Yemişan kolunun aclığı - Könül Nuriyeva

Könül Nuriyeva

Könül Nuriyeva

14 dekabr 2021
# 17:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Könül Nuriyevanın “Yemişan kolunun aclığı” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ətrafında iki, ya üç qurumuş yemişan kolu vardı. Hər halda gözünü açan kimi, ilk gördüyü onlar olmuşdu. Qupquru kolları küləyin gətirdiyini təxmin etsə də, buraya necə, nə vaxt düşdüyünü yadına sala bilmədi. Mənzərənin ən təsirli yeri isə o kolların birinin tək yarpağının yamyaşıl qalmasıydı, deyəsən, elə o rəngdə də meyvəsi vardı, yarpağın böyrünə sığınmışdı.

O bunu gördü, ürəyinə sərinlik gəldi, az da olsa rahatlandı. Bir az keçəndən sonra yenə rahatsızlıq, səbəbi məlum olmayan təlaş vücudunu sardı. Oturduğu yerdən güclə qalxdı. Ac idi, başı hərlənirdi, amma niyə susamamışdı, bilmirdi. Dörd yanına baxdı: Hündür binalar? Hə, vardı. Külək astaca əsirdi, elə bil dünya yaranandan bu şəhər külək üzü görməmişdi. Özünü elə fağır aparırdı külək, gəl görəsən!

O, toz basmış paltarını çırpdı. Kirpikləri ağırlaşmışdı, batman qədərində yükü vardı.

Pırtlaşıq saçlı adam aclıqdan bulanan mədəsini əliylə sıxdı. Ta uşaqlıqdan belə edirdi. Elə bilirdi ki, qarnının qurultusunu bu yolla ört-basdır edə bilər. Hə, şükür, ağrı da, bulantı da keçdi. Əlini geri çəkəndə külə bulaşmış barmaqları sinəsindəki şişə toxundu. Diksindi, bir anlıq duruxdu, yenidən eyni yerə, bu dəfə köynəyinin düyməsini açaraq baxdı. Sinəsində döşə oxşar, yupyumru, ağappaq, ucu dik durmuş, Meksika qadınlarınkına bənzər tünd qəhvəyi haşiyəli ət parçası vardı. Gözləri qaraldı: “Yuxuda deyiləm, görəsən?!”

Yaxasını bağlamadı, marağı ucbatından səbirsizlənirdi, heyrətdən, çaşqınlıqdan nə əlini çəkə bilirdi, nə düymələri bağlamağa heyi qalmışdı. Sinəsinin sol tərəfinə gözü sataşanda həyəcanı ikiqat artdı, bədəni tir-tir əsdi; sol tərəfində heç nə yox idi!

Günün günorta çağının günəşini, ya o olmasa da, həyatın adiliyini, vərdiş etdiyi, uşaqlığından gördüyü çay kollarını, adamları, özünü çox arzuladı.

Qəribə idi… günəş yoxuydu, göyün üzündə bir əlçim bulud qəhətə çıxmışdı, binalar da, şəhər də yerindəydi, ancaq o buranın hara, hansı tərəf olduğunu bilmirdi. Üstəlik sinəsindəki ət topası…

Aclıqdan tükənmiş halı günəşin yoxa çıxdığı yerə getmişdi.

Məhəllədə siçovulların sürüşkən quyruğunu bir dəfə də olsun basmayan adam tapmazdın. Məhəllə uşaqlarının səsi siçovulların cikkiltisindən az çıxırdı. Hamının evində mütləq zəhər vardı – otaqların hər küncünə, çarpayının, çörək tabağının yanına qoyulmuş zəhər. Ana onun “acmışam” sözünü eşitməmək üçün bayıra çıxdı. Göy rəngli, üzü qabıqlanmış, ikilaylı qapının kandarında oturdu. Qapı yola açılırdı, ana uzun ətəyini dizindən yuxarı sıx bükmüşdü, isti betonun üstündə bardaş qurmuşdu.

Uşaq pəncərənin ağzına qoyulmuş kiflənmiş çörək qırıntılarına baxırdı, bacı isə kömürün üstündə oturub, budlarının qaralmasına fikir verməyərək, ayaqlarını yellədirdi, dizində çəkdiyi gəlinciklə oynayırdı. Aclıq hələ onu təpərdən salmamışdı.

Ana ayağa durdu, hara getdiyini bilmədən yola ilk addımını elə atdı ki, elə bil deyirdi: “yapış mənim ayağıma, qopma, sındır, ya da ora – dərinliyə basdır. Əvvəl ayaqlarımı çək aşağı, sonra özümü. Elə et ki, səs-səmir çıxmasın, uşaqlar bilməsin”. Yol soruşsaydı əgər: “bu hərarətli, xeyli şux, incə, qamətli canının əvəzində nə istəyirsən torpağın altından?” Qadın deyərdi ki, “bir günlük yemək!” Yol bunları soruşmadı, ananın da cavablandırmasına ehtiyac olmadı, ana yolun ona verdiyi bir imkandan – addımlamaqdan istifadə etdi.

Pəncərədən gözü uşağına sataşanda ürəyi yandı, təndirə düşmüş quş kimi qovruldu. Uşaq kiflənmiş çörək qırıntılarını pəncərənin şüşəsiylə birlikdə yeyəcəkmiş kimi hərisliklə baxırdı…

Aclıq, yol, baxışlar… Pantomima oyunundan bir saat sonra ana qayıtdı.

Qadın saçlarını heç örtməzdi. Yaylığı boynuna bağlayar, bu onun yaylıq və don arasında qalan, boynunun, sinəsinin açıq yerini aydın göstərər, hətta sinəsinin sol tərəfindəki çapıq yeri eyib təsiri bağışlamazdı. Qara donu isə heç dəyişməzdi. O, anasını gözünü açandan qara paltarda, ağappaq simasıyla görmüşdü. Gözləri eynilə anasına bənzəyən uşaq altı yaşındaydı. Ananın gəlişiylə otağa xoş ətir yayılmışdı. Ananın paltarının sağ hissəsi sinəsi bərabərində şişmişdi. Əlini qoynuna salan, illərlə gülməyən adamın üzündə zorla gülümsəmək istədiyi, amma həvəsi olmadığı ifadə vardı.

ꟷ Al, bu sənin…

ꟷ Bu da sənin…

Portağal idi, sapsarı, üstü nahamar, ələ yerləşməyəcək qədər böyük.

Uşaq meyvəni aldı, həmin dəqiqə yemədən, sapsarı suyunu sovurmadan, qabıqlarını sümürmədən doydu. Bir də heç acmayacağına özünə söz verdi, həm də bacısının qulağına pıçıldayaraq…

Ananın yaxası örtüldü...

Evin qaranlıq ruhiyyəsinə portağal böyüklüyündə günəş doğmuşdu.

Axşam tərəfi yolun o biri tərəfində bağı olan Vecsiz dayının səsi məhəllənin qulağını deşirdi. Yol isə qulaqlarını tutmuşdu, küçə birtəhər dözürdü.

Kişinin adı, əlbəttə, vardı, olmuşdu nə vaxtsa, atası ona da bəhbəhlə ad qoymuşdu. Amma məhəllənin uşaqları Vecsiz dayının toz basmış, maşınların hisini, pasını özünə hopduran böyürtkən kollarından meyvə yeyə bilməzdilər. Hətta bir dəfə uşaqları qovub, söyüb, onların əlindən aldığı meyvələrin üstünə çıxıb, yayın günündə də ayağından çıxartmadığı çəkmələrlə tapdamışdı, “sizə haramdı, vermərəm” demişdi. Axşamın gəlişinə sevinən siçovullar böyürtkən adlı meyvənin, ya portağalın, ya almanın varlığından xəbərsiz, rəngini, bitmək, solmaq, yetişmək vaxtını dərk etmədən daraşmışdılar kişinin tapdadığı meyvələrə. Ye ha, ye!!

Axşam tərəfinin səsləri daha vahiməli olur. Günün günorta çağındakı səslər boğuq olur, tam ünvana yetişə bilmir, yarıda qırılır. Günəş yandırır səsləri. Həmin günün axşamının səsi düppədüz ünvana – ananın evinə əlbəəl çatırdı.

ꟷ “Oğru qancığı tutun! Sənin ağzını...”

Vecsiz dayı sözə xəsislik edən adam deyildi, xüsusiylə bu mövzuda.

Hadisələrin sonrasına yol dözə bilməyib, başını götürüb getdi, küçə səssizləşdi. Ana? Yox, o gün ağlamadı, heç səsi də çıxmadı. Vecsiz dayı uzun nitq söylədi; oğruların gözünün deşiləcəyi, günəşdən məhrum olacağı, oğurluq meyvəni yeyənin buynuzu, dörd əli olacağını, eybəcərləşəcəyi, bədənindən yekə-yekə şişlər çıxacağı haqqında. Üstəlik də, hər kəlmənin o baş, bu başında axşam tərəfini “aydınladan” gün işığı görməmiş söyüşlərlə…

Elə danışdığı kimi də, söydüyü, dərisi soyulmuş qapının olan-qalan göy rəngini təpiklədiyi kimi də getdi birdən. Özü də, deyəsən, arsızyana yerişlə. Adı elə buna görə beləydi, uşaqlar qoşmuşdular. Böyüklərin görmədiyi yerişi görən uşaqlar...

Səhərisi gün ana qonşulardan borca zəhər aldı. Qaytaracağına söz verdi, həyatında ilk yalanını danışdı. Qonşu da təəccübləndi, zəhəri də borc verərlər? – deyib, qadının “kasıblıqdan başının getdiyini” mızıldadı. Ana zəhəri stəkana tökdü, qarışdırdı, bacıya uzatdı, o, başını buladı. Sonra ona uzatdı. O, əlini uzatdı ki, alsın, içsin, bacı onun əlini öz sinəsinə sıxdı və susdu.

Ana stəkandakı köpüklü suyu içdi, kömür yeşiyinin üstündə oturan uşaqlara tərəf baxdı. Hələ onun əli bacısının sinəsində idi. Bacı onun əllərini portağaldan, stəkandakı sudan, lap deyəsən, anadan qoruyaraq, bədəninin içinə güclə də olsa soxuşdurmaq istəyirdi. İmkanı olsaydı, bu an onu miniatür kitab kimi bapbalaca edib, saçının dibində, paltarının ən gizli yerində, dar macalda isə, naəlac qalsa, gözlərinin dərinliyində pünhan edərdi.

Uşaqlar o vaxtdan bəri analarını görmədilər. Küçə də, qonşular da bir günlük canlandı, gediş-gəliş oldu. Vecsiz dayı da gəldi. Uşaqlar eyni yerdə oturmuşdular. Bu dəfə əllərini acından quruldayan qarınlarına dolamışdılar.

İndi yenə də axşam çağıydı. Siçovulların meyvələrə daraşdığı axşama oxşayırdı. Yemişan kolu düz onun yanına gəldi, yeriyə-yeriyə həm də.

Yaşıl yarpağı da düz onun gözlərinə zillənmişdi. Meyvəsi də azca qızarmışdı. O, anayla bağlı bu boyda əhvalatı xırdalığına qədər xatırlasa da, bacının yoxa çıxdığı günü nə illah edirdisə, yadına sala bilmirdi.

Elə bil kimsə onu bir qadının uşaqlığından “tapp” deyib, “hazır ol” deyib, düz bura atmışdı. Şəhərin bu yerinə düşən kimi göbəyini yemişan kolu kəsmiş, külək çimdirmiş, o tək yaşıl yarpaq isə daha insaflı olub, yanaqlarını basmışdı ki, qəmzələri olsun.

Nə oldusa, qəfildən yadına düşdü, əlini paçasının arasına apardı. “MƏN KİMƏM?!”

Az əvvəl başına əl gəzdirmiş, saçının olduğunu, qısa kəsildiyini bilmişdi. Güzgü yox idi, üzünə baxsın. Deyəsən, ona “güzgü nədir” söyləsələr, maddım-maddım gözlərini döyərdi. Göbəyinin altında boşluq vardı, indi durduğu sahə kimi. Heçnəsiz!

Fikir onu götürdü. Elə düşüncəli görkəm aldı ki, aclığını unutdu. O, on səkkiz il ac olduğundan, boş mədəyə öyrəşmişdi. Eləcə qarnını sıxırsan, ikiqat olursan, başı aşağı əyilirsən, keçir, gedir…

“Hər müəmmaya dözərəm, yaxşı, bəs bu sinəmdəki tək təpəli halım noolsun?!”

Burnuna xoş ətir gəlirdi. Meyvə iyinə oxşayırdı da, oxşamırdı da. Xatırladırdı da, xatırlatmırdı da. Gözünün önünə qurşaqdan yuxarı sarı rəngin içinə salınmış, amma tez-tələsik çıxarıldığından ala-yarımçıq boyanmış, tədirgin qadın gəldi. Bu, ani oldu, yenə axşam, yenə onun dörd yanında fırfıra kimi dolanan, getməyə yurdu, məkanı olmayan, günü, saatı itirən, nə vaxt yarandığını bilməyən yemişan kolu dolanırdı.

“Kim doğmuşdu bu kolu? Kimiydi atası, kimiydi anası?” Əgər onun bir bünövrəsi varsa, boş-boşuna burda mənə niyə ürcah olmuşdu?”

Fikir onu alıb, aparırdı. Daha əvvəlki kimi narahat da deyildi, hara getsəydi, bu kol ondan əl çəkən deyildi...

Canı çıxa-çıxa, taqətsiz addımlayırdı. Hər yer boş, hər yer adamsız, hər yer işıqsız idi. Yemişanın yaşıl yarpağından savayı… Qırmızımtıl meyvəsi də ki torpağa düşmüş ay idi …

Sonra kol bir az yekəldi, hər halda elə etdi ki, onun əlini tuta bilsin. Adamın taqəti artdı, addımları yeyinlədi.

İnsanlar hələ gözə görünməsə də, uzaqdan qapı görünürdü… Göyərmişdi… Qapıya çatar-çatmaz yemişan kolu aclıqdan daha əsməyən əli buraxdı. Kol bu on səkkiz illik səfər zamanı tikanlarını harda gizlətmişdi, adam başa düşmədi. Bircə onu yadına sala bildi ki, Vecsiz dayının bağındakı yemişan kollarının sıx tikanları vardı, onun budaqlarında yalnız kiçik quşlar yuva qura bilirdi. Pişiyin, bayquşun, qarğanın işi deyildi, kiçik quşlara, ac uşaqlara hücum etsin, yuvasını dağıtsın.

Vecsiz dayı payızda, yazda budamaq istədiyi ağac-kolların içində bircə yemişana toxuna bilməzdi – qandan qorxurdu bədbəxt. Həm onun qız uşaqlarını dizində oturdub əzizlədiyini yemişan kolu yaxşı bilirdi. Bacı da o dizin “hiyləgər” sığalının güdazına getmişdi. Bacını yedizdirə-yedizdirə vətənə, məhəlləyə ac qoymuşdu, satmışdı qürbətə… Qürbət də ki yaşatmır adamı, udur!

“Necə oldu ki, qapıya yaxınlaşan kimi, olanları xatırladım?” – alnını divara söykəyən adam öz-özünə dedi.

İçəri daxil olanda böyük güzgü gördü. Üstü tozlanmış, amma nə əcəbsə uzun illərə rəğmən çatlamayan… Güzgüyə baxdı, anasını gördü. Gözünü ovuşdurub bir də baxdı. Anası danışırdı… bacı ilə birlikdə olduğundan, hər gün qarnı tox, könlü şad halda yemişan yediklərindən, cənnətin qapısının göy rəngdə olduğundan, Vecsiz dayının başıaşağı, düz tikanlı yemişan kolunun üstündən asıldığından…

# 4058 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
#
#
# # #