Qürub çağı - Mirça Kertereskunun hekayəsi

Qürub çağı - Mirça Kertereskunun hekayəsi
25 yanvar 2025
# 09:00

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Mirça Kertereskunun "Qürub çağı" hekayəsini təqdim edir.

Çağdaş rumın nasiri, şairi və esseçisi, 2024-cü il Ədəbiyyat üzrə Nobel mükafarının əsas nominantlarından biri Mitça Kertereskunun hekayəsi

M.Kerteresku 1955-ci ildə Buxarestdə doğulub, 1980-1989-cu illərdə rumın dili və ədəbiyyatından dərs deyib, sonralar Yazıçılar İttifaqında çalışıb, ədəbi jurnal redaktoru olub. O, rumın ədəbiyyatında postmodernism mövzusunda dissertasiya müdafiə edib, Amsterdam universitetində mühazirələr oxuyub.

M.Kerteresku yaradıcılığa ötən əsrin 70-ci illərinin axırlarında poetik təcrübələrlə başlayıb, indiyəcən 6 poetik toplu nəşr etdirib. 80-ci illərin axırlarından isə nəsr əsərləri qələmə alıb. Yazıçının “Yuxu” (1989), “Travesti” (1994), “Gözqamaşdırıcı” (3 cilddə, 1996-2007), “Gündəlik” (2001), “Əjdahalar ensiklopediyası” (2002), “Qadınları nəyə görə sevirik?” (2004) və s. əsərləri modern rumın nəsrinin sanballı nümunələridir.

M.Kerteresku yaradıcılıq uğurlarına görə, Rumıniya Akademiyasının (1989), Yazıçılar İttifaqının “ (1994) mükafatlarına layiq görülüb.

Neçə illər əvvəl qəribə bir axşam keçirməli oldum. Həyatım hadisələrlə zəngin deyil, yaddaşımda qalan azsaylı, ən təsirli əhvalatlarısa kitablarımda mümkün qədər təsvir eləmişəm. Yenə də bir neçə hadisə qalıb ki, müxrəlif səbəblərə görə qələmə almamışam, çünki “hər şeyin satıldığı” yalnız nəzəri cəhətdən mümkündü, gerçəklikdə yazıçı olandasa, minlərlə maneə adamı zahirən əhəmiyyətsiz olan, amma bəlkə də, “mən”inin yaralı yerinə toxunan bu və ya digər faktın üzərindən keçməyə vadar eləyir. Biz – “mənim şəxsiyyətim” adı altında sosial interfeys, onun arxasında gizlənən məxluq, nəzarət eləyən, formalaşdıran, düşüncələrimizə və əməllərimizə qadağa qoyan həddən artıq iri nəhəng varlıq deyilik.

Parisdə olduğum gün Pompidu Mərkəzinə, Andre Bretonun böyük sərgisinə getdim, onun adı altında, həqiqətən, birgə görmək adama nadir hallarda qismət olan geniş sürrealist mənzərə yaradılmışdı. Sərgiyə evlərində qonaq olduğum dostlarımla – həddən artıq bənzərsiz cütlük idi: iki irqə, iki dinə, sənətdə iki yönümə, iki tamamilə bir-birinə zidd görkəmə malik idilər – birgə getmişdim. Qadının əksinə Delvoda baxmışdım, mənə elə gəlmişdi ki, ordan çıxıb, tamamilə təbii olaraq, ins-cins olmayan stansiyada gözləyən (kimi?) çılpaq, sarışın qadınların əhatəsindədi. Boynunun ardındakı qısa saçını nəzərə almasaq, o da həmin qadınlara oxşayırdı. Əlbəttə, geyimləri də - ilk növbədə, az qala, evlərində qaldığım həftə ərzində əynində gördüyüm gözəl kişi köynəyi - də oxşar idi.

Sibiuda doğulmuş o rumın qızının yaşadığı əlcəzairlini necə tapdığını heç cür dərk eləyə bilmirəm. Məhz onunla ümumi tanışım – o da musiqiçiydi – vardı. Onun ərəbi öz mənşəyiylə qürrələnir, bunun əlaməti kimi də daim başına mavi atlas astarı olan məxmər papaq qoyurdu. O da rəfiqəsitək şıq geyinirdi, sakit təbiətli, bir qədər tənbəl idi. Hansı vəsait hesabına yaşadıqları məlum deyildi. Çətin ki, aktyorluqdan qazandığı qonorar hesabına yaşaya biləydilər (bunu heç özü də gizlətmirdi), məncə, o günlərdə Parisdə tez-tez tamaşaya qoyulan, baş rolu ifa elədiyi, mənim də gördüyüm yeganə “Otello” tamaşasının qonorarıyla da dolana bilməzdilər.

Bütün sərgidən cəmi bir tablo yadımda qaldı. Yəqin ki, məndə çatışmazlıq var: hər hansı bir tabloya vurulanda az qalıram, muzeyə oğurluğa gedim, o tablonu ələ keçirim. Həmin tablo da Maqrittin “Le soir qui tombe” (“Qürub çağı”) əsəri - sınıq pəncərə şüşəsi, ətrafa səpələnmiş şeşə uzunsov parçaları, o parçalar üzərində qürub Günəşinin müxtəlif bucaqlar altında əksi - idi...

Sonra şəhərə, həyatın gur yerinə çıxdıq (ilin həmin vaxtları Paris sidik və lanqust qoxusu verir), “Tati”də bəxtimizi sınadıq, “Le Levant” restoranında xeyli erkən axşam yeməyi yedik (dostlarım üçün sürpriz idi, çünki bayaq onlar məni iri, sarı rəngli hərfləri olan lövhənin altında şəklimi çəkəndə “Levant” yazısı oxunmuşdu), sonra metronun dolanbaclarından uğurla qurtulub evə çatdıq, həmin məqamdasa artıq bayırda çoxdan hava qaralmışdı.

Sonra həmin gecə arvadıma xəyanət eləyib-eləmədiyim barədə suallarla özümə fasiləsiz əzab verirdim. Düzdü, indi bu məsələ məni onda səhəri gün Buxarestə uçanda, yaxud hava limanında arvadımı qucaqlayanda olduğu qədər narahat eləmir. Başlıcasısa, sonrakı gecə, onunla sevişəndə əvvəlki gecəni xatırlayıb göz yaşımı güclə saxladım. Ona, az qala, baş ver(mə)miş hər şeyi danışacaqdım, amma vaxtında yadıma Kortasarın hekayəsi – amma o hadisə bir qədər başqa cür idi – düşdü, o hekayədə cütlük (sevgili olan kişi və qadın) özlərinin çoxdankı arzularını gerçəkləşdirirlər: dəniz kənarına gedir, razılıq əsasında tanımadıqları tərəf-müqabillərlə gecə keçirirlər. Səhəri gün və sonralar o gecə barədə söz açmaqdan yayınır, əslində, olub-keçənləri unuda bilmir, nəticədə də ayrılırlar...

Onlar evlərində qaldığım son gecəmi seçdilər – ola bilsin, əvvəlki gecələr ərzində, qaranlıqda, bir-birinə nəvaziş göstərə-göstərə, fantaziyalar aləminə baş vura-vura hər şeyi uzun müddət müzakirə eləmiş, hazırlamışdılar. Bəlkə, belə bir şeylə tez-tez məşğul olurdular, bəlkə, orda əksəriyyət bu cür əməlin həvəskarıydı.

Həmin axşam o qədər içdik ki, hətta adətləri üzrə masanın üzərindəki alçaq lampanı yandırmadıqlarını belə, sezmədim. Artıq bir-birimizi güclə ayırd eləyə-eləyə stəkanlarımızı götürüb əvvəllər yalnız qapının arasından çarpayının mavi-sarı zolaqlı mələfəsinin qırış-qırış küncünü gördüyüm yataq otaqlarına keçdik. Amma yenə də gah Rene, gah Brassans, gah da Bernar Büffe barədə mübahisəyə ara verməmişdik, yalnız o (qadının adını çəkməkdən özümü güclə saxlayıram) hələ də bir baletmeyster barədə danışa-danışa qoftasının yaxasını açıb döşlərinin gilələrini göstərəndə nə baş verdiyini dərk elədim. Əlcəzairli mənə sarı çevrilib soruşdu ki, birgə onun qadınıyla olmaq isyəyirəm ya yox. Görünür, müsbət cavab verəcəyimə şübhəsi yox idi, çünki, gözləmədi, qadının qoftasını əynindən çıxarıb çarpayıya uzatdı, yanına yıxılıb əlini qısa tumanının altına soxdu. Onu heç vaxt bu cür görmədiyimdən təəccüblənən sarışın qadın dodaqlarını məşuqunun dodaqlarından ayırıb gözlərimin içinə baxdı və rumınca dilləndi: “Gəl... səfeh olma...”

Əlimdə stəkan çarparının yanındakı kiçik kürsüdə əyləşmişdim, – sonra stəkanı döşəməyə qoydum, - gerçəklikdə başıma gələnlərə (düzdü, hər halda, yuxuda, yaxud təxəyyüldə deyil, Paris gerçəkliyində olub-keçirdi), bu əhvalata qarışdırıldığıma inana bilmirdim, kişinin qaraşın dərili bədənini necə çılpaqladığını görürdüm, qadın da, elə bil, jurnal şəkillərindən çıxmışdı, soyunub ancaq tor corablarında qalmışdı, başlıcasısa, inana bilmirdim ki, istəsəm, bu cəlbedici, möcücəli intim gecəsinin iştirakçısına çevrilə bilərəm.

Neyləyə bilərdim? Nəticə barədə düşünə bilməzdim, çünki ehtirasdan titrəyirdim. Yəqin, köynəyimin, heç olmasa, bircə düyməsini açsa, onlara doğru bircə addım atsaydım, hər şey öz qaydasınca gedərdi. Amma bunu özüm qət eləyə bilməzdim. Əvəzimdə şəxsiyyətimin arxasında gizlənən, haqqında söz açdığım, son illərdə erotik yuxularımda mövcud olan, evlənəndən sonra arvadıma xəyanət eləməyimə (bəli, hətta yuxularımda belə!) maneə törədən o maddi varlıq qərar verirdi. Həddən artıq arzuladığım, uzun, balrəngli saçı olan hərarətli qadını ağuşuma basıb abırsızcasına süzəndə, ehtiraslı intim hərəkətlər eləməyə başlayanda daim bir hadisə olurdu: qapılar taybatay açılır, içəri çoxlu adam girir, mən də dəliyə dönür, yaxud qadının qıçları arasına diqqətlə baxıb orasının kukla qasığı kimi, dümdüz, bəzən daha da pis, ağuşumdakının kişi olduğunu sezirdim. Həmin vaxtdan arvadımı sevməyə başlamışdım, ona, sözün əsl mənasında, hətta yuxuda belə - çox vaxt da ümidsizliyə qapılırdım, - xəyanət eləyə bilmirdim...

Baş verənlərdə iştirak eləyə bilməzdim. Amma orda, üstünə ipək köynək atılmış lampanın kəhrəba işığında oturmuşdum, bir neçə saat idi ki, yataqda baş verənlərə acgözlüklə tamaşa eləyir, mənə bəxş edilən bu qəribə, sirli bəxşişə görə, kimə minnətdarlıq bildirəcəyimi anlamırdım. Qadının qəsdən ən münasib pozalar axtarıb tapdığını, istəkdən şişmiş dodaqlarına yaxınlaşmaq üçün mənə yalvardığını görürdüm. Onun qızılı dərisində qıpqırmızı çiçəkləri xatırladan barmaq izlərini ayırd eləyirdim. Göbəyinin ilbizəoxşar çökəyinə axan tər damcılarını sezirdim. Amanı kəsiləndə rumın dilində qışqırdığı kəskin, abırsız sözləri eşidirdim. Onun hələ də kişidən aralanmadan böyrü üstə çevrildiyini, yataqda qızmar asfaltdan qalxan buxartək buxarlanandığnı görürdüm... Qadının, nəhayət, zorla qalxıb qıçlarının nəm arasını ovuclarıyla tuta-tuta vanna otağına getdiyini da nəzərdən qaçırmadım...

O qayıdanda artıq otaqda deyildim.

Səhəri gün mən mətbəxə girəndə onlar eynilə qısa Paris tətilimin bütün altı günü ərzində olduğu kimi, qəhvə içirdilər. Yenə bayırda adamlar tələsir, artıq oxunmuş qəzet döşəməyə düşürdü. Onlar da normal görünmək üçün cəhd göstərirdilər, yoxsa heç veclərinə deyildi? Qadınla dostyana vidalaşdım, kandarda yanağından öpdüm (ömrümdə cəmi bir neçə dəfə qadını intim cəhətdən tanımışdım), kişi məni “çəhrayı Barbi” adlandırdığı maşınında məni Orli hava limanına apardı. Orda bir-birimizin əlini sıxıb çiynini şappıldatdıq. Belə. Parisə gələndə yenə evlərində qala bilərəm. Au revoir. Au revoir.

“Belə hadisələr, - öz-özümə deyirəm ya baş verir, ya da baş vermir. Bu, səndən deyil... Allah bilir, tutaq ki, vəziyyətdən asılıdı... Daha çox içsəydim, arvadımı daha az sevsəydim, bir neçə saat əvvəl Maqrittin Günəşin yaralana-yaralana şüşə parçalarında gəzişdiyi tablosundan vəcdə gəlməsəydim, bəlkə, o gecənin necə keçdiyindən xəbər tutmayacaqdım...

# 567 dəfə oxunub

Oxşar xəbərlər

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

15:00 26 yanvar 2025
Qızlarının həyatını zəhər edən dahi - O, oğlunu niyə qəbul etmirdi?

Qızlarının həyatını zəhər edən dahi - O, oğlunu niyə qəbul etmirdi?

12:00 25 yanvar 2025
Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

15:36 24 yanvar 2025
Zorən xuliqan - Alberto Moravianın hekayəsi

Zorən xuliqan - Alberto Moravianın hekayəsi

13:30 23 yanvar 2025
Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

16:51 21 yanvar 2025
Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

13:00 20 yanvar 2025
#
#
# # #