Gənc Zamiqin ehtirasları

Gənc Zamiqin ehtirasları
12 mart 2015
# 12:41

Bu yazı bir hissə də ola bilər, Santa-Barbara da... SMS-lə müəyyən edəcəyik. Davamı olsun deyənlər “DO” yazıb 1998-ə, olmasın deyənlər “YO” yazıb 2015-ə göndərsinlər. Sıxlaşın, getdik!

***

“Vəhşi mələk” serialının gözəlçəsi Natalia Oreironun “nakleyka”lı fotoları məktəbimizin qabağındakı budkada bir “Nizami”yə satılan illərdə, qızlar dən-dən göz yaşı töküb dəliqanlı ürəyimizi tələyə salırdılar.

Bakıya sual verən peşman idi, şəhər o dəqiqə təzə-təzə boy atan nida işarəsi göydələnləriylə adamı susdururdu.

Yeni aldığım yaşıl sviterə bir flakon ətir sıxıb paralel sinifdəki qızların arzu orbitinə öz istehsalım olan şairanə ümid qırıntıları tullamaq fikriylə məktəb qapısını açdığım günlərdən birində, sinif yoldaşlarımdan kimsə üstümə atıldı:

“Sinfimizə təzə oğlan gəlib, bilirsən?”

Bilmirdim. Harda biləydim? Hamı kimi mən də evdən gəlirdim, amma qapıda adamın üstünə atılıb məktəbin təzə xəbərlərini tanıdığı hamıya pulsuz paylayan euronews sinif yoldaşımın bütün bunları hardan bilməsini, doğrusu indi də çözə bilmirəm.

Məktəbin tətilə bağlanmağına hələ çox var idi və bəndəniz indi əmsalı 1.15 olan ehtimalla əminəm ki, həmin yay Braziliya Fransaya 3-0 uduzandan, Zinəddin Zidan da bir gecəyə bütün məhlədə məşhurlaşandan sonra, mənim Zamiqlə can-brat olmağım da sürətləndi. Amma həmin yay tətilinə və dünya çempionatının finalınacan çox şeylər olmuşdu...

***

“Sinfimizə təzə gələn oğlan” elə birinci dərs günündəcə utanıb-sıxılmadan, cayıllar demiş, bütün söhbətlərə kurs olmağa başladı. Müəllimlərə reaksiya verdi, replika atdı, tənəffüsdə bütün “kruq”larda bir-iki dəqiqə fırlanıb özünü tanıtdı. Bir günün içində hamının qəlbini fəth elədi. Gəldiyi gün xahiş elədi ki, onu birinci sırada oturtsunlar, boyu balaca olduğu üçün lövhəni yaxşı görmür.

Zamiq hansı sürətlə məktəbə adaptasiya olmuşdusa, həmin sürətlə də aşiq oldu – C. adlı sinif yoldaşımıza. Sevgi nə Zamiqə düşdü, nə qıza, nə də bizə.

Müəllim C-ni dərs danışmağa çağıran kimi Zamiq qışqırırdı: “C., otur!” Əsəbi müəllim səsini qaldırır, gözünü bərəldir, “zavuç”lardan kimisə çağırtdırırdı; Zamiqinsə vecinə olmurdu, dediyindən dönmürdü: “C., dərs danışmayacaq!”

Yazıq C. ayağa qalxmaqla, oturmaq arasında çırpınır, zavallı gözlərlə gah öz Romeosuna, gah da müəllimə baxırdı. Amma həmişə sevgi təhsilə qalib gəlirdi.

Zamiqin vor-zakon sevgili imici bununla da bitmirdi; artıq bütün məktəb onu qızlar tualetinin qabağında görməyə alışmışdı. Aşiqlər aşiqi ayaq yolunun qabağında keşik çəkir, sevgilisinin işini görüb çıxmasını gözləyirdi, çünki hardansa ağlına girmişdi ki, birdən qızı tualetin qabağından götürüb apararlar. İnsan surətilə zarafat olmaz, amma gərək deyim, C. elə bir qız idi ki, onu qaçırmaq olmazdı, olsa-olsa bonus kimi nəyinsə üstündə hədiyyə vermək olardı. Orasını da deyim ki, çox həlim xasiyyətli, ağzı var dili yox, insanda sonsuz mərhəmət oyandıran bir qız idi və elə bu cəhətlərinə görə ona böyük sayğı duyurduq, üstəlik Zamiq kimi plastilin xasiyyətli, civə hərəkətli, rezin mahiyyətli bir adamın yanında C. az qala Məryəm Anaya bənzəyirdi.

Zamiqdə şeytan tükü vardı, bəlkə də təkcə tükü yox...

Hər günümüz qalmaqallı keçirdi: gah müəllimlərlə qız üstündə dilləşir, gah da paralel sinifdən kiməsə söz atıb bizi “razborka”ya salırdı. Amma hamımız onu çox istəyirdik. İlanlar təsdiqləyərmi bilmirəm, amma zalım çox şirindil idi.

İlleqal işlər barədə hamını həvəsləndirməkdə mahir idi: şatala çıxmaq, dərsdən qaçmaq, yeni il şənliklərinə mineral su butulkasında araq gətirmək və s. Zamiqin çəkməklə də, içməklə də sən deyən arası yox idi, amma kimdənsə yaxşı ideya gələndə, qəşəng katalizatorluq edirdi. Elə dilli-dilavər idi ki, mən onun simasında adlı-sanlı molla, ya da əbədiyyən parlamentdə oturası bir millət vəkili görürdüm. Amma onun arzusu daha böyük idi – prezident olmaq istəyirdi!

Sonradan BDU-nun tarix fakültəsinə girdi, üçüncü kursdan qovdular. Dərsə o qədər getməmişdi ki, imtahanda qrup yoldaşları onu tanımamışdı...

Yaşımızın gözəl çağıydı: bütün aylar bizim üçün mart, bütün fəsillər bahar idi. Yuxuda hərəmxana saxlayırdıq, döşəyimizin altında porno kasetlər, playboy jurnalları. Xəzinədar mən idim, Tinto Brass sağ olsun!

Yazmağa başlamışdım, gözəllik görəndə ürəyim ayaqlarımı ötürdü, elə bilirdim yerimirəm, şəffaf, gözəgörünməz nəyinsə üstündə süzürəm.

Yerin cazibəi qüvvəsini hiss eləmirdik. Fizikanın şapalağını yemək üçün Galatasaray UEFA kubokunu qazanan il hədsiz biabırçı adı olan “Bədo” barına getmək lazım imiş...

(Ardı ola bilər...)

# 1620 dəfə oxunub

Müəllifin son yazıları

# # #