Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
Divarların rəngi dəyişmişdi. Günəş sarımtıl qolları ilə divarları boyamışdı. Bu gün aprel ayının ilk günü idi. Quşların cikkiltisi, küçədən keçən adamların şən, pıçıltılı səsləri, maşınların uğultusu dəlixananın dəhlizindən eşidilirdi. Dəlilər də elə bil ağaclar kimi tumurcuq açmışdılar. Üzlərində təbəssüm, əlləri hərəkətli, mehriban dolanırdılar.
Səhər Lətif həkim bizi sıraya düzdü. Bir-bir bizimlə maraqlandı, həmişəki kimi. Başımıza da tumar çəkməyi unutmadı. Onun bizə ata kimi qayğısı mənə həyatı sevdirirdi.
Bufetdə boynubükük yerə çömbəlmiş Vasyanı gördüm. İstədim, yanına yaxınlaşam onu qucaqlayam. Amma o yenə öz ilə məşğul idi. Elə hey sözləri güllə kimi boşluğa vururdu.
“Həyat... Sən... Mən gedəcəm günəşin yanına... Hey... Ehey...”
Rabitəsiz cümlələr dəhliz boyu gedib-gəlirdi. Arada elə sözlər deyirdi ki, onları başa düşmürdüm. Ola bilsin, rusca idi, yaxud da rus və Azərbaycan sözlərinin qarışığı. Amma Vasyanın dərdini başa düşə bilirdim. Mənə onun anlaşılmaz sözləri aydın idi – nə demək istədiyini bircə mən bilirdim.
Gonbul dəli diqqətimi çəkirdi. Axşamlar tez-tez ağlayırdı. Sakitcə gedib çarpayısında gözünün yaşını axıdırdı. Həmişə yastığı islaq olurdu. Onun göz yaşları heç kimin vecinə deyildi. Amma Lətif həkim hər dəfə onun göz yaşlarını silir, saçlarına tumar çəkirdi. Heç bir sorğu-sual etmirdi, incitmirdi gonbul dəlini.
Rejissor olsaydım indi operatorlarıma deyərdim ki, kameranı gonbul dəlinin üzünə tuşlayın. Rejissor olmadığıma görə, yazının istiqamətini dəyişə bilirəm.
Gonbul dəli. Hərdən düşünürdüm ki, heç gonbul adam da ağlını itirirər? Qayıdıb deyərsiz: “Pah! Niyə itirmir? Bəyəm dəli adam deyil?”
Həyat hər an ağır zərbə vurur kimi sözlər deməyəcəm, onsuz bu klişelərdən çox yazılıb, deyilib. Bu yerdə gündəliyimi bir qırağa qoyub yazmağa ara verirəm. Düşünürəm, düşünürəm... Həyat təkrar-təkrar səslənən nəğmə kimi məni bezdirməkdədir...
Qələmi götürürəm... Sözlər ard-arda düzülməyə başlayır...
Gonbul dəlinin adı Elşad idi. Biri vardı, biri yoxdu, Sahil qəsəbəsində Elşad adlı bir yeniyetmə oğlan yaşayırdı. Bu Elşad hamıdan özünü yüksəkdə sayırdı, bahalı paltarlar geyinir, digər uşaqlara fors göstərirdi.
Məktəbdə də qızlar onu sevirdi. 16 yaşı olsa da özünü 25 yaşlı gənc kimi aparırdı. Sinfin həssas uşaqları onunla yola getmirdi. Çoxunu incidir, döyürdü. Atası biznesmen olduğundan ona heç kim söz deyə bilmirdi.
...Palatalardan ayaq səsləri gəlir. Deyəsən, kiminsə yaxını gəlib. Ağlaşma səsi eşidirəm. Yanımdakı dəli də yatıb, div yuxusundadır. Dünyadan xəbəri yoxdu. Görən, atam da gəlibmi?
Çölə çıxıb göz gəzdirirəm. Bir-iki dəli ayaqüstü siqaret çəkir... Heç yandan səs gəlmir. Bəlkə də mənə elə gəlib. Təzədən qayıdıram öz yerimə. Dəftərimi götürüb yazmağa başlayıram...
Hə... Harda qalmışdıq? Gonbul dəli Elşad da. Yaman səbrsizsiniz. Elə istəyirsiniz ki, arxasını eşidəsiniz. Ordan-burdan səslər eşidirəm: belə adam da dəli olar? Yaxşı, yaxşı sakitləşin, yolumuza davam edək, onsuz da isti bir yandan canımızı sıxır...
Elşad hər səhər altı tamamda oyanırdı. Daha doğrusunu desəm, atası onu kəmərlə oyadırdı. Hər səhər onu məşq elətdirirdi. Qaydalar qoymuşdu: vaxtında səhər yeməyi yemək, vaxtında yatmaq, filmə baxmaq qadağandır, dərsləri hazırlamaq lazımdır, dostlarla bir saatlıq görüş, axşam doqquz tamamda təzədən yatmaq.
Elşad elə bil əsgərlikdəydi. Onun üçün həyat rejimlərdən, qanunlardan, zamanlardan ibarət idi. Bir gün tabuları aşmaq istəyir, hər şeydən bezir və evdən qaçır. Elşadın evdən qaçışı başına bəlalar gətirir.
Burdan sonrasını xatırlamıram. Ancaq bu gonbulun ağlını itirməsi atası ilə bağlıdı. Bütün dəlilər, manyaklar atalarından zədə alıblar. Bu zədə onları həyatları boyu izləyib.
Gecələr bu palatada yoxa çıxmış, sanki boz divarlar onu içinə çəkmişdi. Xəstəxanada günlər bir-birinə bənzəmirdi. Günəşin doğulması, insanların sevincləri, əyləncələri bizdən kosmos uzaqlığı qədər ucsuz-bucaqsız yerdə, əl çatmaz idi. Bizim dünyamızda gözyaşı, anlaşılmazlıq, hamının çıxıb getməyi, tənhalıq vardı.
Palatada sısqa bədənli, dilini qəfəsə qoymadan sözləri üyüdən bir dəli vardı. Nə gecə, nə də gündüz bilmirdi. Ayaq üstə fasilə vermədən danışırdı. Qəzəblənəndə divarlarla danışırdı, arada bir yumruğunu da işə salırdı. Xəstələrlə danışmazdı. Özündən başqa heç kimi olmayan tənha bir insan idi. Ona yaxınlaşmağa çəkinirdim. Boyunun uzunluğu, vampir dişləri məni ürküdürdü. Gözlərində isə sonsuz və tərifsiz kədər mövcudluğunu qoruyurdu.
Qəfil xəstəxananın dəmir qapısı açıldı. Tez də kilidləndi. Elə bildim sevdiyim qız gəlib. Sonra sükut çökdü, hər yer qaranlığa qərq oldu. Birdən hər şeyin arxada qaldığını anladım. İçimdən getmək istədim. Dayandım. Qorxu içimi titrətdi. Sonra nəsə qəribə bir hiss məni ağuşuna aldı, kürəyimdə istilik hiss etdim. Boğazıma qəhər doldu, ağladım. Yerə çömbəlib gözümün yaşını axıtdım. Gözümün önündən bulanıq, yaşıl xətlər keçirdi. İstilik damarlarıma yayıldıqca gözlərim qapanırdı.
Gözlərimi açanda tavanda ağ, gur işıq seli üzümə bərq vururdu. Tavanda Tanrının qəzəbli gözlərini gördüm. İçimdən burulğan keçdi, nəfəsim kəsilirdi. Yaşıl, ağ-qara xətlər də tavanda görünməyə başladı. Qulağımda insanların pıçıltıları duyulurdu. Zolaqlar çoxalmağa başlamışdı. Qorxu, təşviş, həyəcan. Tanrı ağuşuna alırdı məni. Qışqırdım. Boğazım cırılana kimi çığırdım:
“Tanrını gördüm! Tanrını gördüm!”
Bulanıq görüntüdə ağ rənglər peyda olmuşdu. Əllər yaxınlaşırdı, sonra uzaqlaşırdı. Səslər uğultuya çevrilmişdi. Sonra qaranlıq uddu məni.
Səhər tezdən dəlilər qarşımda eyni ifadə ilə üzümə baxır, heç qıllarını qıpırdatmırdılar. Onların bu halı məni daha da qəzəbləndirirdi. Axı nə baş vermişdi? Susqun gözləri nəsə deyirdi əslində. Bəlkə də gecəki üsyanım onlara toxunmuşdu. Dəstək olmaq üçün ətrafımda susmuşdular.
Sonra həkimlər iynə gətirdilər. Onlara başıma gələnləri nağıl etdim. Dinləyir, tez-tez əlləri ilə alnımı yoxlayırdılar.
- Yenə başlayıbsan... – deyən həkim qoluma iynə vurdu. Yenə eyni hiss: istilik və boşluq içimə axdı.
Anladım ki, həyatımda dərin bir boşluq var. Mən daim böyük boşluqlara yuvarlanmaqla məşğulam. İçimdə böyük bir tənhalıq oturub, onu özümdən uzaqlaşdırmağı bacara bilmirəm. İçim qara qutu kimidir: nə kilidi var, nə deşik yeri. Ona görə məni anlayan, çözən adam azdı. Bəzən hər şeyi danışsam da heç nəyi deyə bilmədiyimi gözəl anlayıram.
***
Lətif həkim on gün olardı ki, xəstəxanaya gəlmirdi. Deyilənə görə, bərk soyuq dəymişdi. Onun yeri xəstəxanada görünürdü. Digər həkimlər bizə heyvan kimi yanaşırdılar.
Dəlilərlə bir yerdə siqaret çəkirdik. Uzaqdan duman bizim taleyimizi əks etdirirdi. Dəlilər siqareti acgözlüklə içlərinə çəkirdi. Qəfil kök, cüssəli dəli başına qapaz vura-vura ana deyə çığırmağa başladı. Hamımız onu seyr edirdik. Sanki tamaşa göstərirdilər. Ağ xalatlılar hərəkətə keçib, kök dəlinin qollarından yapışdılar. Əllərindən xilas olub, məni bərk-bərk qucaqlayıb, bağrına basdı. Göz yaşları üzümə yayılırdı. Ana deyə fəryad qoparırdı. Sonra ağ xalatlı adam ona iynə vurdu. Göz yaşları üzünü yumuşdu.
Gecə dəliləri sakitcə yerlərindən oyatdım. Bir neçə dəli oyanmadı. 15 dəli ilə divarın küncünə çəkildik.
- Dəlixanada üsyan edək...
- Bizi pis döyərlər – üç-dörd dəli mızıldandı
- Narahat olmayın, biz birləşsək heç kim qarşımıza çıxa bilməz...
Stul götürüb bufetin pəncərəsini sındırdım. Dəlilərdən bir uğultu, hay-haray çıxdı ki, gəl görəsən. Hamımız bufetə doluşduq. Hərə bir ağızdan bağırırdı:
“Nəfəs! Nəfəs!”
Dəlilərin şüarları da gərək dəlicəsinə olsun. Fərqi yəni...
Üç-dörd sanitar üstümüzə hücuma keçdilər. Dəlilər onları yumruq, təpiklə qarşıladı. Xəstəxanada sanki zəlzələ baş verirdi. Dəlilər elə bağırırdılar ki, sanki səslərini Tanrıya eşitdirmək istəyirdilər. Sanitarlar getdikcə çoxalırdı, amma bizlər də müdafiə olunmaqda, dirənməkdə davam edirdik. Qəfil sanitarlardan biri şlanqla üstümüzə su fışqırtmağa başladı. Pəncərədən daha üç şlanq göründü. Su bizləri ayırdı. Əllərində sopa ilə bizi döyə-döyə çarpayımıza bağladılar. Sonra dan ağarana kimi bizi əzişdirdilər. Palata sükuta qərq olandan sonra gonbul dəlinin gecə hıçqırtıları qulaqlarımda cingildəyirdi...
Səhər ərincək, yorğun, əzik halda, gözlərimi ovuşdura-ovuşdura açdım. Palatada buz kimi soyuq hava kütləsi hökm sürürdü. Bəlkə də mənə elə gəlirdi. Döyülmək məni üşüdürdü. Xəstələr yavaş-yavaş ayılmağa çalışırdı. Balacaboy, sısqa bədənli, narıncı saçlı qocanın hər səhər çarpayısından qalxmağı mənə o qədər maraqlı gəlirdi ki, böyük həvəslə onu seyr edirdim. Həmişə uzunsov papağı, yerişi ilə mənə cizgi film qəhrəmanlarını xatırladardı. Dodaqları əsirdi, çay içməyi, öz-özünə donquldanmağı diqqətimi çəkərdi. Bu gün xəstəxanadan ayrılacaqdı.
Pəncərəyə yaxın çarpayıda isə digər dəli gözümə dəydi. Bütün günü pəncərənin qabağında danışardı. Rəssam idi. Pikassodan, Da Vinçinin əsərlərindən özünə mühazirə deyərdi. Dağlardan, insan üzlərindən nitq deyərdi, özü üçün. Çarpayısında siyirməni qucaqlayıb, dərin yuxuda idi. Ona elə gəlirdi ki, o siyirmə özünün çəkdiyi portret rəsmdir. Tanıdınız onu yəqin. Haqqında danışmışdım.
Palatada gördüyüm kədərli mənzərələr günü-gündən çoxalırdı. Burda heç kim, heç kimi anlamırdı. Burda hamı susaraq danışırdı. Hamının içində böyük bir tənha adam vardı.
Bu gün mənim üçün də son gün idi. İki aylıq dəhşət dolu günlərim bu gün xatırlamaq istəmədiyim xatirələrə çevriləcəkdi. Özümə gəlmişdim. Ancaq hələ də özümü qəribə, bu dünyadan olmayan canlı kimi hiss edirdim.
Dəmir qapı döyülən kimi təşvişlə qaçırdım ki, atam-anam gəldi. Hər dəfə də təəssüflə geri qayıdırdım.
Palatada səs-küy qopmuşdu. İki dəli bir-birini öldürməyə çalışırdı. İkisinin də əlləri boğazlarında idi. Digər xəstələr lovğalanaraq onlara baxırdılar. Sanitarlar, ağ xalatlı adamlar onların arasına vedrə dolu su atdılar. İkisi də eyni andaca bir-biriləri azad buraxdılar. Ağladılar. Susdular və getdilər. Bu mənzərədən sonra sükut bomba kimi palataya düşdü.
Kürəyimdən kiminsə toxunuşunu hiss etdim.
- Evə getməyə hazırsan?
Atamı qucaqlayıb, bağrıma basdım. Elə bil yenidən dünyaya gəlmişdim. Hər kəslə sağollaşıb, xəstəxanadan çıxdıq.
Yaz fəsli idi. Küçələr, insanlar, günəş, ağaclar, rəngli maşınlar gözlərimdə daha işıqlı, daha parlaq görünürdü. Atamın əlindən tutdum. Günəşə baxdım. Arxada qoyduğumuz xəstəxana günəşin gur işığında itirdi...
ardı var...