Kulis.az Hikmət Orhunun “Sərbəst mərsiyələr” silsiləsindən şeirlərini təqdim edir.
1. ah, ey, sən!
sübhün ilkin şəfəqlərində can tapşırmağa
hazırlaşan bir nazənin gözəlin
saçlarından asılıb
ümidlərim,
qısılıb yaşayıram.
qayanın təpəsindən yuvarlanmış
vücudum cızıq-cızıq,
üst-başım cırıq-cırıq,
sümüklərim qırıq-qırıq,
qırıq-qırıq qolum-qanadım.
saçlarından asılı
qaldığım o nazənin gözəlin
gedib-gələn xırıltılarını eşitdikcə
qırılır qolum-qanadım, qırılır…
ah, ey, sən,
daha nə sən o sən olacaqsan,
bundan sonra nə mən o mən…
son dəfə dərindən bir “ah” çək,
dərindən bir “ah”, ey, sən…
gec olmadan
ataq özümüzü bu kədərin təpəsindən
günəş doğmadan…
səni sənin bu xırıltıların,
məni mənim
bu göynərtilərim yaşadacaq yoxsa…
2. qələm qaşların
…halbuki eyni anda tullanmışdıq
göyün yeddinci
mərtəbəsindən ümidlərimizin üstünə…
sən göyün bilmirəm neçənci qatıydı -
gözdən itdin,
mən süzülüb düşdüm,
amma ölmədim…
göyüm-göyüm göynədən yaralarımdan
qurtulmaq üçün ölmək istədim,
daha çox yara aldım.
…küləkdə yellənən buz parçasıtək
şaqqıldayan sümüklərimin olan-qalan
gücünü də israf edib
ayağa qalxanda gördüm,
düz üstünə düşmüşəm…
ümidlərim ölüb,
sən yoxsan,
məni boş ver,
indi də ölən ümidlərimin ağrısını çəkirəm,
qələm qaşların haqqı!
3. nuhun gəmisi
…çimir yuxu almaq üçün
bir kənarda qıvrılıb yatmışam…
ağlım üstünə gələndə
dua elədim ki,
ölməmiş olasan –
tanrının ətəklərindən yapışıb.
göyün neçənci mərtəbəsindəsə,
qeybə çəkilmisən nə yaxşı…
buralar bizim arzuladığımız kimidir,
insansız,
xətasız,
bəlasız…
elə bil,
tanrı indicə yuyub
qurudub dünyanı,
quşlar nuhun gəmisinə uçub xəbər verir
ara verən yağışı…
4. buğda dənəsi
əvvəl-axır gələcəksən…
bəlkə ibrahimə
göndərilən qoç kimi göydən,
bəlkə həvvanı yoldan çıxaran
buğda dənəsi kimi yerdən cücərəksən, bilmirəm,
amma mütləq gələcəksən.
çalış, həvva kimi
qabırğamdan yaradılma…
əvvəl-axır gələcəksən…
ola bilsin,
musa kimi dənizi yararaq,
isa kimi məryəmin qız bətnindən
keysəriyyə üsulu ilə doğulacaqsan, bilmirəm,
amma mütləq gələcəksən.
çalış,
peyğəmbər kimi doğulma,
isanın iztirablarını qıymaram sənə…
5. ilk gecənin yalnızlığı
nənəm yuxum gəlməyəndə
qoyunları saymağı öyrətmişdi mənə…
ayaq üstdə dayanıb
ayın işığında
öz kölgələrimi saydım,
yuxum gəlmədi:
“bu bir mən,
bu iki mən,
bu üç mən…”
bu düşmən
yuxu
nə cənginə alıb aparır məni,
nə qoyur düşünüm səni…
6. ilk səhərin monotonluğu
…günəşdən öncə oyandım.
oruc tutmaq istədim,
ağzıma atacaq xurma tapmayıb
qarışqalarla başımı qatdım.
dəstəmaz almaq istədim,
məs çəkməyə su tapmayıb
bir ovuc torpaqla təyəmmüm aldım.
namaz qılmaq istədim,
qulağım “quran” səsi eşitmədi,
qəlbimin səsini dinlədim.
zikr etmək istədim,
çevirməyə təsbeh tapmayıb
ağzımdakı 32 dişimi saydım.
33 yerinə səni düşündüm…
7. ilk günortanın tənhalığı
anamın bişirdiyi
yarpaq dolmasının qoxusu gəlirdi
ağacların altından keçəndə…
8. ilk gecənin yorğunluğu
…özümü görmək üçün
darıxdığım o ilk gün
düşünürdüm,
bir damla su tapıb
üzümə baxsam,
görəcəm səni.
…düşünə-düşünə
necə yatmışamsa,
oyananda hiss elədim
kürəyimin islandığını…
kövrək baldırlarına yeriməyi
öyrədən uşaqlar kimi
iməkləyə-iməkləyə
fikrini çəkə-çəkə yuxuladığım
suyun üzərindən qalxanda
gördüm saqqal basmış üzümü,
çuxura düşmüş göz bəbəklərimi,
sümükləri sayılan özümü,
sənsizliyimi…
ola bilsin,
şəkil dəyişdirmisən deyə
bir ovuc su alıb içimə çəkdim.
toz basmış
saqqalıma toxundurmağa əlim gəlmədi…
9. birinci şikayət: bəlkə… hardasan?
…axtarmaqdan yoruldum
toz-torpaqda
üst-başımı silkə-silkə,
düzənlikdə bölgə-bölgə,
buludluqda kölgə-kölgə…
bəlkə… hardasan?
…axtarmaqdan yoruldum
balıq tutdum
çaylaqlarda kilkə-kilkə,
pulcuq-pulcuq, bilgə-bilgə,
üst-başımı silkə-silkə…
bəlkə… hardasan?
…axtarmaqdan yoruldum
bu yoxluqda
vətən-vətən, ölkə-ölkə,
ilmə-ilmə, ilgəh-ilgəh,
üst-başımı silkə-silkə…
bəlkə… hardasan?
10. ikinci şikayət: yoxsa… burdasan?
bu yollar çıxacaq
axırıma çıxsa-çıxsa,
ürəyimi sıxsa-sıxsa…
uzaqdasan, yoxsa, yoxsa
burdasan?
bu yerlər çıxacaq
axırıma çıxsa-çıxsa,
allah üzümə baxsa-baxsa…
uzaqdasan, yoxsa, yoxsa
burdasan?
bu göylər çıxacaq
axırıma çıxsa-çıxsa,
göydən ulduz axsa-axsa…
uzaqdasan, yoxsa, yoxsa
burdasan?
11. üçüncü şikayət: kaş
Sən –
qeybə çəkilmisən,
ya çarmıxa,
unutmuşam…
hərçənd,
indi bunun elə də
önəmi yoxdur.
mən göyün
o yeddinci qatından
birinci qatına enəndə ölməliydim,
ölə bilmədim.
12. dördüncü şikayət: hələ də…
şahin,
hələ də uçursan
yem alınca
“fələkdən kam alınca…”
bülbül,
hələ də uçursan
gül dalınca
“fələkdən kam alınca…”
arı,
hələ də uçuran -
həvəsiylə balınca
“fələkdən kam alınca…”
yarpaq,
hələ də uçursan
torpağa dalınca
“fələkdən kam alınca…”
insan,
hələ də uçursan
ayaqyalınca
“fələkdən kam alınca…”
13. neçəncisə… günün can sıxıntısı
darıxmaq haqqında
şeir yazan şairləri ələ salırdım,
indi əlimdəki ağac qırıntısı ilə
torpağın dilində danışmağa çalışıram:
“quşu da
səndən yaradıb allah, daşı da,
onu geri gətirə bilmirsən,
məni özünə daşı da…
canı da
səndən yaradıb allah, cananı da,
bacarsan, bir az hüzur ver,
sonra çal laylanı da.
fikri də
səndən yaradıb allah, zikri də,
imkan olsa, bir yol göstər,
arxasınca şükrü də…
dağı da
səndən yaradıb allah, bağı da,
nolar qoynuna al məni,
hiss edim torpağı da…”
14. bəxtə-yığvala bir saat
yor özünü,
yük daşı,
yığ – daşı,
tök – daşı…
yoruldum.
ya dur gəl,
ya səs elə,
ətəyindən tök daşı.
yor özünü,
daş daşı –
başdaşı,
tək daşı….
yoruldum.
ya səs elə,
ya dur, gəl,
ətəyindən tök daşı.
yor özünü
çək, daşı,
zirək daşı
tək daşı…
yoruldum.
ya səs elə,
ya dur, gəl,
ətəyindən tök daşı.
yor özünü,
tök daşı,
sök, daşı,
bük, daşı…
yoruldum.
ya səs elə,
ya dur, gəl,
ətəyindən tök daşı.
yor özünü,
tük daşı,
bük, daşı,
çək, daşı…
yoruldum.
ya səs elə,
ya dur, gəl,
ətəyindən tök daşı.
2024-2025