Sənət insanı necə təmizləyir?

Sənət insanı necə təmizləyir?
13 aprel 2013
# 07:00

I hissə: Şair ancaq mədh etməlidir

Aristotelçilik

Aristotel klassisizmin əsas prinsiplərini "Poetika" adlı əsərində ümumiləşdirib. "Poetika" əsərin qədim yunan ədəbiyyatını forma və məzmun baxımından təhlil/təsnif edən ilk ədəbi tənqidi kitabdır. Aristotel təkcə klassisizmin əsas prinsiplərini müəyyənləşdirməmiş, eyni zamanda bu cərəyandan sonra yaranacaq cərəyanların da başlanğıcı üçün zəmin hazırlamışdır.

Bertran Rasselə görə Aristotelin fəlsəfəsi Platonun fəlsəfəsinə bənzəyir. Aristotel də Platon kimi mövcudluğu iki fəzaya bölüb. Birinci, əbədi olan metafizik aləmdir. Bu əbədi aləmdə ölümsüz olan Tanrı mütləq mənada yaxşı, doğru və gözəldir ; çoxluqdan yaranmış təklikdir. Lakin Aristotelin Tanrı anlayışı Platondan fərqlidir : Tanrı təkcə çoxluqdan ibarət təklik deyil, o, həm də bir-birinin əksi olan ünsürlərin birləşdiyi bir ahəng toplusudur. Tanrı həm maddə (substansiya), həm də ruhdur (spirit). O, həm düşüncədir, həm də aktdır. Tanrı həm sürəti sonsuz olan hərəkətin, həm də durğun cazibənin mərkəzidir, eşqdir. Tanrı həm səbəbdir, həm də nəticədir. Aristotel Tanrının çoxluğunu əmələ gətirən fikirlərlə ( ideyaları ) və ya formalarla, bəşəri şeyləri ( universals) bir-birindən ayırır. Universallar əşyanın xüsusiyyətləridir, formalar, ideyalar isə zaman və məkanda, təbiətdə, yəni maddi aləmdə varlıqlara biçimlərini verən mahiyyətlər, potensiallardır. Deməli, Aristotel fəlsəfində təbiət ilahi potensiallarla dolu maddədir, həqiqidir və öz məqsədi ilə ilk səbəbə, Tanrıya çatmaq istəyən bir təkamül, özünü realizə mərhələsidir.

Aristotelə görə insanın həyatdakı məqsədi mövcudluq və təkamül mərhələləri içində inkişaf etmək, ilahi əslinə bənzəməkdir. İnsan bu yolda ağlının səsinə qulaq asmalı, aldadıcı olan hislərin nisbi gerçəkliyindən uzaqlaşmalı, fikirlər və ya formalar aləminin əbədi, universal həqiqətlərinə çatmalıdır. Bu təkamül modeli klassik əsərlərin onurğasını əmələ gətirir. Klasik sənət əsərlərində həm görüntü - insanın irrasional təbiəti, həm də gerçək, yəni insanın rasional təbiəti olur. Klassik sənətçi insanın hissi, irrasional dünyasını tənqid edib, ona əqli olanı, ideal olanı göstərmək üçün yazmalıdır.

Keçək Aristotelin sənətə yanaşmasına. Aristotelçilikdə incəsənətin iki yozumu var. Birincisi, incəsənət katarsisdir (= təmizlənmə, arınma), biz sənət əsəri ilə təmasda olarkən, məsələn dram əsərini izləyərkən, ordakı qəhrəmanların böyük hislərini yaşayır, bizi sıxan ehtiraslardan, emosiyalardan azad oluruq, harmoniya əldə edirik. İncənətə Aristotelin yanaşması bioloji mahiyyətlidir, biz sənət əsərinə baxarkən təmizlənirik, arınırıq, sanki sənət bizdən qan alır. Sənətin Aristotel üçün terapevtik tərəfi var idi.

İkinci yozum : incəsənət - katarsisdir, o mənada katarsisdir ki, biz əsərin bizə təsirindən əlavə, özümüzün sənət əsərinə münasibətimizlə, yəni ağlımız vasitəsilə hislərimizi nəcibləşdiririk. Deməli, burda birinci yozumdan fərqli olaraq məqsədli şəkildə kamilliyə canatma var.

Aristotelə görə sənətin əsas özəlliyi obyektivlik olmalıdır. Sənətdə orjinallıq ancaq universal şəkildə mövcud olan formanı, fikri tutmaq və onu ifadə etməkdir. Sənətçi hamılıqla bilinən bir həqiqəti sənət vasitəsilə ifadə edən kəsdir.

Klassisist sənətin məqsədi insana çata biləcəyi ən yüksək hədəfi göstərmək, onu metafizik aləmdə olan ideallar haqqında xəbərdar etməkdir. Aristotelə görə şeir ideal olanı konkretləşdirdiyi, zövq verə-verə nəsə öyrətdiyi üçün ən yaxşı tərbiyə vasitəsidir.

Əslində Aristotelin sənətə münasibətini "Poetika" kitabının girişindəki bir cümləyə yerləşdirmək olar : "Sənət təbiəti təqlid edir."

Aristotel insanı olduğundan daha yaxşı və qüsursuz təsvir edən ədəbi növə tragediya, olduğundan daha pis göstərən növə isə komediya deyirdi. O deyirdi ki, insan təbiətinin dərinliklərində iki instinkt var: bunlardan birincisi "təqlid etmə", ikincisi isə "ritm, ahəng yaratma"dır. Şairin insan təbiətinin böyümə, dəyişmə, kamilləşmə mərhələlərini təqlid edərək yazdığı tragediya ağrı verə-verə bizi tərbiyələndirir və şüurumuzun sərhədlərini genişləndirir. Aristotel ahəng yaratmanı da təxminən eyni yolla izah edir : şairlər, təbiətdəki universal təcrübənin yetkinləşmək, kamilləşmək mərhələlərini ifadə edərkən, ritmi tapıb bunu dilin musiqisi ilə birləşdirənlərdir.

Aristotelə görə dramatik təhkiyə metodları ilə yaradılan tragediya, əhvalatçılıq metodları ilə yaradılan dastandan daha alicənab və uca sənət növüdür. Tragediya ilə dastan arasındakı fərq, tragediyanın insan təcrübəsinin ən kritik məqamını tutub bir günlük bir zaman kəsimi içində və ətraflı şəkildə ifadə etməsidir. Dastanda isə insanın universal təcrübəsini bir günlük zaman kəsimi içində ifadə etmək məcburi deyil. Dastandakı bütün elementlər tragediyada olsa da, tragediyadakı bütün elementlər dastanda yoxdur.

Tragediya qəhrəmanında olmalı olan əsas özəllik "həqiqətə uyğun"luqdur. Məsələn, bir kral real həyatdakı kral kimi danışmalıdır, əxlaqi seçimləri, davranışları da krala uyğun olmalıdır. Tragediya qəhrəmanının özəllikləri cəmiyyətin dəyərlərinə uyğun olmalıdır. Kişidən gözlənilən cəsarətin qadında olması məqbul deyil.

# 4073 dəfə oxunub

Müəllifin son yazıları

# # #