"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə
9 iyun 2026
# 10:00

Bu gün Viktoriya dövrü ingilis ədəbiyyatının məşhur yazıçılarından biri Çarlz Dikkensin anım günüdür.

Kulis.az onun "Yeni il nəğməsi" əsərindən bir hissəni Anar Mahmudovun tərcüməsində təqdim edir.


Marlinin kabusu

Bəri başdan deyim ki, Marli ölmüşdü. Buna heç kim şübhə edə bilməzdi. Dəfn kağızını keşiş də imzalamışdı, dövlət məmuru da, qəbirqazan da, mərhumun ən yaxın adamı da. Bu sənədi Skruc özü imzalamışdı. Skrucun imzaladığı sənəd isə lap London birjasında da etibarlı sayılardı. Qısası, qoca Marli ölmüşdü, özü də lap qapı mıxı kimi ölü idi.

Bir dəqiqə! Mən iddia eləmirəm ki, qapı mıxının ölü olması ilə bağlı xüsusi biliklərim-filanım var. Mənə qalsa, dəmir-dümür içində ən ölüsü tabuta vurulan mıxdır. Di gəl ki, bu bənzətmədə əcdadlarımızın hikməti var, mənim kimi adi adamlar onu dəyişməyə cəsarət edə bilməz, yoxsa ölkəmiz məhvə sürüklənər. Ona görə də icazənizlə elə belə də deyim: Marli ölmüşdü, özü də qapı mıxı kimi ölü idi.

Bəs Skruc onun öldüyünü bilirdimi? Əlbəttə, bilirdi. Başqa cür ola da bilməzdi. Marli Skrucla, kim bilir, neçə il şərik işləmişdi. Skruc onun yeganə qəyyumu, vəsiyyətinin yeganə icraçısı, yeganə qanuni varisi, yeganə dostu, yeganə əzadarı idi. Amma onun ölümü Skrucu o qədər dərin yasa batırmamışdı ki, işbazlığına mane olsun. Köhnə şərikini torpağa tapşırdığı gün cibini yaxşıca doldurmuşdu.

Marlinin dəfnindən söz açmağım məni yenidən söhbətin əvvəlinə qaytardı. Bəli, heç şübhəsiz, Marli ölmüşdü. Bunu ağlınıza həkk etməlisiniz, yoxsa danışacağım əhvalatın heç bir marağı qalmayacaq. Necə ki Hamletin atasının məlum faciədəki hadisələrin başlanğıcından əvvəl öldüyünə əmin olmasaydıq, gecə vaxtı öz qalasının bəndində peyda olub oğlunun onsuz da qarmaqarışıq xəyalında bir tufan qoparmasına çox da təəccüblənməzdik. Fikirləşərdik ki, qoca kişidir, hava qaralandan sonra sərin bir yerə, məsələn, Müqəddəs Paul kilsəsi tərəflərə başmaqseyrinə çıxıb, özünü küləyə vermək istəyir.

Skruc dükanın üstündən Marlinin adını silməmişdi. Marlinin ölümündən neçə il keçmişdi, amma kontorun giriş lövhəsindəki yazı dəyişməmişdi: “Skruc və Marli”. Şirkət “Skruc və Marli” kimi tanınırdı. Bəzən xam adamlar gəlib Skrucu səsləyərdilər, bəzənsə Marlini. Hər iki halda Skruc cavab verərdi. Onun üçün heç bir fərqi yox idi.

Hə! Bu Skruc çox xəsis adam idi. Yumurtadan yun qırxanın, simicin, acgözün, tamahkarın biriyidi bu qoca. Qışın oğlan çağında qarı da havayı ala bilməzdin ondan. Bu insanın içində istilikdən, oddan əsər-əlamət yox idi. Karsız çaxmaq daşı kimiydi, gərək dəmirlə nə qədər vuraydın ki, bəlkə, bircə dəfə qığılcım verəydi. Ortada yeyib qıraqda gəzərdi, yalnız özünü düşünərdi, adamayovuşmazın biriydi, ilbiz kimi qınına çəkilərdi. İçindəki buz soyuqluğu qocanın sifət cizgilərini – uzun, əyri burnunu dondurmuş, yanaqlarını codlaşdırmış, yerişini sərtləşdirmişdi. Gözlərindən od yağırdı, nazik dodaqları isə gömgöy olardı. Cır səsi adamın başına düşərdi. Çal saçındakı, qaşındakı və saqqalındakı ağ tüklər də qırova oxşayırdı. Bu soyuq onun canından heç vaxt çıxmazdı. Yayın cırhacırında otağına sərinlik gətirərdi, Milad bayramı ərəfələrində isə bircə dərəcə də aşağı düşməzdi.

Bayırdakı isti və soyuğun Skruca heç bir isti-soyuğu yox idi. Günəş düz üstünə şaxsaydı da, onun canını qızdırmazdı, heç bir şaxta onu üşütməzdi. Heç bir külək onun qədər sərt ola bilməzdi. Qar, boran, leysan onu qorxutmazdı, pis hava ona əsər etməzdi. Şıdırğı yağış, quşbaşı qar, aramsız sulu qar havada nə tufan qoparsaydı belə, gec-tez yerə enərdi, Skruc isə yox.

Heç kim onu küçədə saxlayıb deməzdi:
– Skruc, əzizim, necəsən? Bizə nə vaxt gəlirsən?

Heç bir dilənçi Skruca əl açmağa, heç bir uşaq ondan saatı soruşmağa, heç bir qadın, heç bir kişi ondan yol soruşmağa ürək eləməzdi. Onu hətta kor adamları müşayiət edən itlər də tanıyardı. Skrucu görən kimi sahiblərini dalana, ya evə yönəldib quyruq bulayar, sanki deyərdilər: “Belə dəyməzəli gözün olunca, kor olsan ondan yaxşıdır, mənim zülmət içində yaşayan sahibim”.

Amma bunlar Skrucun heç eyninə də deyildi. Əksinə, bu onun xoşuna gəlirdi. O, həyatın basırıq yollarından sivişib çıxar və insanların xoş niyyətinə etinasız qalardı; beləcə, ağıllı-kamallı adamlar onu “dəli” hesab edərdi.

Bir gün, daha dəqiq desək, ilin ən əziz günlərindən birində, yəni Milad axşamı qoca Skruc kontorundakı otağında oturmuşdu. Hava çox soyuq, şaxtalı idi, üstəlik, duman vardı. Skruc həyətdə səs-küy eşitdi. Bir neçə nəfər xırıltılı səslə tövşüyür, oturub-durur, yumruqlarını sinələrinə vurub, ayaqlarını səki daşlarına döyəcləyib canlarını qızdırmağa çalışırdı. Şəhər saatı üçü yenicə vurmuşdu, amma hava artıq qaralırdı. Ümumiyyətlə, bütün günü hava çox tutqun olmuşdu. Qonşu dükanların pəncərələrində yanan şamlar bərk maddəni xatırladan açıq-qonuru havada sarımtıl-qırmızımtıl ləkələr kimi işıq saçırdı. Duman dəlmə-deşiklərdən, kilidlərdəki açar yuvalarından evlərə, otaqlara dolurdu. O qədər qatı idi ki, dar dalandakı üzbəüz evlər qarabasmaya oxşayırdılar. Sanki göyün üzündə, buludların üstündə uçurdular. Yerə sinən, hər şeyi gizlədən cansıxıcı dumana baxanda adama elə gəlirdi ki, Təbiət haradasa yaxınlarda yaşayır və var gücünü toplayıb qorxunc, dəhşətli bir tədbir tökür.

Skruc otağının qapısını açıq qoymuşdu ki, arxadakı kiçik köşkdə – kameraya oxşayan hücrədə məktubların üzünü köçürən klerkini görə bilsin. Skrucun buxarısında kömür az idi, köşkdəki buxarıda isə, deyəsən, elə bircə kösöv qalmışdı. Ancaq zavallı işçi buxarısını yenidən qalaya bilmirdi. Çünki Skruc kömür yeşiyini öz otağında saxlayırdı və klerk hər dəfə çolovu götürüb kömür dalınca gələndə müdiri ona xatırladırdı ki, bu gedişlə onunla vidalaşmalı olacaq. Buna görə də klerk ağ yun şərfini boğazına dolayıb şam işığında qızınmağa çalışırdı: o qədər də diribaş deyildi bu klerk.

– Milad bayramın mübarək, dayı! Allah səni amanında saxlasın! – Skrucun bacısı oğlu şən səslə dedi.

Oğlan otağa elə sürətlə girmişdi ki, Skruc başını qaldırmağa macal tapmamışdı. Bir də gördü ki, onun üstündədir.

– Eh! – Skruc dedi. – Boş şeylərdir.

Skrucun bacısı oğlu dumanlı, şaxtalı havada o qədər yüyürmüşdü ki, sanki istidən alışıb-yanırdı. Yanaqları pörtmüşdü. Gözlərindən od, nəfəsindən buğ çıxırdı.

– Dayı, nədir boş şey? – oğlan dedi. – Əminəm ki, Milad bayramını nəzərdə tutmursan.

– Elə onu nəzərdə tuturam, – Skruc dedi. – “Bayramın mübarək!” Sözə bax. Nə bayrambazlıqdır? Sən kasıbsan, bayram sənin harana yaraşır?!

– Tutaq ki, elədi, – Skrucun bacısı oğlu şən səslə dedi. – Bəs sən niyə kefsizsən? Niyə qaşqabağını sallamısan? Sən ki pula pul demirsən.

Skruc bacısı oğluna söz çatdıra bilmədi:
– Eh, – yenə dedi və əlavə etdi: – Boş şeylərdir.

– Əsəbləşmə, dayıcan, – oğlan dedi.

– Necə əsəbləşməyim?! – dayısı dedi. – Bu qədər axmağın əhatəsində ola-ola necə sevinim?! “Milad bayramın mübarək!” Nə bayrambazlıqdır? Nə miladbazlıqdır? Milad o deməkdir ki, vergiləri ödəməlisən. İndi gəl pulsuz-parasız vergi ödə! Milad o deməkdir ki, yaşının üstünə bir yaş da gəlir, amma pulunun üstünə bir funt da gəlmir. İllik haqq-hesabın vaxtı çatır, gəlirini, çıxarını hesablayırsan, görürsən ki, heç nə qazanmamısan, – o, qeyzlə əlavə etdi: – Məndən olsaydı, bu küçələrdə hər yetənə “Bayramın mübarək” deyib gəzən yaramazların hamısını puddinqə qatıb qaynardardım, basdıranda da ürəyinə pirkal payası çaxardım. Ciddi sözümdür.

– Ay dayı! – oğlan məzəmmətlə dedi.

– Ay bacioğlu, – Skruc kobud səslə cavab verdi, – sən get Miladını bayram elə, imkan ver, mən öz bayramımı özüm bildiyim kimi keçirim.

– Öz bayramını? – Skrucun bacısı oğlu dedi. – Axı sən heç onu keçirtmirsən.

– Yaxşı, onda imkan ver, keçirtməyim, – Skruc dedi. – Bunun sənə daha çox faydası olar. Hər halda, indiyə qədər çox olub.

– Mən həyatda çox şeydən faydalanmışam, amma qazanc götürməmişəm, – oğlan cavab verdi. – Onlardan biri də Miladdır. Amma həmişə Milad bayramının adı gələndə – bunu onun mənşəyindən, müqəddəsliyindən irəli gələn xoş hissləri bir kənara qoyaraq deyirəm – ağlıma mərhəmət, lütfkarlıq, səxavət kimi dəyərlər gəlir. Milad təqvimdə yeganə gündür ki, insanlar sanki sözsüz bir sövdələşməyə uyğun olaraq, bir-birinə ürəklərini açır, hamıya, hətta özlərindən kasıblara da sadəcə qəbrə gedən və ömür adlanan bir səyahətdə yol yoldaşı, həmsəfər kimi baxırlar. Buna görə də, dayıcan, Milad bayramı mənə qızıl, ya gümüş pul şəklində qazanc gətirməsə də, faydasının olduğuna və olacağına inanıram. Yaşasın Milad bayramı!

Köşkdəki klerk qeyri-ixtiyari bu sözləri əl çalaraq alqışladı, sonra hərəkətinin yersiz olduğunu görüb buxarıdakı ocağı qurdaladı və sonuncu közü də söndürdü.

– Bir də cınqırın çıxsa, – Skruc dedi, – bu Milad bayramı sənin üçün iş yerini itirməyinlə əlamətdar olacaq. – Sonra üzünü bacısı oğluna çevirib əlavə etdi: – Sən isə dildən pərgarsan, ser. Nə əcəb parlamentə seçilməmisən?

– Hirslənmə, ay dayı. Nəysə, sabah naharda səni gözləyəcəyik...

# 156 dəfə oxunub

Oxşar xəbərlər

"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

13:30 8 iyun 2026
"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

10:00 8 iyun 2026
"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

13:00 7 iyun 2026
Təbəssüm - Rey Bredberinin hekayəsi

Təbəssüm - Rey Bredberinin hekayəsi

12:00 5 iyun 2026
Balaca qadın -  Frans Kafkanın novellası

Balaca qadın - Frans Kafkanın novellası

18:45 3 iyun 2026
Alman kilsəsi - Afaq Məsudun hekayəsi

Alman kilsəsi - Afaq Məsudun hekayəsi

10:00 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər