Gənc şair: “Qazaxda mənə peyğəmbər kimi baxırlar” - MÜSAHİBƏ

Gənc şair: “Qazaxda mənə peyğəmbər kimi baxırlar” - MÜSAHİBƏ
25 oktyabr 2017
# 15:20

Qazaxda yaşayan istedadlı şairlərdən biri də Taleh Mansurdu. AYB-nin və Dünya Gənc Türk Yazarlar Birliyi-nin üzvü, prezident təqaüdçüsü olan Taleh bəyin uşaqlığı ağır keçib. İlk şeirini 13 yaşında qələmə alan gənc şairin "Ümid yerim” adlı bir kitabı da çap edilib.

"Mən dünyanı saz-söz sədaları altında deyil, silah səsləri altında dərk etməyə başlamışam.” "Mən qazaxlıları sazlı-sözlü olduqlarına görə deyil, düşmənin qarşısında məğrur dayandıqlarına görə sevmişəm.”

Kulis.az gənc şair Taleh Mansurla müsahibəni təqdim edir:

- Taleh bəy, özünüz haqda danışardız...

- Özüm haqda uzun-uzadı danışmağı sevmirəm. Şeirdən tutmuş povestə və ssenariyə kimi bütün janrlarda özümü sınamaqdayam. AYB-nin və Dünya Gənc Türk Yazarlar Birliyi-nin üzvü, prezident təqaüdçüsüyəm. Sıfırı nəzərə almasaq üç yaşım var. Dünyanın düz vaxtı hələ də subay sayılıram (gülür)

- Uşaqlığınıza səyahət etsək, sizi harda tapa bilərik?

- Uşaqlığım doğulduğum Qazaxda keçib. Uşaqlıq illərim müharibə illərinə təsadüf edir. Bəli, bəli müharibə illərinə. Çoxları bilmir ki, Qarabağ müharibəsi əslində elə Qazaxdan başlayıb. Təəccüblü səslənsə də, mən dünyanı saz-söz sədaları altında deyil, silah səsləri altında dərk etməyə başlamışam. Mən qazaxlıları sazlı-sözlü olduqlarına görə deyil, düşmənin qarşısında məğrur dayandıqlarına görə sevmişəm. Fikrimcə, qazaxlılar döyüşməyi yazıb-yaratmaqdan daha yaxşı bacarırlar. Qeyd etdiyim kimi uşaqlıq illərim çətin illərə təsadüf etdiyindən, oyuncaqlarım olmayıb. Anam kitabxanaçıdı, oyuncaq əvəzinə qabağıma kitabları tökürdü ki, oynayıb başım qarışsın. Yəqin ki, uşaqlığıma səyahət etsəniz, məni həmin "oyuncaq kitabalarımın” arasında taparsınız.

- Mansur imzanız hardan gəlir?

- Bu təxəllüs mənə 2012-ci ildə Əkbər Qoşalı tərəfindən verilib. Verilib deyəndə, əvvəllər soyadımla, Mansurov imzasıyla çıxış edirdim. Bir dəfə Əkbər müəllim silsilə şeirlərimi dərc eləmişdi. Baxdım ki, imza yerinə Taleh Mansur yazılıb. Əvvəl özümü tanımadım. (gülür) Sənət və sənətkarlıq qurban tələb edir deyirlər, bu baxımdan ilk qurbanı soyadım verdi. Qəribədir, həmin şeirlərim o qədər zəif idi ki, sonralar utandığımdan o şeirlərdən imtina etməli oldum.

- Kitabınız çap edilib?

- Hə, gözümün ağı-qarası bir kitabım var, "Ümid yerim”, tam on üç il öncə nəşr olunub. İlk kitabım çap olunanda özümə söz verdim ki, ikinci kitabımı on beş il sonra nəşr etdirəcəm. Hal-hazırda verdiyim sözü tutmaqdayam. (gülür)

- Şeir yazmaq dövrünüz nə vaxtdan başladı? Nə vaxt şeirə ehtiyac duydunuz, hiss elədiniz ki, şeir yaza bilərsiz ?

- İlk şeirimi 2000-ci ilin 9 martında, 13 yaşımda yazmışam. İndiki kimi yadımdadır, həmin gün anladım ki, dünyaya yarımçıq gəlmişəm. Şeir məni bütövləşdirdi, anam məni dünyaya gətirəndən tam 13 il sonra mən dünyaya bütöv doğuldum. Məktəbdə şeir yazdığımı biləndən sonra mənə peyğəmbər kimi baxmağa başladılar. Tək mənə deyil, ümumiyyətlə qazaxlılar əli qələm tutan bütün adamlara peyğəmbər kimi baxırlar. Qabaqlar məni saymayan qızlar şeir yazandan sonra mənə rəğbət bəsləməyə başladılar. Hətta məktəbin ən davakar uşağı bundan narahat olub haqq-hesab çəkmək üçün məni "söhbətə” çağırdı. Əslində mən onda anlamalıydım ki, ədəbiyyatdan heç kimə xeyir gəlməyib. (gülür)

- Şairin ətrafında qadınlar çox olur deyirlər. Sizdə necədir? Yoxsa istedadınız sizi daha da tənhalaşdırır?

- Mənə görə kişinin tənhalığının cinsi qadın, qadının tənhalığının cinsi kişidir. Bu bir növ qadında kişi, kişidə qadın hormonlarının olmasına bənzəyir. Qaldı qadınlarla bağlı məqamlara, sağlıq olsun, bu sualı otuz il sonra verərsiniz, oturub rahat-rahat yerli-dibli hər şeyi danışarıq. Bircə onu deyim ki, məni sevən qadınların hamısı gözəl olub. Hətta məni sevən qadınlardan biri, adını çəksəm dəhşətə gələ biləcəyiniz, çox ünlü bir adamını sevgisini geri çevirib məni sevmişdi. Bilmirəm, bəlkə də, yenə sevir, xəbərim yoxdu. Xülasə, bu şeylərin hamısı mənim üçün artıq geridə qalıb, indi bir sevdiyim qadın var, ona da sadiq olmağa çalışıram. Hesab edirəm ki, kişi bütün sevgi macəralarını ailə qurana kimi yekunlaşdırmalıdır.

- Şeir mənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşi heyvanları. Sizin gözlərinizdə üfüqdə nə görünür?

- Mənə belə qəliz və sanballı suallar veriləndə özümü edam kürsüsündəki kimi hiss edirəm. Elə bilirəm ki, dolğun cavab verməsəm boynumu vuracaqlar. Bütün düşüncəmi səfərbər eləyib sualın çəkisinə uyğun cavab verməyə çalışıram. Ancaq indi çətinlik çəkmədən cavab verəcəyəm. Məncə, mənim üfüqdə gördüklərimin hamısı ilğımdır. Çünki mən üfüqdə yalnız könlümü oxşayan şeylər görməkdəyəm. Heç inandırıcı deyil ki, mənimlə Tanrının fikirlərinin bu qədər üst-üstə düşsün.

- Səhv etmirəmsə Qazaxda yaşayırsınız. Tez-tez Bakıya gəlirsiz? Ədəbi mühitdə kimlərlə tanışsınız?

- Şair demişkən, mənim ömrüm təkərlər üstündə keçir. Özüm Qazaxda yaşasam da iş yerim Gəncədədir. Hələ bu azmış kimi, tez-tez Bakıya da gəlib gedirəm. Yol getməkdən yorulmuram, əksinə zövq alıram. Bəlkə də, yer üzündə mənim qədər dünyanın böyüklüyünə sevinib, ölkəsinin ərazsinin kiçik olmasına görə kədərlənən ikinci bir adam yoxdur. Nə yaxşı böyük dünyanın uzun yolları var. Uzun yollar məni dərin düşüncülərə qərq edir. Dərin düşüncələr isə vicdanıma rahatlıq gətirir. Ədəbi mühitdə dost-tanış çoxdu. Ancaq nə danım, qələm əhlindən uzaq gəzən adamam. Misal üçün, ədəbi tədbirlər enerjimi alır, uzun müddət heç nə yaza bilmirəm. Hesab edirəm ki, əsl yazıçı və ya şair, elə yazıçı və şairlərdən uzaq gəzən adamdı.

Sonuncu dəfə Bakıya gələndə Emin Piri ilə görüşdüm. Zəng elədi ki, "pubda” oturmuşam, gəl görüşək. Soruşdum ki, kefin yaxşıdımı? Dedi, hə. Dedim, onda gəlirəm. Yəqin ki, Emin məni hər hansı tədbirə və ya kitab təqdimatına çağırsaydı, bir bəhanə uydurub getməyəcəkdim.

- Qazaxda ədəbi mühit necədi? Orda yazarlardan, şairlərdən kimlərlə dostluq edirsiz?

- Yaxşı olardı ki, bu sualı Azərbaycan Yazıçılar Birliyin Qazax filalının sədri hörmətli Barat Vüsala verəsiniz. O heç kimə Qazaxdakı ədəbi mühit haqda danışmağa icazə vermir. Barat müəllimin "müəllif hüquqlarını” tapdalaya bilmərəm. Təkcə onu deyə bilərəm ki, heç bir təmənnasız uzun illər AYB-nin Qazax filialında gənclər üzrlə işlərə rəhbərlik etmişəm. Onda sayılıb-seçilən şairlərdən hesab edilirdim. Sonra Barat müəllim türkün məsəli kəndirimi kəsdi. İndi mənə çoxları düşmən gözüylə baxırlar, bircə alnımın paslı gülləsi çatışmır. Ümumiyyətlə mənim üçün AYB-nin Qazax bölməsi Mövlud Mövludun qəbridi. Darıxanda, sıxılanda Mövludun qəbriylə dərdləşirəm, ona təzə yazdığım şeirlərimi oxuyuram. Neynəyim, Qazaxda olan Bəxtiyar Hidayətdi, çobanlıq elıyir, mal-qara saxlayır. Bir çətən külfəti var. Hikmət Orhundu, o da günortaya kimi yatır. Görüşə çağıranda da axsaya-axsaya axşama gəlib çıxır. Bir də bir şair var Bilal Qoca, onunla oturub dururam. Bilal müəllim əvvəl AYB-nin Qazax bölməsində ədəbi məsləhətçi kimi çalışırdı. İndi o da mənim kimi "Persona non qrata” hesab edilir. Yaşı səksəni haqlamış bu ixtiyar qoca bütün fəsillərdə mənə payızı xatırladır. Hərdən zarafata salıb deyirəm ki, ay Bilal müəllim, sən öləndən sonra haqqında "Payız adam” adlı bir yazı yazacağam. O da deyir ki, biləsəm, haqqımda ikicə kəlmə yazacaqsan günü bu gün ölərəm.

- Kənd, yoxsa şəhər?

- Nə şəhər, nə kənd, mənə görə dünyanın ən doğma yeri ilk nəfəsim dəydiyi evdi. Həmişə Allaha yalvarıram ki, öləndə də son nəfəsim ilk nəfəsim dəyən yerə dəysin. İnanın səmimiyyətimə, hərdən göz açdığım yerdən elə bezirəm ki, deyirəm, yoxe, birdəfəlik gedəcəm buralardan. Gəncəni keçməmiş burnumun ucu göynəyir Qazaxdan ötrü. Utanıram tezcə geri qayıtmağa, bir neçə gün sizin soyuq şəhəri dolanıb təkrar qayıdıram Qazaxa.

- Görünmür yanaqda xalın qarası,

İzn ver, telini qaldırım, düşür

Sənin saçlarına yağış damlası,

Mənim ürəyimə ildırım düşür.

Gözəl şeirdi. Şeirlərinizin qırmızı xətti sevgidir. Ürəyiniz yaralıdı, deyəsən...

- Bunu harada tapmısınız? Az qala deyəcəkdim ki, kimin şeiridi? Haqq üçün yaxşıdı hə? (gülür) Əslində bu şeir elə bir bənddən ibarətdi. Adını bilmədiyim bir xanıma yazmışdım. Elə də gözəl deyildi. Fikirləşdim ki, gözəl olmayanda nə olar? Allaha xoş getsin deyə, yazdım bu misaraları. Gərək ürək məsələsinə. Ürəyim yaralıdı yox, yaram ürəyimdi. Nə bilim azdan-çoxdan çəkmişik sevgidən. Məsələ intihara cəhdə qədər gedib çıxıb. Bu haqda çox da danışmaq istəmirəm. Bir dəfə müsahibələrimin birində demişdim ki, sevginin orbitində hər şey gözəldi, ayrılıqlar və sevgi uğrunda ölməklər belə. İndi də həminki fikrimdə qalmaqdayam.

- Xalqın Şairi müsabiqəsində iştirak etdiniz və birinci mərhələni keçdiz. Təbrik edirəm. Ümumiyyətlə bu layihəyə münasibətiniz necədi? Münsiflərin fikirləri sizin üçün nə qədər vacibdir?

- Minnətdaram, çox sağ ol. Açığı mən o müsabiqəyə anama görə qatılmışam. Anam məni televizorda görəndə ürəyi dağa dönür. Özümə qalsa, müsabiqənin aparıcısı Mübariz müəllim deyir ha, pünhan şairlər, hər zaman bax elə pünhan şairlərdən olmaqdan zövq almışam. Ümumiyyətlə anam məndən çox zövq alır ədəbiyyat adına olan hər şeydən. Hətta AYB-yə üzvlük vəsiqəmi zinət əşyalarını saxladığı mücrüdə saxayır. Hərdən mənə elə gəlir ki, anam üzvlük vəsiqəmi məndən çox istəyir. Özü gənc yaşlarında yaradıcılıqla məşğul olurmuş. Hətta iri həcmli bir roman da yazıbmış. Qərara alıb ki, romanı Mirzə İbrahimova göstərib, məsləhət alsın. Ancaq babam buna qarşı çıxıb. Anam da hirslənib yazdığı romanı cırıb yandırıb. Hərdən mənə elə gəlir ki, anam məni yarımçıq qalan arzularını tamamlamaq üçün dünyaya gətirib. Eyniylə də münsiflərin haqqımda dediklərinə məndən öncə anam daha çox önəm veirir

- Xalqın Şairində özünüzə rəqib bildiyiniz şairlər varmı?

- Rəqib? Şairdən şairə rəqib olar? Mən heç şairin şairi öldürməsini belə cinayət hesab edə bilmərəm. Hesab edərəm ki, təbii fəlakətdi. Zəlzələ, daşqın, sel, uçqun kimi. Qala ki, söz yarışmasında kimisə özümə rəqib hesab edəm.

Söhbətləşdi: Oğuz Ayvaz

Adalet.az

# 2209 dəfə oxunub

Müəllifin son yazıları

# # #