Bu gün tanınmış şair, “Alatoran” dərgisinin baş redaktoru Rasim Qaracanın doğum günüdür.
Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.
*
Dekabr,
sənə heç şeir yazmadım,
ilin ən soyuq, ən umudsuz ayı –
bəlkə, sən olmasan, bu qədər sevməzdik günəşi, yayı.
Ancaq soyuqluğunda bir hikmət var –
hər şeyi dondurub saxlamaq istəyirsən,
həyatın açılıb-saçılmasına qarşısan,
bəzən öldürərək edirsən bunu,
əlbəttə, bilmədən.
Dekabr, sən yaxşısan!
*
Vaqonların sayını düzgün tapan uşaq
əlbəttə,
böyüyüb mən olacaq
*
Əllərimi uzadıram sənə,
Kölgəm də kölgənə
*
Uşaqlığın rəngi nədir? – soruşsan
Deyərəm,
Arıların sarısı
*
Suya yazılmış bir yazı kimisən –
yalnız yuxuda oxuna bilən
*
Necə gülməli gəlir indi küsüb-barışmaların
Gah cənnətə atırdın məni, gah cəhənnəmə
Tanrıların ən dəlisovu idin
Ancaq nə üçün bu qədər qısa sürdü
Sonsuzluğun?
*
Yol qırağında çöməlib oturan adamlar –
Dünyanın əsl sahibidir onlar.
Heç yana tələsməzlər,
Zamanları boldur.
O qədər bol ki, onlara baxanda
Zaman özü yerindəcə donur.
*
Relsdən çıxmış qatar gördük səninlə
Fotosunu çəkdik
əl-ələ tutub dayandıq
doyunca baxdıq.
Gördüyün bütün qatarlar unudulub
Xəyalımda yaşayır təkcə o motiv –
Yana əyilmiş lokomotiv
*
Sevgilim, gəl görüşək
Sülənək bir az
Bir az da veyillənək
*
Hava buludsuz idi
Günəş sanki cənnətin üzərindən uçurdu.
Və söylədiyin hər söz
Bir şeir kitabından düşmüşdü
*
Özünü asdı bu ağacdan
əslində, heç nə dəyişmədi
sadəcə, dünya boşaldı
ağacsa doldu
*
Yazıram sənin yoxluğunla barışmayaraq
və dadına vara-vara qüssənin
Fərqinə vardım,
göz yaşı tamındadır ayrılıq
və ölüm də elə göz yaşı dadındadır...
Lakin dərk edə bilmədim
bizi tərk edib getməni -
səbəb nə olursa olsun
Kədərim soyumadan yazıram bu şeiri
buza dönmədən.
*
Bizi zarafatla daşlayırlar,
ancaq biz, həqiqətən, ölürük
*
Cəmi beş gün çəkdi bizim sevgimiz.
Nə olsun ki,
ömür də elə beş günlükdür...
*
Gözəl idi öpüşlərin,
indi qəlbimi isidən bir xəyal oldu onlar
bu sonsuz zamanda
kainatın dibsizliyində
və ölümün qarlı səhrasında...
*
Bu dünyadakı vaxtın azaldıqca
zamanın özüylə düşmənliyin artır
dərk edə bilmirsən artıq
nə günəşin doğuşunu, nə batışını
nə də damarlarındakı yaşamın atışını.
Vaxtı öldürmək istəyirsən
arxadan yetişib bir tində
yırtıb çıxartmaq istəyirsən onu bətnindən.
Ən son anda yetişirsən o son ana
beləcə son qoyursan yaşamana
*
İstəyirəm kitabı açanda
qarşına ilk bu şeir çıxsın:
"Hər şey gözəl idi".
*
Gecə keçir,
gecənin içindən bir də Ay keçir
bir də ayın şöləsi düşür bizim balkona
balkonda tüstülənir bir külqabı
və barmaqlarım arasından bir alov keçir
bir də fikirlər keçir beynimdən
və gözlərimdən bir xəyal keçir
keçmişdə qalmışlar keçir və gələcək keçir.
gələcək geriyə dönür keçmiş gələcək olur.
ancaq elə bu an ağlımdan bir söz keçir.
bir an donur gecə və göyüzündə Ay,
donur havadakı tüstü və kibritmdəki alov,
donur keçmiş və gələcək,
hər şey söz olur
və bu şeir.
*
Ölülərə icazə versələr -
cəmi bir gün -
çox güman, gicbəsərlik edərlər,
yaşamağın şitini çıxardarlar.
Hətta bir saat belə onlar üçün yetərlidir,
hətta bir dəqiqə.
"Ay daaa", deyəcək bir an da...
*
Gah səninləyəm
gah sənsiz
Hər ikisində səssizəm
Fərqinə varıram zamanın
onu torpağa əksəm, yenə axacaq
Sonradan sonra da bir sonra var
yarıda kəsilmiş bir Son Ra
Səni istəyirəm,
əslində, bu istəmək deyil
yanımda olmamanın bir adıdır.
*
Bu gün onunla görüşdüm,
neçə il keçmişdi aradan
gənclik quşları uçmuşdu başından
artıq təbəssümündə boğulan o qız deyildi
bir az yer insanı olmuşdu.
"həyatı dərk etmişdi",
"daha fədakarlıq etməyəcəm" dedi söhbətin bir yerində,
bundan sonrakı zamanını özünə xərcləyəcəkdi.
mümkün olduqca daha çox pul qazanacaq,
başqa bir həyat quracaqdı...
"Yetər artıq kimlərinsə yardımına qaçdım,
qədirbilməzlərin yolunda özümü hələk etdim".
Bunları deyərkən tam əmin deyilmiş kimi israrla üzümə baxırdı,
döyüş xoruzu kimi bir halı vardı,
sanki haqlısan desəm, haqlı olacaqdı,
əksini söyləsəm, haqqımda düşündüyü ən pis şeyləri
bir-bir üzümə çırpacaqdı.
Mən də artıq həyatı dərk etdiyimi,
fədakarlığın daşını çoxdan atdığımı söylədim ona,
zamanımı yalnız özümə xərclədiyimi
artıq qərar verdiyimi və bundan sonra
kimsənin yardımına qaçmayacağımı dedim.
Beləcə, yalnız özünü düşünən iki varlıq
asanlıqla anlaşdıq
həyatı dərk edirmişcəsinə şərab içdik
siqaret çəkdik,
əl-ələ tutduq. . .