Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Vüsal Qocayurdun “Narahat gecə” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Gah sağ, gah sol böyrü üstə çevrilir, gah üzüaşağı, gah da üzüyuxarı uzanmaqla özünü rahatlamağa, yatmağa çalışırdı, lakin gözünə yuxu getmirdi. Bir yandan hirs, digər yandan bürkü onu boğurdu. Səbəbkarı nə yolla olur olsun, tez tapıb cəzalandırmaq istəyir, qisas hissi ilə alışıb-yanırdı. Əsəbdən dişlərini qıcayır, hövsələsiz halda yumruğunu var gücü ilə sıxıb dizlərinə döyəcləyir, arada sürətlə divara yaxınlaşdırıb vurmaq istəyir, lakin heç cürə ürək etmirdi. Bir neçə il əvvəl hirsli vaxtlarının birində girişdəki dəmir qapıya vurduğu zərbədən sağ əli ciddi zədə almış, orta barmaq sümüyü iki yerdən çat vermişdi. Qəzəblənərkən bu yolla özünü sakitləşdirməyin verdiyi acı nəticə o vaxtdan gözünü qorxutmuşdu. Həmin vaxt əli bir ay gipsdə qalmış, dava-dərmana xeyli pulu çıxmış və ən əsası, uzun müddət bir sıra həyati əhəmiyyətli məşğuliyyətlərdən məhrum olmuşdu. Düzdü, sol əli işləyirdi, amma, yəqin, siz də mənimlə razılaşarsınız ki, sağ əlin rolunu sol əllə müqayisə etmək yersizdir, təbii ki, solaxay deyilsinizsə.
Qalxıb yerində oturdu, bir müddət tərpənməz vəziyyətdə otağın ağır havasını ciyərlərinə çəkdi. Sağ əlinin işarət barmağıyla burnunun sol deşiyinə dərin bir səyahətdən sonra nəfəs almağı xeyli rahatlaşdı. Burun pərələrini gərildərək üç dəfə sürətli şəkildə fınxırdı. Hava axını normal idi, hər iki kanal işlək vəziyyətdə idi. Yavaşca başını aşağı sallayıb key nəzərlərlə baxmağa başladı. Otaqda cansıxıcı ab-hava vardı. Baxışlarını əllərindəki damarların üzəriylə gəzdirərək təzəcə xəyala dalmağa hazırlaşırdı ki, fikri yayındı. Əllərinin incə olması və daha çox qadın əllərinə bənzəməsi diqqətini çəkdi. Bu onsuz da yaxşı olmayan ovqatını bir qədər də korladı, üstəlik, məktəb illərində sevdiyi qızın əlinə toxunarkən eşitdiyi sözləri xatırladı. Qızın gülümsəyərək "nə gözəl incə əlin var" deməsini, öz əliylə onun əlini müqayisə etməsini hələ də unuda bilmirdi. İllər keçmişdi üstündən. Çox pərt olmuşdu həmin vaxt, xeyli qızarmışdı. İndiki hirs məqamında bunu xatırlamaq artan alovun üzərinə yanacaq əlavə etmək kimi bir şey idi. Fısıldamağa başladı. Bu adətən, hirslənməyin daha şiddətli fazası zamanı baş verirdi. Su içməklə sakitləşmək olardı. Qalxıb mətbəxə üz tutdu. Soyuducunu açmağına peşman oldu. İylənmiş pendir iyinin müşayiətiylə bir neçə saniyə qarşısındakı boş qrafinə, qidasız, solğun mühitə tamaşa etdi. Masanın üzərindəki stəkanlara da göz gəzdirdi, içində su olanını tapmadı. Əlacsız vəziyyətdə ağzını krana dirəyib suyu açdı. Bir-iki stəkanlıq suyu sortuxlayıb içdikdən sonra, təngnəfəs halda, boğulurmuş kimi başını yuxarı qaldırıb əlinin arxasıyla ağzının kənarlarını sildi. Yadına düşdü ki, hər dəfə suyu açarkən bir neçə saniyə gözləməyi unudub. Binanın ümumi su xəttində olan problemdən dolayı belə etmək lazım gəlirdi, yalnız beş-on saniyəlik qısa vaxtdan sonra su öz təbii rəngində axırdı. Bu qaydaya riayət etməsəydin özünü, ya da başqalarını paslı suya, bu sudan hazırlanmış çaya, yeməyə qonaq etmiş olardın. Artıq gec idi, olan olmuşdu. Həm də indiki dövrdə insan canına qəsd edən saysız-hesabsız amillərin yanında bir-iki qurtum paslı suyun içilməsi çox əhəmiyyətsiz görünür deyə, Aman bu məsələni özünə dərd eləmədi, üstündən tez keçdi. Sərinləmək və dərisindəki yapışqanlığı götürmək üçün üzünə, boynuna bir az su vurdu. Onsuz da qaçmış yuxusu lap qeybə çəkildi. Siqaret çəkmək istədi. Yadına düşdü ki, iki aydan çoxdur siqareti yerli-dibli tərgidib.
Əlləriylə divara toxuna-toxuna qaranlıq dəhlizi keçib otağına qayıtdı. Yeni vərdişinə uyğun olaraq kürəyi üstə uzanıb dizlərini bükdü. Adətən isə, yastığın künc hissəsini çiyni ilə boynunun arasına salaraq sağ böyrü üstə yatırdı. Gözlərini yumub yuxuya getməyə çalışdı. Saat üçü göstərirdi.Yaşca Amandan böyük, sovet istehsalı olan köhnə saatın özünəməxsus ritmik səsi sakitliyin fonunda daha çox diqqəti çəkirdi. Amansa öyrəşdiyindən səsin fərqinə varmırdı. Eşitdiyi yalnız öz fısıltısı idi. Çöldə gecəyə xas sakitlik hökm sürürdü. Göy üzündə ay və onun ətrafına yığılmış beş-üç ulduzdan savayı heç nə görünmürdü. Məhəllə dayanacaq gözətçisinin butkası üzərindən sallanan iri projektor lampasının hesabına güclə işıqlanırdı. İşıq dirəklərinin öz mövcudluğunu qoruyub saxlamış yeganə nümayəndəsi təzəlikcə-iki gün əvvəl, avtomobil sürməyi yeni öyrənən gənc oğlanın naşılığının qurbanı olmuşdu. Ara-sıra it hürüşməsini və gecə quşlarının zəif səsini nəzərə almasaq, canlı-cansız, hamının yuxuya daldığını demək olardı.
Bayır gündüzün səs-küyündən təzəcə özünə gəlib dincəlirdi ki, güclü bir səslə sükut pozuldu. Qaranlıq gecənin üzünə çəkilmiş qəfil şillənin təsirindən hər tərəf silkələndi. Ağzının suyu axa-axa, başı sinəsinə sallanmış halda köhnə kreslosuna yayxanıb xoruldayan qoca gözətçi yayılan səsin təsirindən tərpənib qımıldandı, əlindəki eynək yerə düşdüsə də taqqıltıdan ayılmadı. Divarın o biri tərəfindəki qonşu qışqıraraq yatağından dik atıldı, ailəsi təlaş içində başına yığıldı. Qonaq otağındakı lüsturun yüngül və tərpənməyə daha həssas hissəcikləri zəif səslə hərəkətə gəldi. Sonuncu dəfə belə hal, beş il əvvəl baş vermiş zəlzələ zamanı müşahidə edilmişdi.
Bu qədər güc sərf etmək yersiz idi. Amma zərbə dəqiqliklə, sərrast vurulmuşdu. Çəlimsiz bədəndən əsər-əlamət qalmamışdı, yarısı divara, yarısı ələ yayılmışdı. Nəzərə çarpan əsasən qanadlar idi. Mərhum zərbə zamanı hərəkət anını hiss etmişdi, lakin uçmağı, xilas olmağı lazımsız bilmişdi. Bezmişdi ağcaqanad olmağından, qoca-cavan, kasıb-varlı demədən insanların qanını içməkdən. Amma özüylə də bacarmırdı. Digər ağcaqanadlar kimi bataqlıqlarda dolanmaq, bitkilərin üzərindəki nektarlarla qidalanmaq onluq deyildi. Onun üçün həyat mənbəyi qan idi, ancaq qan sorurdu. Son zamanlar yaşamaq eşqi və həvəsi sönmüşdü. Məhz buna görə sonuncu şikarından daha çox qan sormuşdu. Bilə-bilə, qəsdən belə etmişdi ki, çəkisi artsın, ağırlaşsın, o qədər şişsin ki, heyi olmasın uçmağa. Bəli, bu intihar idi. Özü üçün ölüm tələsi qurmaq, ölümü üçün şərait yaratmaq da intiharın bir növüdür.
Aman telefonun işığında gah qana bulaşmış əlinə, gah da divarın zərbə endirilən hissəsinə baxırdı. Ürəyindən tikan çıxmışdı. Cəsarət və qalibiyyət hissi içini bürümüşdü. Sanki, vacib əhəmiyyətli xüsusi hərbi əməliyyat həyata keçirilmiş, qorxulu bir terrorist məhv edilmişdi və buna görə tezliklə onu qəhrəmanlıq medalı ilə təltif edəcəkdilər. Bu barədə hər yerdə yazacaq, danışacaqdılar. Lakin bu fərəh hissi çox sürmədi. Zərbəni endirdiyi əlinin biləyi boyunca dirsəyədək sıçramış qan ləkələri gözlərinə sataşınca diksindi. Sanki ağır bir cinayəti törətdiyinin fərqinə vardı. Baş verənlərin gerçəklik, yoxsa xəyal olmasının fərqinə varmaq üçün, təkrar şəkildə, bir neçə dəfə, əlinə və divara baxdı. Günahkarlıq hissinin təsiri altında sıxılmağa başladı, nəfəsi daraldı. Ayağa qalxıb otağın içində o baş-bu baş var-gəl etməyə başladı. Arabir yaxınlaşıb pəncərənin qarşısında dərindən nəfəs alır, gah da narahat kürəyini çərçivənin tininə sürtməklə belindəki qaşınmanın şiddətini azaltmağa çalışırdı. Üstündən bir saatdan artıq müddətin keçməsinə baxmayaraq qızartı və şişlik çəkilmək bilmirdi. Köynəyin üstündən, özü də belinin əl çatmayan nöqtəsindən sancması onu dəli edirdi. Sanki əclaf qəsdən belə etmişdi.
Etdiyi hərəkətdən dolayı içində yaranmış peşmançılıq və narahatlıq hissi birdən özünə qəribə və gülünc gəlməyə başladı. Bu nə demək idi? Yeni bir mərhələyəmi qədəm qoymuşdu? İndi də bir ayrı dərdə mübtəla olub ağcaqanad təəssübümü çəkəcəkdi? İnsanların, heyvanların ağrısına ağrımaq, onların əzabını özününkü bilmək onsuz da ona normal yaşamaqda mane olurdu. Allaha həmişə dua edirdi ki, onun qarşısına ehtiyac içində qıvrılan, aclıqdan, susuzluqdan əziyyət çəkən, yaralı, xəstə varlıqları çıxartmasın, xüsusilə də heyvanları. Belə şeylər əhval-ruhiyyəsinin ən yüksək həddində belə ovqatını təlx edirdi. Bir neçə günün yaşam ritmi pozulur, yediyi-içdiyi zəhər olurdu. Əslində hədər yerə əzab çəkməyi özünə məlum idi, bunun mənasızlığını dərk edirdi. Dünyanın onun gözündən kənar saysız-hesabsız nöqtələrində hər saniyə, hər an dəhşətli ölümlərin, işgəncələrin baş verdiyini bilirdi. Neçəsini durduracaqdı? Neçəsini xilas edəcəkdi? Axı o, Allah deyildi. Düşünürdü görəsən nəyə görə yaradan bu işlərə müdaxilə etmir, niyə işgəncənin, əzabın, səfalətin qarşısını almır. Bu suallara öz insan məntiqiylə cavab tapa bilmirdi, tapdığı cavablar da onu qane etmirdi, ağlını doyurmurdu. Düşünürdü insanların dili var, ağzı var, öz başlarına çarə qıla bilərlər. Amma bu dilsiz zavallıların işi çətindir. Əslində onların taleyi də insanlardakı kimidir. Bəziləri yaxşı şəraitdə, toxluq və xoşbəxtlik içərisində yaşayır, bəziləri isə aclıq və səfalət girdabında əzab-əziyyətlə ömrünü başa vurur. Fərqi yoxdur, itdir, pişikdir, yoxsa ki, insan, növündən aslı olmayaraq zibilxana içərisində eşələnən bütün canlıların taleyi eyni dərəcədə kədərlidir. Aman beynindən bu sayaq fikirləri keçirməklə yanaşı çıxış yolu haqqında da fikirləşirdi. Bu çəlimsiz qaniçən varlıqlara qarşı daha sivil və müasir metodlarla mübarizə aparmağın bir yolu olmalıydı. İnternetə baş vurub maraqlanmaq olardı. Kömək üçün çox inandığı və güvəndiyi bir vasitəyə müraciət etməyi qərara aldı. Buna qədər bir çox problemlərinin həllində karına gəlmişdi. Günü-gündən ona qarşı hörmət-izzəti və ehtiyacı artırdı. Milli ad da qoymuşdu ona: "qoğal". Əsl adı isə "google" idi. Düşünürdü vaxt gələcək bəşər insanı bütün problemlərini onun vasitəsilə həll edə biləcək və insanlar bir-birilərinə daha az möhtac olacaqlar. Get-gedə hamının hər şeyi bildiyi dünyada çoxbilmişlik artacaq, qüvvətlənəcək. Hər kəs özünün həkimi, öz evinin ustası, öz bağının bağbanı olacaq.
Smartfonunu əlinə alıb işə başladı: "Ağcaqanaddan yaxa qurtarmağın sivil yolları" yazaraq axtarış işarəsinə toxundu. Qarşısına sorğusuna aid olan-olmayan xeyli material çıxdı. Səhifəni aşağı endirdikcə onların sayı artırdı: "Ağcaqanaddan qorunmağın sadə yolları", "Bu canlı haqqında bilmədiyimiz 10 maraqlı fakt", "Ağcaqanadlar nə qədər yaşayır?", "Sərxoş insanın qanını soran ağcaqanad sərxoş olurmu?", "Başına qonmuş ağcaqanadı öldürmək üçün vurduğu qapaz vyetnamlı qocanın özünü xəstəxanalıq etdi" və s. Deyəsən dərdinə çarə tapılmışdı. Ağcaqanadlara qarşı mübarizə metodları haqqında olan yazıları seçib maraqla oxudu, onların arasında biri daha çox diqqətini çəkdi.Yazı xüsusi kimyəvi məhlulun qızdırılaraq buxarlanması nəticəsində ağcaqanadların iştahdan kəsilməsi haqqında idi. Qızdırılma prosesi sadə idi, xüsusi elektrik cihazı-fumiqator vasitəsilə həyata keçirilirdi. Cihazı əldə etmək də çətin deyildi, adi marketlərdə satılırdı. Aman sabah bu işlə məşğul olmağı, harda olur olsun, onu tapıb almağı qərara aldı. Elə günün birinci yarısında, səhər açılan kimi bunu edəcəkdi. Axtarış verdiyi mövzuda bir neçə maraqlı məqaləni də açıb oxudu, ağcaqanadlar haqqında xeyli məlumatlandı. Ən çox diqqətini çəkən məlumat isə o oldu ki, sən demə, insanları yalnız dişi cinsinə malik olan ağcaqanadlar dişləyirmiş. Qeyri-ixtiyari rəhmətlik arvadını xatırladı...
Səhər yeməyinin üstündən bir fincan tünd qəhvə içib ayağa durdu. Gün ərzində görməli olacağı işləri bir-bir ağlından keçirib beynində ardıcıllıqla sıraladı. İlk görməli olduğu iş barəsində gecədən verdiyi qərar qüvvəsində idi. Vaxt itirmədən üst-başına yüngülvari əl gəzdirib cəld qapıdan çıxdı. Atasından qalma köhnə velosipedin üzərinə ötəri baxış keçirdikdən sonra şalvarını diz hissədən azca yuxarı dartıb ayağını qaldırdı və ombasını üzəri dəridən olan oturacağa pərçimlədi. Əla velosiped idi. Atası onu illər əvvəl qarlı qış gecələrinin birində qonşu binada yaşayan əclafın (atası belə adlandırırdı) birindən oğurlayaraq altı ay zirzəmidə saxlamış və yalnız, rəngini və bəzi hissələrini dəyişərək tanınmaz hala saldıqdan sonra istifadə etmişdi.
Gecə baş vermiş hadisənin təsirindən ayılmamışdı hələ, oxuduğu məqalələrin sətirləri uçuşurdu beynində. Küçəyarımlıq məsafəni tez bir zamanda qət edib nəzərdə tutduğu yerə çatdı. Tros qıfılla velosipedi marketin pilləkanının məhəccərinə bərkidib iri addımlarla yuxarı qalxdı. İçəri daxil olub kimyəvi tərkibli məhsulların satıldığı bölməyə yönəldi. Bölməyə cavabdeh satıcıya yaxınlaşıb salamlaşdı və dərhal nə istədiyini izah etməyə başladı. Satıcı xanım bir az aralıda yerləşən vitrinə sarı addımlayıb əliylə aşağı cərgəni göstərdi. Burada çoxlu fumiqator çeşidləri düzülmüşdü. Hər qiymətə vardı. Satıcı nümunə üçün birini götürüb açdı, qutunun içərisində yaşıl maye ilə dolu plastik flakon və onu yerləşdirmək üçün nəzərdə tutulmuş cihaz vardı. Amanın çeşidlərin arasında nə kimi fərqlərin olmasıyla bağlı sualına satıcının verdiyi cavabdan bəlli oldu ki, ən ucuz qiymətə olanlar insan sağlamlığı üçün təhlükəlidir. Baş ağrılarına, ürəkbulanmaya səbəb olur. Satıcı içlərində ən yaxşısı kimi sarı qutuda olanı məsləhət gördü. Üzərində dərmanın təsirindən başı gicəllənmiş dinozavr şəkli təsvir olunmuşdu. Aman zarafatla "Dinozavrlarla işim yoxdur, ağcaqanadları qovsun bəsimdir" dedi, hər ikisi gülümsündü. Sonra əlavə etdi ki, "qovsun" sözünü təsadüfən işlətməyib, ona məhz qovan, uzaqlaşdıran lazımdı, öldürən deyil. Satıcı qız təsdiqedici şəkildə başını tərpədərək, onu düz başa düşdüyünü və düzgün seçim etdiklərini bildirdi. Yəni, bu dərman ağcaqanadları öldürməyəcək, sadəcə onları iştahdan kəsəcəkdi.
"Əla" deyib, Aman razılıq etdi: "Ətraflı məlumata görə təşəkkür edirəm ".
- "Dəyməz, çətin bir şey yoxdur əslində, işləmə mexanizmi çox sadədir, qutunun içərisində olan vərəqədə də hər şey şəkillərlə izah olunub. Bir məsələni də deyim ki, cihazı otağın çarpayıya yaxın olmayan hissəsində qoşmanız, işlətdiyiniz müddətcə pəncərəni və ya nəfəsliyi açıq saxlamağınız məsləhətdir. Düzdü, bunlar insan üçün ziyansızdır, amma yenə də, hər ehtimala qarşı tədbirli olmanız yaxşıdır" -satıcı qız əlavə etdi.
Dönə-dönə təşəkkür etdikdən sonra Aman malı alıb dükandan çıxdı. Cəld şəkildə ikitəkərinə minib evə doğru istiqamət götürdü. İçini rahatlıq hissi bürümüşdü. Sanki isti hamamdan çıxmış, yaxşıca kisələnməş, təmizlənmişdi. Lap ağcaqanad kimi qanad açıb uça bilərdi. Artıq qan tökmədən, günaha batmadan, yuxusuz qalmadan gecələr rahat yatmaq olardı.
Sonradan, ağcaqanadların əlindən yuxusuz gecələrin giley-güzarını edən çox dost-tanışa məsləhət görmüşdü bu üsulu. Barəsində xeyli təriflər edib ağızdolusu danışmışdı. Uşaqlıq dostu Ərməğanın onun dediklərini lağa qoyması, "Dərman zad boş şeydi, dittilini ki, şapalaqla vurub öldürmədin, qanına qəltan etmədin nə ləzzəti?" deməsi özünün keçmiş halını xatırlatmışdı ona. Düşünmüşdü, görəsən nə vaxtsa Ərməğan da dəyişəcəkmi, ayılacaqmı, onun kimi mərhələ aşacaqmı. İstəyirdi, çox istəyirdi ki, o da dəyişsin, ibtidai, vəhşi davranışların cəngindən qurtulsun.
Ərməğandan fərqli olaraq xeyli dost-tanışın bu cihaz barədə çoxdan məlumatlı olmaları və artıq neçə müddətdir ki, ondan istifadə etmələri təəccübləndirmişdi onu. Özünün astagəlliyinə, yeniliklərdən gec xəbər tutmasına təəssüflənmişdi. Buna nə qədər təəssüf etmişdisə, bir o qədər də insanların bir-birinə laqeyd münasibətindən gileylənmişdi. Giley etmişdi ona görə ki, niyə belə məlumatları insanlardan deyil, hansısa cansız, ruhsuz, şüursuz vasitələrdən əldə edir. Niyə insanlar adi məişət səviyyəli faydalı məlumatları paylaşmaqda xəsislik edirlər. Belə şeylər çatmırdı ona, özü belə deyildi çünki. İnsan həyatını yüngülləşdirən, asanlaşdıran, ona rahatlıq gətirən ən xırda şey haqqında belə həmişə həvəslə danışar, öz şəxsi təcrübəsini paylaşardı və bundan xoşbəxt olardı.
...Gecədən xeyli keçmişdi. Bayır sakit idi, ətrafda diqqət cəlb edə biləcək nəsə yox idi. Aman rabitəsiz və anlaşılmaz sözlərlə bir qədər sayaqladı, göz qapaqlarındakı xəfif titrəyişlər sürətlənincə vahimə içində diksinib ayıldı. Üzünə, xüsusilə də alın nahiyyəsinə xırda damlalar şəklində soyuq tər yığılmışdı. Yuxusunu qarışdırmışdı. Görmüşdü ki, rəhmətlik arvadı yekə xortumlu bir ağcaqanad cildində dalınca düşür, o isə qaçıb qurtulmağa çalışır. Sonra necəsə həmin bədheybət otağında peyda olur. Güllü mələfəyə sıx bürünən və yalnız gözləri görünən Aman nəfəs almadan uzun müddət dayanmağı həyatında ilk dəfə uğurla sınaqdan keçirir. Çağrılmamış qonaqsa palaz qanadlarıyla otaqda beş-altı dövrə vurduqdan sonra uçub gedir. Gedərkən bir anlıq havada qanad saxlayıb bu sözləri deyir:
Siz insanlar biz ağcaqanadları söyməklə, lənətləməklə kifayətlənməyib qəddarcasına öldürdünüz,
Axı, sizi qaşınmaqdan alınan həzzin hikmətiylə biz tanış etmiºdik.
Yadından çıxmasın deyə Aman tez durub misraları kağıza köçürdü, sonda tarixini, saatını, müəllif adını qeyd etdi: 09.07.2021 , 03:47, Ağcaqanad.
Yazını bitirdikdən sonra kağız-qələmi kənara qoyub səssizcə pəncərəyə tərəf addımladı, pərdəni aralayıb qoruyucu torun tamlığını və möhkəmliyini yoxlamaq məqsədilə əlini aşağı-yuxarı gəzdirdi. Digər otaqlarda da eyni şeyi təkrarlamaqla çöl qapını yoxladı, hər şey qaydasında idi. Ağzındakı acı tamı yox etmək üçün masanın üzərindəki axşamdan yarımçıq qalmış üzüm şirəsindən bir qurtum içdi. Boş stəkanı əlindən qoymadan ətrafa ümumi nəzər saldı. Otağın pəncərəyə yaxın künc hissəsində yanan fumiqatorun qırmızı işığından savayı diqqətini heç nə çəkmədi. Bir ağız dərindən əsnədikdən sonra yatmaq üçün qayıdıb yerində oturdu. Üzünü divara tərəf çevirib uzanmaq, yerini rahatlamaq istəyirdi ki, gözü qəfildən pəncərədən düşən zəif ay işığında divardakı həmin yerə sataşdı. Qurumuş cəsədin bir hissəsi o gündən divara yapışıb qalmışdı. Aman çeçələ barmağıyla toxunan kimi qopub aşağı düşdü. Baş barmağını tüpürcəkləyib xırda qan ləkələrini də təmizlədikdən sonra Aman əlinin içi ilə boynunun, köynəyinin qolu ilə alnının tərini sildi. Dərindən nəfəs alıb arxası üstə uzandı, dizlərini büküb əllərini boynunun arxasına apardı. Dodaqaltı hansısa duanı oxuyub yuxuya getməyə çalışdı.