Sirkecidə axşamüstü Qismətin yeni şeiri

Sirkecidə axşamüstü <span style="color:red;">Qismətin yeni şeiri
18 noyabr 2014
# 10:40

Mirmehdi üçün


İstanbul,
vəzir həmişə sənsən, hamı rəzildi.
Bilirəm, İstanbul,
mənzərən də hesaba daxildi.
Saat 10-dan sonra içkilərin yasaqdısa,
dünənə qədər çəkərik saatlarımızı,
ya da 12-dən sonra
Cemal Süreya vaxtını gözləyərik...

İstanbul,
dənizin ola bilməsəm də,
sərxoş gəmilərinə şərik olum,
körpü altında yatan uşaqlara at məni,
qəpik olum.
İstanbul,
hansı cümlənin bitməsini istəmir
vergül qanad martılar?
Səni bir dəfə görən
hara getsə, sənə dartılar...

İçimdəki turist narahatlıq
çemodan yığır, İstanbul.
Hansı küçəyə dönürəmsə,
tarixə çıxır, İstanbul...

Boğaza yığılıb adamlar...
Boğaza yığılmışam, İstanbul.
Nə vaxt üstünə gəlmişəm,
səndən çıxılmışam, İstanbul...

İstanbul,
ayaq izlərimi qaytarma, qalsınlar.
Bu getməyin qayıtmağı var ha,
görüm var-yoxuna
bilet alsınlar...

# 3318 dəfə oxunub

Müəllifin son yazıları

# # #