Rüşvət sevgimizin sirri

Rüşvət sevgimizin sirri
23 dekabr 2019
# 11:44

Bu gün bələdiyyə seçkiləridir. Di gəl, şəhərdə sükut var. Elə bil, sakit bir tətil günüdür.

Qonşu Türkiyədə bələdiyyə seçkiləri necə canlı keçir. Türk toplumu bu cür ciddi məsələlərə işıqlı, rəngarəng münasibət göstərir. Bizim cəmiyyət niyə bozdur, əcəba? Niyə hər kəs ümidsiz, təbəssümsüz, həvəssiz təəssürat bağışlayır?! Bəlkə, cəmiyyət olaraq gülüşü çoxdan unutmuşuq, xəbərimiz yoxdur? Yeni ildən sonra təbəssüm klubları yaradılsın. Dünyanın bir çox yerində belə yerlər var. Bakılılar demiş, bizdə nöşün olmasın.

Sinif yoldaşım Vəli, adını şərti yazdım, əsl adını yazsam, bilirəm ki, zəng edəcək, xahiş, minnət edəcək, adını sildirəcək. Ona görə siz onu Vəli bilin. Neyləyək, cəmiyyət olaraq adımızın mətbuatda tənqid olunmağından yaman qorxuruq. Deməli, dostum bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb. Xüsusi bir istedadı yoxdur. Daha doğrusu, harda istedadlı olduğunu hələ tapa bilməyib, ona görə, ümidi bələdiyyəyədir. Bir ayağını da futbolda zədələyib. Topallayır. Bir anlıq o mənzərə ağlınıza gəldi, yəqin. Ayağını sürüyə-sürüyə imza toplayır... İndi tək ümid yeri seçkilərin nəticəsidir. Söz verib, seçilsə, qonaqlıq verəcək.

Bir sirr də açım: seçilməyi üçün adam tapıb rüşvət də vermək istəyirdi. Alınmadı. Rüşvət dedim, yadıma düşdü. Biz niyə cəmiyyət olaraq, rüşvət alıb-verməyə meylliyik? Bu, bizim qanımıza keçən virusdur. Qarşısını almaq üçün heç bir lazımı tədbirlər görmürük. Bir fikirləşin, rüşvətin kökü kəsilsə, nə edərik?

Toplum olaraq pula bir az çox düşkünük. Pul bəzilərimiz üçün müqəddəs məbəddir. Bəs yaxşı, bu qədər müqəddəs bir şeyi niyə rüşvət yolunda xərcləyirik?! İşimiz getsin deyə?

Yadımdadır, qızımın doğumu mənim üçün bir qəpiksiz başa gəldi. Dövlət xəstəxanası olduğu üçün pul almamalı idilər. Məndən 700 manat istədilər. Mən də qanunlardan danışdım, hüquqlarımı müdafiə elədim və nəticə müsbət oldu. Digər ailələr isə həkimlərə pul tökür, dil-ağız edirdilər.

Niyə hüquqlarımızdan bixəbərik?

Niyə kiməsə nəsə verməyi ailəmizi sevdiyimiz qədər sevirik?

Eyni zamanda, əlimizə səlahiyyət keçəndə nəsə almağı.

Bu da gətirib bir gün DTX-nın Ağstafadan yaydığı məlum və məşhur videoya çıxarır.

Məncə, bu videoya baxa-baxa nəticənin özü haqqında yox, bura gətirib çıxaran səbəblər haqqında düşünməliyik.

Nə etdik ki, belə oldu?

Nə edək ki, belə olmasın?

Nə?

# 2548 dəfə oxunub

Müəllifin son yazıları

# # #