Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi
22 oktyabr 2024
# 14:00

Kulis.az İlqar Rəsulun "Mamam" adlı yeni hekayəsini təqdim edir.

– Kəs o telefonun səsini, – cərrah əlcəyin qana bulaşmayan tərəfi ilə alnının tərini silib tibb bacısına çəmkirdi.

– Bu kimdir belə dar macalda? – tibb bacısı bir az aralıdakı masanın başında deyinib əlləri əsə-əsə on səkkiz yaşlı əsgərin ciblərini eşələyirdi.

Zəng ara vermirdi. Nəhayət, tapdı. Şalvarın diz cibində idi.

– Bura niyə qoyub bu evi tikilmişin balası telefonu? Demir, düşər, itər o vurhavurda?

– Nə donquldanırsan orada? Demirəm, kəs o telefonun səsini, beynimi deşdi! – cərrah bu dəfə səsini boğmadı, az qala bağıraraq dilləndi.

Tibb bacısı telefonu çıxarıb söndürmək istəyəndə haradasa yaxınlıqda top mərmisi partladı. Telefon qızın əlindən düşdü.

– Kəsəcəksən o zəhrimarın səsini, ya yox?! – cərrah gözlərini qarşısında huşsuz uzanmış zabitin qaraciyərinə sancılmış qəlpədən ayırmadan yenə çəmkirdi.

Qız tələsik telefonu yerdən götürdü. Söndürmək istəyəndə gözləri telefonun ekranına sataşdı: “MAMAM”

– İlahi! – inləyib cərraha baxdı tibb bacısı, – Aliyə xanım, anasıdır zəng edən. Necə söndürüm, axı...

– Onda aç, danış!

– Açım, nə deyim? – qız böyümüş gözlərini başı əməliyyata qarışmış cərraha zillədi.

Cərrah duruxdu, bir anlıq başını qaldırıb qıza baxdı:

– Onda səsini al, ta uzatma, – səsi titrədi qadının, gözlərindən axan yaş zabitin bağırsaqlarına damcıladı. Bu dəfə az qala dirsəyi ilə gözlərinin yaşını, alnının tərini sildi, – Hə, nə oldu? Kəssənə o səsi, əllərim sözümə baxmayacaq, belə getsə!

– Aliyə xanım, nə qədər edirəm, səsi azalmır telefonun, vallah, azalmır!

– Onda apar, at çölə. Ömrümü gödəltdin sən mənim, indi işim yarımçıq qalacaq!.. Hara gedirsən?!

– Telefonu bayıra atmağa!

– Qayıt geri, ağılsız qız. Nəyəsə bük, qoy uşağın yanına!

Tibb bacısı ağlaya-ağlaya geri qayıdıb telefonu ağ mələfəyə bükdü, yandakı masanın üstünə qoydu, ləyəndəki qanlı suyu dəyişdi, əsgərin bədənini silib təmizləyən sanitarlara pambıq, cuna verməkdə davam etdi.

– Kəsin o telefonun səsini, nə olar. Heç olmasa beş dəqiqəlik kəsin, heç olmasa bu zabitin xətrinə, – cərrah artıq ağlayırdı, – barı zəng edənin kim olduğunu deməyəydin, ay zalım qızı, indi ürəyim partlayacaq.

Yaxınlıqda dalbadal iki top mərmisi partladı. Tibb bacısı diksindi, elə bildi, cərrahın ürəyi partladı. “Aliyə xanım”, – deyə qışqırıb geri çevrilərək cərrah masasına doğru cumdu, qadının partlayışı eyninə almadan işini davam etdirdiyini görüb utandığından pörtdü, sanitarların yanına döndü.

– Qədrimi elə bilənsənsə, kəs o telefonun səsini, lütfən, kəs, daha taqətim qalmadı, – cərrah yalvarırmış kimi deyindi öz-özünə.

– Vallah, səsi alınmır telefonun, Aliyə xanım. Səbirli olaq, bəlkə, tezliklə enerjisi bitər, sönər, – tibb bacısı haldan düşmüş vəziyyətdə ləyəndəki suyu təzələdi...

Sanitarlar işi bitirdilər. Tibb bacısı cərraha səsləndi:

– Aliyə xanım, hər şey hazırdır. Bəs telefonu neyləyək?

– Qoyun sinəsinin üstünə! – cərrah zabitin yaralarını bağlamış, qanlı əlcəkləri çıxarmış, gedib açıq qapının çərçivəsinə söykənərək günlərdir o üzündə top-tüfəng səsi ara verməyən Qarabağın dağlarına baxıb ağlayırdı...

Həmin gün yük maşınında arana yollanan bayrağa bükülü tabutların birinin içindən aramsız telefon zəngi eşidilirdi: “MAMAM”.

# 781 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyə məktub - Züleyxa NaElin hekayəsi

Gələcəyə məktub - Züleyxa NaElin hekayəsi

16:30 4 noyabr 2024
Psixi pozuntu, döş xərçəngi, sarı və dumanlı... - 42 illik faciə

Psixi pozuntu, döş xərçəngi, sarı və dumanlı... - 42 illik faciə

12:00 3 noyabr 2024
Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

18:00 1 noyabr 2024
Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

18:00 30 oktyabr 2024
Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
#
#
# # #