Facebookda müharibə aparanlar

Facebookda müharibə aparanlar
15 iyul 2020
# 13:25

Sosial şəbəkələr sözün həqiqi mənasında paralel dünyamızdır. Dünyada baş verən hadisələrin əks-sədası burdan eşidilir.

İnsanlar daim panika içində, bir-birinin ardınca dezinformasiyalar yayırlar. Belə olan halda doğru xəbər gözləyənlərin ürəyi sıxılır, hər kəsi həyəcan, narahatçılıq bürüyür.

Bu günlərdə cəbhədən həyəcanlı xəbərlər alırıq.

Hamımız nigaranıq.

Hamımız narahatıq.

Bunun nə ilə nəticələnəcəyini bilmirik.

Gözləyirik.

Və gözləyə-gözləyə öz narahatlığımızı, həyəcanlarımızı sosial şəbəkələrdə bölüşürük.

Əslində, döyüşün bir hissəsi də artıq virtual dünyada gedir.

Artıq düşmənlə təkcə cəbhə xəttində deyil, internetin arxasında da müharibə aparmağa məcburuq.

Biz sosial şəbəkələrlə həm də öz fikrimizi düşmənə göstəririk.

Hər zaman olduğu kimi bu dəfə də müharibə istəyənlər və pasifistlər bir-birinə girir, birinin sözü o birinin boğazından keçmir.

Müharibə istəyən pasifisti yıxıb-sürüyür.

Pasifist müharibə tərəfdarını tənqid edir.

Mənə görə, hər ikisi yanlışdır.

Heç kimi bu mövzuda mütləq “mənim kimi düşünün” fəlsəfəsinə kökləyə bilməzsən.

Müharibə istəyənin də, pasifistin də öz həqiqəti var.

Hərə özünə görə haqlıdır.

Müharibə istəyənə "sən geridəqalmışsan" demək doğru deyil. Çünki biz o insanların hansı psixoloji əhvalda olduğundan xəbərsizik. Ola bilsin, onlar öz gərginliklərini müharibədə çıxarmaq fikrindədirlər.

Pasifistlərə də "sən qorxaqsan" demək haqsızlıq olar. Üstəlik, insanın qorxaq olması onun öz seçimi deyil.

Biz özümüzlə bu savaşdan vaz keçməliyik.

Əsas məsələ həm də düşmənin nəbzini tutmaqdır.

Biz ermənilərlə sosial şəbəkələrdə də müharibə aparırıq. Bu həm virtual, həm də psixoloji savaşdır.

Artıq ermənilərin nə yazdığını Facebookun tərcümə xidməti vasitəsi ilə asanca oxuya bilirik.

Qarşılıqlı söyüşürük, lağ edirik bir-birimizə.

Müharibə haqda hərənin bir fikri olur. Dediyimiz kimi, hər kəsin də öz həqiqəti var.

Amma bir qrup var ki, onlar sosial şəbəkə üzərindən özlərinə xal qazananlardır.

Hamımız onlara belə deyirik: “Klaviatura qəhrəmanları”.

Onlar cəbhədə atəşkəsin pozulmasından belə yararlanırlar. Virtual aləmlərində müharibə aparırlar, Qarabağı alırlar. Vəziyyət dəyişən kimi fikirlərini də dəyişirlər. Onlar publikaya oynayırlar. Öz fikirləri yoxdur. Kütlənin fikiri ilə hesablaşırlar.

Sosial mediada gedən informasiya müharibəsində yaşayırıq. Və biz erməniləri sosial şəbəkələrdə də məğlub eləmək istəyirik. Bunun üçün onların səhifələrini şikayət edir, söyür, təhqir edirik. Bununla da biz onların sahəsini güllə-baran edirik. Ermənilər sosial şəbəkələr vasitəsilə öz işğalçı siyasətlərini təbliğ edirlər. Bütün dünyaya sübut eləmək istəyirlər ki, Qarabağ bizimdi.

Anlaşılan odur ki, ən ağrılı yerimiz müharibədir. Çünki o koronavirus bəlasını da unutdura bildi.

Ağır günlərdi.

Emosiyalarımızı qoruyaq.

Səbr edək.

Gözləyək.

# 3394 dəfə oxunub

Müəllifin son yazıları

# # #