"Buker" mükafatına namizəd olan yazıçı vəfat etdi

"Buker" mükafatına namizəd olan yazıçı vəfat etdi
23 aprel 2026
# 15:25

"Fidyə", "Xəyali həyat" və "Buker" mükafatına namizəd göstərilən "Babili xatırlayarkən" kitablarının müəllifi, məşhur avstraliyalı yazıçı David Maluf 92 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, yazıçının ölüm xəbərini "Penqvin Rəndom Haus Avstraliya" nəşriyyatı yayıb.

Bəyanatda deyilir:

"Yazıçı və şair David Malufun vəfat etdiyini bildirməkdən dərin kədər hissi keçiririk. O, bədii, qeyri-bədii ədəbiyyat, poeziya, libretto və pyeslər yazaraq Avstraliya ədəbiyyatında əhəmiyyətli və davamlı bir iz buraxıb".

Qeyd olunub ki, yazıçılıq uğurları ilə yanaşı, David bir çoxları üçün sadiq, sevgi dolu dost və ailəsinə bağlı bir insan idi. O, həmçinin "Avstraliya Operası", "Adelaida Yazıçılar Həftəsi" və "Yerli Əhali Savadlılıq Fondu"nun fəal dəstəkçisi kimi tanınırdı.

Şekspirin pərəstişkarı və mükafatlar qazanan yazar

Yazıçı ədəbiyyat dünyasındakı xidmətlərinə görə "Maylz Franklin", "Birlik Yazıçıları", "Pri Femina Etranjer", "İMPAK Dublin" və "Avstraliya-Asiya" kimi onlarla nüfuzlu mükafatın qalibi olub. Eyni zamanda, həm Avstraliyada, həm də Avropada sevilən bir müəllim və mühazirəçi idi.

1934-cü ildə Brisbendə livanlı-avstraliyalı ata və portuqal-sefard yəhudisi əsilli ingilis ananın ailəsində doğulan Maluf, hələ uşaq yaşlarından mütaliəyə böyük maraq göstərib. O, 10 yaşından etibarən Şekspirin bütün əsərlərini oxuyub bitirmişdi. Öz uşaqlığı, ailəsi, səyahətləri və Avropa ilə Avstraliya arasındakı bağları barədə şeirlər yazan Malufun ilk əsəri 1962-ci ildə nəşr edilib. O, həm də istedadlı hekayə ustası kimi tanınırdı və 30 il ərzində beş hekayə toplusu çap etdirmişdi.

"Babili xatırlayarkən" və ədəbi zirvə

Onun 1975-ci ildə nəşr olunan ilk romanı – "Conno" İkinci Dünya müharibəsi zamanı Brisbendə böyüyən bir gəncdən bəhs edən yarı-avtobioqrafik əsər idi. Lakin onu ədəbiyyat dünyasında əsl mənada məşhurlaşdıran 1993-cü ildə qələmə aldığı "Babili xatırlayarkən" romanı olub. Gəmi qəzasından xilas olan və aborigenlər tərəfindən böyüdülən bir gəncin hekayəsini anladan bu əsər "Buker" mükafatının qısa siyahısına düşüb.

Malufun yaradıcılığının böyük hissəsi keçmişə – öz uşaqlığına, böyükiflərə və müstəmləkə Avstraliyasına həsr olunub. 2011-ci ildə Rik Qekoski "Qardian" qəzetində onun haqqında yazırdı: "Onun şair həssaslığı var, lakin nəsri heç də pafoslu şəkildə poetik deyil... Malufu sevinc və minnətdarlıq təbəssümü olmadan oxumaq demək olar ki, qeyri-mümkündür".

Onun 13 illik fasilədən sonra 2009-cu ildə nəşr olunan son romanı "Fidyə", Homerin "İliada" dastanındakı Priamın oğlu Hektorun cəsədini almaq üçün Axillesə yalvarışının yenidən işlənməsidir. Dünyada rəğbətlə qarşılanan bu əsər "İMPAK Dublin" mükafatının qısa siyahısına daxil edilib. Malufun çapdan çıxan ən son kitabı isə 2018-ci ildə işıq üzü görən "Açıq kitab" adlı şeirlər toplusu olub.

Özünü tipik avstraliyalı hesab etməyən sənətkar

Şəxsi həyatında olduqca qapalı olan yazıçı, tənqidçilər tərəfindən tez-tez Avstraliyanın ən böyük salnaməçisi kimi xarakterizə edilsə də, özü bu fikri rədd edirdi:

"Mən özümü tipik bir avstraliyalı hesab etmirəm... Bizim hər birimiz fərdik və bizə ən uyğun olanı seçirik. İstər kişi, istər qadın, istərsə də fərqli etnik qrupdan olaq, işimizə yarayanı götürürük. Düşünürəm ki, bu, avstraliyalı olmağın ən böyük imtiyazlarından biridir. Ümid edirəm ki, özümüzü sadəcə dar bir çərçivədə avstraliyalı adlandırmaq fikrindən daşınmışıq. Biz kim olmaq istəyiriksə, o da ola bilərik."

Məşhur avstraliyalı yazıçı Helen Qarner onu xeyirxahlığı, dəstəyi və gülüşü sevən biri kimi xatırlayacağını bildirib:

"David mənə hələ yolun başlanğıcında olanda böyük dəstək verib. O, çox hazırcavab idi və gülməyi sevirdi. Axmaqcasına düşünürdüm ki, o, Sörfers Paradaysdakı o yüksək mənzilində əbədi yaşayacaq. Onun gedişini eşitmək mənim üçün böyük şok və kədərdir".

# 100 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi anıldı

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi anıldı

16:25 23 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Prezident Kitabxanasında virtual sərgi hazırlandı

Prezident Kitabxanasında virtual sərgi hazırlandı

15:10 23 aprel 2026
Səhnəsiz qalan aktyorlar - Teatrlarımızda "rol davası" necə həll olunur?

Səhnəsiz qalan aktyorlar - Teatrlarımızda "rol davası" necə həll olunur?

15:00 23 aprel 2026
"The Devil Wears Prada"  filminin ikinci hissəninin premyerası keçirildi

"The Devil Wears Prada" filminin ikinci hissəninin premyerası keçirildi

14:57 23 aprel 2026
Yazıçı Saday Budaqlı əməliyyat olundu

Yazıçı Saday Budaqlı əməliyyat olundu

14:08 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər