Polisi maarifləndirmək lazımdır – Yazarlar şortik qadağasından danışdılar

Polisi maarifləndirmək lazımdır – Yazarlar şortik qadağasından danışdılar
21 sentyabr 2020
# 15:42

Sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən şəxs DYP-nin binasına buraxılmayıb.

Kulis.az mövzu ilə bağlı yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

- Şortik isti ölkələrdə adətən normal qarşılanan geyimdir. Mən elə bir qadağa elanına bu yay Yeni Suraxanıda dükanda rast gələndə xeyli təəccübləndim. Bu, Kamran Əliyev polkovnik olduğu üçün elə bilir ki, bütün dövlətin və xalqın həyatını tənzimləyən əmrlər, göstərişlər verə bilər. Yaxşı yanaşma deyil, polisi vətəndaş hüquqları sahəsində maarifləndirmək lazımdır.

Rasim Qaraca

- Nazım Hikmət Moskvada sürücülük imtahanı verəndə Qalina ilə tanış olur. O zaman qızın əynində şortik var imiş. Söhbət sırasında Qalina yaxınlıqdakı kilsənin üstündəki göyərçini göstərib deyir: “Bax, yazıq quş axsayır”. Nazim quşa deyil, qıza baxır, deyir: “Mən elə bilirdim, mavi gözlü qızlar heç nə görmür”.

Rəbiqə Nazimqızı

- Absurddur. Problem burasındadır ki, rüşvətlə yox, şortiklə savaşırıq. Kostyumda da qəza törətmək olar, şortikdə də xilas etmək olar.

Mübariz Örən

- Məncə gülməli qadağadır. Qanunda yoxdursa, hansı məntiqlə qadağa qoymaq olar? Əsas meyar imtahanların obyektiv, ədalətli keçirilməsidir. Yəni, ayıb olan, hansısa səbəblərə görə qaydalardan əsla xəbəri olmayanların "prava" almasıdır. Şortik geymək isə... Amma sizə bir qənaətimi də deyim: bizim kişilərin əksəriyyətinə şortik yaraşmır. Yaraşmır, vəssalam! Səbəbi heç tüklü ayaqlar da deyil. Özümüzü inamsız, gülməli aparırıq şortikdə; sanki bütün aləm bizim şortik geyməyimizə baxır, gülür. Bizim deyil, ona görə. Amma olacaq, başqa yol da yoxdur. Buna öyrəşməliyik. Biz də, ətraf da, din də, DİN də.

Aqşin Yenisey

- Geyim insanı məzmunca tamamlamayanda qıcıq yaradır. Xırda olsa da, bu cür məsələlər vaxt alacaq. Başı azad olmayanın, arxasının azadlığı heç nəyi dəyişməz.

Cəlil Cavanşir

- Düşünürəm ki, DYP XXI əsrdə bu cür absurd və mənasız arqumentlə vətəndaşı incitməkdənsə, daha ciddi məsələlər barədə düşünməlidir. Vətəndaş şort da geyinsə, şalvar da geyinsə vətəndaşdır. Onun hüquqlarını bu cür pozmaq, süni problemlər yaratmaq yolverilməzdir. Yaxşı olardı ki, DYP sürücülük vəsiqəsinin verilməsindəki arzuolunmaz halları dayandırsın. Şəhər naşı sürücülərin əlindən qan ağlayır. Daha doğrusu, DYP-nin yarıtmazlığı və rüşvətlə sürücülük vəsiqəsi paylaması sayəsində həyatımız hər addımbaşı təhlükədədir. Həlli vacib məsələ budur. Vətəndaşın sürücülük vəsiqəsi imtahanına şortla getməsi problem deyil. Qanunlarımızda bununla bağlı heç bir qadağa, maneə yoxdur. Vətəndaş haqlıdır və hüquqlarını pozan DYP bu addımına görə məsuliyyət daşımalıdır.

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #