Dördüncü Sənaye İnqilabında bizi nə gözləyir?

Dördüncü Sənaye İnqilabında bizi nə gözləyir?
6 fevral 2020
# 12:03

Kulis.az Qismətin “XXI əsrin söhbətləri” silsiləsindən 5-ci yazısı olan "Sənaye 4.0"ı təqdim edir.

Təzə əsrin əhvalını bütün varlığıyla hiss edən dostum Qanturalıya.

Dünyanın hansı qabaqcıl nəşrini açıramsa, təxminən oxşar xəbərdarlıqla qarşılaşıram: Həyatımızı, ünsiyyətqurma tərzimizi, ictimai-siyasi mühitimizi, əyləncə vərdişlərimizi, təhsil, tibb və nəqliyyat sahəsindəki anlayışlarımızı kökündən dəyişdirən bir inqilabın, bir paradiqma dəyişikliyinin ərəfəsindəyik: Sənaye 4.0, yaxud Dördüncü Sənaye İnqilabı və ya ingiliscə deyildiyi kimi: İndustry 4.0

Bəs yaxşı son illərdə bütün aparıcı elmi nəşrlərində təkrarlanan, dövlət başçılarının dilindən düşməyən bu termin nəyi ifadə edir?

Görkəmli futuroloq Rey Kurzveyl “İnsan 2.0” kitabında yazır ki, XXI əsrdə inkişafın sürəti dənə-dənə, pillə-pillə yox, dəfə-dəfə, artan təcillə, sıçrayışlarla baş verir. Çünki əvvəllər hər şeyi özümüz edirdik, indi isə tək deyilik, əlimizin altında super inkişaf etmiş texnologiyalar var. Məsələn, Çilidəki ALMA super-teleskopu (bir teleskop kimi işləyən 66 teleskop) qısa zamanda ağlasığmaz həcmdə informasiya əldə edib.

Dünyanın aparıcı beyinləri deyirlər ki, idarəçilərin, qərarverənlərin ənənəvi, birbaşa düşüncədən xilas ola bilməməsi, innovasiyalarla bağlı strateji qərarlar verməyəcək qədər lokal məsələlərdə ilişib qalması narahatlıq doğurur.

Bu yeniliklər “biz kimik?” sualının mənasını da dəyişdirir. Yaxın gələcəkdə ənənəvi mənada insan anlayışı aradan çıxacaq, sadə dildə desək, artıq qərarlarımızın yarısı bizə aid olacaq, yarısı süni zəkaya.

Bu paraqdiqma dəyişikliyi ilə bağlı qorxuya düşənlər, yaxud məsələdən min işıq ili uzaqda olanlar adətən özünəqoruma instinkti ilə deyirlər ki, mən qoşulmayacam, analoq həyatıma davam edəcəm. Görünür bu cür cavablar təkcə bizdə səslənmir deyə, mütəxəssislər elə bu düşüncə ilə bağlı belə deyirlər: elə bir dəyişiklikdən söhbət gedir ki, artıq “qəbul et, yaşa” və ya “rədd et, onsuz yaşa” arasında ikili seçimə sahib deyilik. Məsələnin miqyası hədsiz böyükdür.

Sənaye inqilabları

Təxminən 10 min il bundan əvvəl həyatımızdakı böyük dəyişikliklərdən biri baş verdi: ovçuluqdan, yığıcılıqdan əkinçiliyə keçdik. Mədəniyyət burdan başladı, məlumdur: kultura – kultivasiya, becərmək sözündəndir. Heyvanları əhliləşdirdik və inqilab oldu: insan əməyi ilə heyvan əməyi birləşdi və bunun nəticəsində daha geniş, daha stabil yaşayış yerləri yaratdıq, şəhərlər qurduq. Amma əsas inqilablar hələ qabaqdaydı.

XVIII əsrin ikinci yarısından etibarən bir-birini izləyən sənaye inqilabları baş verdi. Əzələ qüvvəsi mexaniki güclə əvəzləndi. Birinci Sənaye İnqilabı, təxminən, 1760-cı ildən 1840-cı illərə qədər çəkdi. Bu ərəfədə dəmir yolları inşa edildi və buxar maşınları mexaniki istehsalın dayağına çevrildi.

XIX əsrin axırları, XX əsrin başında İkinci Sənaye İnqilabı baş verdi. Bu zaman elektrik və konveyer üsulu həyatımıza daxil oldu, istehsal bumu baş verdi.

Üçüncü Sənaye İnqilabı 1960-cı illərdə başladı. 60-80-ci illər arasında kompüterlərin, 90-cı illərdə internetin lokomotiv funksiyası gördüyü bu inqilaba texnoloji mahiyyətinə görə, kompüter inqilabı və ya rəqəmsal inqilab da deyirlər.

XXI əsrdə düz astanasında olduğumuz Dördüncü Sənaye İnqilabı özündən əvvəlki rəqəmsal inqilabın üzərində yüksəlir. Onun yeni əsrin ilk 20 ilindəki xarakterini mobil internet, ucuzlaşan xırda, amma güclü sensorlar və süni intellektlə ifadə edirlər. Massaçusets Texnologiya İnstitunun professorları Erik Brinyolfson və Endryu Makefi 2014-cü ildə çap edilən eyniadlı kitablarında bu yeni dövrə “İkinci maşın epoxası” deyirlər.

Dördüncü Sənaye İnqilabı termini ilk dəfə 2011-cı ildə, Almaniyada, Hannover Yarmarkasında istifadə edilib. Bu inqilab təkcə ağıllı (smart) texnologiyalarla bağlı deyil, genetikadan nanotexnologiyalara, bərpa olunan enerji mənbələrindən kvant mexanikasına qədər bir çox sahəni özündə birləşdirir. Alimlər yazırlar ki, bu dəyişikliyin əvvəlkilərdən əsas fərqi odur ki, ötən əsrlərdə baş verən inqilablar dünyanın hər yerində eyni sürətlə yayılmırdı. Məsələn, dünyada təxminən 1,3 milyard insan hələ də elektrikə sahib deyil, yəni İkinci Sənaye İnqilabı dünya əhalisinin cəmi 17 faizinə çatıb. Bir başqa misal, inkişaf etməkdə olan ölkələrdə yaşayan 4 milyard insanın internetə çıxış yoxdur, yəni Üçüncü Sənaye İnqilabı onlar üçün hələ tam baş verməyib. Birinci Sənaye İnqilabının simvolu sayılan toxuculuq maşınının Avropadan kənara yayılması 120 ilə başa gəlmişdi, amma bugün internetin dünyaya yayılma sürəti on illiklərlə yox, aylarla hesablanır.

Artıq müəllifsizləşən məşhur bir misalda deyildiyi kimi, Birinci Sənaye İnqilabından çıxarılan dərs bugün üçün də keçərlidir: İnkişafı müəyyənləşdirən əsas meyar cəmiyyətlərin innovasiyanı dərketmə dərəcəsidir!

Az aşım ağrımaz başım

XXI əsrdə avtomatlaşmanın yaratdığı imkanlar sayəsində böyük şirkətlər daha az güclə daha çox, yaxud elə əvvəlki qədər qazanırlar. Yeni əsrin ekonomistləri yazırlar ki, 1990-cı ildə Detroitdəki üç böyük şirkətin birgə bazar qiyməti 36 milyard dollar idi və üçünün birgə gəlirləri 250 milyarda çatırdı. O vaxtlar bu şirkətlərdə 1,2 milyon insan işləyirdi. 2014-cü ildə Silikon Vadisindəki üç böyük şirkətin birgə bazar qiyməti 1,09 trilyon dollardır, qazancları təxminən 90-cı illərdəki qədər – 247 milyard, amma on dəfə az işçiylə. Bu şirkətlərdə cəmi 137 min adam işləyir.

Yeni əsrin reallıqlarından biri də odur ki, xeyli təzə şirkət depolama, çatdırılma və istehsal xərci sıfır olan “rəqəmsal mallar” buraxır. Bəzi şirkətlər heç nə istehsal etmirlər, sadəcə sayt, yaxud mobil aplikasiya vasitəsilə idarə edilən virtual bir platforma yaradırlar və başqalarının istehsal etdikləri şeyləri başqalarına satırlar. Reallıqda heç bir binası, ofisi olmayan bu şirkətlər sadəcə virtual bir platforma yaradaraq sifarişlər qəbul edir və satış aparırlar. Ümumiyyətlə təzə əsrin trendlərindən biri home-office-dir, yəni evin iş yerinə çevrilməsi. Yeni nəsil üçün əvvəlki kimi əzəmətli binalar, bürokratik prosedurlar maraqlı deyil, internet bağlantısı olan istənilən məkan iş yeridir.

Gələcəkdə indidən “məkan və zaman israfı” hesab edilən bu cür binalar sıradan çıxacaq, yaxud təyinatı dəyişəcək. Tutalım, universitet binalarına ehtiyac olmayacaq, əgər skayp vasitəsilə konfrans etmək mümkündürsə, köhnəlmiş mexanizmlərə ehtiyac qalmır. Müəllim əvvəlcədən dərsin vaxtını elan edir, təyin edilmiş vaxtda evdən, yaxud kafedən onlayn dərsə başlayır, tələbələr də evdən, parkdan, kafedən – harda internet varsa, ordan dərsə qoşulur. Sonda müəllim lazımı vəsaitin pdf variatını eyni anda hamıya göndərir, vəssalam. Başa düşürəm ki, bunu qavramaq daşlaşmış vərdişlərimizə görə elə də asan deyil, hətta bəlkə də kimlərəsə gülməli də gəlir, amma dünya üçün artıq gülməli olan köhnə modellərdir.

Gələcəyin jurnalistikası daha çox elektron olacaq və bu sahədə də optimallaşma getməkdədir. Saytı evdən işlədə bilirsənsə, hər səhər tezdən durub şəhərin bir ucundan o biri ucundakı ofisə gələrək bir yazını sayta qoymaq xeyli dərəcədə absurd işdir, indidən bununla bağlı müzakirələr gedir.

Elektronik burun

Son vaxtlar Bred Pittin sevgilisi kimi ad çıxaran professor Neri Oksman yeni əsrin avanqard memarlıq layihələrini həyata keçirir. O, laboratoriya şəraitində bitki və heyvanlar aləminin xüsusiyyətlərindən istifadə edərək fasiləsiz şəkildə dəyişəbilən, başqa-başqa formalarda təzədən yaradıla bilən nəsnələr yaradır, hətta bunlara yaratmaq yox, “yetişdirmək” deyir. Oksman sənət, biologiya, kompüter texnologiyası ilə memarlığı birləşdirərək bənzərsiz işlər görür. Doktorluq işinin adı təxminən belədir: “Şüurlu maddələr dizayn etmək.”

Bu linkdə Ted çıxışı var: https://www.ted.com/talks/neri_oxman_design_at_the_intersection_of_technology_and_biology?language=tr

Ümumiyyətlə yeni əsrin meqatrendlərini əsasən dörd başlıq altında toplayırlar:

  1. Pilotsuz nəqliyyatlar
  2. 3D printerlər
  3. Super-robotlar
  4. Yeni maddələr

Pilotsuz nəqliyyatların miqyasını yəqin ki, çoxumuz yaxın vaxtlardakı ABŞ-İran gərginliyində hiss etdik, bu hələ hərbi məqsədlər üçün istifadə edilən növdür. Gələcəyin şosselərində, yollarında bu cür adamsız maşınlardan çox görəcəyik, əkinçilikdə ərazini tanıyan və daha məhsuldar nəticələr əldə edən insansız traktorlar artıq sınaqdan çıxıb.

3D printerlər təxminən bizim istifadə etdiyimiz printerlərin prinsipiylə işləyir, amma kağıza yazı köçürmür, mini-fabrik, mini-zavod kimi yeni nəsnələr əmələ gətirir. Bu texnologiyanın böyük külək durbinlərindən xırda tibbi implantlara qədər geniş spektrdə istifadə ediləcəyi indidən məlumdur.

2016-cı ildə Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum ölkəsinin gələcəklər bağlı strategiyasını açıqlayarkən 3D printerlər vasitəsilə tikilən evlərdən bəhs etdi. İdeya budur ki, 3D printerlər vasitəsilə az məsrəfə çoxsaylı evlər tikərək evsizlik problemini həll etmək olar. 2030-cu ilə qədər bu ideyanı həyata keçirmək üçün Dubayda “Gələcək Fondu” yaradılıb.

Super-robotların işləmə mexanizmi təbiətin qəliblərini, işləmə strategiyalarının əsas götürür və bu, bio-mimikriya adlanır. Sensorların günü gündən inkişaf etməsi nəticəsində robotlar ətraf mühiti daha yaxşı tanımağa, çevrəyə daha tez uyğunlaşmağa başlayıblar ki, bunun nəticəsində reaksiyalarında xeyli irəliləyişlər müşahidə edilir. Belə ki, indi robotlar bulud texnologiyası (cloud computing) vasitəsilə uzaqdan istənilən informasiyaya çata bilirlər, beləcə, başqa robotların qoşulduğu mərkəzi sistemdə bir-biriylə kontakta keçmək imkanları olur. Yəqin ki, yaxın gələcəkdə insan-robot münasibətləri adi həyat norması olacaq.

Yeni maddələr mövzusu çox genişdir, buna məşhur nümunə kimi qrafeni misal gətirmək olar. Qrafen dəmirdən 200 dəfə güclü, insan saçından bir milyon dəfə nazik, çox effektiv şəkildə istilik və elektrik ötürücülüyü malik olan nano-maddədir. Hələlik çox bahalıdır, bir mikrometr qrafen dənəsinin qiyməti 1000 dollardan yuxarıdır, qiyməti düşəndə istehsalatda ciddi dəyişikliklər baş verəcək.

Yaxın tarixdə Zürihli alimlər dünyanın ən kiçik “elektronik burnu”nu icad etdilər. Bu elektronik burun zəlzələ, qar uçqun kimi təbii fəlakətlərdə daha çox insanı xilas etməyə yardımçı olacaq. Məlum oldu ki, əcdadlarımızın “burnunu hər yerə soxma!” xəbərdarlığına əməl etməklə heç nəyə nail olmaq mümkün deyil. Gələcəyi “başından böyük işlərə girişən”lər, “burnunu hər yerə soxan”lar qurur.

2020, 4 fevral

# 3377 dəfə oxunub

Müəllifin son yazıları

# # #