Şəhidin Tanrıdan istəyi - Elmin Sərdarlı

Elmin Sərdarlı

Elmin Sərdarlı

2 dekabr 2021
# 19:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elmin Sərdarlının “Şəhidin Tanrıdan istəyi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

"Ölüm var ki, həyat kimi dəyərli,

Həyat var ki, ölümdən də zərərli."

Hüseyn Cavid

- Şəhid Xudayar Yusifzadə!

- Burada!

- Şəhid Muxtar Qasımlı!

- Burada!

- Şəhid Əli İbrahimov!

- Burada!

Bu minvalla üçminədək Şəhid – cənnətin ən əziz qonaqları düzülmüşdülər. Bəli, çağrılanların hamısı gəlmişdi Allahın dərgahına. Onlar Şəhid olmuşdular. Onları Tanrı seçmişdi, ən gözəl, ən ali zirvəyə layiq bilmişdi. Bu insanlar Şəhid adını qazanan seçilmişlər idi.

Üzləri gülən, nursimalı bu şəxslərə cənnətdə ən gözəl kürsülərdə yerlər verildi. Onların kürsüləri o qədər uca yerdə idi ki, ordan vətənimizin hər yeri - ailələri, anaları, ataları, övladları, bacıları, qardaşları hamısı görünürdü.

Mələklər bütün Şəhidlərə nə istəsələr verirdilər, onları heç vaxt bir-birindən ayırmır, həmişə hörmətlə yanaşırdılar.

Günləri çox gözəl keçirdi burda, ailələrini də uzaqdan görürdülər, hətta bir dəfə Şəhidin ruhu öz anasının qoluna da toxunmuşdu. Anası bu incə toxunuşu hiss etmiş, arxasında kiminsə olduğunu zənn edərək çevrilib baxmışdıda, ancaq heç kimi görməmişdi. O zaman ona elə gəlmişdi ki, övladını itirdikdən sonra onu qara basır, oğlunun şəklinə sarılıb için-için ağlamışdı ana.

Bir gün Şəhidlərdən biri Tanrı dərgahına qalxdı,Tanrıya sözü olduğunu bildirdi.

Şəhid: Ey uca Tanrı, neçə gündür 3 yaşlı övladımın qapıya baxdığını, məni çağırdığını görürəm. O yemək yemir, atam gəlsin deyərək bütün günü ağlayır. Hər dəfə işdən gələndə övladım qarşıma qaçardı, mən onu qucaqlayıb aldığım şiriniyyatları ona verərdim.

Tanrı: Bilirəm, Şəhid. Sizlərin hamınızın taleyini, yaşadıqlarını bilirəm. Bütün ailə üzvlərinizi tanıyıram. Siz-Şəhidlər mənim ən sevimli bəndələrimsiz, ona görə əmr etdim ki, yanıma gələsiniz. Sizləri ən uca zirvəyə yüksəltmişəm. Deyəsən, məndən nəsə istəyirdin, buyur, səni eşidirəm.

Şəhid: Bəli, uca Tanrı.Bir istəyim var. Ruhumuza verdiyiniz icazəyə görə bizlər dünyadakı insanların gözünə ən vacib məqamlarda görünə bilərik. Mən arxamca ağlayan 3 yaşlı övladımın gözünə görünmək istəyirəm. Onun hər gün bu qədər ağlamağına dözə bilmirəm, onu kənardan seyr edirəm, amma əlimdən heç nə gəlmir. İzn versəydiniz, mən övladımın hərdən gözünə görünərdim.

Tanrı: İzn verirəm, Şəhid. Mən sənin və övladının xoşbəxt olması üçün sənə izn verirəm, əziz bəndəm. Mən bütün mələklərimə əmr etmişəm ki, bütün Şəhid ailələrini qorumada saxlayın. Onların heç birinə ziyan gəlməməlidir, heç nəyə ehtiyac hiss etməməlidirlər.

Şəhid: Çox sağ olun, ey uca Yaradan! Bizə ayırdığınız bu gözəl cənnət məkanında çox xoşbəxtik. Ailə üzvlərimiz bilməsə də bizim heç nəyə ehtiyacımız yoxdur. Onlar çox ağlayırlar, kədərli gəzirlər. Amma bunu bilməlidirlər ki, bizlər onları görürük. Hər addımlarında yanlarındayıq, hiss etməsələr belə sevinclərinə, kədərlərinə şərik oluruq.

Tanrı: Sizlər 30 illik həsrətə son qoyanlar, vətən yolunda canından keçənlərsiniz . Heç nədən narahat olmasın ailələriniz. Sizi mən qoruyuram, sizlər mənim əzizlərimsiniz. İndi isə övladını çox gözlətmə, Şəhid. Buyur, get, onun gözünə görünə bilərsən.

Şəhid sevinərək Tanrının dərgahından ayrıldı, oğlunu seyr etməyə başladı.

Şəhidin oğlu evdə oynayırdı. Anası mətbəxdən yemək gətirdi.

Ana: oğlum, gəl otur, yemək verim sənə.

Uşaq: Yox, mən ac deyiləm, atam gələndə yeyəcəm.

Ana: Bax, əziz balam, sən yeməyini tez yeyib bitirsən, atan gələcək.

Uşaq: Yox, yox, istəmirəm, xoşum gəlmir bu yeməkdən.

Ana: Atan indi səni görür oğlum, indi deyir ki, Kamil yeməyini yesin, anasını incitməsin.

Uşaq: Doğurdan atam elə deyir? Onda bəs niyə gəlmir?

Ana: Sən yeməyini yesən, atan gələcək. Yeməyini ye bitir, atanı ziyarət etməyə aparacam səni.

Uşaq: Yox, istəmirəm, yemirəm, atam gəlsin.

Yan otaqdan telefon zənginin səsi eşidilir. Ana otağa tərəf gedir.

Bu vaxt Şəhid Tanrının icazəsi ilə uşaqın gözünə görünür.

Uşaq: Ata, atacan, bu sənsən.Nə yaxşı gəldin, ata.

Şəhid övladını qucaqlayır, bağrına basır, onu öpür.

Şəhid: Mən həmişə sənin yanındayam, əziz balam. De, görüm ata üçün darıxmısan?

Uşaq: Həə, elə çox darıxmışam ki, hər gün sənin yolunu gözləyirdim, ağlayırdım.

Şəhid: Sən çağırdın, mən də gəldim, oğlum. Yeməyini yeyirsən indi? Ağzını aç görüm.

Uşaq: Həə, ata yeyirəm. Sən də ye , atacan.

Şəhid: Mən ac deyiləm, gülüzlü balam. Sən ye, mən getməliyəm.

Uşaq: Hara gedirsən, ata? Gələcəksən yenə də?

Şəhid: Əlbəttə, gələcəm. Sən nə vaxt məni çağırsan həmin anda yanında olacağam.

Uşaq artıq yeməyini yeyib bitirirdi. Şəhid onu qucaqladı, öpdü. Deyəsən, həyat yoldaşının ayaq səslərini eşitdi və uşaqla sağollaşdı, gülümsəyərək gözdən itdi.

Uşaq: Ana, ana bilirsən kim gəlmişdi?

Ana: Kim gəlmişdi, əziz balam. Nə yaxşı yeməyini yemisən?

Uşaq: Atam gəlmişdi. Mən axı sənə demişdim ki, atam gələndə yeyəcəyəm yeməyimi. Atam məni qucaqladı, öpdü. Mənə dedi ki, yenə də gələcək.

Ana uşaqın bu cümlələrindən təsirləndi,bəlkə,doğurdan da həyat yoldaşı gəlmişdi. Bəlkə,doğurdan da uşaq onu görmüşdü. Yox, Kamil yalan danışan uşaq deyil, o atasını görmüşdü. Ananın gözləri doldu, göz yaşlarını övladından gizlətməyə çalışsa da bacarmadı. Astaca deməyə başladı:

- Sən burda idin, mən sənin ətrini hiss edirəm, sən burda olmusan, bu otaqda sənin ətrini duyuram. Ana otaqın bütün guşələrini bəzəyən Şəhid həyat yoldaşının rəsminə yaxınlaşdı. Şəkli götürdü öpdü, bağrına basdı. Bu vaxt uşaq çağırdı:

Uşaq: Ana, sən ağlayırsan?

Ana xəfif bir gülümsəmə ilə övladına tərəf döndü onu qucaqladı.

Ana: Yox, oğlum, ağlamıram. Sənin atan elə uca mərtəbəyə yüksəlib ki, elə bir ad qazanıbki biz onunla qürur duymalıyıq. Heç vaxt ağlamamalıyıq. Daim başımızı dik tutmalıyıq.

Uşaq: Hə ,ana. Mən atamı çox istəyirəm. O dünyanın ən gözəl atasıdır.

Ana: Hə, oğlum. O dünyanın ən gözəl atasıdır. Dur,hazırlaşaq,atanın ziyarətinə aparacağam səni,o bizi gözləyir. Həyətimizdə atanla birlikdə əkdiyimiz çiçəklərdən də götürək. Atan o çiçəkləri çox sevirdi.

Kənardan Şəhidin ruhu bu mənzərəni qürurla seyr edirdi. O övladını xoşbəxt etmişdi. O bilirdi ki, onu heç kim, heç vaxt unutmayacaq.

# 11172 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #