Sonuncu addımlar - Əhlim Sadiqbəyli

Əhlim Sadiqbəyli

Əhlim Sadiqbəyli

9 dekabr 2021
# 15:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əhlim Sadiqbəylinin “Sonuncu addımlar” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

...Qaşları qap-qara bulud kimi gözlərinin üstünü tutmuşdu. Gözlərinin içindəki günəşə bəzəyən sevinci ilim-ilim itmişdi.

Faiq müəllim ağır addımlarını asfaltı qopalmış səkinin üzərində ata-ata məktəbə tərəf yeriyirdi. Başını aşağı dikib gözlərini addımlarına zilləmiş, bir an da olsun, gözlərini qıpmırdı. Yanından keçən tanışlar kimi özü də bu yerişin onun öz yerişi olmadığını hiss edirdi. Ona elə gəlirdi ki, ayaqlarını dəyişib başqa ayaqlar geyinmişdi, gözlərinə başqa gözlər taxmışdı, ağlında da başqalarının fikirləri idi. Hər ağır addımını atdıqca ürəyindəki hansısa düşüncələri köhnə asfaltın qopalmış dəliklərində gizlədirdi. Həmişə dərslərinə tələsən ədəbiyyat müəllimi bu gün ürəyindən son dərsinə gecikməyi keçirirdi.

Məktəbin həyətinə çatan kimi başını qaldırıb binaya baxdı. Ləkəli pəncərələri, divarlardakı cizgiləri bir-bir gözdən keçirdi. Binaya daxil olanda ürəyi dərs zəngi kimi titrədi. Ayaqları bir az da ağırlaşdı. O, ayaqlarını, ayaqları onu dartdı. Beləcə bir-birlərini darta-darta özünü müəllimlər otağına çatdırdı. Qapıdan içəri girib quru səslə salam verdi. Müəllimlər yazıqları gələ-gələ onun salamını aldılar. Masaya yaxınlaşıb jurnalı götürdü. Otaqdan çıxanda gənc müəllim onun arxasınca gəldi:

- Faiq müəllim...

O, “müəllim” sözünü eşidəndə bədənindən bir sızıltı keçdi. Bir anlıq bu sözü özünə yad hiss etdi. Hər zaman böyük sevgi ilə qəbul etdiyi bu müraciət indi ona qar kimi soyuq gəldi. Ürəyini az-maz üşütdü də. Üzünü gənc müəllimə sarı çevirdi:

- Eşidirəm... – səsi dəniz ləpirtisinə bənzədi.

Gənc müəllim əlindəki yaşıl üzlü kitabı ona tərəf uzadıb:

- Sizin kitabınızdır – dedi – oxudum, çox sağ olun. Dedim, qaytarım özünüzə.

Ədəbiyyat müəllimi bir kitaba, bir də gəncə müəllimə baxdı.

- Qoy, sən də qalsın – dedi.

Gənc müəllim etiraz etmək istədi:

- Axı...

Faiq müəllim bir anlığa o kitabın daha ona lazım olmayacağını düşündü. Xoş təbəssümlə:

- Mən bu kitabı sənə bağışlayıram – dedi.

Gənc müəllim təşəkkürünü bildirib otağa qayıtdı. O isə dəhlizin divarları ilə təkbətək qaldı. Şəkilli, cədvəlli, yarıboyalı divarlar onu qucaqlayıb təsəlli verdilər. Başını yelləyib dərs otağına tərəf yeridi. Otağa girən kimi müharibə səsi çıxaran uşaqlar müəllimi görüb bir saniyənin içində kiridilər. Müəllim uşaqlarla salamlaşdı. Özü də, uşaqlar da əyləşdilər. Nələr danışacağını bilmədi. Uşaqların nurlu çöhrələrinə baxa-baxa dərsin sonuna kimi fikirləşdi, ancaq bir söz tapıb deməyi bacarmadı. Zəng vurulan kimi uşaqlara uğurlarını arzulayıb otağı tərk etdi.

Direktor onu otağına dəvət etdi. Çay təklifini qəbul etmədi. Direktor ədəbiyyat müəlliminin göstərdiyi fəaliyyətlərdən uzun-uzadı danışdı. Direktor danışanda müəllimə nədənsə, elə gəldi ki, qarşısında oturub danışan bir cüt corabdır. Özünü də paltar sapına bənzətdi. Sonra hər müllimi bir şeyə oxşada-oxşada direktorun monoloqunun bitməyini gözlədi. “Bir cüt” corabın sözü qurtaran kimi halallaşıb-sağollaşdılar.

Qoca müəllim son dəfə məktəbin dəhlizlərində yeridi. Ürəyi ilə məktəbi sığalladı. Məktəbi də yer kürəsinə bənzətdi. “Adamlar gəlirlər, böyüyürlər, gedirlər. Adları, şəkilləri haralarasa vurulur. Bəziləri tez-tez xatırlanır. Bəziləri isə heç yada da düşmür.” Özünü düşündü. Görəsən, arxasınca atılan fikirlər gəlib ona çatacaqmı? Görəsən, onu da tez-tez xatırlayacaqlarmı? Qarşısında təzim edən divarların, pəncərələrin yanından ötüb yeridikcə tək məktəbdə deyil, bütün yer üzündə sonuncu dəfə gəzdiyini düşünürdü. Sonuncu addımlarının dadını daddıqca ilk addımlarını xatırlayırdı. İlk addım atanda tər qönçə idi. İndisə, payız palıdına dönmüşdü. Düşüncələrini xəzan yarpağı kimi “yer üzünün” künclərinə səpələyə-səpələyə gedirdi...

# 1908 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
# # #