Yaşatmaq ümidi – Elçin Nicat

Elçin Nicat

Elçin Nicat

17 dekabr 2021
# 12:26

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elçin Nicatın “Yaşatmaq ümidi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bu hekayə qızını sadəcə otuz səkkiz gün görmüş bir adamın hekayəsidir.

Və xəstəxana dəhlizində dayanan, atasını əməliyyata göndərmiş adamın qeydləridir. Hansı ki, mədə xərçəngi olan atasının əməliyyatdan çıxmasını gözləyir bu adam.

Çəkdiyi sonuncu siqaret ağzında zəhər kimi dad buraxdı. Həkim onun özünə də müayinədən keçməyi tövsiyə etmişdi. Çünki qardaşı və bacısı eyni xəstəlikdən ölmüş atanın genetik varisi olaraq bəlkə də növbədə o özü olacaqdı.

Dostları tez-tez zəng vururdu. Tək uşaq olsa da özünə qardaş-bacı bildiyi insanlar çox idi və o indi özünü mənəvi olaraq tək hiss etmirdi.

Xəstəxananın həyətinə çıxıb bir dənə də siqaret yandırdı. Atası ilə son söhbətləri ağlından keçdi....

- Mən həyatım boyu özbaşıma olmuşam – deyirdi adam – həyat elə gətirib ki, mənən yaxın olsan da, fiziki olaraq daim məndən uzaq olmusan və bu günə qədər mən səndən ancaq maddi kömək istəmişəm. Nə yalan deyim, bəzən tək uşaq olmağımda səni günahlandırmışam, bəzi məqamlarda isə ürəyimdə təşəkkür etmişəm. Mən həyatı tək-tənha, heç bir yol göstərənim olmadan təcrübə edərək öyrənmişəm, ata. Əlimdə isə sadəcə məğlubiyyətlərim var. Həyat isə elə əclafdır ki, yaşadığın şeyləri bir də yaşatmır. Buna görə də, təcrübələrim də bir işə yaramayacaq, bilirəm. Səndən həyatımda ilk dəfə mənəvi bir şey istəyirəm. Təkcə bir şey... Bilirsən... Mən qızımı sadəcə otuz səkkiz gün görmüşəm, ata. Xahiş edirəm, güclü ol. Güclü ol ki, bir də atasız qalmayım...

Siqaretdən sonuncu nəfəsləri çəkib zibil qabına atanda telefonuna zəng gəldi.

Yəqin, dost-tanışlardan kimdirsə deyə düşünüb əlini könülsüz cibinə atdı. Telefonu çıxardanda yazar dostunun nömrəsini görüb təəccübləndi.

- Hekayə yarışması var. Mən iştirak edəcəm. Sən də et.

Ona xəstəxanada olduğunu, mövcud vəziyyəti izah etdikdən sonra hazır hekayələrindən birini gözdən keçirdib, göndərmək haqda düşünəcəyini desə də, dostu 07.12.2021-ci il tarixində olduqlarını, bir neçə günə qəbulun bitəcəyini təkrarlayıb sağollaşdı.

Bir tərəfdən atası üçün narahat idi, bir yandan da yarışma haqda düşünürdü. Bu cür müsabiqələrə inamı yox idi. Əmin idi ki, hansısa gözəgörünməz əllər yarışmanın taleyini həll edir. Ona görə də fikrindən daşınıb sadəcə atası haqda düşünməyə davam etdi. Yenə siqaret yandırdı.

- Elçin, həkim səni çağırır – dayısı oğlu xəstəxananın qapısını aralayıb ona tərəf səsləndi. O siqareti yarımçıq zibilqabına atıb içəri tələsdi.

- Əməliyyat yaxşı keçdi. – yorğun həkim danışırdı – amma bu hələ başlanğıcdır. Mədənin üçdə bir hissəsini götürdük. Müalicə və pəhriz təyin ediləcək. Yazacağım dərmanları mütləq almalısınız.

Adam etiraz etmədi. Ürəyi bir az rahatlamışdı. Resepti götürüb bayıra çıxdı və yenə siqaret yandırdı.

- Həkim nə dedi? – dayısı oğlu soruşdu.

- Qızını qoruya bilmədin, heç olmaya, atanı xilas et dedi – adam əzab dolu təbəssümlə gülümsədi.

- Yaxşı olacaq – onun halını anlayan dayısı oğlu qayıdıb içəri girdi.

***

- Cəmi 345 manat edir – resepti hesablatmaq üçün girdiyi yaxınlıqdakı aptekin əczaçısı dilləndi.

- Yaxşı, bir azdan gələcəm – adam aptekdən çıxıb siqaret yandırdı.

Cibindəki pulu saydı. 220 manat idi. Ağlında götür-qoy elədikcə, bundan sonrası üçün ən azı 1000 manata ehtiyacı olduğunu anlayırdı. Kredit barədə düşünmək belə istəmirdi, çünki nə mümkün idisə, hamısını etmişdi. Borc alacağı dost-tanış da qalmamışdı.

Fikirli halda xəstəxananın həyətinə qayıdanda yazar dostunun zəngini xatırladı. Heç bir inamı olmasa da, başqa çarəsi yox idi. Baxmayaraq ki, nəticələr hələ bir aya çıxacaqdı, yenə də bir ümid işığı idi onun üçün. Hansısa yazıçı heç bir inamı olmadığı halda, sırf birini yaşatmağa davam etmək üçün yazıb, görəsən?

Ümid – bütün bədbəxt insanların son ovunacağı çarəsizlik....

- Sənə hekayə göndərəcəm, düzəlişlərini edib, mənim adımdan müsabiqəyə göndər – yazar dostuna zəng edib belə dedi.

Sonra bir siqaret də yandırdı və elə xəstəxananın həyətindəcə telefonu çıxarıb yazmağa başladı:

- “Bu hekayə qızını sadəcə otuz səkkiz gün görmüş bir adamın hekayəsidir.

Və xəstəxana dəhlizində dayanan, atasını əməliyyata göndərmiş adamın qeydləridir. Hansı ki, mədə xərçəngi olan atasının əməliyyatdan çıxmasını gözləyir bu adam’’.

# 675 dəfə oxunub

Oxşar xəbərlər

# # #