı qaydalarına çox uyğundur, amma 80-ci illərin əvvəlində baş vermiş və uzun müddət dominant olan “sol” anlayış bu yanaşmanı hələ də mühakimə edir, bunu qəbul edilməz sayır.

Mən belə bir başlanğıc nöqtəsi ilə yazmağa qərar verdim, bir fikrin üstündə düşünməyə başlayanda, ağlıma ilk gələn öz kəndim oldu. Balaca olanda iqlim indiki ilə eyni deyildi, tez-tez yağış yağardı, hər yaz və payızda sel olardı; buna görə də kəndimizdə boyu sel sularından hündürdə qala bilən darı yetişdirilirdi. O vaxtlar əhali az, ərazilər geniş idi, hər payız kəndlər ucsuz-bucaqsız darı tarlaları ilə əhatələnmiş olurdu. Babamla nənəmin yaşadığı vaxtlarda isə yağış daha çox, əhali daha az imiş; o qədər çox darı varmış ki, qış gələndə belə məhsulu yığılmamış tarlalar qalarmış, bu darı tarlaları da kəndləri quldurlardan qoruyan əngəl funksiyasını yerinə yetirərmiş. Nəhayət darı tarlalarını bir səhnə olaraq götürüb, içinə yaponlara qarşı müqaviməti və sevgi hekayələrini yerləşdirdim; sonralar tənqidçilərin çoxu romanımdakı darı tarlalarını təkcə bitki yox, milli ruhu təmsil edən metafora saydılar. Romanımın ilk hissəsinin qaralamasını bir həftəyə yazdım.

“Qızıl darı tarlaları” qonşu kənddə baş vermiş gerçək bir əhvalatdır.Bu kəndin partizan dəstəsi Jiaolai çayının üstündəki körpünün başında pusqu qurub balaca bir yapon dəstəsi vuruşubmüş, hərbi bir maşını yandırıb o vaxtın şəraitinə görə böyük zəfər qazanıblarmış. Çox keçməmiş yapon briqadaları əvəz çıxmaq üçün geri dönmüş və kənddə partizan dəstəsindən heç kimi tapmayanda, yüzdən çoxlu kəndlini öldürüb, kənddəki bütün evləri yandırıb.

Romanın filmi çəkiləndə, ətli-budlu, diri nənəmin rolunda Gong Li çəkildi, amma mən qadınları tam başa düşə bilmirəm, romanda sadəcə xəyalımdakı qadını təsvir etmişəm. 30-cı illərdə əyalətlərdə mənim romanda təsvir etdiyim qadınlara bənzəyən qadınlar çox az idi, nənəm də, əslində, mənim fantaziyamın məhsuludur.Romanımdakı qadınlarla günümüzdəki qadınlar arasında çox fərq var; bu gün qadınlar daha çətin şərtlərə dözürlər, onlar artıq romantik ruha sahib deyillər elə bil.

Düşünürəm ki, yaxşı yazıçı orjinal olmalıdır, təbii ki, eyni zamanda yaxşı roman da orjinal olmalıdır. “Qızıl darı tarlaları” sensasiya yaratdı; bunun səbəbi orjinal roman olmağıdır. Romanın yazılmasının üstündən təxminən 20 il keçəndən sonra belə əsərin təhkiyəsindən hələ də məmnunam.

Əvvəlki romanlarda hekayə birinci, ikinci və ya üçüncü şəxsin təkindən nəql edilirdi, “Qızıl darı tarlaları”nın əvvəlindən təhkiyəçi əsərə “Babam” və “Nənəm” deyərək girir, bu həm birinci şəxsin təkindədir, həm də hər şeyi bilən müdrik təhkiyəçinin rakursundan yazılıb. “Mən” yazanda bu birinci şəxsdir, amma “Nənəm” yazan kimi baxış bucağı nənənin olur. Beləcə onun iç dünyasını birbaşa ifadə edə bilirsiniz və bu, məncə, romanımın stukturuna çox uyğundur. Bu, birinci şəxsin təkindəki təhkiyəçidən daha zəngin və daha açıq bir rakursdur; bu təhkiyə o dönəm üçün yenilik sayılırdı. (Qeyd : Çin dili tək hecalı dildir. İki ayrı söz olan “mən” və “nənə” yan-yana gələndə, “mənim nənəm”, ya da “nənəm” kimi mənalara bürünməklə bərabər, tək başlarına da öz mənalarını qoruyurlar.)

Bəziləri “Qızıl darı tarlaları”nda Markesin təsirinin olduğunu deyir; bu barədə təkcə onu deyə bilərəm ki, bu sadəcə təxmindir, ehtimaldır. Markesin “Yüz ilin tənhalığı” romanını 1985-ci ilin baharında oxudum, o vaxta qədər dilimizə çevrilməmişdi. “Qızıl darı tarlaları”nı isə 1984-cü ilin qışında yazmışam, romanımın üçüncü bölümü “Köpək cığırları”nı bitirəndən sonra, Markesin gözəl romanını oxumağa başladım. Düzü deyim ki, indiyə qədər heyfslənirəm ki, niyə Markesin metodu daha əvvəl mənim ağlıma gəlməyib. Əgər Markesin əsərini öz romanımı yazmamışdan əvvəl oxusaydım, yəqin ki, başqa cürə yazardım.

Mən və mənim nəslimdən olan romançılar, şübhəsiz ki, qərb ədəbiyyatından çox təsirlənmişik; 80-ci illərdən əvvəl Çin qapalı bir toplum idi, Qərb ədəbiyyatındakı yeniliklərdən, yeni yazıçılardan, möhtəşəm əsərlərdən heç birimizin xəbəri yox idi. İqtisadi reformadan sonra kənara çıxmağa başladıq və Qərb ədəbiyyatındakı əsərlər də dilimizə çevrilməyə başladı; iki-üç il boyunca çılğınca mütaliəyə girişdik, təbii şəkildə oxuduqlarımızdan təsirləndik. Beləcə təsirləndiyimiz yazıçıların izlərinin fərqində olmadan əsərlərimizə sızdığını gördük.

Tarix və müharibə haqqında yazılan bu romanın – “Qızıl darı tarlaları”nın böyük maraqla qarşılanmasının səbəbi məncə, əsərin o vaxtkı Çin xalqının maraqlarını ifadə etməsidir. Uzun müddət təzyiq altında qalmış bir toplum, içində danışmağa, düşünməyə və hərəkətə keçməyə cəsarət edən azad fərdlərin olduğu bir romanı oxuyanda, əlbəttə təsirlənməliydilər. Əvvəllər romanın cəmiyyətə təsirindən o qədər xəbərdar deyildim, düzü insanların belə bir şeyə ehtiyac hiss etdiklərini düşünməmişdim. Əgər “Qızıl darı tarlaları”nı indi yazsam, bu qədər təsirli olacağına inanmıram, bugünün oxucularının oxumadığı nəsə qalıbmı ki ? İnsanların taleyi olduğu kimi əsərlərin də taleyi var.

# 3964 dəfə oxunub

Müəllifin son yazıları

# # #