Bu günlərdə Vitgenşteyinin iri həcmli bioqrafiyasını oxumaqda tələbəlik illərimin sevimli filosofu Bertran Rassellə xatirələri də xatırlayıram.
Qəfildən Namiq Hüseynovun Rasseldən tərcümə etdiyi müsahibəni (kultura.az)gördüm və ilk suala verilən cavab mənim bu sevgimin heç də əsassız olmadığını göstərdi.
“Fanatiklik nədir?” sualına Nobelli ingilis filosofu belə cavab verir:
“Bütün mədəni adamlar itlərə qarşı amansız münasibətə qarşıdırlar, amma əgər siz itlərə qarşı amansızlığı heç bir amansızlıqla müqaisəyə gəlməyəcək qədər dəhşətli hesab edirsinizsə, onda siz fanatiksiniz”.
Bu sözlərə haqq verməmək mümkündürmü?
Biz əslində saysız-hesabsız fanatiklərin əhatəsində yaşayırıq.
Bəli, bizim fanatikimiz həddən artıq çoxdur.
Hər bir öz düşərgələrinə çəkiliblər.
Əslində fanatiklərin heç biri fərd deyil.
Fərd olmağın çətinliyini də görürlər.
Buna görə də öz mövcudlarını bir küll halında təsdiq etmək istəyirlər.
Misal üçün filan təşkilatın üzvü kimi...
Ya da filan ideyanın, misal üçün millətçiliyin ya da kommunizmin daşıyıcısı kimi.
İspan filosofu Qasset “Hamı necə mən də elə” fikrinə sahib çıxıb çoxluğun hərəkətini özü üçün meyar hiss edən adamları kütlə üzvü sayır.
Kütlə də əslində fanatiklərdən ibarətdir.
Bu adamlar üçün qarşı cəbhə düşməndir.
Onlar özlərini qarşı tərəfin yerinə qoymaq barədə heç nə düşünməzlər.
Fanatiklər üçün dünyada sadəcə “biz və onlar” var.
Murakami “Kafka sahildə” romanında onları bu cür təsvir etmişdi:
“Özündən fərqli düşünənlərlə bir zərrə qədər də hörməti olmayan, ürəkləri sevgidən məhrum, dargörüşlü adamlar...
Axmaq tezislər, hər cür gəvəzəlik, ibarəbazlıq, tör-töküntü ideologiyalar, qəlibləşmiş sistemlər...”
Facebook bu cür adamları bizim bilgisayarımızın ekranına gətirib.
Orda minlərlə bu cür qruplaşmalar var.
Öz komandasına daxil olan adamın söydüyü söyüş onlar üçün qürur mənbəyidir.
Başqalarının söydüyü isə əxlaqsızlıq.
Əslində oxu vərdişi olmayan, dünyanı anlamaq üçün heç bir cəhd göstərməyən, öyrənmə ehtirasından məhrum adamlardan başqa şey də gözləmək olmaz.
Onların beyni yalanın yetişməsi və yaşaması üçün ən münbit torpaqlardır.
Amma biz özünü yazıçı adlandıran adamların da bu cür qruplar yaratdığını görürük.
Ədəbi mühitdə heç zaman yazıçı kimi təsdiq edilməyən, əsərləri publisistika sayılan yazıçıların da geniş düşünməyi bacarmayıb qrupbazlıq etməsi, sekta yaradıb orda müstəqil şəkildə dahiliklə məşğul olması Azərbaycan ədəbi mühitinin acı reallıqlarından biridir.
Sevmədiyi yerli və xarici yazıçılara hər cür həqarətlər yağdırmağı yazıçının əsas borcu hesab edən bu cür insanlar unudurlar ki, Füzulini inkar etmək Axundovun hüququdur, nəinki Məmməd Rahimin.
Öz bəsit ədəbi düşüncələrini öz təriqətlərində yaymağa cəhd edən bu adamlar böyük ədəbiyyat müstəvisində necə cılız göründüklərinin fərqində olduqlarından “Filankəs mənim yazıçım deyil”, “Bəhmənkəs yazıçı Filankəsdən güclüdür” deməklə öz bəsit ədəbiyyat biliklərini təriqət üzvlərinə yedizdirməyi də bacarırlar.
Fanatik də bunu kor-koranə qəbul edir, zira o bu təriqət üçün dəyərlidir, bu təriqət içində dəyərlidir, kənarda isə o boz, mənasız, hər cür orijinallıqdan məhrum sosial elementdir.
Dostoyevski XIX əsrdə yazırdı ki, əsrimizin insanına “siz orijinal deyilsiniz” demək ən böyük təhqirdir”.
Bəli, XXI əsrdə bu daha böyük təhqirdir, lakin bu sözün düzüdürsə onda necə?
Bu təriqət iyerarxiyasında, qrup pilləkənləri həm özlərini dahi hesab etmək imkanı qazanan yazıçılar, həm də özlərini fərd kimi təsdiq etdirib eqolarını sakitləşdirən fanatiklər üçün əlverişlidir.
Mən ədəbiyyat dünyasını daha yaxşı tanıdığım üçün bura fokuslandım, hərçənd digər sahələrdə də bu cür təriqət münasibətləri, şeyx-mürid söhbətləri aktualdır.
Qətiyyən insanları özümün mənsub olduğum fəlsəfi dünyagörüşünə ya da estetik prinsiplərə həvəsləndirmək niyyətim yoxdur.
Sadəcə bir şey demək istəyirəm.
Russodan başlanan və Azərbaycana Axundovun gətirdiyi maarifçilik fəlsəfəsinin ən əsas ideyası insanları öz ağlından istifadə etmək və ağlın, düşüncənin qarşısındakı hər cür maneələri dağıtmaq idi.
Oxuyun, öyrənin ki, düzgün düşünmək üçün bazanız olsun.
Qalan hər şey boş şeydi...