Kulis.az Gülbacı Nağdaliyevanın şeir və təmsillərini təqdim edir.
Əslən Cənubi Azərbaycandan olan Gülbacı Nağdaliyeva 1956-cı ildə Goranboyda dünyaya gəlib. Uzun illərdir Oğuz rayonunda yaşayan və ixtisasca müəllim olan Gülbacı Nağdaliyeva 80-ci illərdən ədəbi yaradıcılıqla məşğuldur, əsərləri dövri mətbuatda çap edilir.
Təbriz bayatıları
Azdım dumana düşdüm,
Neçə gümana düşdüm...
Qardaş idi pənahım,
Ondan da yana düşdüm...
Eldən ayrı ələm var,
Gözdə əbədi nəm var...
Səbr eylə, könül, bəlkə
O sahildən gələn var?
Qarğama görkə məni,
Çox çəkmə bərkə məni,
Kərpic olam, hörələr
O qala Ərkə məni...
Sözüm var hər obadan,
Hər eldən, hər obadan.
Könül, sor Şəhriyarı
İndi Heydərbabadan...
Ah çəkərəm dərindən,
Dad ayrılıq əlindən.
Ömrü verrəm, keçsəydim
Bir də Xudafərindən...
Arazın sol - sağı var,
Çıxma yola, yağı var.
Sinəmin sağalmayan
Savalan tək dağı var...
Günə calanar aylar,
Uçular daş saraylar.
Ömrüm keçər nigaran,
Dilim Təbriz haraylar...
Neyləsin
Ay ellər, bir anlıq dinləyin məni,
Ürək dözmür qeylü-qala, neyləsin?
Zaman-zaman sınaqlara çəkildim,
Dava-dərman xəstə hala neyləsin?
Mən gördüm dünyanı uludan ulu,
Neçə Süleymanlar gedib bu yolu...
Hərə bir cür olub nəfsinin qulu,
Can atıb sərvətə, mala neyləsin?
Qeybət dil ilə dost, tamah iblislə,
İlan zəhər verər, lap südlə bəslə...
Nalə çəkən bülbül, xar yetir vəslə...
Təzadlı dünyadır, nalə neyləsin?
Ərz edin dərdimi saz havasında,
Hikmət səyyahıyam sözün azında...
Naşı aşıq düz çalmasa sazında,
Mizrab ha çalışa, telə neyləsin?
Əbədi olmamış hakimi-dövran,
Gülbacı, düz deyən olmaz peşiman...
Tale lənətlənir uduzan zaman,
Qafilsənsə, buna tale neyləsin?
Qaytarın
Doğma yurdlarından qovulan
didərginlərin dilindən
Bəsdir, yetər xəyanətlər,
İnamı qaytarın mənə...
Gözü yolda göləm indi,
Sonamı qaytarın mənə.
Var-dövlət deyil dediyim,
Bircə şeydir istədiyim:
Məzarın qoyub gəldiyim
Anamı qaytarın mənə...
Bir bülbüləm mən qəfəsdə,
Kökləndim qəm simi üstə.
Can verəndə son nəfəsdə,
Yuvamı qaytarın mənə.
Gülbacı, bəd əsdi külək,
Çilikləndi arzu, dilək...
Bu dünyadan küsdü ürək,
Dünyamı qaytarın mənə.
Kasıb
Bir az həlim, bir az yumşaq,
Arzudan bol olar kasıb.
Var - dövləti çoxlu uşaq,
Eşqindən bac alar kasıb...
Güman yeri fələk olar,
Qisməti saf ürək olar,
Qəlbi həssas, kövrək olar
Tez boşalar, dolar kasıb.
Asan tapar onu bəla,
Gündə düşər neçə hala,
Hədəf olub qalmaqala,
Saçlarını yolar kasıb.
Xəyanətdə olmaz əli,
Arxa bilər bütün eli.
Bir gün olar gəlhagəli,
Xoş xəyala dalar kasıb...
Ay Gülbacı, de, nə isə...
Fikri aydın, sözü kəsə.
Bir gün göydən var tökülsə,
O gün yatıb qalar kasıb.
Dəvənin xiffəti
Öz bəxtindən küsüb Dəvə
Daim belə düşünürdü:
"Qanadları bölən zaman
Allahda insaf olmamış,
Kaş ki mənə də versəydi,
Dam qoymazdım uçurtmamış..."
Uzunqulağın öyüdü
Yığışdılar heyvanlar,
Məclis qızışdı yaman...
Uzunqulaq qalxdı ki,
Danışsın etikadan.
Çox danışdı həvəslə,
Tərləmişdi üz-gözü,
Sözarası dayanıb,
Ağnadı orda özü...
Yersiz sevinc
Ağacın alt budağından
Qopub yerə düşdü yarpaq.
Gülüb ona yuxarıdan
Belə dedi qonşu yarpaq:
-Sənə yaxşı yol, əzizim,
Yetər yaşadın, sonundu.
Fəqət yaddan çıxardı ki,
Sonra da növbə onundu...