Vaqif Bayatlı: “Karantini əbədi azadlığa çevirmişəm” - Söhbət

Vaqif Bayatlı: “Karantini əbədi azadlığa çevirmişəm” - Söhbət
28 aprel 2020
# 11:56

Kulis.az uzun müddətdir ev şəraitində müalicə alan görkəmli şair Vaqif Bayatlı ilə qısa söhbəti təqdim edir.

- Necəsiz, Vaqif müəllim?

- Çarpşıram da, belə. Dünya necədirsə səhhətim də elədir. Türk millətinin, xalqlarının səhhəti kimi. Yəni bütöv şəkildə, mənim canım və ruhum...

- Müalicəniz nə yerdədir?

- Türkiyəyə gedəsiydim, yollar bağlandı, gedə bilmədim. Bir həftədən sonra yenə zəng edəcəm. Orda da dəhşətli virus var. Amma Türkiyə mənim üçün doğmadır. Türkiyədəki virusu da sevgi ilə qarşılamaq olar.

- Bəşəriyyətə yayılan koronavirus haqqında nə düşünürsünüz?

- Düşünürəm ki, bu virusu Allah insanları başa salmaq üçün bir vasitə kimi göndərib. Yəni insanları başa salır ki, bir-birinizə məhəbbətlə yanaşın, bir-birinizə sevgiylə yanaşın, sağlamlığınızı qoruyun, idmanla məşğul olun. İlahinin yanına gedə biləcək qədər qanadlı və ruhlu insanlar olun.

- Sizcə insanlar bütün bunlardan nəticə çıxardacaqmı?

- Təbii, təbii. İnsanlar belə şeylərdən nəticə çıxarmasaydı, indi mövcud olmazdılar. Çoxdan məhv olmuşdular. Buna heç şübhəniz olmasın. İnsanlar həmişə nəticə çıxarıblar.

- Bilirik ki, xeyli müddətdir ev şəraitindəsiniz...

- Mən evdən çıxa bilirəm ki?! Onsuz da karantindəyəm (gülür). Əvvəldən karantindəyəm. Karantini əbədi azadlıq elan edən, bəlkə də, yeganə insanam.

- Yaradıcılığınızda nə kimi yeniliklər var? Şeir yazırsınız?

- Təzə kitabım bu yaxınlarda işıq üzü gördü, yəqin bilirsiniz.

- Bilirik, təbii. “Bəy atlı şeirlər”...

- Bəli. Təzə şeirlər çoxdur orda. Evdə hərdənbir şeirlər, hərdənbir dünya ilə məşğul oluram. Çalışıram dünyaya sevgimi yönəldəm və dünyada sevgini artırım. İnsanların bir-birini sevməsini artırım. Hərdən də dünyanın belə dərdlərini, problemlərini düşünürəm və ağrıyıram. Öpürəm bütün insanları...

- Virusun sona çatacağına dair bir praqnozunuz varmı?

- Belə viruslar dünyada az olur, amma həmişə olur. Əlbəttə bitəcək. Artıq azalma tendensiyası başlayıb. Dünyada ölənlər çoxdu, Allah ruhlarını şad eləsin. Azərbaycanda vəziyyət yaxşıdı, bizim millət vaxtında ağıllı hərəkət elədi.

- Bu virus dünyanın mənzərəsini dəyişməyə doğru aparır. Hətta, deyirlər, dünya artıq dəyişib. Siz necə düşünürsünüz?

- Dünyanın mənzərəsini viruslar dəyişə bilməz. Dünyanın mənzərəsini ancaq böyük, dahi sənətkarlar dəyişə bilər. O da bir az. Bir də böyük dini kitablar. O cümlədən Quran, Bibliya, Tövrat... Bu cür qeyri-adi kitablar. Füzuli dünyanın simasını həmişə dəyişdirir. Bizim böyük Məhəmməd Füzulimiz. Bizim böyük sənətkarlarımızın hamısı dünyanın simasını müəyyən qədər dəyişdirib. Dünyanın mənzərəsini Allahın yanında olan, daim onunla təmasda olan, daim onu hiss eliyən adamlar dəyişə bilər.

- Dünyadakı bu ağır vəziyyət həm də Allahın qəzəbi deyil ki, insanlara?

- Xeyr. Allahın qəzəbi ola bilməz. Allah yaratdıqlarına qəzəbli ola bilməz. Belə məsələləri şişirdirlər. Bu, ancaq Allahın xəbərdarlığı ola bilər.

- Müsahibə üçün təşəkkür edirəm.

- Sağ olun, sevgiylə, məhəbbətlə qalın.

# 3631 dəfə oxunub

Müəllifin son yazıları

# # #