Şokolad yeyənlər və yeməyənlərin bilmədiyi suallar

Şokolad yeyənlər və yeməyənlərin bilmədiyi suallar
10 dekabr 2015
# 12:54

Biz Sovet məktəblisi olmuşuq.

Kitablarımızda istismar, irqçilik əleyhinə çoxlu hekayələr, şeirlər vardı.

Misal üçün, “Oxu” kitabımızda bu hekayəni xatırlayıram:

Zənci fəhlə öz uşağına ayaqqabı almaq üçün mağazaya girir, lakin sınadığı ayaqqabı uşağın ayağına dar gəlir. Satıcı isə uşağın ayağına dar gələn ayaqqabını almağı tələb edir. Çünki zənci uşağın geyib yoxladığı ayaqqabını o heç kimə sata bilməyəcək. Fəhlə çox pis vəziyyətdə qalır. Bu an mağazaya girən ağdərili qadın fəhlə uşağının geyindiyi ayaqqabını öz qızına alır və fəhləni ağır vəziyyətdən qurtarır.

İbrətamiz hekayədir.

“Doqquz hekayə” kitabı çap ediləndə Zahir Əzəmətin təklifi ilə imzalı kitabları AloKitaba vermişdim.

Və bir kitaba da imza yerinə belə yazmışdım: “Qoy, həmişə günəş olsun”.

Bu mahnını və bu şüarı biz bəlkə də çox yaxşı anlamırdıq, lakin şüurumuza qazınmışdı.

Bir müddətdən sonra bir məktub aldım, həmyaşıdım olan bir ibtidai sinif müəlliməsi mənə yazmışdı ki, “Qoy həmişə Günəş olsun” mahnısı onun uşaq vaxtından ən çox sevdiyi mahnıymış.

Bəli, biz beynəlminəl ruhda böyüyürdük.

Amma SSRİ o zamanlar deyilən kimi “sülhün keşikçisi” deyildi, gəlin bunu da açıq gözlə görək.

Əfqanıstana Sovet qoşunu yeridilmişdi, eləcə də Macarıstana və Çexiyaya.

Lakin bu ideoloji dövlət öz vətəndaşlarını əsl beynəlmiləlçilik ruhunda tərbiyə edirdi.

Hərçənd Qarabağ müharibəsində bu xalqlar dostluğu təbliğatının bir anda necə darmadağın edildiyini də biz uşaqlar gördük, yaşadıq.

SSRİ dağılsa belə bu gün dünyada zülm var.

Bu gün yenə istismar var.

SSRİ sülhün keşikçisi olmaya bilərdi, lakin o zamanlar dünya ikiqütblü idi və Amerika bu qədər də hegemon deyildi.

Gəlin, siyasətdən danışmayaq.

Uzaqlara gedək, lap uzaqlara...

Fil Dişi sahilinə...

Bu şokolad deyilən mərətin əsas xammalı olan kokosun hazırlandığı ölkəyə.

Bu barədə bir süjetə baxdım.

Sən demə bu kakao istehsal edən zəncilər...

İstehsal da bir az yekə çıxır, fəhlə demək də olmur, çünki fəhlə sənayeyə aiddir. Bir zamanlar dilimizdə muzdur sözü vardı. Muzdur kənd təsərrüfatında muzdla işləyən adama deyərdilər.

Hə, bu zənci muzdurlar sən demə ömürləri boyu şokolad yeməyiblərmiş.

Müxbir onlara şokolada qonaq elədi, onlar da dadına baxıb dedilər ki, yox, yaxşıdı, dadlıdır.

Yaxşı ki, şokolad yeyən deyiləm, çünki o süjetdən sonra şokolad yeyə bilməzdim.

Fil Dişində əlbəttə ki, şokolad satılır, lakin gündə 5-6 dollar alan muzdurlar üçün 2 dollarlıq şokolad böyük bir lüksdür.

Muzdurların biri yaxşı bir söz də dedi. “Ağlar bu şokoladdan yedikləri üçün sağlam olurlar.”

O muzdur bir az qabaq şokolad deyilən bir şeyin mövcud olduğunu, onun kakaodan düzəldildiyini bilmirdi.

Muzdur onu da bilmirdi ki, ağ dərili insanların bir hissəsi kökəlməmək üçün şokoladdan imtina edirlər, lakin yuxularına şokolad girir.

Şokoladın beyində seratonin adlı hormonu aktivləşdirdiyini, o hormonun insanı xoşbəxt etdiyini, darıxan, kədərli, depressiv ağ adamların mutlu olmaq üçün o şokoladdan yediyini, ağ adamlar arasında şokoladın verdiyi mutluluğun ani, yoxsa uzunmüddətli olduğu barədə mübahisələr getdiyini də o zənci muzdur bilmirdi.

Avropada XIX əsrdə fəhlələrin öz istehsal etdikləri malları ala bilməyəcək qədər kasıb olduqlarını, lakin onların uzun illərlə davam edən üzücü, qanlı mübarizələri əsasında bu gün o imkanları əldə etdiklərini də zənci muzdur yəqin ki, heç bir zaman bilməyəcəkdi.

O ağ adamların bu süjetə baxıb kövrəldiyini, axşam şokoladlı sufle yeyə-yeyə bir-birinə danışacaqlarını da qoca muzdur bilə bilməzdi.

Qoca muzdurun bilmədiyi şey lap çoxuydu...

İllərdir çörəyini çıxartdığı kakao ağacının meyvəsindən şokolad hazırlandığı belə bilmirdi ki...

Nə olsun ki, bilmir...

Biz bilirik bu dünyada istismarın mövcud olduğunu...

Biz bilirik bu gün dünyada aclıq sərhədində yüz milyonlarla adamın yaşadığını, BMT deyir, biz də bilirik.

Biz bu gün başda Hindistan, Pakistan olmaqla 30 milyon adamın kölə kimi, köləlik şərtlərində istismar olunduğunu da bilirik...

SSRİ yoxdur.

Amma zülm qalıb.

İstismar qalıb.

Bunları keçdik.

Köləlik qalıb!

Şokolad yeyə-yeyə bu şeyləri də düşünmək lazımdır.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #