Avstraliyada yanan 10 yaşlı Nərmin

Avstraliyada yanan 10 yaşlı Nərmin
7 yanvar 2020
# 10:56

Həmişə ilin əvvəlinə diqqət etmişəm, Yeni il bayramından sonra insanların sevincinə soğan doğrayan bir hadisə baş verir.

Avstraliyadakı dəhşətli yanğın bəşəriyyətə, dünyaya bir mesajdır. Qloballaşan, duyğusuzlaşan, internetin köləsinə çevrilən, zombiləşən insanlara... Kenquruların, ayıların, koalaların yanıb kömürə dönmüş fotolarını görürük. Sözsüz, şərhsiz ağır görüntüdür. Onların evləri yanır, biz insanlar isə sadəcə tamaşaçıyıq. Kenquru balasının tikanlı məftillərə ilişib yanmağı ürək dağlayan mənzərədir.

Avstraliya həmişə getmək istədiyim ölkələrdən olub. Vəhşi, ecazkar, füsunkar təbiəti ilə göz oxşayıb. Amma indi cəhənnəmə çevrilməkdədir.

Görəsən, niyə bu qitə Tanrının qəzəbinə tuş gəlib?!

Heyvanların kütləvi yanmasının günahı kimin ayağına yazılacaq?

Sosial şəbəkələrdə bəzi insanların fikirləri təəccübləndirdi məni. Yanğınla bağlı təfəkkürləri boyda yumorları, təhqirləri anlaşılmazdır. Dünya bu saat yanğında ölən heyvanlardan yazır, Tanrıdan kömək diləyir. Fotoların birində yağışa açılmış əllər görürük. Kenqurular yağışa görə göylərə şükür edirlər. Bu şükürün alt qatında Allaha təşəkkür var.

Yanğın dedim, bizdə baş verən daha dəhşətli hadisə yadıma düşdü. Dünən həftələrdir itən 10 yaşlı Nərmin yanmış halda tapıldı. Bu iki yanğın məni xeyli düşündürdü. Bəlkə ikisinin arasında nəsə sirli bir əlaqə var? Göylər bizə nəsə demək istəyir bəlkə? Cavabım yoxdur.

Bir yanda yanıb kül olan milyonlarla heyvan, digər yanda öz uşaq dünyası ilə birlikdə yanıb kömür olan qızcığaz... Kim bilir, nəyə görə yandırıblar. İnanmıram, o yaşda qız özünü yandıra. Düşünürəm, ağlıma yüz fikir gəlir. Dünyanın hər tərəfindən gələn belə dəhşətli xəbərlərə alışmışıq həm də. “En” qədər belə hadisə olur. “Qadına şiddətə son” adı altında şüarlar da səsləndirilir, mitinqlər, aksiyalar, tədbirlər də keçirilir. Xeyri yoxdur! Heç nə dəyişmir.

Baş vermiş bu hadisələri Tanrının qəzəbi kimi qiymətləndirirəm.

Amma niyə uşaqlara?

Amma niyə heyvanlara?

Ümid edirəm, Avstraliyada bir həftə dayanmadan yağış yağacaq.

Tanrı duamı eşit.

# 9615 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #