Robotlar şəhid ola bilərmi?

Robotlar şəhid ola bilərmi?
5 mart 2020
# 11:56

Çoxdandır özümü məşhur lətifədəki absurdun içində hiss edirəm:

“Kəndə gedirsən?”

“Yox, kəndə gedirəm.”

“Elə bildim kəndə gedirsən...”

Amma neyləməli, səbrimizi basıb izah etməkdən başqa çarə yoxdur.

Oskar Vayldın “Dorian Qreyin portreti” əsərinə yazdığı ön sözdə məşhur bir cümləsi var: “XIX əsrin realizmə olan qəzəbi öz üzünü güzgüdə görən Kalibanın qəzəbidir. XIX əsrin romantizmə olan nifrəti öz üzünü güzgüdə görə bilməyən Kalibanın nifrətidir.”

Vayldın dərdi nə romantizmlə, nə də realizmlə bağlıdır. O, sənətin mahiyyətini dekorasiyaya, gözəlləməyə, tərifə müncər edənlərə hücum çəkir. Bunu bilmək üçün Kalibanı tanımaq lazımdır.

Şekspirin “Fırtına” pyesinin personajlarından biri olan Kaliban çirkin bir məxluqdur. Pyesdə Kaliban ilk dəfə güzgüdə özünü görəndə qəzəblənir. Bu, Avropa ədəbiyyatının ən məşhur simvollarından biridir – gerçəkliklə üzləşməkdən doğan qəzəb. Uaylddan 22 il sonra modernist Coys “Uliss”də bir addım da qabağa gedib yazacaqdı ki, irlandiyanın simvolu artıq sınmış güzgüdür.

Estetlərin atası Uayldın frazası mənim üçün kritik, tənqidi düşüncənin əhəmiyyəti haqqında çox önəmli misaldır. Arabesk tonlarda “hepimiz kardeşiz” oxumaqla proqresdən söhbət gedə bilməz. Bu gün Dublin dünyanın mədəni mərkəzləri içində boy göstərə bilirsə, “Uliss” romanı dünyanın hər yerindən ədəbiyyat zəvvarlarını şəhərə cəlb edirsə, romanın sujet xətti üzrə turistik turlar təşkil olunursa, əsərdə istifadə edilən sabun markası belə brendə çevrilirsə, bu, irlandların “bizdən böyük xalq yoxdur, ən böyük bizik, bizdə səhv axtaran qanını yoxlatdırsın”, deməsiylə başa gəlməyib. Onlar Kaliban qızılcasını vaxtında keçiriblər. Bu uğurun memarları zindanlarda yatmaq bahasına ənənəvi dəyərlərə üsyan qaldıran Oskar Uayld, amansız satirasıyla Bernard Şou, qanmazlıqdan yorulanda “İrlandlar donuzdur!” çığıran Ceyms Coysdur. Bu adamlar hamısı yazılmamış, sadə bir devizdən çıxış edirdilər: xalqı xalq üçün tənqidə çəkmək, onu güzgüdəki əksiylə üzləşməyə məcbur etmək. Öz tarixiylə, öz gerçəkliylə, adət-ənənəsiylə, milli-mənəvi-dini dəyərləriylə haqq-hesab çəkməmiş, çəkişib-bərkiməmiş heç bir xalq böyük ola bilməyib.

Bədii əsərin etik-estetik mahiyyəti bir yana, yaradıcılığın sükutu pozan, passivliyi aktivləşdirən, cırnadan, cığallıq edərək bizi düşündürən üzü də var. Bu misalı Yaradıcılıq Fakültəsindəki dərslərdə danışmışam, təkrarın ziyanı yoxdur.

Ötən il “Art Basel Miami”də italyan sənətçi Maurisio Katellanın divara yapışdırılmış bananı böyük rezonans doğurdu. Sənətçi həmin bananı bazardan bizim pulla bir manata almışdı. Rezonansın səbəbi buydu: bu, sənətdirmi? Məncə, sənətçinin məqsədi də elə bu idi: bizdə “bu, sənətdirmi?” sualı doğurmaq. Bu sənət deyilsə, onda avtomatik şəkildə digər sual yaranır: “Onda sənət nədir?” Əgər iqtidarsız fallasa oxşayan bir banan müasir dünya incəsənətindən min ağac uzaq Azərbaycanda belə bizdə bu sualları doğurursa, demək müəllif çox sadə və kreativ yolla öz məqsədinə çatıb və məncə, bu, sənətdir. Bizdə belə aksiyalar ona görə alınmır ki, müəlliflər şəxsi qərəzdən böyük suallar pilləsinə qalxa bilmirlər. Bu incə xətti nəzərdən qaçırmaq olmaz.

Bu uzun girişin səbəbi müasir dünyanın geopolitik reallığında şəhidlik məsələsiylə bağlı yazacaqlarımın yanlış anlaşılacağından ehtiyat etməyimdir. Çünki məqsədim pasifizm yox, dəyişən dünyaya daha ayıq baxmaq təklifidir.

Son günlər Türkiyənin İdlibdəki hərbi əməliyyatlarından söhbət düşəndə, çağdaş texnologiyalara marağımdan xəbərdar olan bir dostum mənə maraqlı bir video göndərdi. Videoda yaxın gələcəkdə kütləvi istehsalı mümkün olan avtonom bir silah təqdim olunur.

(Bu linkdə: https://www.youtube.com/watch?v=Fh9iXHgY0hQ)

Süni intellekt gücünə özü hərəkət edən bu “böcəklər”in sensorları ətrafa insandan 100 dəfə artıq sürətlə reaksiya verə bilirlər. İnsan sifətini tanımaq qabiliyyətinə malikdirlər və 3 qram partlayıcı maddə daşıyırlar. Detallarına videoda baxarsınız, bu silahı tanıdan spiker deyir ki, 25 milyon dollara bir şəhərin yarısını yox edəcək qədər bu “böcək”lərdən yaratmaq olar. Təxminən, Məleykə Əsədovanın halal zəhmətlə qazanılmış 5 milyonluq villasından 5 dənə satsaq, düzəlir.

Bu amansız texnoloji reallığın fonunda müsəlman dünyasının vətəni qorumağın ən üst məqamı sayılan, yüzlərlə qəzələ, şeirə mövzu olan şəhidlik məktəbi sizə necə görünür? Məncə, böyük dövlətlər üçün Vətən anlayışı uğrunda ölənlərlə yox, sağ qalanlarla ölçülür. Öldürən, amma özü ölməyən robotlar necə – onları şəhid saymaq olarmı?

2020, 5 mart

# 3162 dəfə oxunub

Müəllifin son yazıları

# # #