Eldar Mansurov: "Görəsən, o adamlar yaradıcılığın nə olduğunu bilirlər? - Müsahibə

Eldar Mansurov:  "Görəsən, o adamlar yaradıcılığın nə olduğunu bilirlər? - Müsahibə
19 sentyabr 2024
# 09:00

Kulis.az Xalq artisti Eldar Mansurovla Ömər Xəyyamın söhbətini təqdim edir.


- Bayağı ritmlərin/texno mahnıların sürətlə çoxalması tələbatın çoxluğuyla düz mütənasibdir, ya ümumi cılızlaşmanın, texnikiləşmənin ifadəsidir? Deyəsən, artıq hər şey sintetikləşir axı... Söhbət təkcə bizdən getmir, əlbəttə.

- Adını çəkdiyiniz musiqilər bugünkü günə öz-özünə gəlib çatmayıb, hamısı bu zamanın tələbatından irəli gəlir. Düz qeyd etdiniz, təkcə bizdə yox, bütün dünyada belədir.

- Məsələn, tez-tez eşidirik də, deyirlər, filan şey zövq məsələsidir. Bu zövq məsələsi söhbətinə münasibətiniz necədir?

- Dəyərlər dəyişib və bu dəyişmə zövqlərə də öz təsirini göstərib. O ki qaldı mənə... mən hər cür musiqini xoşlayıram, amma yaxşısını.

- Deməli, 2006-da musiqi və ədəbi əsərlərin qiymətləndirilməsi cədvəli tərtib olunub, ancaq o vaxtdan bəri qonorar məbləğləri dəyişdirilməyib. Sizcə, bu yaradıcı adamlara olan münasibətdir, yoxsa yaradıcı adamların mütiliyi? Ümumiyyətlə, o cədvəldəki qiymətlər əsasında sizin hansısa əsəriniz alınıbmı?

- Bilirsiniz, hər şeyin keyfiyyətlisi baha olur və tam əksinə, keyfiyyətsiz şey ucuz olur. Mənə həmişə maraqlı olub, görəsən, bu sənət əsərlərinin qiymətini kim dəyərləndirib təyin edir? Ümumiyyətlə, bu adamlar özləri yaradıcılığın nə olduğunu bilirlər, ya yox?.. Yaxşı əsərlərin yaranmamasının səbəblərindən biri də məhz budur, yaradıcı adamların zəhmətinə verilən ucuz qiymət.

- Eldar bəy, hamı narazıdır. Deyirlər, şanlı qələbəmizlə bağlı musiqi əsərləri yazılmır. İşin mətbəxində vəziyyət necədir? Stimul, motivasiya yoxdur, ya yaxşı əsərlərin yaranması üçün müəyyən zaman keçməlidir?

- Bunun, sadəcə, bircə cavabı var: yaxşı əsər yazmaq üçün yaxşı bəstəkar lazımdır. O ki qaldı mətbəxə... bu gün nə Qara Qarayev, nə Cövdət Hacıyev, nə də ki, Xəyyam Mirzəzadə var, ona görə də bəstəkarlar yetişmir. Verdiyiniz sual çox böyük problemli mövzudur.
Qısa cavabı budur.

- Fikir verirsiniz, xarici ölkələrdə yuxarı təbəqə akademik, ciddi sənətin dinləyicisidir, özü də, təkcə dinləyici deyillər, üstəlik, mesenatlıq edirlər, qalereyalar, konsert zalları tikdirirlər, studiyalar açırlar, rəssamları emalatxanalarla təmin edirlər. Bizimkilərin dərdi nədir, görən?

- Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeşt şəhərində mənim simfonik əsərlərimdən ibarət böyük konsertim oldu.
Konsertdə yerli tamaşaçılardan başqa çoxlu səfirlər, diplomatlar, dövlət məmurları və musiqisevər gənclər də var idi. Düşünürəm ki, verdiyiniz sualın cavabını məhz bu konsertə baxandan sonra ala bilərsiz.

- Musiqilərin bayağılaşmasına, cılızlaşmasına səbəb bəstəkarların bayağılaşması, cılızlaşmasıdır, yoxsa dinləyicilərin?

- Düşünürəm ki, bunun da cavabı kompleks şəklindədir, yəni, televiziya və radiolar, açıq konsertlərdə bayağı musiqilərin ifa olunmasına icazə verilməsi dinləyicinin zövqünü korlayır və beləcə, cılızlaşma əmələ gəlir. Onu da qeyd edim ki, özünə və yaradıcılığına ciddi yanaşan, hörmət edən peşəkar bəstəkar öz səviyyəsini hər zaman saxlayır.



- Eldar müəllim, məşhur, amma ciddi musiqi kriteriyalarına görə zəif qiymətləndirdiyiniz əsəriniz var?

- Əsərlər həm janrına görə, həm də üslubuna görə müxtəlif olur. Bütün sənət adamlarının yaradıcılığında həm uğurlu, həm də uğursuz əsərləri var, bu normal haldır. Belə bir vəziyyətdə əsas odur ki, tamaşaçı və dinləyiciyə uğurlu əsərləri təqdim edəsən.


- Muğam folklordur?

- Yox, muğam forması etibarilə çox ciddi və mürəkkəb bir musiqi janrıdır. Folklor isə xalq mahnıları, rəqslərimiz və digər daha sadə üslublu musiqi janrıdır.

- Kitab oxumağa vaxtınız olur? Vaxtınız olanda kimləri oxuyursunuz?

- Adətən, klassik əsərləri, daha doğrusu, xoşladığım qərb intibah dövrünün əsərləridir.

# 2372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #