Öncədəngörmə - Sabir Etibarlı

Sabir Etibarlı

Sabir Etibarlı

18 dekabr 2022
# 15:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Sabir Etibarlının "Öncədəngörmə" hekayəsini təqdim edir.

Sizə danışmaq istədiyim hadisələr çox əvvəl olub. Azərbaycanın ucqar kəndlərinin birində Ağaxanovlar yaşayırdı. Bu nəsil yaşadıqları kənddə və ətraf yerlərdə məşhur idi. Belə ki, bu nəslin nümayəndələri keçmiş və gələcəkdən xəbər verə bilirdilər. Bəzi adamların dediklərinə görə, Ağaxanovlar seyiddir və buna görə də Allah bu nəsildəkilərə vergi verib. Bəzi adamlar iddia edirdilər ki, Ağaxanovların əcdadı cin tutub şüşəyə salıbmış. Hər şeyi deyən həmin o ifritdir. Bir qisim insanlar isə onları sadəcə baxıcı-falçı adlandırır. İnsaf xətrinə demək lazımdır ki, Ağaxanovların qapısı hər dərdi və pulu olan üçün açıq deyildi. Çox vaxt gələnləri geri çevirirdilər. Amma bir neçə dəfə geri çevirmədikləri də olub. Çox varlı, vəzifələri adamların bir neçə ildən bir bu kəndə - Ağaxanovların evlərindən birinə gəldikləri məlumdur.

Bu kənddə təzə gələn, ya da ətraf kəndlərin adamlarından biriylə danışan adam mütləq Ağaxanovlar haqqında yeni, maraqlı və bir o qədər də inanılması çətin şeylər eşidə bilər. Düzü, nə qədər düzdür, nə qədər səhvdir bilmirəm. Amma çox məşhur bir rəvayət dildən-dilə gəzir. Deyilənlərə görə, bir azdan haqqında danışacağım Həsənağanın böyük qardaşının iki inəyi oğurlanıbmış. O da oğruları tapmaq üçün Həsənağanın qızı və bacısı Püstənin qızından istifadə etməli olur.

Evinə gətirdiyi iki azyaşlı qızın ayaqlarını suyla dolu ləyənə qoyduqdan sonra qızların dırnaqlarına nəsə çəkir. İşıqları söndürülən otaqda qızlar dırnaqlarından olan bitəni televizordan izləyirmişlər kimi görüblər. Beləcə oğru tapılır. Çox mübahisəli olsa da, kənd camaatı iki qızın da hələ yeniyetmə olarkən ürək xəstəliyindən ölməsini bu hadisəylə bağlayırlar. Kəndin çox cüzi bir hissəsi isə bu nəsildə onsuzda müxtəlif xəstəliklərinin irsi olduğunu dəlil gətirərək bu ölümlərin normal olduğunu iddia edir. Bir o dəqiqdir ki, bu vaxtsız ölümlərdə qardaşının günahı olub-olmamasından asılı olmayaraq Həsənağa hər şeyi – şayiələri, sualları mümkün qədər səssiz ötüşdürmətə çalışırdı. Düzü, Həsənağa kimi ailəsinə xəstəlikli şəkildə bağlı olan birinin ümumi ailəni qorumaq naminə qızının ölümümə səssiz qalması da ehtimallardan biridir. Amma bunun ən düzgün cavabını – həqiqəti heç kəs bilmir.

Ağaxanovlar çox qatı düşüncəli, mühafizəkar idilər. Namus onlar üçün hər şey demək idi. Ara-sıra kənd camaatı ilə evlərinə baxdıqları üçün davaları olurdu. Əlbəttə ki, heç kəs Ağaxanovlarla problem istəməzdi. Az-maz söz-söhbətdən sonra məsələ bağlanırdı. Amma bir gün kənddə elə bir dedi-qodu ayaq açıb yeridi ki, onu sadəcə qışqırıqla, qaş-qabaqda ötüşdürmək mümkün deyildi. Söyləntilərə görə, Ağaxanovların qızı Güllü bulaqdan su doldurarkən qonşu kənddən qonaq gələn əmisi oğlu Əlirzaya su veribmiş. Su verəndə Güllünün əli Əlirazanın əlinə dəyibmiş və beləcə Güllü ləkələnibmiş. Bu şayiələr yayıldıqdan sonra Ağaxanovlar məsələni aydınlaşdırmaq üçün Əlirzanı axtarmağa başlayırlar. Nə hikmətsə, Əlirza tapılmır. Əlirzanın axtarışı bir neçə gün davam edərkən ola biləcək ən pis şey olur. Güllü də yoxa çıxır. Çox inamlı bir adamın onları lap səhər tezdən birlikdə harasa tələsən gördüyünü deməsiylə onların birlikdə qaçdığı məlum olur. Bundan sonra kənd qazan kimi qaynamağa başlayır. Bəzi adamlar deyir ki, iki əmi uşağı lap çoxdan bir-birini sevirmiş. Evlənmələrinə icazə verməyəcəklərini fikirləşdikləri üçün birlikdə qaçıblarmış. Bir qisim adama görə isə Güllü bulaq məsələsindən sonra adının çıxdığını fikirləşib onu heç kəsin almayacağını yəqin elədiyi üçün Əlirza ilə könülsüz məcbur şəkildə qaçır. Buna oxşar və oxşar olmayan bir-iki şey də eşitmək mümkündür. Bəlkə məyisedicidir, amma onu deyim ki, mən də həqiqəti bilmirəm.

Qaçışdan 1 həftə sonraya qədər Əlirza ilə Güllü qəbiristanda gizləndilər. Sonra Əlirza Güllünü bir təhər öz kəndinə aparıb çıxartdı. Ağaxanovlar Əlirzanin yerini biləndə artıq bir neçə ay ötmüşdü. Ağsaqqalların işə qarışmasıyla məsələ qan tökülmədən həll olunsa da, Güllü, demək olar ki, atasigillə heç vaxt görüşmədi.

İlk illər atası, anası, qardaş-bacıları üçün burnunun ucu göynəyirdi. Elə bilirdi ki, həyatı bundan pis ola bilməz. Amma həyat insanı həmişə ya ən qorxduğu, ya da heç təsəvvür eləmədiyi yerdən vurur. Əlirza iş üçün qonşuluqdakı kənddə pul üstündə bıçaqlanıb öldürüldü. Beləcə Güllünün qara günləri başladı. 3 balaca uşaqla tək qadın. Gedəcəyi ata evi də yox idi. Ac-yalavac, bir qarın ac, bir qarın tox illəri, ömrünü başa vurdu. Güllü və uşaqları üçün məhrumiyyətlə keçən illər heç kəsin yadında deyil. Çünki insanlar üçün maraqlı bir şey olmamışdı. Ona görə də 28-30 il sonrasını danışmaq istəyirəm. Bəlkə, vacib nəyisə xatırlasam, ayrıca qeyd edərəm. Məncə, indi Həsənağadan danışmaq vaxtıdır.

Həsənağa uşaqların ortancılı idi, balaca bacısı və böyük qardaşı var idi. 3 uşaqdan ən gec o evlənmişdi. Güllü də onunla bir yerdə qalırdı. Amma Həsənağa, bəlkə də, Güllünün uşaqları içində ən bədbəxt, uğursuz olanı idi. Çox gec evləndiyi arvadı ikinci doğuşda ölmüşdü. Uşaq da çox yaşamamışdı. Güllü azyaşlı nəvəsinin qayğısına qalsa da, 3-4 ildən sonra o da vəfat eləmişdi. Üst-üstə gələn itkilərdən, ağır zərbələrdən sonra Həsənağa havalı kimi olmuş, hamıyla əlaqəni kəsmişdi. Əvvəllər də yoğuşmaz olan Həsənağa indi lap qaradinməz olmuşdu. Yaxşı ki, çox keçmədən qızını bacısının himayəsinə vermişdi. İstəsə də, baxa bilməzdi. Anasının ölümü onu dəhşətə gətirmişdi, getdikcə qarabasmaları artırdı. Onsuzda yeniyetməliyindən bu yana qarabasmalara öyrəşmişdi, amma yeniləri dözülməz idi. Son zamanlar isə dava dəhşətli bir şey görürdü yuxularında. Bir həftə idi ki, ancaq eyni yuxu. Tər basmış, boğulmuş halda dururdu yuxudan. Tez pəncərədən bayıra baxırdı, heç kəsi görə bilmirdi. Sonra bir-iki qurtum su içib hansısa duanı oxuyurdu. Sonra təzədən yatmağa çalışırdı. Elə vaxtlarda gözünü yumanda elə bilirdi qabağında kimsə dayanıb onu izləyir. Gözünü açanda isə heç kəsi görmürdü. Artıq qorxduğunu hiss edirdi. Yuxuya gedəndə yenə eyni yuxu. Yuxuda görürdü ki, kimsə cavan bir gəlinə təcavüz edir. Qışqırıqları tükürpərdən idi, çapalayırdı, amma əlindən heç nə gəlmirdi. Həsənağa asta-asta yaxınlaşırdı. Sonra qızı tanıyırdı, bu qonşuluqdakı Mələk idi. Həsənağanı görüb daha da dəhşətlə qışqırır, əlini uzadırdı. Həsənağa bir az da yaxınlaşırdı. Onda təvacuz edəni görürdü. Alim

– Mələyin böyük qaynı. Birdən hər ikisinin – Mələyin, Alimin üzü dəyişir, eybəcər hala düşürdü. Bax bu dəhşətli səhnədən sonra Həsənağa yuxudan ayılırdı.

Bu kabusla təkrar-təkrar qarşılaşması bunun həqiqət olacağına işarə idi. Amma nə etmək olardı? Həsənağa hamının imtina etdiyi qadının necə həyat yaşadığını yaxşı bilirdi. Hə, yadıma düşmüşkən bir şeyi də deyim. Bu hadisə olanda Əlirza ölmüş, uşaqlarsa hələ çox balaca olardı. Ağır quraqlıq dövründə qadınlar çayın çox azalmış suyunda paltar yuyanda qəsdən Güllünü çaya atmışdılar. Bu köhnə adət idi. Guya bununla yağış yağdıracaqdılar. Güllünün vəziyyəti, heç kəsin ona yiyə çıxmaması onu bəzən atmacalara, hörmətsizliklərə məruz qoya bilirdi. İllər uzunu davam edən belə şeylər travma yaratdığından Həsənağa bir an içində Mələyin simasında öz anasını görməyə başladı. Həsənağa bilir ki, camaat bu nəslin öncədəngörmə qabiliyyətinə inansa da, hətta bir az qorxsa da, yenə də adi sözlə, sübutsuz Alim barəsində bir şey eləmək mümkün olmayacaq. Həm də Hüseynağa Mələyi yuxusunda necə bir halda gördüyünü kənd camaatına açmaq istəmirdi. Belə eləsəydi, çıxacaq dedi-qodunu fikirləşdikcə başı zoqqulayırdı. Nəsə başqa bir şey etmək lazım idi. Fikirləşməkdən yığılmışdı. Onsuzda boydan alçaq idi. İndi bir az da yığcam görünürdü. Baxanda rənginin boğulduğu hiss olunurdu. Əvvəl qarayanız idisə, indi rəngi tünd göyə çalırdı. Elə hey fikirləşir, götür-qoy edir, nəyisə ölçüb-biçirdi.

Hərəkət keçmək qərarına gəldikdən sonra Həsənağa özünü tez-tez

Mələkgilin evinə baxan halda tapırdı. Bir vaxtdan sonra söz-söhbət yayıldı, kənd qaynar su kimi qeybət, şər-böhtanla qaynamağa başladı. Həsənağa ilə Mələk arasında gizli, həm də ehtiraslı eşq macərası ağızdan-ağıza dolaşırdı. Amma gündəm çox tez dəyişdi. Təzə xəbərlər əvvəlkiləri unutdurdu. Kəndə hay düşdü ki, Həsənağa Alimi sahədə ov tüfəngiylə vurub. Amma Alim sağ qalıb. Hadisə səbəbi də su sırası olub. Düzü, kənddə su sırası üçün tez-tez dava-dalaş olurdu. Hər halda hamı tarlasının qeydinə daha çox qalmaq istəyirdi. Amma su üstündə adam vurmaq hər dəfə ələ düşən xəbər deyildi. Hələ vuranla vurulanın yanaşı qonşu, həm də uzaq qohum olmaları məsələni daha da maraqlı edirdi.

Uzun sözün qısası, bu hadisədən sonra Həsənağanı həbs elədilər. İşin ən maraqlı tərəfi də odur ki, Həsənağa məhbusluğun ilk aylarında vəfat elədi. Bir o dəqiqdir ki, yuxudan ayılmamışdı. Elə bu işdə də fikirlər haçalanmışdı. Bəziləri dedilər ki, ürəyi qubar gətirib partlayıb. İşin maraqlı tərəfi odur ki, bir qisim adamlar da inanırdı ki, Alim onu içəridə zəhərlədib. Belə olanda da bəzi adamlar deyirlər ki, bəs nə oldu 10 il sonranı bilən adam zəhəri bilmədi? Nə bilmək olar. Bəlkə də, aləmi bəzəyib, özü lüt gəzmişdi.

Heç kəs bilməsə də, mən bilirəm ki, Həsənağa peşman olmuşdu. Amma dəqiq bilmirəm, əməlindənmi, yoxsa dünyaya gəldiyindənmi, yoxsa vaxtında uzaqlara köçmədiyindənmi. Bir dəfə mənə demişdi ki, Allahı göylərdə axtaranda tapdım, insanların qəlbində axtaranda itirdim. Ümumiyyətlə, Həsənağa qəliz adam idi.

Təəssüflə onu da deyim ki, Həsənağa olacaq hadisələri qabaqlaya bilmədi. Qorxduğu hadisə ölümündən iki il sonra oldu.

# 1321 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #