Hadrutlu şair: “Göz yaşlarımı saxlaya bilmədim” – Müsahibə

Hadrutlu şair: “Göz yaşlarımı saxlaya bilmədim” – Müsahibə
15 oktyabr 2020
# 09:00

Kulis.az əslən keçmiş Hadrut rayonundan olan şair, “Ədalət” qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğlu ilə müsahibəni təqdim edir.

- Hadrutun alınma xəbərini necə qarşıladınız?

- Bu xəbər şimşək kimi çaxdı. Bir anda özümü, harda olduğumu unutdum. Tam səmimi deyirəm. Bu xəbərə qədər mən Füzulinin, Zəngilanın, Qubadlının müjdəsini gözləyirdim. Çünki Hadrud keçmiş Muxtar Vilayətin ərazisi olduğundan düşünürdüm ki, öncə ətraf rayonlar azad ediləcək. Amma çox yanılmışdım. Xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Doğulduğum bölgənin mərkəzi olan Hadrud qəsəbəsini bir anlıq gözümün qarşısına gətirdim...

- Oraları necə xatırlayırsınız? Necə bir yer idi?

- Sualınız məncə ürəyə toxunandır. “Necə xatırlayırısınız?” yox, “unuda bilmisinizmi?” desəniz, bəlkə, daha dəqiq olardı. Çünki xatırlamamaq, yuxularda görməmək, xəyalən o yerlərə getməmək... bütün bunlar mənim ağlıma sığışmayan məqamlardı. Yenə deyirəm, ora cənnətin özüdür. Sovet dönəmində xalq şairimiz Süleyman Rüstəmin məşhur “Cənnət görmək istəyən Azərbaycana gəlsin” şeirini oxuyanda elə düşünürdüm ki, məhz Dağlıq Qarabağın, Hadrutun fonunda yazılıb bu şeir. Odur ki, bulaqlarından bal süzülən, çəmənlərindən, ormanlarından gözəllik fontan vuran bu yerlər daşıyla, torpağıyla və bir də havasıyla insanın ömrünə ömür calayırdı. İnşallah, özünüz gedib gəzib görərsən.

- O vaxtlar rayonda ermənilərlə münasibət necə idi?

- Erməni hər yerdə və hər zaman ermənidir. Özündən güclü, ağıllı, imkanlı, səlahiyyətli adam görəndə həmişə quyruq bulayır. Ancaq “bəli”, “baş üstə” deyib yaltaqlanır. Sovet dönəminin rejimi adamları onsuz da bir ideologiya ilə idarə edirdi. Bu mənada ermənilərin aşağı zümrəsi daha çox iş-güclə məşğul olurdular, heç səs-səmirləri də çıxmırdı. O ki, qaldı vəzifəli, səlahiyyətli ermənilərə, onlar üzdə qanuna söykənirdilər, arxada öz bildiklərini edirdilər.

- Ən varlı kəndlərdə ermənilər yaşayırdı...

- Mən elə deməzdim. Qarabağda bütün kəndlər varlı idi. Çünki Allah özü bu bölgəni varlı yaratmışdı. Təsəvvürünüzə gətirin, buradakı meşələrdə aylarla, hətta il boyu çörəksiz yaşamaq mümkün idi. Meyvələrin hamısı – qoz, fındıq, armud, alma, zoğal, böyürtkən, çiyələk, moruq bu torpağın adamlara yaşam stimulu idi. Ona görə də kəndləri varlı-yoxsul bölgüsünə aid etmək düzgün deyil. Amma kənddə yaşayanların özlərinin fərasətli, ya da fərasətsiz olması başqa bir məsələ idi. Necə deyərlər, hər kəs öz gücünə, qabiliyyətinə görə şəraitini qurub yaşayırdı.

- Ora qayıdacaqsınız?

- Mən artıq ora qayıtmışam. Ruhən, xəyalən çoxdan çatmışam ora. Bizim bayrağın qaldırıldığı andan artıq gəzirəm o yerləri. İnşallah, işlər qaydasına düşsün, erməni terroristlər təslim aktına imzalasın, ondan sonra dönəcəm ata yurduma. Bütün qələm dostlarımı da orada gözləyəcəm.

# 7810 dəfə oxunub

Müəllifin son yazıları

# # #