Anamı qorxutdum, palatada bir qızla... – Bir dəlinin gündəliyi

Anamı qorxutdum, palatada bir qızla... – Bir dəlinin gündəliyi
2 iyul 2019
# 09:00

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Dəlixanadan çıxmağıma inana bilmirdim. Göyü üzünü, insanları, rəngli maşınları, uşaqları elə bil ilk dəfə görürdüm. Hər şey çox parlaq, capcanlı, möcüzəli idi. Maşında atamla birgə evə gedirdik.

Atama tez-tez suallar verirdim:

- Maşınların rəngi niyə parlaqdı?

Atam üzündə təbəssümlə cavab verir:

- Bütün maşınlar elədi, ustaların əl işidi.

- Günəş bəs?

- Günəşli günlər çox olacaq. Üzü yaya gedirik.

Atam birdən çantasını eşələyir:

- Gözlə… Sənə hədiyyəm var…

Maraqla gözlərimi çantasında gəzdirirəm.

- Götür. Bu kitab çox maraqlıdır. Oxumaq yaxşıdır. Sakitləşdirir adamı.

Knut Hamsunun “Aclıq” romanı idi. Kitabı ortadan açdım və oxumağa başladım:

"Ruhuma belə bir duyğu hakim kəsilmişdi ki, həyat, demək olar ki, məni tərk edib, artıq kitabım bağlanıb. Amma mahiyyətcə, bunun mənim üçün elə bir fərqi yox idi və məni zərrə qədər də narahat etmirdi. Əksinə, mən şəhərdən keçərək limana doğru gedir və mənzilimdən daha da uzaqlaşırdım. Mən küçənin ortasına uzanıb ölə də bilərdim. İztirablar hissiyatımı əlimdən almışdı; şikəst olmuş ayaq barmaqlarım ağrıyırdı, hətta mənə elə gəlirdi ki, ağrı ombama qədər yayılıb, ancaq bu da məni narahat etmirdi. Bundan qat-qat ağır iztirablar çəkmişdim..."

Atam zarafata saldı:

- İndi oxumağına gərək yoxdu. Evdə oxuyarsan. Günlər çuvala girməyib ha?

Güldü və mən atamın bu gülüşündə kədərə üsyan qaldıran birini gördüm. Atamın sözünə qulaq asmadığıma və özümü bu çuxura atdığıma görə içimdə peşmançılıq yaşadım.

Evimizin qapısını anam açır. Gözləri dolub. Qucaqlayıb öpür məni. Süfrədə naz-nemətlər göz qamaşdırır. Amma iştahım yoxdu. Qardaşım, bacım da evə gəlir. Hamının üzündə təbəssüm var.

Gecənin bir aləmi. Saatın taqqıltısı. Xorultu, fısıltı səsləri. Yoxsa mən yenə xəstəxandayam? Tez qalxıb işıqları yandıraram. Yox, bura bizim evimizdir. Anam yerindən dik atılır.

- Nə olub, Oğuz, nəsə istəyirsən?

- Qaranlıqda yata bilmirəm. Qorxuram.

- İşıqlar yansın, indi yerinə gir, yatmağa çalış.

Atamın verdiyi kitabı açıram. Oxumağa başlayıram:

"Xəlvəti bir dalan tapıb sınıq-salxaq alaqapılardan birinin qarşısında dayandım. Bura tamam qaranlıq idi, mən bu qaranlığa sevinərək çiy ət sümüyünü gəmirməyə başladım. Ət dadsız idi; ondan adamı iyrəndirən isti qan qoxusu vururdu, çox keçmədən ürəyim bulanmağa başladı. Bir az keçdikdən sonra sümüyü bir də sınadım; heç olmasa bircə tikə də olsa, həzm edə bilsəydim. Amma yenə də ürəyim bulandı. Mən hirsləndim, qətiyyət göstərib dişlərimlə bir tikə qopardım və güc-bəla ilə uddum. Amma cəhdlər əbəs idi; ət tikələri mədəmdə isinən kimi dərhal geri püskürdü. Mən azğınlaşaraq yumruqlarımı düyünləyür, acizlikdən ağlayır və sümüyü qəzəblə gəmirirdim".

Elə bil mənim də içimi aclıq bürüyür. Tez kitabı bir tərəfə qoyub soyuducunu açıram. Kolbasa var, bir az da pendir. Soyuducumuz kasıblığımızın rəmzidir. Acgözlüklə yeməyə girişirəm. Anam bu mənzərələri dəhşətlə izləyir. Sanki kimisə tikə-tikə doğrayırlar...

***

Günorta evdə anamlayıq. Hamı işdə-gücdə. Anam qonşuya yollanır. Evdəki əşyalar gözümdə əcaib varlıqlara çevrilir. Qorxu gəlir. Elə bil kimsə arxadan kürəyimə toxunur. Nə baş verir yenə? İçimdəki səslər üsyana qalxır.

Əşyalar gəlir gözümün qabağına. Hərəsi bir div boyda. Külqabı meymuna çevrilir, stol ayıya. Getdikcə daha da eybəcərləşirlər.

- Yetər!!!

Qışqırıram.

Onlar isə dayanmadan üstümə gəlməyə başlayırlar. İçim buz kəsilir. Dişlərim bir-birinə dəyir. Qorxudan yerimdən tərpənə də bilmirəm.

- Kömək edin! Ay mama! Kömək!

Əşyalar üstümə hücum çəkir. Onları bir-bir divara çırpmağa başlayıram.

Səslər işə düşür. Həm çöldəki, həm də içərimdəki səslər. Səsləri susdura bilmirəm. Çığırıram. Çığırıram...

...Tap-tup, çıq...

Bu səsləri üstələmək üçün daha bərkdən çığırıram:

- Kəsin! Kəs! Yetər! Əl çəkin!

Səs-küyə anam yetişir, tez də özünü dəhlizə atır. Yəqin qadın məni o halda görüb bərk qorxuya düşüb.

Bir azdan atam əlində sumkasıyla evə girir. Anam çağırıb onu. Yazıq qadın nə etsin. İçimdə qarışıq duyğular əl-ələ verib gəzişməkdədir. Zəhərə dönsün. Niyə çağırıb axı bu adamı?

- Nə gəlmisən? Cəhənnəm ol! İşinə get! İşinə...

Atam sakitcə çantasını döşəməyə fırladır, masanın arxasına keçir. Diqqətlə məni izləyir... Və birdən... Hönkür-hönkür ağlamağa başlayır. Atamı ilk dəfə ağlayan görürəm.

- Məni aldatdınız. Dünyanı xilas edəcəkdim. Yenə həbs elədiz məni. Dünya məni gözləyir. İnsanlar ölür, sarsaqlar, axmaqlar... – sayıqlayıram...

- Ay Oğuz, nolar, özünə gəl. – anam qıraqdan gözünün yaşını silə-silə danışır. – Yazığın gəlsin bizə. Etmə-eləmə. Kimin qarğışına düşdük, ay Allah?

Atam heç nə demirdi, kirimişcə çiyinlərini ata-ata ağlayırdı. Qayıtmağıma bayram etmişdilər. Hər şey necə də gözəl idi. Birdən-birə həyatımdakı o boz və qara rənglər təzədən yerinə gəlməyə başladı. Elə bu vaxt qardaşımla bacım da gəldi. Bilmədilər neyləsinlər. Eləcə key-key baxdılar. Donuq ifadələr məni dörd tərəfdən sıxırdı.

- Nə baxırsınız e? Nədi? Anamdı da. Həyata bax sən. Çirkinləşdirmisiz hər yeri. Niyə təmizləmirsiz hə? Hə, bacı? Ana? Hər yer it günündədi.

Anam ağlaya-ağlaya:

- Təmizləyərəm, bala – deyir... – Bu dəqiqə...

Kimsə telefonla danışır. Qapımız açılıb örtülür. İçəridə adamlar çoxalır. Qonşular. O qız... Hə, sevdiyim qız da onların arasındadır.

- Sənin üzündən. Hamısı sənin üzündən. Rədd ol burdan.

Boşluğa yumruq atdım. Nəsə istilik hiss etdi bədənim.

İki sanitar peyda olur. Qolumdan yapışıb təcili yardım maşının içinə dürtürlər məni. Atam, qardaşım donuq gözləriylə süzürlər məni.

- Apar məni sevdiyim qızın yanına. – deyirəm.

- Ora gedirik elə. – qardaşımın səsidir.

- Çox uzaqdadır?

- Yox, qaqa, beş-on addımlıq yoldu.

- Bəs niyə maşınla gedirik? Niyə? Niyə?

- Yorulmayasan deyə...

Yolda qırmızı gül satan uşaqlar görürəm.

- Saxla, saxla, qıza gül də aparmalıyam. Məni gözləyir.

Sürücü maşının əyləcini sıxır, sürəti daha da artırır. Atam susur. Onun susqunluğu çarəsizliyini ifadə edir.

Budu, yenə xəstəxana. Yenə nimdaş divarlar, iy verən dəlilər. Dəmir qapının səsi cingildəyir. Atam, qardaşım qapının, həyatın o üzündə qalırlar. Mən və dəlixana. Yenindən bir yerdəyik. Dəhlizin o başında sarı saçlı, uzun boylu, ağ donda bir qız gülümsəyir. Ona yaxınlaşıram. Əlimlə saçına, üzünə tumar çəkirəm.

- Sən həqiqətsən?

- Əlbəttə, gəlmişəm səni görəm.

- Mən dəliyəm axı.

- Sən mənim dəlimsən.

- Adın nədi?

- Məryəm. Bəs sənin?

- Oğuz.

Məryəmi çarpayıma aparıram. Dəlilər yatıb. Top atsan oyanmazlar. Məryəm palatanın qaranlığında ay kimi işıldayır.

- Məni sevirsən?

- Əlbəttə, səni çox sevirəm.

- Niyə axı?

- Sevginin niyəsi də olur?

Onu bu dəfə gördüyümdə anladım ki, əslində bəhs etdiyim insanın varlığı mənim bu həyatda olmağımın təsdiqidir.

Gözlərində həmişəki ifadə: kədər və gözəllik...

Unutmaq, kimdənsə küsmək – mənə həmişə yad olan hislərdir. Hər şeyi özümə dərd edirəm. İstəyirəm ki, həmişə qüssəli və yalqız görünüm.

Nədənsə, çox vaxt bəzi insanlar dərdli olmağı sevirlər. Bəlkə də belə halın yaratdığı estetika, cazibədarlıq çoxlarının köks ötürdüyü bir şeydir. Ancaq mən adi insanlar kimi səssiz, başımı aşağı salıb işimlə məşğul olan, qayğısız birinə çevrilmək istəyirəm.

Arzulayıram ki, nə vaxtsa mən də heç nəyə fikir vermədən yolumla düz gedim, insanlara baş qoşmayıb dərdimi unudum, kədərimi başqaları ilə bölüşüb onun sehrli və toxunulmaz görünüşünü məhv edim.

Unutmaq hissi məndə heç vaxt baş verməyib. Mən inanmıram ki, kimsə kimisə unuda bilir. Bu boş söhbətdir. Belə deyənlərə yalnız gülə bilərəm. Çünki Tanrı məncə, insana unutmaq hissini verməyib. Belə bir duyğudan söhbət gedə bilməz.

Unutmaq – sadəcə xatırlamağın əksi kimi işlədilir. Yəni aksiomadır, heç vaxt izahı olmayan bir şey. Bu yalnız inkar formasının işlədilməsinə xidmət edə bilər.

Axı, insan necə unuda bilər ki?

Doğuluşum, kəndimiz, həyətimizdəki başı kirəmitli evimiz, bağçamızda aramsız hürən alabaş itimiz, uşaqlığım, ilk sevdiyim qız, dostlarım, atam, anam, hətta ilk gördüyüm insanlar, başıma gələn saysız-hesabsız, maraqlı-maraqsız əhvalatlar, başqalarının danışdığı cürbəcür hekayətlər, oxuduğum kitablar, getdiyim yerlər, baxdığım rəsm tabloları, son zəng, məktəbə getdiyim ilk gün, balaca vaxtı dörd-beş uşaqla dalaşıb ilk dəfə burnumun qanaması, güvəndiyim dostlarımın çıxıb getməsi, dünyada gedən hadisələr – bu və bu kimi minlərcə, bəlkə də milyonlarca sadalamadığım şeylərin hamısı mənim xatirimdədir və inanmıram ki, mən bir gün yaşadığım bu anları unuda biləcəm.

Həyat xatırlamaq üçündür. Kədər, sevinc, nə olur-olsun, bizim yaşadığımızı bütövləşdirməyə, məna qatmağa yarayır. O insan ki, kədərini də, sevincini də anlamır və yaxud onların həyatında daşıdığı amalı başa düşmür, mənə elə gəlir ki, o ömrü boyu yaşamayıb, sadəcə olaraq görüntüsü olub.

Bəzən unutmaq da istəyirik. Ancaq sonra görürük ki, bu əslində mümkün olan bir şey deyil və yaddaşımızda kök salmış xatirələr bizim gələcəkdəki həyatımızda lazım olan, gərəkli şeylərdir.

Yalnız xatirələrini gizlədən insanlar unutmaq hissinin var oluşuna inana bilərlər.

Unutmaq isə bizi sevgimizdən, yaddaşımızdan uzaqlaşdıran, bütün hisslərə düşmən kəsilən duyğudur. Amma nə olsun ki, o həmişə məğlubiyyətə boyun əyir.

- Heyyy, marsa uçdun?

- Burdayam, sənin hüsnü-camalın məni göylərə qaldırmışdı.

- Dəlilər uça bilir?

- Dəlilər planetlərə də uça bilir.

- Nə gözəl, onda bütün insanlar dəli olsaydı, hamı uçardı.

- Göylərdə yalnız dəlilər uçur.

- Məni niyə öpmürsən?

- Öpüşməyi unutmuşam.

Qardaşım məni silkələyir. Özümə gələndə onları əl eləyən görürəm.

- Məni aldatdınız. Bəs qızı görməyə gəlirdik? Noldu?

Bir şey deyə bilmirlər, başlarını yelləyirlər.

- Gələcəyik... – atamın səsi bu gecənin son misrasıydı...

Qəfil Lətif həkim qarşımda peyda olur.

- Nə oldu ki, geri qayıtdın bura?

- Həkim, qızla danışıram, sonra deyərəm.

- Qız? Hansı qız? Hardadı?

- Həkim, mən onu öpmək istəyirəm, icazə versən.

- Yaxşı, səhər danışarıq.

Atamla qardaşım qaranlıqda görünməz olurlar. Məni yeni, daha dəhşətli günlər gözləyir. Lətif həkim sanitarlara tapşırır ki, Oğuzu palatasına aparın.

Çarpayıda Məryəm məni gözləyir. Lüm-lütdü. İçim titrəyir.

- Sevişmək istəmirsən?

- Mən... mən... – dilim ləngər vurur... – bəs görsələr?

- Heç kim görməz... – ehtiraslı pıçıltı...

Mən onu öpməyə başlayıram. Məryəm üstümə tullanır, məni soyundurmağa başlayır. Sonra altıma keçir. Özünü mənimlə örtür. Çarpayı yellənməyə başlayır. Ehtiras nəğməsi səslənməkdə...

- Bu neyniyir?

Sanitarlar içəri doluşur. Gülə-gülə mənə iynə vururlar...

ardı var...

# 4902 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #