Tullayın, o uzunçu Tolstoyu...

Tullayın, o uzunçu Tolstoyu...
21 fevral 2014
# 16:05

Qan Turalı yazır...

“Hərb və sülh” romanını həcmindən qorxub oxumağa çəkinirsinizmi?

Elədisə yaxın oturun, bu yazı məhz sizin üçündür.

Yalnız sizin üçünmü?

Əsla!

Bir saata bir kitab oxusanız belə ömrünüzün sonuna qədər dünyadakı kitabların cüzi bir hissəsini oxumuş olacaqsınız.

Və dünyadakı bütün kitabları bilmədən, kim bilir bəlkə də dünyanın ən gözəl şeirini oxumadan, ən gözəl romanını vərəqləmədən, ən gözəl hekayəsindən xəbərsiz öləcəksiniz.

Eynən bir cahil kimi.

Amma cəhalətdən xilas yoxdur, anlayın bunu və sakitləşin.

(Yazının bu yerində zəruri siqaret fasiləsi verilir)

Eko da Ceyms Coysu oxumayıb, yerinizi rahatlayın...

Umberto Eko və Jan Klod Karrierin söhbətindən ibarət bir kitab var.

Adı belədir: “Kitablardan xilas olacağınızı düşünməyin”.

Bəli, bu kitab kitablar haqqındadır…

Eko aydındır, Karrier isə güclü bir bibliofil və Bunuelin ssenarilərini yazacaq qədər kamil sənətkar.

Kitabın “Oxumadığınız bütün kitablar” adlı fəsli xüsusilə diqqətimi çəkdi.

Umberto Eko “Hərb və Sülh” romanını 40 yaşında oxuduğunu deyir.

Və sual edir: “Kim “Min bir gecə”ni əvvəldən sona qədər oxuyub? Kim “Finnegans Wake”i (“Uillis”in müəllifinin digər romanı) doğrudan da oxuyub? Kim “Bibliya”nın hər sətrini oxuyub? Mən özüm üçdə birini ancaq oxumuşam”.

Bu yerdə Eko bir zarafat da eləyir, onu da deyim, kefiniz açılsın:

“Kama Sutra"nı kim oxuyub guya? Amma insanlar bu kitab haqqında danışırlar. Hətta bəziləri tətbiq də eləyir”.

Karrier maraqlı bir rəqəm deyir: 1820-ci ildən XXI əsrin əvvəllərinə qədər Fransa Milli Kitabxanasında 2 milyondan artıq kitabı bir adam da oxumaq üçün müraciət etməyib.

Amma oxunulası kitablarının sayını Karrier deməsə də Fransa Milli Kitabxanasında 14 milyon kitab olduğunu bilirik.

Bir əngəl vardı...

Bəs nə etməli?

Axı mədəni adam olmağın bir şərti də mütaliəli olmaqdır.

Misal üçün Franz Kafkanı oxumadan mədəni adam olmaq mümkündürmü?

(Mədəni adam dedikdə mədəniyyətdən söhbət gedir, çəngəl tutmaqdan yox)

Ya da Tolstoydan, Hüqodan nəsə oxumadan insan özünü savadlı hesab edə bilərmi?

Birmənalı şəkildə yox.

Bəs onda nə etməli?

Həm mədəni, savadlı olmaq istəyirik, həm də qarşımızda dağ boyda kitablar...

(Burda dağ məcazi yox, həqiqi mənada işlədilib)

Bələdçilər

Ədəbiyyata aid çoxlu məqalələr, müxtəlif ensiklopediyalar (lap elə Wikipedianın özünü), yazıçıların müsahibələrini oxumaq bu mənada xüsusi əhəmiyyət tələb edir.

Misal üçün, Ceyms Coysun “Ulisis” əsəri ən ağır intellektualların yemidir, bununla belə siz roman haqda bəzi məlumatları bir neçə dəqiqə ərzində internetdən də öyrənə bilərsiniz.

Eko “Bibliya”nı tam oxumadığı halda onun haqqında tam məlumatlı olduğunu iddia edir ki, “Gülün adı” romanını oxuyan hər bir oxucu Ekoya inanmamağa haqqı yoxdur.

Ya da elə bu kitabda Karrier dostu ilə Viskontenin filmi ilə bağlı dostu ilə uzun bir mübahisəyə daldığını sonda isə nə özünün, nə də dostunun mübahisə predmeti olan filmi izləmədiyini deyir.

Əvvəldən sona qədər oxumasanız da, xəbərsiz qalmayın...

Fəlsəfə tarixini necə öyrənməli?

Umberto Ekonun fəlsəfəni necə öyrənməsi mənə təəccüblü gəlmədi.

Ekonun sözlərinə görə onun universitetdəki fəlsəfə müəllimi tədris etdiyi bütün filosofları oxumamışdı, lakin onların təlimləri haqqında fəlsəfə tarixi dərsliklərindən öyrənmişdi.

Əslində mənim də fəlsəfi biliklərim də məhz fəlsəfə tarixi kitabları əsasında formalaşıb.

Bu kitablardan ümumi bilikləri öyrənmiş, sonra isə mehr saldığım filosofların əsərlərini oxumuşdum.

Doğrusu da budur zatən...

Bu da sizə sonluq

Karrier bu yerdə elə bir cümlə deyir ki...

“Ölüm döşəyində Prustu oxumadıqlarını xatırlayan insanların əzabı necə də qorxuncdur...”

Bu cümlə ilk cümlə də ola bilərdi.

# 3190 dəfə oxunub

Müəllifin son yazıları

# # #